15 Sentyabr 2011 12:09
560
Təhsil
A- A+

15 sentyabr Bilik günüdür

 

İnsan kapitalının formalaşmasına xidmət edən mükəmməl strategiya

 

Sentyabrın 15-də Azərbaycanda hər il "Bilik günü" bayram ovqatında qeyd olunur, orta ümumtəhsil müəssisələrində, ali məktəblərdə yeni dərs ilinin başlanması mühüm ictimai hadisə kimi qarşılanır, ümumən təhsil sistemi ilə bu və ya digər dərəcədə bağlı insanlarda xoş təəssüratlar yaradır. Son illər formalaşmış gözəl ənənə əsasında möhtərəm Prezident İlham Əliyevin həmin əlamətdar gündə yeni inşa olunmuş orta məktəblərdə və digər təhsil obyektlərində olması təhsil ictimaiyyətində dərin minnətdarlıq hissi doğurmaqla yanaşı, onların məsuliyyətini daha da artırır. Ən azı o baxımdan ki, dövlət başçısının son illərdə müasir dünya reallıqlarına əsasən müəyyənləşdirdiyi vəzifələrin yeni dərs ilində gerçəkləşdirilməsi elm, təhsil işçilərindən ciddi səylər tələb edir.

Xüsusi vurğulamaq istərdik ki, müstəqil Azərbaycanın dinamik tərəqqi yolu keçərək iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması, ictimai həyatın bütün sahələri üzrə inamlı islahatların reallaşdırılması praktik nəticələrini həm də elm-təhsil sisteminin modernləşdirilməsində göstərir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə aparılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, "nau-hau" texnologiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində olan Azərbaycan məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi kimi son illərdə elm və təhsilin, o cümlədən ali təhsil sisteminin həlli vacib problemlərini əsaslı surətdə aradan qaldırmaq imkanı qazanmışdır. 

Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasi kursu son 8 ildə inamla davam etdirərək yeni dövrün tələblərinə uyğun müasirləşdirən cənab İlham Əliyev ötən müddətdə respublikada milli intellektual potensialın gücləndirilməsi, elmin, təhsilin problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Dövlət başçısı hələ 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində cəmiyyətin bir çox həyati əhəmiyyətli sahələri kimi, təhsil və elmdə qazanılan uğurlara da toxunmuş, ölkənin gələcəyi naminə güclü insan kapitalının formalaşdırılması zəruriliyini növbəti dəfə vurğulamışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elmin, təhsilin müasir tələblər səviyyəsində inkişafı böyük məbləğdə investisiya tələb edir. Bu da təsadüfi deyildir ki, son illərdə respublikanın maliyyə imkanlarının artması ilə paralel şəkildə həmin sahələrə dövlət büdcəsindən ayrılan vəsaitlər də çoxalır. Müqayisə üçün xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 130 milyon manat təşkil edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata, analoji olaraq 16,6 milyon manat təşkil edən elm xərcləri 108,6 milyon manata yüksəlmişdir. 2011-ci ildə büdcədən təhsilə ayrılan xərclər 10, elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil etmişdir. 2011-ci ilin elm xərclərində elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi-tədqiqat layihələrinin Elmin İnkişafına Yardım Fondu vasitəsilə həyata keçirilməsi üçün əlavə 7 milyon manat vəsait ayrılmışdır. Paralel olaraq Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərin mərhələli həlli, inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinin dərindən mənimsənilməsi, universitetlərdə tədris prosesinin maddi-texniki bazasının yaxşılaşdırılması, kompyuter və informasiya texnologiyalarının geniş tətbiqi, yeni korpusların inşası kimi fundamental problemlərin həllinə diqqət artırılmışdır.

Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlıgı ilə əlaqəli oldugundan, insana qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyətə malikdir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkələrdə insan kapitalını həmin parametrlərə görə ölçərək, milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayırlar. Ümumiyyətlə, BMT XXI əsri elm, bilik, təhsil əsri elan etmişdir. Başqa sözlə, təhsil, elm sahəsində qazanılan uğurlar bu gün həm də hər bir ölkənin demokratik dəyərlərə, sivil inkişaf yoluna sadiqliyinin ümdə meyarlarından birinə çevrilmişdir.

Bu reallıqları nəzərə alan möhtərəm Prezident İlham Əliyevin xüsusi fərman və sərəncamları əsasında son 8 ildə təkcə təhsil sahəsində 20-yədək inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir. Strateji əhəmiyyətli bu sənədlər bütövlükdə təhsil infrastrukturunun yeniləşdirilməsindən tutmuş məktəblərin informasiya-kommunikasiya texnologiyaları ilə təminatına qədər olan mühüm məsələləri əhatə etmişdir. Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədi ilə dövlət başçısı hələ 30 may 2005-ci il tarixdə "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında" sərəncam imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmlərini irəli sürür. Dövlət başçısının digər bir fərmanı ilə Azərbaycanda "Bilik günü" təsis edilmiş, təhsil müəssisələrində iş rejimi tənzimlənmişdir. Eyni zamanda, fərmanda respublikanın təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlərin  görülməsi də nəzərdə tutulmuşdur.

Sovet dövründən formalaşdırılan və müasir tələblərə cavab verməyən məktəblərin təmiri və bərpası, yenidənqurulması isə ilk növbədə təhsilin forma və məzmunca təkmilləşdirilməsi zərurətindən irəli gəlmişdir. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası, istifadəyə verilməsi hələ 11 fevral 2004-cü il tarixli Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramında əksini tapmışdır. Eyni zamanda "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)" bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bölgələrin sosial-iqtisadi inkişafı sahəsində tədbirlərin davam etdirilməsini nəzərdə tutan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə inkişafı Dövlət Proqramı"nda da bir sıra sahələrlə yanaşı, təhsil infrastrukturunun müasirləşdirilməsi məsələsinə də xüsusi yer ayrılmışdır. Mübaliğəsiz demək olar ki, qısa müddətdə 2000-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil sisteminin ən parlaq uğurlarından birinə çevrilmişdir.

Yeni dərs ili qarşısında bir faktı da xüsusi xatırlatmaq istərdik ki, respublikada qəza vəziyyətində olan, yararsız binalarda yerləşən məktəblərin yeniləri ilə əvəzlənməsi də cənab İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Dövlət başçısının "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.

"Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)" və "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə dövlət başçısı 2010-cu il 15 sentyabr tarixdə "Məktəbəqədər təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmirinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə" sərəncam imzalanmışdır. Sərəncamla 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat, habelə peşə-ixtisas təhsili müəssisələrinin əsaslı təmiri üçün 2 milyon manat (cəmi 4 milyon manat) məbləğində vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Təhsil infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində son 7 ildə 300-dən artıq yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir.

Azərbaycan Prezidentinin 4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" sərəncamı da təhsil işçilərinin əməyinə verilən yüksək qiymətin təzahürü sayıla bilər. Belə bir sərəncamın imzalanması yeniyetmələrə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumtəhsil məktəblərinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Dövlət başçısının bunun əsasında hər il imzaladığı sərəncamlarla müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər (innovativ təhsil proqramlarını) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən 50 məktəbə 10 min manat, 100 ən yaxşı müəllimin hər birinə isə 5 min manat məbləğində birdəfəlik mükafat verilir.

Təcrübə göstərir ki, insan inkişafı sahəsində əsas ağırlıq məhz elm-təhsil sisteminin üzərinə düşür. Bu sahələr əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin ən mühüm amillərindən biri olmaqla, hər bir ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə də hərtərəfli təsir göstərir. Elm, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək göstərən mühüm vasitə olaraq cəmiyyətin inkişafının özülünü təşkil edir. Dünya təcrübəsinə diqqət yetirdikdə, bu sahələrin nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm əhəmiyyəti bir daha təsdiqlənir. Bu baxımdan Azərbaycan dövlətinin iqtisadi imkanları artdıqca, sivil dəyərləri, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini, "nau-hau" texnologiyalarını dərindən mənimsəyən gənc, kreativ düşüncəli, vətənpərvər kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirirlər. Bu xüsusda kadr hazırlığına, ali təhsil sisteminin təkmilləşdirilməsinə göstərilən qayğının artması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəetmə sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Başqa sözlə, gələcəkdə dövlət idarəetməsində bu və digər formada iştirak edən peşəkar kadrlar, mütəxəssislər bu gün məhz universitet auditoriyalarında yetişir. 

Prezident İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncama əsasən bir sıra mühüm tədbirlər həyata keçirilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeçiliyində ali təhsil müəssisələri olan digər qurumlarla birlikdə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" hazırlanmış və həmin proqram təsdiqlənmişdir.

2010-cu ildə ali təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 436 monoqrafiya, 338 dərslik, 620 dərs vəsaiti, 1421 adda proqam və metodik ədəbiyyat nəşr edilmişdir.

Dövlət başçısının 10 fevral 2010-cu il tarixli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanında isə haqlı olaraq göstərilir ki, yeni dövrün reallıqları respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur. Fərmanda həmçinin göstərilmişdir ki, 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilməli; dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar, tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri, dövlətin perspektiv inkişaf amilləri nəzərə alınmaqla təmin olunmalıdır.

Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin dövlət sifarişinin yerinə yetirilməsində iştirakı mümkünlüyü də fərmanda əksini tapmışdır. Ən başlıcası isə fərman əsasında ötən ildən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi təmin olunmuşdur. Fərmanda, həmçinin, qeyd olunur ki, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir.

Fərman əsasında, ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi üçün Təhsil, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə birlikdə müzakirələr aparılmış, normativ sənədlər hazırlanmışdır. Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" 25 iyun 2010-cu il tarixli qərarına əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir. Həmin qərarla dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları da təsdiqlənmişdir. Fikrimizcə, bu prosesin uğurla reallaşması ölkədə ali təhsil sisteminin daha da təkmilləşdirilməsinə və mövcud problemlərin həllinə imkan vermişdir. 

Müasir dünyanın yeni təhsil ənənələrinin mənimsənilməsi, habelə yüksək ixtisaslı kadr hazırlığı baxımından Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncamı da az əhəmiyyət daşımır. Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət başçısının müvafiq sərəncamları ilə son illərdə Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almaları təmin edilmişdir. Proqram çərçivəsində indiyədək 800-dək azərbaycanlı gənc Türkiyə, Almaniya, ABŞ, Fransa, Böyük Britaniya və digər ölkələrin nüfuzlu universitetlərində təhsil almağa göndərilmişdir. 

Azərbaycan Prezidentinin 2010-cu il 9 fevral tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncamı isə bu ənənənin elm sahəsində tətbiqinə əlverişli imkan yaratmışdır. Sərəncam respublikada elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını, Azərbaycan elminin elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədi daşıyır.

Şübhəsiz, hər hansı islahatı uğurla həyata keçirmək, səmərəli nəticələr əldə etmək üçün, ilk növbədə, onun qanunvericilik bazasını formalaşdırmaq lazımdır. Xatırlatmaq lazımdır ki, dövlət başçısı İlham Əliyevin hələ 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamında elmin qarşısında duran vəzifələr əksini tapmışdır. Sərəncamda xüsusi vurğulanmışdır ki, Azərbaycanda ümumən elmin maliyyələşmə mexanizmləri və elmi işçilərin sosial təminatı məsələləri hələlik günün tələbləri səviyyəsində deyildir. Ölkədə aparıcı alimlər nəslinin yaşlaşması və gənc nəslin elmə axınının zəifləməsi elmdə kadr potensialının aşağı düşməsi təhlükəsini yaratmışdır. Mövcud vəziyyət ölkənin inkişafının üstün istiqamətlərindən olan elm sahəsində ən qısa zamanda islahatların aparılması və bununla əlaqədar bir çox vəzifələrin təxirə salınmadan sürətlə öz həllini tapması zərurətini meydana çıxarmışdır. Bütün bunlarla yanaşı, sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır.

Həmin sənəd əsasında hazırlanaraq imzalanmış 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", habelə 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 11 iyul 2011-ci il tarixli "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında" sərəncamlar qarşıdakı illərdə ali məktəblərin, o cümlədən AMEA-nın elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələri dəqiq şəkildə müəyyənləşdirmişdir.

Son illərdə dövlət büdcəsindən elmi tədqiqatların aparılmasına ayrılan vəsaitlərin dinamikasında artım müşahidə olunur. Belə ki, 2011-ci ildə elmi tədqiqatlara ayrılan vəsaitin 2007-ci ilə nisbətən 2,4 dəfə artılırması nəzərdə tutulumuşdur. 2010-cu ildən başlayaraq elmin maliyyələşməsinin yeni mexanizminin tətbiqi ilə əlaqədar elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün son iki ildə hər il dövlət büdcəsindən 6 milyon manatdan artıq vəsait ayrılmışdır. 2010-cu və 2011-ci illərdə bu fond tərəfindən elan olunmuş müsabiqələrdə ali məktəb alimləri  22 qrant layihəsinin qalibləri olmuşlar.

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" isə elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi və sairdən ibarətdir.

Xüsusi vurğulamaq istərdik ki, Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini də daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin xüsusi qayğısı ilə universitet son illərdə inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. Universitetin tikintisi uzun illər yarımçıq qalmış III korpusunun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək 2008-2009-cu dərs ili qarşısında istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğı siyasətinin bariz təcəssümü olmuşdur. Möhtərəm Prezidentin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə həmin il noyabrın 2-də universitetin təntənəli yubileyi keçirilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət, xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir.

Son illər ölkə elm və təhsilində həyata keçirilən islahatların konseptual istiqamətləri BDU-nun fəaliyyətində də ciddilliklə nəzərə alınır. Cəmiyyət inkişaf etdikcə, elmin qarşısındakı prioritet vəzifələr də dəyişir. Yeni dövrün gerçəklikləri elmi tədqiqatların bütövlükdə iqtisadi-siyasi, mədəni-humanitar həyatla əlaqələndirilməsini zəruri edir. Eyni zamanda elmi tədqiqatların bütövlüklə insan amilinin rifah və tərəqqisinə xidmət etməsi qloballaşma əsrinin diktə etdiyi qaçılmaz reallıqdır. Ölkənin hazırkı və gələcək sosial-iqtisadi inkişaf modelləri ilə bağlı sanballı elmi proqnozların irəli sürülməsi, elmi-istehsalat təcrübələrinin dövrün tələbləri səviyyəsində həyata keçirilməsi, ali təhsilin müasirləşdirilməsi, dünya elminə çevik inteqrasiyanın təmin edilməsi alimlərimiz qarşısına ciddi vəzifələr qoyur.

Əminliklə deyə bilərik ki, Bakı Dövlət Universiteti bu gün çağdaş dünyanın tələb və standartlarına uyğun intellektual, yüksək ixtisaslı kadrların hazırlanması işini uğurla həyata keçirməklə yanaşı, tədrisin keyfiyyətinə, müasir tələblərə cavab verən yüksək maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə, ölkə hüdudlarından kənardakı mövqeyinə görə bütün Qafqaz regionunda liderliyini qoruyur. Hazırda BDU-nun 17 fakültəsinin 130-dək kafedrasında, Tətbiqi Riyaziyyat və Fizika Problemləri elmi-tədqiqat institutlarında, 4 elmi-tədqiqat mərkəzində və 20 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif istiqamətləri üzrə fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Dövlət başçısı İlham Əliyev 2011-ci il aprelin 21-də AMEA-da ölkənin nüfuzlu alimləri ilə keçirdiyi görüşdə bildirmişdir ki, müasir dövrdə elmin prioritet istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılmalı, beynəlxalq elmi-praktiki əməkdaşlıq inkişaf etdirilməli, qısa və uzunmüddətli kompleks məqsədli elmi proqramlar işlənib həyata keçirilməli, elmlə təhsilin, praktikanın vəhdəti yaradılmalıdır. Bu məqsədlərin həyata keçirilməsi və dünya elminə inteqrasiyanın sürətləndirilməsi üçün BDU-da hələ 2008-ci ilin noyabrında Beynəlxalq elm və təhsilə inteqrasiya şöbəsi yaradılmışdır. Şöbə mütəmadi olaraq universitet əməkdaşlarını bütün elm sahələri üzrə yeni dövlət və xarici proqramlar, layihələr barədə məlumatlandırır, universitet əməkdaşlarının onlarda iştirakını təmin etmək üçün maarifləndirici seminarlar keçirir. Eyni zamanda xarici təşkilat nümayəndələrinin universitet əməkdaşları qarşısında məruzə və çıxışlarını təşkil edir.

 Bütün bunların nəticəsi olaraq həm də BDU-nun beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Hazırda BDU postsovet məkanının 100-dən artıq universitetini bir araya gətirən Avrasiya Universitetləri, Xəzəryanı ölkələrin Universitetləri, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyalarının üzvüdür. BDU 2002-2004-cü illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. BDU hazırda M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Ortadoğu Tekniki Universiteti, Nitsa Sofiya - Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Dövlət Universiteti, Vyana Universiteti və digər qabaqcıl  universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində səmərəli əməkdaşlıq edir. Hazırda dünyada elmi tədqiqat işlərinin maliyyələşməsi bir sıra beynəlxalq fondların proqramları çərçivəsində həyata keçirilir. 2010-cu ildə təhsil sistemində çalışan alimlər 37 beynəlxalq layihədə iştirak etmişlər. BDU-da  Avropa Birliyinin, Amerika Departamentinin, Avropa Milli Elm Fondlarının, Səudiyyə Ərəbistanı Krallığının və digər fondların maliyyə dəstəyi ilə 5 milyon manat dəyərində 35 beynəlxalq layihə həyata keçirilmişdir. Bu layihələr çərçivəsində BDU-nun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dəyəri 2 milyon manatdan artıq olan cihazlar alınmışdır.

Universitetdə əldə olunmuş elmi yeniliklərin praktikada tətbiqi məsələsi də xüsusi diqqət mərkəzindədir. Hər il Bakı Dövlət Universiteti ilə müxtəlif istehsalat birlikləri, zavod və şirkətlər arasında təsərrüfat hesablı müqavilələr bağlanılır və aparılan elmi-tədqiqat işləri bir qayda olaraq sifarişçi şirkətlər tərəfindən maliyyələşdirilir. Bu işlərin yerinə yetirilməsinin əsas üstünlüyü ondan ibarətdir ki, sifarişçi təşkilatlar əldə edilmiş elmi nəticələrin istehsalatda tətbiqində daha çox maraqlı olurlar. Adətən, belə elmi işlər istehsalat ehtiyacları nəzərə alınmaqla həyata keçirilir və böyük iqtisadi səmərə verir. Son illərdə BDU ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, habelə "Azərneftyağ" İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Azərneftyağ" neft emalı zavodu arasında müqavilələr imzalanmışdır.

Universitet elminin və təhsilinin qloballaşan cəmiyyətə inteqrasiyasını sürətləndirmək, eyni zamanda BDU-nun reytinqini beynəlxalq səviyyəyə qaldırmaq, əməkdaşlarının təsir əmsalı (impakt faktoru) olan jurnallarda çap olunmuş elmi məqalələrinin sayını artırmaq, bu işdə onlara lazımi kömək göstərmək məqsədilə həyata keçirilən həvəsləndirici tədbirlər də öz bəhrəsini verir. Bunun üçün 2008-ci ildən BDU əməkdaşlarının, aspirant və magistrantların elmi məqalələrə görə mükafatlandırılması nəzərdə tutulmuşdur. Dünyanın A, B və C kateqoriyalı jurnallarında çap olunmuş hər bir məqalə üçün onlara pul mükafatlarının verilməsi stimullaşdırıcı addım kimi bəhrəsini verir. Eyni zamanda, xaricdə ingilis dilində çapa təqdim olunacaq məqalələrin redaktəsində problem yarandığı halda, onların xarici tərcümə mərkəzlərinə göndərilərək müvafiq xərclərin universitet tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur.

2010-2011-ci tədris ili müddətində nüfuzlu Tomson Röyter agentliyinin Elmi İnformasiya İnstitutunun bazasına daxil olan jurnallarda azərbaycanlı alimlərin 260 elmi məqaləsi dərc olunmuşdur ki, onların da yarıdan çoxu - 136-sı BDU-nun alimlərinin payına düşür.

Bakı Dövlət Universitetinin respublikada olan yüksək imicini təsdiqləyən amillərdən biri də budur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təhsildə yüksək göstəricilər əldə edən tələbələr üçün təsis edilmiş "Prezident təqaüdçüsü" adına layiq görülən 100 nəfər I kurs tələbəsindən təxminən 20-25 nəfəri hər il BDU-ya daxil olanlardır. Hazırda universitetlərdə dərslər 3 dildə (Azərbaycan, rus, ingilis) dilində aparılır və 14 dil tədris edilir. 

"QS World University Rankings-2011" reytinqinə görə Bakı Dövlət Universiteti dünyanın 700 top universitetinin siyahısına daxil olub və 643-cü yerdə qərarlaşıb. Bu məqsədlə müxtəlif ölkələrin 2919 universiteti haqqında məlumat təhlil edilib və nəticədə 712 ali məktəb reytinqə daxil olub.

Bu yaxınlarda Parisdə keçirilən YUNESKO-nun son konfransında hazırda dünyada 20.000 ali məktəbin mövcud olduğu qeyd olunub. 700 top universitetlər siyahısına düşmək dünyada 4 faiz təşkil edən elitar universitetlərin siyahısına daxil olmaq deməkdir.

Qeyd etmək lazımdır ki, "QS World University Rankings" universitetlərin reytinqlərini müəyyənləşdirən dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.

Hər bir təhsil, elm müəssisəsi kimi, Bakı Dövlət Universiteti də yeni dərs ilinin başlanmasını yüksək əhval-ruhiyyə ilə, xoş ovqatla qarşılayır. Çünki BDU-nun professor-müəllim və tələbə heyəti son illərdə möhtərəm Prezident İlham Əliyevin strateji sahələr olan elm və təhsilə qayğısını yaxından hiss edir və yüksək minnətdarlıqla qarşılayır. Hamıda daxili əminlik vardır ki, həyata keçirilən tədbirlər ümumən respublikamızın bu sahələrdə öncül mövqelərini təmin edəcək, ölkədə güclü insan kapitalının formalaşmasına etibarlı zəmin rolunu oynayacaqdır.

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video