19 Oktyabr 2021 00:41
903
SİYASƏT
A- A+

19 oktyabr

 

Bütün cəbhəboyu döyüşlər davam edir.

Gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları aparılır. Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulur.

Azərbaycan Ordusunun fəaliyyətləri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edir.

***

Bir çox istiqamətdə döyüş mövqelərini itirən Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında döyüş tapşırığı icra edən taborun komandiri şəxsi heyətlə birlikdə geri çəkilib. Alayın müdafiə sahəsində yerləşən 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 1-ci taborun komandiri və onun müavini Gevorq Makaryan isə yaralanıblar.

5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıblar. Ölənlər arasında tabor komandirinin müavini mayor Hayk Stepanyan da var. Alayın bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmazlığı barədə məlumat əldə edilib.

***

Prezident İlham Əliyev xalqa müjdəli xəbər verir. Ali Baş Komandan rəsmi “Tviter” səhifəsində yazır:

“Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!”

***

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırır. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edir.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Saat 11:10-dan başlayaraq Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqeləri iriçaplı silahlardan atəşə tutulur.

***

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edir. Müraciətdə qeyd edilir ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri əməliyyatların aparıldığı istiqamət və cari vəziyyətlə bağlı müxtəlif şəxsi fikirlər paylaşaraq hadisələri qabaqlamağa çalışırlar.

Nazirlik bildirir ki, bu cür addımlar həm məxfilik rejiminin pozulmasına, həm də hərbi qulluqçularımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər:

“Bütün bunları nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrini rəsmi surətdə öz təsdiqini tapmamış məlumatları yaymamağa və yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.

***

Ermənistan silahlı qüvvələrinin bölmələri saat 12:00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini 82 və 120 millimetrlik minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur.

***

“Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub”.

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Tviter” hesabında bildirir.

Dövlət başçısı qeyd edir ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib”.

***

Prezident İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinə videomüsahibə verərək Ermənistanın elan olunan atəşkəsi növbəti dəfə pozmasını faktlara əsasən izah edir.  

İlham Əliyev deyir ki, Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışıb. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub: “Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”.

Prezident bir daha Ermənistan rəhbərliyinə sərt xəbərdarlıq edir: “Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video