16:16 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2012-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi
ANA SƏHİFƏ / PARLAMENT
01:05 30.05.2012
 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 10 məsələ daxil edilmişdi.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda yüksək səviyyədə keçirilən "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin təşkilinə və digər məsələlərə münasibətini bildirdi: "Bir neçə gün öncə Azərbaycan "Eurovision-2012" beynəlxalq mahnı yarışmasına ev sahibliyi etdi. Bu möhtəşəm tədbirdə Avropanın 42 ölkəsinin təmsilçisi iştirak etdi və bütün müşahidəçilər bu yarışmanın çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar. Bir çox iddiaların əksinə olaraq, Azərbaycan qısa zaman ərzində bu tədbirlə bağlı hazırlıq işlərini yüksək səviyyədə başa çatdırdı. Müsabiqənin keçirilməsi üçün tikilən "Baku Crystall Hall" vaxtında istifadəyə verildi, Dənizkənarı Milli Parkda əsaslı yenidənqurma işləri aparıldı və tədbir uğurla başa çatdı. Bununla əlaqədar olaraq, parlament adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, eyni zamanda, deputat həmkarımız, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, sözügedən tədbirin təşkilat komitəsinin sədri Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik. Bu tədbir təbii ki, dostlarımızı, bizi istəyənləri sevindirdi, eyni zamanda, ilk gündən bu tədbirlə bağlı mənfi rəy söyləyənləri, qaralama kampaniyası aparanları bir daha məyus etdi. Bu, sadəcə, onların Azərbaycanın inkişafına olan qısqanclığından irəli gəlirdi".

Oqtay Əsədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməyə də toxunaraq qeyd etdi ki, o, ötən həftənin şənbə günü bu qətnamə ilə bağlı fikirlərini və etirazını Avrora Parlamentinin Sədri Martin Şultsa ünvanladığı məktubda ifadə edib: "Mən məktubumda da qeyd etmişəm ki, Avropa Parlamentinin belə bir tələsik iclas keçirməsi və Azərbaycanla bağlı heç bir əsası olmayan qətnamə qəbul etməsi ölkəmizin inkişafına qarşı qısqanclığın və qərəzin əyani sübutudur. Hələ ulu öndər Heydər Əliyevin zamanından Azərbaycanda insan hüquqları və demokratiya məsələləri ölkənin ən mühüm prioritetlərindən biri kimi qəbul olunub və bu gün də olunmaqdadır. Heç təsadüfi deyil ki, Azərbaycan insan hüquqları ilə bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının bərabərhüquqlu üzvüdür. Ölkəmiz 2001-ci ilin yanvarından bu qurumda tam və bərabərhüquqlu üzv kimi aktiv şəkildə fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında Əməkdaşlıq Komitəsi mövcuddur. Bu əməkdaşlığın nəticəsi olaraq, ötən il Avropa Parlamentinin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın yaxından iştirakı, təsisçiliyi ilə Avronest Parlament Assambleyası yaradılıb və bir müddət öncə Azərbaycan bu qurumun 2-ci sessiyasına yüksək səviyyədə ev sahibliyi edib. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın inkişafını gözü götürməyən bəzi dairələr, o cümlədən erməni lobbisi və onun təsiri altına düşmüş bəzi avroparlamentarilər ölkəmizə qarşı qaralama kampaniyasından əl çəkmirlər. Məhz bu səbəbdən də, Avropa Parlamenti Azərbaycana qarşı son dərəcədə əsassız və qərəzli bir qətnamə qəbul edib. Şəxsən öz adımdan bu qətnaməni pisləyir və onu Azərbaycana qarşı qərəzin nümunəsi kimi qiymətləndirirəm".

Cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən deputat Azay Quliyev Avropa Parlamentinin Azərbaycanın QHT sektoru ilə bağlı tənqidlərinin əsassız olduğunu vurğuladı. Onun sözlərinə görə, dövlət hər zaman QHT-lərə yardım edir və ölkəmizdə azad mətbuatın inkişafı,  mətbuata dövlət qayğısı yüksək səviyyədədir. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirdi ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalı və onları təhlil etməlidir. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı çıxışında qətnamənin qərəzli şəkildə hazırlandığını və bunun Azərbaycana qarşı yeni bir təzyiq forması olduğunu bildirdi.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov çıxış edərək bildirdi ki, Avropa Parlamentinin qətnaməsi ilə bağlı parlament kəskin mövqeyini ortaya qoymalıdır. Əli Əhmədov bunun Yeni Azərbaycan Partiyasının parlamentdəki qrupunun da mövqeyi olduğunu vurğuladı. Deputat Gülər Əhmədova sual etdi ki, Avropa strukturları Azərbaycanı qəbul etmək istəmirlərsə, nədən ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin etməlidir? 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Avropa Parlamentinin qərarını qərəzli adlandıraraq bu qurumun bir qrup deputatının korrupsiyaya uğradığını söylədi. Deputat hesab edir ki, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsilçiliyinə yenidən baxmalıdır.

Milli Məclisin Sədri Oqtay Əsədov isə diqqətə çatdırdı ki, Avropa Parlamentinin həmin iclasında 759 deputatdan yalnız  56 nəfəri iştirak edib: "Həmin deputatların da yalnız 49 nəfəri bu sənədin lehinə səs verib, 1 nəfər bitərəf qalıb, 6 nəfər əleyhinə səs verib. Azərbaycana dost deputatlar bu iclasın keçirilməsindən xəbərsiz olub. Belə də demokratiya olar?"

Deputat Asəf Hacıyev də Avropa strukturları ilə münasibətlərə yenidən baxmağı zəruri hesab etdi.

Sonra iclasda digər deputatlar Rövşən Rzayev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, Aytən Mustafayeva çıxış edərək qeyd etdilər ki, Azərbaycan Cənubi Qafqazda sülhün və inkişafın qarantı olan bir dövlətdir. Ancaq bu ölkəyə qarşı antitəbliğat aparan qüvvələr öz əməllərindən çəkinmirlər. Azərbaycanın müstəqil siyasəti bir çox dövlətləri qorxuya salır. Bu səbəbdən də Azərbaycana qarşı çirkin kampaniyalar aparılır. Avropa Parlamentinin məlum qərarı da bu ssenarinin tərkib hissəsidir.

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov isə qeyd etdi ki, Azərbaycanla bağlı tez-tələsik iclas keçirib, qərar qəbul edilməsi anlaşılmazdır: "Bəlkə onlar "Eurovision" müsabiqəsi ərəfəsində belə qərar qəbul etmək istəyiblər? Bu, xırda bəhanədir. Qarabağ məsələsi ilə bağlı yüz minlərlə insanın hüququ pozulub, ancaq sənədlərdə 5-6 jurnalistin hüquqlarından yazılır. Biz haqq yolundayıq. Yəqin ki, bir qərar qəbul etməliyik. Bu məsələyə təəccüblənməli deyilik. Çünki bizə qarşı müəyyən prinsiplər var. Buna baxmayaraq biz öz yolumuza davam edəcəyik".

Spiker Oqtay Əsədov isə qeyd etdi ki, Azərbaycan Milli Məclisi adından Avropa Parlamentinə rəsmi etiraz bildirilməsi üçün ayrıca sənəd hazırlanmalıdır. Bunun üçün Milli Məclisdə deputatlardan ibarət komissiya yaradıldı. Komissiyaya Milli Məclis Sədrinin müavini Bahar Muradova, Əli Hüseynli, Rəbiyyət Aslanova, Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Fəzail İbrahimli daxil edildi.

Sonra iclasda gündəliyin müzakirəsi başlandı. İlk olaraq Milli Məclis Bəktaşi Sədaqət İnayət qızının Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında sənədi təsdiq etdi. Sonra "2011-ci ilin dövlət büdcəsinin icrası haqqında" və "2012-ci ilin dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı. Hər iki sənədlə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. 2011-ci ilin yekunlarına görə, Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən komitə sədri dedi ki, Azərbaycan öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilib.

Maliyyə naziri Samir Şərifov hər iki qanun layihəsi ilə bağlı məruzə etdi.  Nazir bildirdi ki, 2011-ci il ərzində ümumi daxili məhsulun (ÜDM) həcmi 2010-cu ilə nisbətən qiymətlərlə müqayisədə 40 mln. manat artaraq 50,1 mlrd. manat, o cümlədən qeyri-neft sektorunda ÜDM 24,2 mlrd. manat, adambaşına düşən ÜDM isə 5530,6 manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.

Nazir onu da bildird ki, 2011-ci il icmal büdcənin gəlirləri 19 mlrd. 982 mln. manat proqnoza qarşı 23 mlrd. 225 mln. manat və ya 116,2 faiz icra olunub ki, bu da 2010-cu illə müqayisədə 378 mln. manat və ya 19,4 faiz çoxdur. İkinci sənədə edilən dəyişkliyə gəlincə isə Samir Şərifov dedi ki, Azərbaycan Prezidenti tərəfindən parlamentə daxil olan sənəddə 2012-ci ilin dövlət büdcəsinin gəlirlərinin 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manat, dövlət büdcəsinin xərclərinin də 600 milyon manat artırılaraq 17 milyard 678 milyon manata çatdırılması nəzərdə tutulub. Bu dəyişiklik əsasən Azərbaycandakı təbii fəlakətlər nəticəsində əhaliyə dəyən zərərin ödənməsi və görüləcək işlərlə bağlıdır.

Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Çıxış edən Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası və 2012-ci il dövlət büdcəsinə dəyişikliklərlə bağlı Hesablama Palatasının rəylərini diqqətə çatdırdı. Onun sözlərinə görə, ötən il dünya iqtisadiyyatında cərəyan edən mürəkkəb proseslərə baxmayaraq Azərbaycanda həyata keçirilən məqsədyönlu və düşünülmüş siyasət nəticəsində iqtisadi dayanıqlıq qorunub saxlanılmış, müsbət makroiqtisadi göstəricilər əldə olunmuşdur. Bütün bunlar 2011-ci ilin dövlət büdcəsinin icrası üçün tələb olunan makroiqtisadi şəraitin müvafiqliyini və sabitliyin qorunub saxlanılmasını, habelə hesabat ilində nəzərdə tutulmuş bütün layihələrin həyata keçirilməsini təmin etmişdir. İqtisadiyyatda makrosabitliyin qorunub saxlanılması və böyük əhəmiyyətə malik nəticələrin əldə olunması ötən ilin dövlət büdcəsinin gəlir və xərc parametrlərinin yüksək səviyyədə icra olunmasına zəmin yaratmışdır.

Adil Məhərrəmov qeyd etdi ki, ölkəmizdə aparılan məqsədyönlü və ardıcıl sosial - iqtisadi siyasət  nəticəsində dövlət büdcəsinə böyük artımlarla daxil olan maliyyə resurslarından daha səmərəli istifadənin təmin edilməsi onların ilk növbədə daha böyük əhəmiyyət kəsb edən sosial-iqtisadi məsələlərin həllinə yönəldilməsini, əvvəllər müəyyən olunmuş büdcə öhdəliklərinə yenidən baxılmasını zəruri edir.  Bu baxımdan həm 2011-ci ilin nəticələri, həm də cari ilin yanvar-aprel aylarının yekunlarına əsaslanaraq bütün müvafiq göstəricilər üzrə əldə edilmiş faktiki nəticələrin proqnoz göstəricilərini üstələməsi xüsusi qeyd edilməlidir. Bütün bunlar 2012-ci ilin dövlət büdcəsinin ilkin proqnoz parametrlərinin dürüstləşdirilməsinə zərurətin olduğunu  bir daha təsdiq edir.

Müzakirələr zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Elmira Axundova, Zahid Oruc, Gövhər Baxşəliyeva, Hikmət Atayev qanun layihələri ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda  ötən ilin dövlət büdcəsinin icrası və 2012-ci il dövlət büdcəsinə dəyişikliklər müsbət dəyərləndirildi, təkliflər səsləndirildi. Deputat Bəxtiyar Əliyev Yevlax-Bərdə-Ağdam yolunun yenidən qurulmasının vacibliyindən söz açdı. Qeyd etdi ki, uzunluğu 70 kilometr olan bu yolun yenidənqurulması cəbhəyanı rayonların daha da inkişafına böyük təsir göstərər.

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov diqqəti kənd təsərrüfatı sahəsində çalışan iş adamlarının kredit almasına yönəltdi. Bildirdi ki, torpaqları ucqar yerlərdə olan iş adamlarına kredit verilərkən həmin torpağın girova qoyulmasında çətinliklər yaşanır. Bu məqsədlə kənd təsərrüfatı kreditlərinin zəmanət fondunun yaradılmasını təklif edən Valeh Ələsgərovun sözlərinə görə, bu fond torpaqların girov qoyulması çətinliyinin yoluna qoyulmasında mühüm vasitə ola bilər.

Yekunda "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri təsdiq olundu.

İclasda "Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında", "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri təsdiq olundu.

İclasda son olaraq "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında"  Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə təqdim olundu. Layihə ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bu qanunun qəbulunda məqsəd Azərbaycan Respublikasında ölçmələrin vəhdətinin təmin edilməsinin hüquqi və təşkilati əsaslarını, o cümlədən ölçmələrə, kəmiyyət vahidlərinə, kəmiyyət vahidi etalonlarına, standart nümunələrə, ölçmə vasitələrinə, ölçmə metodikalarına (metodlarına) tələbləri və həmin tələblərin təmin edilməsi tədbirlərini müəyyən etməkdir.

Qanun layihəsi birinci oxunuşda təsdiq olundu.

Gündəlikdəki məsələlərin müzakirəsi başa çatdıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avropa Parlamentinin 24 may tarixli qətnaməsi ilə bağlı Milli Məclisin qərarının layihəsi hazırlanmışdır. Milli Məclis sədrinin müavini Bahar Muradova mətni oxuduqdan sonra qərar layihəsi qəbul olundu (qərar qəzetin bugünkü nömrəsində dərc olunur).

İclasın sonunda Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bununla da, parlament 2012-ci ilin yaz sessiyasını başa vurur. 81 deputat parlamentin növbədənkənar sessiyasının keçirilməsi barədə müraciət edib və bununla bağlı Milli Məclis sədrinin müvafiq qərarı imzalanıb. Oqtay Əsədov Milli Məclisin 2012-ci il yaz sessiyasını bağlı elan etdi. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

 

Rəşad BAXŞƏLİYEV,

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto)

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM