24 Oktyabr 2021 00:33
707
SİYASƏT
A- A+

24-25 oktyabrin -  ZƏFƏR gündəliyi

Oktyabrın 24-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirirlər.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulur. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılır. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilir. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülür, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılır və vacib yüksəkliklər azad edilir.

Bütün cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

***

Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur. Xeyli sayda yaşayış evinə ciddi ziyan dəyir.

Düşmən Goranboy və Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.

***

Gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilir.

***

Saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edir.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

***

Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verir. Jurnalistin ilk sualından məqsədi bəlli olur.

Fransalı müxbirin “nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir” sualına cavabında Prezident dedi ki, biz Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olub. Prezident üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üç hərbi təxribat törədildiyini söyləyərək işğalçının əsl məqsədini açıqladı və qeyd etdi ki, Azərbaycan onlara yalnız adekvat cavab verib: “Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”.

Müharibənin hansı şərtlərlə dayandırılmasına gəlincə isə İlham Əliyev dedi: “Biz bu gün dayanmağa hazırıq. Mən bunu oktyabrın 10-dan - Moskvada hər iki tərəf atəşkəslə bağlı razılığa gələndən bəri deyirdim. Biz danışıqlar masasına keçmək istəyirik. Lakin əfsuslar olsun ki, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və Gəncəyə hücum etdi. Oktyabrın 17-də onlar növbəti atəşkəs qüvvəyə minəndən 2 dəqiqə sonra onu pozdular. Ona görə də, əgər onlar bu gün dayansalar, biz dayanarıq və qalan işlər diplomatlar tərəfindən görülər. Əgər onlar dayanmasalar, biz işğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik”.

***

Azərbaycan Ordusunun bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlarının qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atır.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

***

Saat 15:25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilir.

***

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir

***

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.

Eyni zamanda Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

***

Günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edir.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilir. Düşmən qüvvələrindən əsir götürülənlər var.

***

Oktyabrın 25-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edir. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirir.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vurub onun müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyir. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 “Qiasint-B” topu, 7 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Hazırda cəbhəboyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

***

Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə ordumuzun bölmələri üstünlüyünü qoruyur.

Aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 “Qrad”, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilir.

***

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərirlər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilir. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilir.

Ələ keçirilən hərbi qənimətlərin görüntüləri təqdim edilir.

***

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verərək bir daha Azərbaycanın savaşı dayandırmağa hazır olduğunu bildirir:

“Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir”.

Prezident bir daha həqiqətləri açıqlayır, bəzi iftiralara aydınlıq gətirir və qətiyyətlə vurğulayır ki, Azərbaycan bu haqq savaşında istəyinə nail olmadan dayanmayacaq.

***

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilir.

Bir aya yaxın davam edən müharibədə Azərbaycan Ordusunun döyüş meydanında böyük uğurlar əldə etdiyini söyləyən Ali Baş Komandan İlham Əliyev hər gün cəbhədən yaxşı xəbərlər gəldiyini deyir. Eyni zamanda diqqətə çatdırır ki, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan təmizlənib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı dalğalanır:

“Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir”.

Ali Baş Komandan bir daha Azərbaycan xalqını əmin edir ki, bundan sonra da haqq yolundan dönməyəcək, düşmən sona qədər qovulacaq, ərazi bütövlüyümüz bərpa ediləcək.

***

Günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirir.

Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilir.

***

Axşam saatlarında Prezident xalqa daha bir xoş xəbər verir. Dövlət başçısı “Tviter” səhifəsində paylaşım edərək yazır:

“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!”

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video