21 Fevral 2020 05:15
1028
MSK
A- A+

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 242 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı


Qərar № 28/317


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 107 saylı Qazax seçki dairəsi üzrə qeydə alınmış namizəd Göyüşov Ramil Vahid oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 18/50 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunması barədə qərar verilməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Qeydə alınmış namizəd R.V.Göyüşov qanunla nəzərdə tutulmuş müddətdə 1, 3, 5, 6, 7, 8, 9, 13, 16, 17, 18, 25, 30, 33, 35 saylı məntəqələrdə baş vermiş qanun pozuntuları ilə bağlı 107 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, dairə seçki komissiyasının 18/50 saylı qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

107 saylı Qazax seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından qeydə alınmış namizəd R.V.Göyüşovun müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.

Mərkəzi Seçki Komissiyasına müraciətində o, səsvermə günü 107 saylı Qazax seçki dairəsinin 1, 2, 4, 6, 8, 9, 12, 13, 17, 18, 25, 26, 29 və 33 saylı seçki məntəqələrində məntəqə seçki komissiyalarının üzvləri tərəfindən müşahidənin aparılması üçün normal şəraitin yaradılmaması, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən müşahidə prosesinə maneçilik törədilməsi, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin masanın üzərinə qoyulmaması, iki nəfərin bir kabinada səs verməsi, bir nəfərə iki bülleten verilməsi, seçki hüququ olmayan şəxslərin seçki məntəqəsinə daxil olması, seçki məntəqələri üzrə adları seçici siyahılarında olmayan şəxslərin səsvermədə iştirak etməsi və digər qanun pozuntularına yol verildiyini göstərərək bu pozuntuların araşdırılmasını, adları qeyd edilən məntəqələr üzrə səsvermənin nəticələrinin ləğvini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Müraciətə səsvermə günü müxtəlif seçki məntəqələrində baş verməsi iddia edilən video görüntülərin toplandığı 1 ədəd elektron məlumat daşıyıcısı və həmin seçki dairəsinə daxil olan seçki məntəqələrində tərtib olunması iddia edilən aktların və digər məlumat xarakterli materialların kserosurətləri əlavə edilmişdir.

Qeydə alınmış namizəd R.V.Göyüşova araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmək və digər hüquqları izah edilmişdir.

Araşdırmanın tamlığı, hərtərəfliliyi və obyektivliyi prinsipi əsas götürülərək səsvermə günü həmin seçki dairəsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar, seçki komissiyalarının seçkilərin yekununa dair protokol məlumatları və şikayətçilər tərəfindən araşdırmaya təqdim olunmuş sənədlər və videomateriallar, həmçinin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər tədqiq edilmişdir. Təqdim olunmuş bir ədəd elektron məlumat daşıyıcısına baxış keçirilərkən müəyyən edilmişdir ki, bu daşıyıçıda 107 saylı Qazax seçki dairəsinin 1, 2, 3, 4. 9, 12, 13, 17, 18, 22, 25 , 29 və 34 saylı seçki məntəqələrindən görüntülər vardır.

Araşdırma zamanı 107 saylı Qazax seçki dairəsi üzrə səsvermə günü ilə əlaqədar yayımlanan və şikayətçi tərəfindən təqdim olunmuş videomateriallara baxış nəticəsində aydın olur ki, bu görüntülərdə həmin məntəqələrdə baş verməsi ehtimal olunan ayrı-ayrı prosedur pozuntuları əks olunmuşdur. Həmin videomateriallara keçirilmiş baxışdan və dairə seçki komissiyasından müxtəlif siyasi partiyaları təmsil edən müşahidəçilərdən, səlahiyyətli nümayəndə, vəkil edilmiş şəxs və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, səsvermə günü 2 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, səslər qanunvericiliyin tələbinə uyğun olaraq hesablanmış, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunaraq maraqlı seçki subyektlərinə verilmişdir və beləliklə dairə seçki komissiyası 2 saylı seçki məntəqəsi istasna olmaqla, düzgün nəticəyə gəlmişdir.

Araşdırma nəticəsində 2 saylı seçki məntəqəsində seçicilərin iradələrini sərbəst ifadə etmələrinə maneə yaradan qanun pozuntuları müəyyənləşdirilmişdir. Həmin qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaradır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqəsinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir. Həmin seçki məntəqələrində seçici siyahılarında olan seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 1, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 37-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Göstərilənlərə əsasən müraciətin qismən təmin edilməsi, seçki dairəsinin 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və dairə seçki komissiyasının qərarının həmin seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisinə seçkilərdə 107 saylı Qazax seçki dairəsi üzrə qeydə alınmış namizəd Göyüşov Ramil Vahid oğlunun 17 fevral 2020-ci il tarixli 242 saylı müraciəti qismən təmin edilsin, 2 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 18/50 saylı qərarı 2 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

20.02.2020

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video