28 Oktyabr 2021 02:45
1241
İQTİSADİYYAT
A- A+

2030-cu ildə Azərbaycanda enerji istehsalının 30 faizi bərpa olunan enerji payına düşəcək

 

 

Qarabağ və Şərqi Zəngəzur isə yaxın zamanda “yaşıl enerji” zonasına çevriləcək

 

“Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl eneryi”yə geniş yer verilməsi də müəyyənləşdirilib. Belə ki, hədəf ümumi enerji istehsalı gücündə bərpa olunan enerjinin payının indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırılmasıdır.

Bütün dünyada bərpa olunan enerjidən istifadə getdikcə özünə daha geniş yer alır. Beynəlxalq Enerji Agentliyinin bildirdiyinə görə, dünyanın enerji sistemi “xalis sıfır” emissiyalar cığırı ilə irəliləyərsə, əsrin ortasında elektrik enerjisi istehsalının 90 faizə qədəri bərpa olunan enerji mənbələrinin payına düşər. Bunun da 70 faizi günəş və külək enerjisi mənbələrindən alınar.

Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir və bərpa olunan enerji sahəsinin inkişafı üçün əlverişli şərait var. Çünki bu növ enerjinin yaradılmasının əsas mənbəyi günəş və küləkdir. Günəşli diyar kimi tanınan ölkəmizin bir sıra bölgələrində, küləklərin tez-tez əsdiyi Xəzər sahilində və dağlar qoynunda yerləşən rayonlarımızda bu enerjidən istifadə üçün geniş imkanlar açılır. Bu, işğaldan azad edilmiş ərazilərdə də bərpa olunan enerji stansiyalarının tikilməsini gündəmə gətirir.

Odur ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu növ enerjidən istifadənin genişləndirilməsinin qarşıya qoyulması təsadüfi deyil.

Prezident İlham Əliyevin bu il aprelin 2-də imzaladığı “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamı Azərbaycanı “yaşıl enerji” məkanına çevirmək istiqamətində atılan əhəmiyyətli addımdır. Xatırladaq ki, yaxın gələcəkdə ölkəmizdə Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə külək və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyası tikiləcək. Beləliklə, növbəti onillikdə quraşdırılması nəzərdə tutulan 1500 MVt-lıq yeni istehsal güclərinin 470 meqavatı bu iki şirkətlə reallaşdırılan layihələrdən alınacaq.

Daha bir layihə üzrə işlər davam edir. Böyükşor gölündə “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində 100 kVt gücündə üzən günəş elektrik stansiyası tikilir. Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir. Stansiyanın gələn il istifadəyə verilməsi gözlənilir.

İşğaldan azad olunmuş ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi üçün genişmiqyaslı işlərə başlanıb. Bu il mayın 3-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Dövlət başçısı bu ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 1 milyon 391 min 40 dollar manat ekvivalenti məbləğində vəsait ayrılmasını qərara alıb.

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanda bərpa olunan enerjinin inkişafına böyük diqqət göstərildiyini bir daha vurğulamış, Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan etdiyini xatırlatmışdır. Şərqi Zəngəzur bölgəsində bir xarici şirkətlə əməkdaşlıq şəraitində tikiləcək 240 meqavat gücündə günəş elektrik stansiyasının Azərbaycanın azad edilmiş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacağını bildirmişdir. Dövlət başçısı digər beynəlxalq enerji şirkətlərini də azad olunmuş ərazilərimizdə “yaşıl enerji” layihələrinə sərmayə qoymağa dəvət etmişdir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “Yaşıl Enerji Zonası”nın yaradılması üzrə müfəssəl konsepsiya hazırlanıb. Baş plan tərtib olunur. Layihə çərçivəsində ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır.

Bu bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Regionun Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çayları və digər kiçik çayları böyük hidroenerji potensialına malikdir. Həmçinin ilkin təhlillərə əsasən, Kəlbəcərdə günlük 3093 kubmetr, Şuşada isə günlük 412 kubmetr termal su ehtiyatlarının mövcud olması ehtimal edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli və Zəngilana səfərləri zamanı bu rayonların hər birində Rəqəmsal Yarımstansiyanın təməlini qoymuşdur. Beləliklə, 3 may 2021-ci il tarixli sərəncamda qarşıya qoyulan vəzifələrin icrası məqsədilə paylayıcı şəbəkələrin “Yaşıl Enerji Zonası” tələbləri üzərində qurulmasına start verilib. “Ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb. Bu cür yarımstansiyalar elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayır, emaldan keçirir, avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edir. Nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsi olan bu yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanması təmin edilir, bütün ölçülər yüksək dəqiqliklə aparılır. Avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri minimuma endirməyə imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyalar bir sıra digər funksiyaları da yerinə yetirir. Ən əsası “yaşıl enerji” mənbələri şəbəkəyə inteqrasiya olunur. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiyası rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. İstehlakçılar yarana biləcək texniki fasilə barədə əvvəlcədən onlayn qaydada məlumat alır.

Bərpa olunan enerji sahəsinin inkişafı üçün imzalanan sərəncamlar, qəbul edilən qərarlar, başlanan genişmiqyaslı işlər deməyə əsas verir ki, ölkəmiz bu istiqamətdə uğurla irəliləyərək sevindirici nəticələrə nail olacaq.

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video