02:17 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2022 -ci ildə də sosial-iqtisadi inkişaf davam edəcək

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:51 10.09.2021

 

Gələn ilin dövlət büdcəsi Azərbaycanın qüdrətini daha da artıracaq

 

İkinci Qarabağ müharibəsində əldə edilmiş böyük Zəfərdən sonra Azərbaycan sosial-iqtisadi qüdrətini artırmaqda, siyasi mövqeyini daha da möhkəmləndirməkdədir.

Görülən işlər göz önündədir. Qarabağı 44 günə işğaldan azad edən Azərbaycan düşmənin daşı daş üstündə qoymadığı əraziləri bu gün tamamilə yenidən qurur, hələ də dünyanın xilas ola bilmədiyi qlobal pandemiyaya qarşı ciddi mübarizə aparır. 

Bütün bunlar isə yalnız ölkənin iqtisadi qüdrəti hesabına həyata keçirilir. 2021-ci ildə görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan 2022-ci ildə də yeni uğurlara nail olacaq.

 

2022-ci ilin dövlət büdcəsi həyata keçirilən islahatlara böyük dəstək verəcək

 

Vətən müharibəsindən sonra atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini qətiyyətlə söyləməyə əsas verir. Mühüm şərt odur ki, döyüş meydanlarındakı qələbə siyasi, diplomatik, iqtisadi məsələlərdə də öz əksini tapmalı və daha da möhkəmləndirilməlidir.

Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf konsepsiyasına uyğun atılan addımlar, görülən işlərin uğurlu nəticələri Azərbaycana, ilk növbədə, yeni iqtisadi dividendlər qazandıracaq. 

Həmçinin 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə, həyata keçiriləcək sosial-iqtisadi layihələr üçün müəyyənləşdirilən istiqamətlərə nəzər yetirsək, görərik ki, gələn ilin büdcəsi də Azərbaycanda gedən inkişaf proseslərinə, islahatlara böyük dəstək verəcək. Ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək.

Bu əsasda əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq.

2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin isə 28 milyard 974 milyon manat olacağı gözlənilir. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft gəlirlərinin 85,7 faizi Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 14,3 faizi isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək. Büdcə xərclərinin isə 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edəcək. 2022-ci ildə dövlət büdcəsinin cari xərclərinin 19,914 milyon manat, əsaslı xərclərinin isə 7,148 milyon manat olması nəzərdə tutulub.

İcmal və dövlət büdcələrinin layihələri hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 45 ABŞ dolları həcmində götürülüb. Bu qərar daha mühafizəkar yanaşma əsasında qəbul edilib.

2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə  9,138 milyon manat vəsait köçürəcəyi gözlənilir. Məlumata görə, 1,980 milyon manatı neft gəlirləri, 7,158 milyon manatı isə qeyri-neft gəlirləri, o cümlədən 308 milyon manatı sosial tədbirlər hesabına formalaşan əlavə gəlirlərlə təmin olunacaq.  Dövlət Gömrük Komitəsinin isə büdcəyə 4,260 milyon manat vəsait köçürəcəyi gözlənilir.

 

Maaşlar, təqaüdlər,  pensiyalar artacaq

 

Ənənəvi  olaraq  büdcənin  sosialyönümlülüyü təmin ediləcək.  Bu əsasda əməyin ödənişi, təqaüdlər  və sosial  müavinətlər,  o  cümlədən əhalinin  aztəminatlı  təbəqələrinin  sosial  müdafiəsinin  möhkəmləndirilməsi  üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq.

Əhalinin, xüsusilə də həssas qrupların, müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial təminatı üzrə həyata  keçirilən  dövlət  siyasətinin  maliyyələşdirilməsinə əhəmiyyət veriləcək. Ortamüddətli  dövr ərzində büdcə gəlirlərinin  artırılması  nəticəsində cəlb  ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yardıma ehtiyacı olan vətəndaşlara  hədəflənmiş  sosial  proqramların  həyata  keçirilməsinə yönəldiləcək. 

Özünüməşğulluq proqramı çərçivəsində əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğuna və kiçik biznesə çıxışına şərait yaradılmasına dəstək verilməsi davam etdiriləcək.

Ümumiyyətlə, 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 584 milyon 408 min manat olacaq.

Dövlət büdcəsində iqtisadi fəaliyyət xərclərinin 5,4 milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 1,94 milyard manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) olacaq.

Proqnoza əsasən, gələn il səhiyyə xərcləri 1 milyard 443 milyon manat, təhsil sektorunda 111 tədbiri əhatə edən 17 proqramın həyata keçirilməsi üçün 3 milyard 740 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2021-ci ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə 462,3 milyon manat və ya 12,4 faiz çoxdur.

Hər zaman olduğu kimi, dövlət yenə də müdafiə və təhlükəsizlik xərclərini xüsusi diqqətdə saxlayır. Çünki İkinci Qarabağ müharibəsindəki Şanlı Zəfərdən sonra işğaldan azad edilən ərazilərimizdə  Azərbaycan Silahlı Qüvvələrinin yeni hərbi birləşmələri yaradılmalı, ordunun maddi-texniki təchizatı daha da yaxşılaşdırılmalıdır. Bu səbəbdən də hərbi xərclərin artırılması labüddür.

2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, məğlub Ermənistanın dövlət büdcəsindən çoxdur.

 

Qarabağın bərpası iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradacaq

 

Sənəddə müharibənin nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiyası məsələsi də yer alıb.

Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü, 30 il davam  edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayış məntəqəsi, yaşayış evləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız  hala  salınıb. Döyüş əməliyyatları başa çatdıqdan dərhal sonra işğaldan azad  edilmiş bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, mina təmizləmə tədbirlərinin təşkil  olunmasına başlanılıb. Həmçinin Qarabağda su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası,  yol  infrastrukturunun   qurulması  prosesi davam edir.

Bu ildən başlayaraq,  növbəti  illər ərzində də bu  tədbirlərin daha geniş miqyasda davam etdirilməsinə, öz  doğma yurdlarına qayıdan  vətəndaşlarımızın  yaşayışı  və işgüzar fəaliyyəti üçün  şəraitin  təşkil  edilməsinə, sözügedən ərazilərdə iqtisadi  fəaliyyətin  bərpa  olunması istiqamətində tədbirlərin  maliyyələşdirilməsinə ehtiyac  var. Bununla yanaşı, döyüş bölgəsindən kənarda yerləşən və düşmənin silahlı    qüvvələrinin davamlı atəşi altında dağıntılara məruz qalan yaşayış  məntəqələrində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş zərərin dövlət vəsaiti hesabına qarşılanması nəzərdə tutulub. Eyni zamanda hərbi qulluqçuların və şəhid ailələrinin maddi-sosial vəziyyətinin  yaxşılaşdırılması istiqamətində dəstəyin  göstərilməsi,  onların  zəruri  ehtiyaclarının    təmin  edilməsi,  maddi,  tibbi  və digər sosial xərclərinin ödənilməsi dövlətin diqqət mərkəzindədir.

Ortamüddətli dövrdə dövlət büdcəsi investisiyalar üçün kifayət qədər imkan yaradacaq. Bu əsasda dövlət investisiya proqramı xətti  ilə, xüsusilə azad  edilmiş torpaqlarda görüləcək işlərə dəstək vermək üçün müvafiq vəsait  nəzərdə tutulub. İşğaldan azad  edilmiş ərazilərdə görüləcək  işlərin  səmərəliliyinin  artırılması,  o  cümlədən mərkəzləşdirilmiş qaydada həlli məqsədilə nəzərdə tutulan bütün tədbirlər Strateji Fəaliyyət Planı üzrə vahid konsepsiya əsasında həyata keçiriləcək. Bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi  innovasiyaların tətbiqi  ilə yenidən  qurulması  və eyni  zamanda  azad  edilmiş ərazilərdə kifayət  qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır.

Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin  şəhər  və kəndləri  “smart-city”  (“ağıllı  şəhər”),  “smart-village”  (“ağıllı  kənd”) konsepsiyası əsasında  yenidən  qurulacaq ki,  bu  da  öz  növbəsində həmin  bölgədə turizm sahəsinin  bütün  növlərinin ən  müasir  səviyyədə təşkil  və inkişaf  etdirilməsinə şərait yaradacaq. Bu məqsədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitlə yanaşı, yerli şirkətlərin rolunun artırılması, o cümlədən xarici investorların bu işlərə cəlb edilməsi də öz müsbət töhfəsini verəcək.

Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərimizin vahid konsepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq.  Bu ərazilərin  reinteqrasiyası  ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artıma səbəb olacaq. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yaranacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM