14 Noyabr 2013 03:11
406
PARLAMENT
A- A+

2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir

 

Noyabrın 13-də Milli Məclisdə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin layihəsinin müzakirəsi davam etdirildi. Çıxış edən deputatlar büdcə layihəsini yüksək qiymətləndirməklə yanaşı, təkliflərini də bildirdilər. Xatırladaq ki, 2014-cü il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 31,4 faizi həcmində olmaqla, mütləq ifadədə 18 milyard 384 milyon manat nəzərdə tutulur. Gələn il Azərbaycanda dövlət büdcəsinin xərclərinin isə 20 milyard 63 milyon manat olması planlaşdırılır. Bu, ötənilki xərclərə nisbətən 1,1 faiz  çoxdur.

Deputat Elton Məmmədov büdcə layihəsinin sosialyönümlü və investisiyatutumlu olmasını təqdir etdi. Gələn ildə də ekologiya və ətraf mühitin qorunması ilə bağlı tədbirlərin davam etdirilməsinin, eləcə də qaz və su təchizatı ilə bağlı məsələlərin layihədə öz əksini tapdığını deyən Elton Məmmədov qeyd etdi ki, 2014-cü il üçün nəzərdə tutulan vəzifələrin icrası ölkəmizin inkişafına təkan verəcək.

Deputat Qüdrət Həsənquliyev bəzi xərclərin - o cümlədən diaspor, hərbi məqsədlər, elm və təhsil üçün ayrılan vəsaitlərin bir qədər də artırılması təklifi ilə çıxış etdi.

"2014-cü ilin dövlət büdcəsi çox ehtiyatla tərtib olunub" - deyən deputat Vahid Əhmədovun sözlərinə görə, büdcə layihəsi makroiqtisadi sabitliyi qoruyan tədbirlər nəzərdə tutulmaqla hazırlanıb. Neftin 1 barelinin qiymətinin 100 ABŞ dolları səviyyəsində götürülməsi isə olduqca məqbuldur. Vahid Əhmədov bank faizləri ilə  bağlı da fikirlərini bildirdi. Qeyd etdi ki, bu gün bank sektorunda kredit faizləri çox yüksəkdir. Bank depozitlərinin faizləri ilə kredit faizləri arasında olduqca böyük fərqin olduğunu deyən deputatın fikrincə, bu məsələ öz həllini tapmalıdır.

Deputat Xanhüseyn Kazımlı 2014-cü il dövlət büdcəsinin ölkəmizin inkişaf dinamikasına uyğun tərtib olunduğunu bildirdi. Onun sözlərinə görə, layihə Azərbaycanın davamlı inkişafı ilə bağlı bütün məsələləri tam ehtiva edir. Bu ali maliyyə sənədinin icrası respublikamızın iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsinə tam təminat yaradacaq.

Gələn il dövlət büdcəsinin layihəsi real proqnozlar əsasında tərtib olunub və populizmdən uzaqdır. Bunu deputat Astan Şahverdiyev bildirdi. Müxtəlif istiqamətlər üzrə büdcə xərclərinin artırılmasını yüksək qiymətləndirən Astan Şahverdiyev həmçinin layihəyə əsasən qaçqın və məcburi köçkünlərə verilən müavinətlərin artırılmasının nəzərdə tutulmasını təqdir etdi.

Deputat Qənirə Paşayeva büdcə layihəsi ilə bağlı bəzi təkliflərlə çıxış etdi. Təkliflərdən biri birinci qrup əlillərin təhsil haqqından azad olunması barədə idi. Onun sözlərinə görə, bu, əlillərə böyük dəstək olar. Deputat, həmçinin dövlət büdcəsində ipoteka kreditləri üçün nəzərdə tutulmuş vəsaitin bir qədər artırılmasını, tibbi sığorta məsələsinə diqqətlə yanaşılmasını, hepatit c xəstəliyi ilə mübarizə üçün xüsusi proqramın həyata keçirilməsini təklif etdi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da 2014-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı fikirlərini bölüşdü. Onun sözlərinə görə, Azərbaycan dinamik inkişaf yolundadır. 2014-cü ilin dövlət büdcəsinin layihəsi də bunu əyani təsdiq edir. Layihəyə əsasən neftdən gələn gəlirlərin azalması və qeyri-neft sektorundan gələn gəlirlərin çoxalması ölkəmizin inkişafının göstəricisidir. Bütün bunlar həm də onu təsdiq edir ki, neft kapitalı qeyri-neft sektorunun inkişafına böyük təkan verir.

Eldar İbrahimov daha sonra dedi ki, qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin də inkişafı daim diqqət mərkəzindədir. Fermerlərin torpaq vergisindən azad edilməsi, həmçinin kənd təsərrüfatı sahəsinə  hər il subsidiyaların ayrılması göstərir ki, dövlət aqrar sferanın inkişafı üçün bütün imkanlardan istifadə edir. Gələn ilin dövlət büdcəsinin layihəsində isə bu xərclər bir qədər də artırılıb.

Komitə sədri təkliflərini də bildirdi. Qeyd etdi ki, kənd təsərrüfatına investisiya qoyuluşuna da diqqət artırılmalı, yeni emal müəssisələri yaradılmalıdır. Bu, həm məhsul itkisinin qarşısını alar, həm də fermerlərin xarici bazarlara çıxış imkanlarını artırar.

Deputat Abel Məhərrəmovun təklifləri əsasən elm və təhsil məsələlərini əhatə etdi. Elmi innovasiyaların maliyyələşdirilməsinə diqqət yetirilməsini vacib sayan Abel Məhərrərmov dedi ki, bu, Azərbaycanın inkişaf etmiş ölkələrin cərgəsinə qoşulması istiqamətində olduqca mühüm məsələdir. Abel Məhərrəmov onu da bildirdi ki, hazırda ən vacib məsələlərdən biri universitetlərin yataqxana problemidir: "Hər il xaricdən oxumaq üçün minlərlə müraciət daxil olur, ancaq yataqxanamız olmadığından imtina edirik. Digər tərəfdən yataqxananın olmaması Bakı Dövlət Universitetinin dünyada reytinqini aşağı salır. Bu gün BDU dünyada 20 min universitet arasında 602-ci yeri tutur. Yataqxana olsa, BDU dünya universitetləri sırasında ilk 500-lüyə düşə bilər".

Deputat Rafael Cəbrayılov bildirdi ki, büdcə layihəsi gələn ilin iqtisadi mənzərəsini əks etdirir. Əvvəlki illərdə olduğu kimi, büdcə layihəsi indi də investisiyatutumlu və sosialyönümlüdür. Büdcə xərclərinin üçdə ikisinin bu məsələlərə yönəldilməsi olduqca müsbət haldır. Rafael Cəbrayılov qeyd etdi ki, büdcənin formalaşması zamanı Dövlət Neft Fondundan gələn gəlirlərin azalması, 5 inzibati ərazi vahidinin dotasiyadan azad edilməsi, habelə büdcə xərclərinin 20 milyard manatı ötməsi 2014-cü ilin dövlət büdcəsi layihəsinin diqqəti çəkən mühüm tərəfləridir.

2014-cü ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna uyğun hazırlanıb. Layihənin tərtibi zamanı dünyada gedən iqtisadi proseslər və Azərbaycanın inkişaf reallıqları nəzərə alınıb. Bunu isə deputat Musa Quliyev bildirdi. Onun sözlərinə görə, layihəyə əsasən gələn ildə də sosial sahə diqqət mərkəzində olacaq. Mütləq ifadədə sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edəcəkdir ki, bu da 2013-cü ilə nisbətdə 299 milyon manat çoxdur.

Musa Quliyev təkliflərini də diqqətə çatdırdı. Gələn il uşaqların məcburi dispanserizasiyası üçün büdcə layihəsində 5 milyon manatın nəzərdə tutulduğunu deyən Musa Quliyev bu vəsaitin artırılmasını təklif etdi. Həmçinin qeyd etdi ki,  təhsilə ayrılan xərclərdən uşaqların yay istirahətinin təşkilinə də vəsait ayırmaq olar.

Deputat Çingiz Qənizadə kənd yerlərində yaşayanların da ipoteka kreditləri ilə təmin olunmasına diqqət yetirilməsini vacib bildi. Deputat Fəzail Ağamalı isə elm və təhsillə bağlı səslənən təklifləri bölüşdüyünü dedi. Gələn ilin dövlət büdcəsinin layihəsində sosial-iqtisadi inkişafla bağlı bütün detalların incəliklə öz əksini tapdığını deyən Fəzail Ağamalı kənd təsərrüfatı, artezian quyuların enerji təminatı və digər məsələlər ilə bağlı təkliflərini də diqqətə çatdırdı.

Günün ikinci yarısında dövlət büdcəsi layihəsi ilə bağlı müzakirələr davam etdirilib. Deputat Sahibə Qafarova bildirib ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi qüdrətini real olaraq ifadə edir, o cümlədən uzun illərdir həyata keçirilən proqramlar çərçivəsində işlərin davamını şərtləndirir. Deputat Elmira Axundova isə hesab edib ki, büdcənin müasir dövrün şərtləri və Azərbaycanın iqtisadi inkişaf dinamikasının yaratdığı imkanları çərçivəsində hazırlanması ölkəmizdə düzgün büdcə siyasətinin həyata keçirildiyini bir daha göstərir. Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modeli Azərbaycanın son illər davamlı yüksəlişini təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Deputat Asim Mollazadə isə təhsil və səhiyyə sahəsində islahatların aparılmasının vacibliyini söyləyib. Eyni zamanda, mədəniyyət sahəsinə ayrılan vəsaitin artırılmasını təklif edib.

"Gələn ilin dövlət büdcəsi mükəmməl hazırlanıb, real iqtisadi proqnozlara və rəqəmlərə əsaslanır"- bu fikri isə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev söyləyib. B.Əliyev də elm, təhsil və səhiyyə sahəsində çalışanların sosial müdafiəsinin gücləndirilməsi məsələsinə toxunub. Deputat deyib ki, proqnozlar nəinki bu ili, eyni zamanda qarşıdakı 2-3 ili əhatə edir: "Bu da çox müsbət haldır. Ən başlıca istiqamətlərdən biri müxtəlif sahələrə investisiya qoyulmasıdır. İndiyədək iqtisadiyyatın ayrı-ayrı sahələrinə böyük həcmdə investisiya yatırılıb və bu da müsbət nəticələr verir, iqtisadiyyat inkişaf edir, ölkə güclənir".

Bəxtiyar Əliyev bildirib ki, parlamentdə, mətbuatda Azərbaycan səhiyyəsi və təhsili haqda səsləndirilən bəzi fikirlərin əsası yoxdur: "Kimsə iddia edir ki, Azərbaycanda səhiyyə, təhsil inkişaf etməyib, yaxşı həkim, müəllim yoxdur, bu, tamamilə səhv yanaşmadır. Azərbaycanda çox gözəl həkimlər, müəllimlər, iqtisadçılar, mühəndislər var. Eyni zamanda, başqa sahələrdə də yaxşı mütəxəssislərimiz formalaşıb. Səhiyyə, təhsil sahəsinə böyük həcmdə investisiyalar qoyulub və uğurlu nəticələr əldə olunub. Bütün bunlarla yanaşı, səhiyyə və təhsil sahəsində çalışanların sosial müdafiəsi gücləndirilməlidir və bu, günün ən vacib məsələsidir. Proqramlar hazırlanmalı, islahatlar həyata keçirilməli və məsələ bu formada həll edilməlidir". Komitə sədrinin müavini, həmçinin hesab edir ki, Azərbaycanda insan kapitalının formalaşdırılmasına böyük həcmdə investisiya yatırılmalıdır. Çünki insan kapitalının formalaşdırılması elm, təhsil, səhiyyə və innovasiyaların inkişafı deməkdir.  

İclasda Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov çıxış edib. E.Rüstəmov bildirib ki, XXI əsrin əvvəllərindən başlayaraq yüksək inkişaf sürəti götürmüş Azərbaycan iqtisadiyyatı cari ildə sabitlik nümayiş etdirir. Son 10 ildə milli iqtisadiyyatımız 3,4 dəfə artıb və 70 milyard ABŞ dollarına çatıb. Bu, təkcə neftin hesabına baş verməyib. Bütövlükdə, qeyri-neft sektoru da 3 dəfədən çox artıb. Onun sözlərinə görə, Azərbaycan bu dövrdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olub. 2003-cü ildə adambaşına düşən ÜDM 3 min 150 dollar idisə, bu rəqəmin cari ildə 11 min dollara çatması gözlənilir. Bu göstərici ilə ölkə son 10 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olub. Bu dövrdə ölkənin tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlib.

Qeyd edilib ki, strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatıb. İşsizlik səviyyəsi 5,1 faizə endirilib. Yoxsulluq 8 dəfə azalaraq 6 faizə enib. 3 milyon insan yoxsulluq səviyyəsindən azad olub. Azərbaycan 1563 ölkə arasında yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə əsasən, Azərbaycan dünyada ilk 25-ci sırada qərarlaşıb. Ölkəmiz makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasında ilk səkkizlikdədir.

Elman Rüstəmov diqqətə çatdırıb ki, son 10 ildə bank sektorunun aktivləri 24 dəfə artaraq 1 milyard dollardan 24 milyarda çatıb. Kreditlər 24 dəfə, bank kapitalı 16 dəfə, əmanətlər 17 dəfə artaraq 6 milyard manatı ötüb. Ölkədə 3 milyondan çox əmanətçi var. Cari ildə sovet dövründən qalan əmanətlərin qaytarılması davam etdirilib. 2013-ci ilin oktyabr ayının əvvəlinə 1,6 milyondan çox əmanət hesabı üzrə 600 milyona yaxın vəsait ödənilib. Regionlara yönəlmiş kreditlərin həcmi daha sürətlə artır. Bu rəqəm  təxminən 30 faizdən artıqdır.

Elman Rüstəmovun sözlərinə görə, ötən 10 ildə dövlət büdcəsi 19 dəfə artıb: "Milli iqtisadiyyatımız 3,4 dəfə artıb. Büdcəmiz bu dövrdə milli iqtisadiyyatımızı təxminən 6 dəfə üstələyib. Yeni 10 illikdə iqtisadi inkişaf dinamikası başqa faktorlara arxalanacaq. Əsas məqsədimiz 2014-cü ildə makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Biz yenə də inflyasiyanı aşağı həddə saxlamağı hədəf kimi götürmüşük. Mərkəzi Bankın imkanları var ki, manatın sabitliyi qorunub saxlanılsın. Manat artıq sabitlik statusunu qazanıb".

İpoteka siyasətindən də danışan Elman Rüstəmov qeyd edib ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir: "Bununla bağlı ipoteka strategiyası da hazırlanıb. Dövlət büdcəsindən ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq istəyi düzgün deyil. Bu, təbii ki, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bunun iki yolu var: mənzilləri ya dövlət tikə, ya da xüsusi bölməni stimullaşdıra bilər. Burada da, təbii ki, bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə bu təcrübələri öyrənirik. Xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq. Sosial ipoteka üçün dövlət yardımı tələbatı ödəmir. Bununla bağlı Maliyyə Nazirliyi ilə danışıqlar gedir. Əhalinin öz yığımları hesabına ipoteka kreditləri alması məsələsini də düşünürük. Yaxın vaxtlarda hazır olan  strategiyanın müzakirəsinə başlayacağıq. Faiz dərəcələrinə daha geniş mənada baxmaq lazımdır. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da bir əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Düzdür, faizlər yüksəkdir. Lakin bu, narahatçılıq doğurmamalıdır".

Müzakirələr zamanı çıxış edən deputatlardan Aqiyə Naxçıvanlı, Ceyhun Osmanlı, Mirkazım Kazımov, Əhliman Əmiraslanov, Yevda Abramov, Azər Badamov və Gövhər Baxşəliyeva bildiriblər ki, layihə həmişəki kimi peşəkar komanda tərəfindən hazırlanıb. Qeyd edilib ki, bu gün Azərbaycanın inkişafının əsas səbəbi məhz düşünülmüş iqtisadi strategiyanın həyata keçirilməsidir. Bu gün ölkəmizdə hökumətin apardığı siyasət xalq tərəfindən dəstəklənir, iqtidarın həyata keçirdiyi islahatlar vətəndaşların milli mənafelərinə, sosial vəziyyətlərinə cavab verir və ona görə xalq-iqtidar birliyi daha da möhkəmlənib. Oktyabrın 9-da keçirilən prezident seçkiləri də bir daha məhz bu reallığı təsdiq edib.

Bununla yanaşı, deputatlar elm və təhsil sahəsinə ayrılan vəsaitlərin artırılmasının vacibliyini söyləyiblər. Qeyd edilib ki, bu gün elmi işçilərin əməkhaqları günün tələblərinə cavab vermir. Təhsil Fondunun yaradılması isə bu sahənin inkişafına çox böyük təkan olacaq.

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video