28 Avqust 2013 12:08
325
MSK
A- A+

2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi «Milli Şura» seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 20/118

 

12 avqust 2013-cü ildə 157 nəfərdən ibarət tərkibdə yaradılaraq "Milli Şura" adlandırılan seçicilərin təşəbbüs qrupu tərəfindən 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 22-də təşəbbüs qrupunun nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların mövcud olmamasını və namizədin təsdiq edilməsinin qeyri-mümkünlüyünü müəyyən etmişdir. Ona görə də aşağıdakı faktiki və hüquqi əsaslara görə namizədin irəli sürülməsinin təsdiq edilməsindən imtina edilməlidir.

Belə ki, R.İbrahimbəyovun namizədliyinin təsdiq edilməsi üçün təqdim edilmiş sənədlər araşdırılarkən onun eyni zamanda iki dövlətin - Azərbaycan Respublikasının və Rusiya Federasiyasının vətəndaşlığına malik olmaqla ikili vətəndaşlığının olması və başqa ölkələr qarşısında öhdəliyinin olmaması qənaətinə gəlmək üçün kifayət qədər əsasların mövcud olmaması, habelə Azərbaycan Respublikasının ərazisində, özünün qeyd etdiyi kimi, 74 il ərzində daimi deyil, yoxlanılmış son 10 ildə cəmi 1163 gün kiçik fasilələrlə yaşaması müəyyən edilmişdir. Göründüyü kimi, bu əsaslardan bir qismi Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidenti seçilmək üçün namizədlərə dair tələblərə ziddir.

Belə ki, R.İbrahimbəyov 15 avqust 2013-cü ildə imzaladığı öhdəlik ərizəsində Azərbaycan Respublikasının vətəndaşı olmasını və 74 il ərzində Azərbaycanda daimi yaşamasını göstərmiş, Azərbaycan Respublikasının vətəndaşı olmaqla yanaşı, eyni zamanda, Rusiya Federasiyasının da vətəndaşı olmasını və 13 avqust 2013-cü ildə həmin ölkənin vətəndaşlığından imtina etməsi barədə ərizə ilə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinə müraciət etməsini qeyd etmiş, bu hallara dair Rusiya Federal Miqrasiya Xidmətinin Moskva şəhəri üzrə İdarəsinin 13 avqust 2013-cü il təsdiqedici arayışını da öhdəlik ərizəsinə əlavə etmişdir.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən imzalanmış Mərkəzi Seçki Komissiyasının sorğusuna 26 avqust 2013-cü il tarixli 894 saylı cavab məktubundan görünür ki, həqiqətən də R.İbrahimbəyov Rusiya Federasiyasının vətəndaşıdır və 13 avqust 2013-cü ildə həmin ölkənin vətəndaşlığından imtina barədə ərizə ilə Rusiya Federasiyası Federal Miqrasiya İdarəsinə müraciət etmişdir. Məktubda o da qeyd edilir ki, o, 6 fevral 1992-ci ildən Rusiya ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və "Rusiya vətəndaşlığı haqqında" 28 noyabr 1991-ci il tarixli 1948-1 saylı Rusiya Federasiyası Qanununun 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Rusiya Federasiyasının vətəndaşı olmuşdur. R.İbrahimbəyovun müraciətinə baxılarkən onun vətəndaşlığına "Rusiya vətəndaşlığı haqqında" 31 may 2002-ci il tarixli 62-FZ  saylı Rusiya Federasiyası Qanununun 20-ci maddəsinə əsasən yalnız o halda xitam verilə və qeydiyyatdan çıxarıla bilər ki, Rusiya Federasiyası vətəndaşının Rusiya Federasiyasının qarşısında icra olunmamış öhdəlikləri olmasın, habelə o, başqa ölkənin vətəndaşı olsun və ya onun yeni vətəndaşlıq əldə etmək imkanı olsun. Həmin qanunun 29-cu maddəsinə əsasən Rusiya vətəndaşlığından çıxmaq barədə qərarın qəbul edilməsi Rusiya Federasiyası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Hazırda səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar qəbul edilməsi üçün araşdırma aparılır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Mərkəzi Seçki Komissiyasının  sorğusuna 24 avqust 2013-cü il tarixli 08/5296 saylı cavab məktubundan görünür ki, 2004-cü ildə 510198972 nömrəli və 2007-ci ildə 623791415 nömrəli Rusiya Federasiyasına məxsus pasportla R.İbrahimbəyovun Azərbaycan Respublikasının sərhədini keçməsi faktı qeydə alınmışdır.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Seçki Komissiyasının  sorğusuna 24 avqust 2013-cü il tarixli 001-31174-1213 saylı cavab məktubundan görünür ki, R.İbrahimbəyov Rusiya Federasiyasının vətəndaşı kimi Rusiya Federasiyası tərəfindən müvafiq olaraq 510198972 və 623791415 nömrəli pasportlarla təmin edilmiş və həmin pasportlarla o, müxtəlif vaxtlarda Azərbaycan Respublikasının dövlət sərhədini keçmiş və geri qayıtmışdır. Həmin məktubda o da bildirilib ki, R.İbrahimbəyov ikili vətəndaşlığa - həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşlığına malikdir.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Seçki Komissiyasının sorğusuna 24 avqust 2013-cü il tarixli K/2337 saylı cavab məktubundan görünür ki, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemində olan məlumata əsasən, R.İbrahimbəyov son 10 il ərzində (24 avqust 2003-cü il - 24 avqust 2013-cü il)  Azərbaycan Respublikasının ərazisində cəmi 1163 gün (2003-cü ildə 40 gün, 2004-cü ildə 84 gün, 2005-ci ildə 135 gün, 2006-cı ildə 108 gün, 2007-ci ildə 97 gün, 2008-ci ildə 134 gün, 2009-cu ildə 189 gün, 2010-cu ildə 146 gün, 2011-ci ildə 101 gün, 2012-ci ildə 108 gün, 2013-cü ildə 21 gün) olmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinə əsasən yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin, adətən, yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq  imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 13.3.4-cü maddəsinə əsasən başqa dövlətlər qarşısında öhdəliklərin anlayışını izah etmək olar. Belə ki, bu xarici dövlətdə 5 ildən artıq yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan, qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin "başqa dövlətlər qarşısında öhdəliyi olmayan..." müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 1 avqust 2003-cü il tarixli qərarı ilə "başqa dövlətlər qarşısında öhdəliyi olmayan" müddəasının hüquqi mənası "vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərin olmamasını ehtiva edir" kimi izah edilir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə əsasən qərara alır:

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi "Milli Şura" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyi təsdiq edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Müavin      Natiq Məmmədov

Katib       Arifə Muxtarova

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

İlham Məmmədov

Nizami Nadirov

Azər Tağıyev

Bəxşeyiş Əsgərov

Etibar Quliyev

 

27.08.2013

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video