08 Oktyabr 2013 01:10
326
MSK
A- A+

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 05 oktyabr 2013-cü il tarixli 15 saylı müraciətinə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 35/211

 

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi 2013-cü il oktyabrın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfüqar Cəfərovun seçki prosesinə qanunsuz müdaxiləsini, onun göstərişi ilə Müsavat Partiyasının üzvü İmran İsmayılovun namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığına görə həbs etdirməsini, əvvəlcə Qəbələ Rayon Polis İdarəsinə, oradan isə məhkəməyə aparılaraq 7 gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin verildiyini bildirib Zülfüqar Cəfərovun seçkiyə qanunsuz müdaxiləsi və hüquq-mühafizə orqanlarının qanunsuz qərarları ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatının tələblərinə uyğun olduğundan icraata qəbul edilmiş və Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə ona məlumat verilmiş, araşdırmaya yardım etməyə dəvət olunaraq müraciətdə qeyd edilən hallarla əlaqədar əlavə sübutlara malikdirsə, ona həmin sübutların təqdim edilməsi təklif edilmişdir.

Müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində aşağıdakılara əsasən müəyyən olunmuşdur ki, Müsavat Partiyasının üzvü İmran İsmayılov tərəfindən Cəmil Həsənlinin təşviqat materiallarının paylanılması zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri (müraciətdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini kimi göstərilmişdir) Zülfüqar Cəfərovun hər hansı bir qanunsuz müdaxiləsi halı müəyyən edilməmişdir.

Belə ki, Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərov izahatında qeyd etmişdir ki, İmran İsmayılov adlı şəxs tanımamış, onunla heç bir əlaqəsi olmamış və müraciətdə barəsində göstərilənlər böhtan xarakterli olmuşdur. Belə ki, o, heç bir siyasi partiyanın apardığı təşviqat kampaniyasına müdaxilə etməmişdir.

Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasını 116 saylı Qəbələ seçki dairəsinin dairə seçki komissiyasında təmsil edən komissiya üzvü Mehman Abbasov, Azərbaycan Ümid Partiyasını həmin dairədə təmsil edən komissiya üzvü Elsevər Şükürov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rayon təşkilatının sədri İntiqam Dadaşov, Azərbaycan Ümid Partiyasının yerli təşkilatının sədri Xeyrəddin Cabbarov izahatlarında qeyd etmişlər ki, həmin seçki ərazisində təşviqat materiallarının yerləşdirilməsi, təşviqatın bərabər keçirilməsi məqsədilə prezidentliyə qeydə alınmış namizədlər üçün normal şərait yaradılmış, prezidentliyə qeydə alınmış namizədlərin təşviqat materiallarının yayılmasında heç bir maneə olmamış, təşviqat kampaniyası sərbəst və azad şəkildə həyata keçirilir.

Qəbələ Rayon İcra Hakimiyyətinin 5 oktyabr 2013-cü il tarixli 1630 saylı arayışına əsasən məlum olur ki, 3 oktyabr 2013-cü il tarixdə Mıxlıqovaq kəndində heç bir tədbir nəzərdə tutulmamışdır. Həmin gün Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərov öz iş yerində olmuşdur.

İş materialına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 3(025)-358/2013 nömrəli qərarının surətindən görünür ki, İsmayılov İmran Eldar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) gün müddətə inzibati həbs edilmişdir.

Beləliklə, araşdırma zamanı Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərovun seçki prosesinə qanunsuz müdaxilə edib Müsavat Partiyasının üzvü İmran İsmayılov tərəfindən qeydə alınmış namizəd Cəmil Həsənlinin təşviqat materiallarının paylanılması zamanı ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməsi halları müəyyən edilməmişdir.

Qəbələ Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zülfüqar Cəfərovun İmran İsmayılovu namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığına görə həbs etdirməsi, ona hədə-qorxu gəlməsi, Cəmil Həsənlinin təşviqatını aparacağı təqdirdə onu cəzalandıracağı ilə hədələməsi, İmran İsmayılovun Qəbələ Rayon Polis İdarəsinə, oradan isə məhkəməyə aparılaraq 7 gün müddətində inzibati həbs növündə tənbeh tədbirinin verilməsi faktı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Əksinə, Müsavat Partiyasının üzvü İmran İsmayılovun namizəd Cəmil Həsənlinin təşviqat materiallarını payladığına görə deyil, konkret olaraq inzibati xəta törətməsinə görə inzibati həbs növündə tənbeh tədbirinə məruz qalması müəyyən edilmişdir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2013-cü il tarixli 3(025)-358/2013 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, İsmayılov İmran Eldar oğlu 2013-cü ilin oktyabr ayının 4-də saat 20 radələrində Qəbələ rayonu Nic qəsəbəsində ictimai yer hesab olunan mağazada ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib zərər çəkmiş Mustafayev Teymur Süleyman oğlunun ünvanına nalayiq söyüşlər söyüb onu təhqir edərək xırda xuliqanlıq etmişdir. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) gün müddətinə inzibati həbs edilmişdir.

Araşdırma zamanı zərərçəkmiş Teymur Mustafayevin, şahidlər Şaiq Abbasovun və Mehdi Veysəlovun izahatlarından görünür ki, qeyd edilən  xırda xuliqanlıq əməlinin baş verdiyi zaman Qəbələ Rayon İcra Hakimiyyətinin hər hansı bir nümayəndəsi, o cümlədən Zülfüqar Cəfərov hadisə yerində olmamışdır.

Göründüyü kimi, İmran İsmayılov şikayətdə göstərilən xüsusatlara görə deyil, konkret olaraq inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir.

Yuxarıda göstərilənlərə əsasən, Mərkəzi Seçki Komissiyası hesab edir ki, müraciət əsassız olduğundan təmin edilməməlidir.

Qeyd edilənlərə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli Təlimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası  qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 05 oktyabr 2013-cü il tarixli 15 saylı müraciəti təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

07.10.2013

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video