08:29 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

2. Məhsuldarlıq azalır, suvarma çətinlikləri artır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 17.04.2021

 

İqlim dəyişmələrinin yaratdığı fəsadlar getdikcə daha da kəskinləşir

 

Mütəxəssislər dünyada baş verən iqlim dəyişmələri səbəbindən son 40 ili Azərbaycanın ən isti dövrü kimi dəyərləndirirlər. Ötən dövrdə ölkə üzrə temperatur artmasının orta səviyyəsi 0,9 dərəcə Selsi olub ki, bu yüksəlmə də ərazi boyunca qeyri-bərabər şəkildə özünü göstərib.

 

Təhlükəli proqnozlar

 

Bütün muşahidə dövründə temperatur artımı ən çox Kür-Araz düzənliyində (0,4-0,9 dərəcə), Qazax-Gəncə zonasında (0,6-1,1 dərəcə), Böyük Qafqazın cənub yamacında (0,5-0,8 dərəcə), Kiçik Qafqazın şimal-şərq (0,6-1,5 dərəcə) və şimal (0,4-0,6 dərəcə) yamaclarında müşahidə edilib.

Temperaturun qeyri-bərabər paylanmasının əsas səbəbləri Azərbaycanın dağlıq ölkəsi olması, nisbətən kiçik ərazidə oroqrafiyanın  -28-dən 4466 metrə qədər dəyişməsi, ölkə ərazisində müxtəlif iqlim zonalarının olmasıdır.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyir ki,  dünya birliyi tədbir görməsə, 2100-cü ilə qədər planetin temperaturu 3,7-4,8 dərəcə Selsi qalxa bilər. Bunun nəticəsində iqlim zolaqları sürüşəcək, havanın dəyişməsi daha kəskin olacaq, quraqlıq və daşqın kimi anomal hadisələrin gücü, tezliyi artacaq. Temperatur və rütubət artdığından bəzi ölkələrin ərazisi yaşamaq üçün əlverişli olmayacaq.

 

Kür-Araz ovalığında şoranlaşma 15 faiz çoxala bilər

 

Azərbaycana gəldikdə, Ramiz Məmmədov bildirir ki, iqlim dəyişməsi nəticəsində temperaturun artması ən çox Böyük və Kiçik Qafqazda yerləşən meşə massivlərinə təsir edəcək. Bu massivlərin aşağı sərhədi 550-950 metrə qalxa, Talış massivində isə 100-2000 metrə enə bilər.

Bununla yanaşı, Alp zonalarından başqa, bütün torpaq tiplərində məhsuldarlığın azalması müşahidə ediləcək, torpaqdaxili kimyəvi və biokimyəvi proseslər sürətlənəcək, torpağın fiziki xassəsi pisləşəcək. Bitki örtüyü azalacaq, Kür-Araz ovalığında şoranlaşmış ərazilərin sahəsi 15 faiz  çoxalacaq, quraqlıq günlərinin sayı artacaq. Vegetasiya dövrünün artması qış taxılı və üzümçülüyün arealını daha yüksək en dairəsinə qaldırmağa imkan verəcək.

 

Səhralaşma genişlənir, çay ekosistemi məhvolma təhlükəsi ilə üzləşir

 

Ramiz Məmmədov hesab edir ki, artıq sadalanan bəzi dəyişikliklər özünü göstərməyə başlayır. Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntının miqdarı 10-15% azalıb. Azalma səhralaşmanın genişlənməsinə təsir edir, bu isə öz növbəsində suvarma suyuna olan ehtiyacı artırır.

Akademik açıqlayır ki, suvarma suyuna tələbatın getdikcə artması da gözlənilən proqnozlar arasındadır. Onun sözlərinə görə, ümumilikdə götürdükdə respublika ərazisində ekstremal hidrometeoroloji hadisələrin sayı çoxalıb, ən böhranlı vəziyyət Kür çayında müşahidə olunub, çayın su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhvolma təhlükəsi yaranıb.

İnstitut direktoru əlavə edir ki, bütün bu qeyd edilənlər ilk növbədə Azərbaycanın kənd təsərrüatı rayonları sayılan, eyni zamanda ölkəmizin ən quraq əraziləri olan Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və digərlərində kənd təsərrüfatının inkişafı üçün problemlər yarada bilər.

 

Kənd təsərrüfatı üçün ciddi təhdidlər yaranır

 

Kənd  Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev qeyd edir ki, ümumilikdə Azərbaycan su ehtiyatları ilə yanaşı, torpaq ehtiyatları da məhdud olan, amma buna baxmayaraq, növ müxtəlifliyi çox olan torpaqlara sahib ölkələrdəndir. Azərbaycanda 23 tip torpaq var ki, onların özləri də müxtəlif münbitlik göstəricilərinə malikdir.

Onun sözlərinə görə, məhdud su imkanlarına malik olan Azərbaycanda əsas su ehtiyatlarının təxminən 30 faizi ölkəmizin, 70 faizi xarici ölkələrin ərazisində formalaşır: “Bu faktın özü o deməkdir ki, biz ölkəmizə daxil olan suya görə digər ölkələrdən asılıyıq. Buna görə də əlimizdəki sudan səmərəli və itkisiz istifadə etməliyik. 2010-2011-ci illərdə ölkəmizdə “su bolluğu” problemi ortaya çıxmışdı, subasmalar, daşqınlar yaranmışdı. Lakin 2014-cü ildən sonra ölkəmizə su daxilolmalarında ciddi azalma müşahidə edilir. Bunların hamısı yağıntıların miqdarındakı azalma ilə əlaqədardır. Təbii ki, yağıntının miqdarının azalması kənd təsərrüfatı üçün ciddi təhdid yaradır”.

 

Yağıntının düşməməsinə görə 100 min hektardan çox taxıl sahəsi yanıb

 

F.Tağıyev bildirir ki, qlobal iqlim dəyişmələri fonunda baş verən ən böyük problemlərdən biri yağıntıların miqdarının dövrü olaraq azalmasıdır.

Bu azalmanın kənd təsərrüfatına təsirləri qiymətləndirilir: “Kənd təsərrüfatında böyük qisim əkinləri payızlıq əkinlər təşkil edir. Bunlar xüsusilə taxıl əkinləridir. Ötən il yağıntıların qeyri-bərabər paylanması və onların gözlənilən müddətdə, yəni payızlıq əkinlərinin vegetasiya dövründə düşməməsi 100 min hektardan çox taxıl sahəsinin yanmasına səbəb oldu. Yaxşıdır ki, bu əkin mövsümündə yağıntılar vegetasiya dövründə düşdü və bu, taxıl sahələrini yanmadan, su çatışmazlığından qorudu. Ancaq bu problem yazlıq əkinləri dövründə hər an yarana bilər. Çünki yazlıq əkinlər daha çox suvarma tələb edir, vegetasiya dövründə onların bir neçə dəfə suvarılmasına ehtiyac yaranır. Buna görə də payızlıq əkinlərdən fərqli olaraq, yazlıq əkinlərdə suvarılmanın təşkili daha mütəşəkkil şəkildə aparılmalıdır. Amma yalnız yağıntılara ümid edərək, yazlıq əkinlərin suvarılmasını aparmaq da mümkün deyil”. 

 

Susuzluğun yaratdığı məcburiyyət

 

Nazirlik nümayəndəsi açıqlayır ki, suyun azlığı səbəbindən əkin planlarında müəyyən məhdudiyyətlər qoymaq zərurəti ilə üzləşirlər. Bu problem səbəbindən bəzi rayonlarda pambıq əkini sahələrini azaltmağa məcbur olublar: “Pambıq suya tələbkar bitkilərdəndir. Yay aylarında onun suya tələbatı daha da arta bilər. Buna görə bu sahədə optimallaşdırma apardıq. Bu məsələ eyni zamanda şəkər çuğunduru və digər su tələb edən bitkilərə də aiddir”.

F.Tağıyev əlavə edir ki, susuzluq probleminə görə ötən il ölkə üzrə şəkər çuğundurunun əkildiyi sahələr təxminən 1000, pambıq əkini sahələri 2000 hektara qədər azaldılıb. 

 

Vəziyyətdən çıxış yolu...

 

Şöbə müdiri düşünür ki, fermerlər az su ilə də məhsuldarlıq əldə edə bilərlər. Bu məsələ ilə bağlı fermerlərə çağırış edən nazirlik rəsmisi onları qənaətedici, innovativ, müasir suvarma sistemlərindən istifadə etməyə çağırır.

Müasir suvarma sistemləri suya qənaət etməklə yanaşı, məhsuldarlığı da artırır: “Fermer müasir suvarma sistemindən istifadə etdikdə öz torpaqlarının münbitliyini də qorumuş olur. Selləmə suvarılmanın mənfi fəsadlarından biri torpaqlarda münbitliyin azalması, onun şoranlaşmasıdır. Müasir suvarma sistemi bunun qarşısını alır. Buna görə də fermerlər zamanla müasir suvarma sisteminə keçməlidirlər”.

F.Tağıyev əlavə edir ki, su çatışmazlığı probleminin aradan qaldırılmasından ötrü ölkənin bir neçə zonasında su tutarları və anbarların yaradılması üçün işlər aparılır. Bununla yanaşı, ölkə üzrə suvarma qrafikləri tərtib edilir.

 

İşğaldan azad edilmiş Qarabağla bağlı gözləntilərə gəldikdə…

 

Əlverişli iqlim şəraiti və münbit torpağı olan Qarabağdan yüksək məhsuldarlıq əldə ediləcəyi proqnozlaşdırılır.

Əsas məqsəd orada dayanıqlı kənd təsərrüfatı sistemlərinin qurulması, dünya təcrübəsi əsasında kənd təsərrüfatının yüksək məhsuldarlığın əldə edilməsi istiqamətində inkişaf etdirilməsidir. Bununla bağlı planlar artıq hazırlanaraq hökumətə təqdim edilib.

Göründüyü kimi, ölkəmizin ekosistemi, aqrar sektoru və digər sahələr ciddi təhdid altındadır. Böyük təhlükənin artıq astasındayıq. Bu problemin nəticəsi olaraq, indi məhsuldarlıq azalır, suvarma problemi isə artır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar getdikcə daha da kəskinləşsə də, hər halda onların qarşısında təslim ola bilmərik.

Prezident İlham Əliyevin bu problemin həllini şəxsi nəzarətinə götürməsi, bu məqsədlə mühüm dövlət sənədləri, proqramları imzalaması prosesə dövlətin münasibətini əyani nümayiş etdirir.

İndi qalır müvafiq dövlət orqanlarının problemin həllinə daha məsuliyyətli, daha şəffaf və daha operativ yanaşması...

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM