15 Oktyabr 2021 00:53
1537
SİYASƏT
A- A+

15 oktyabr 2003-cü il...

 

...Və tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi

 

“Öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 1 oktyabrında Ümummilli Lider Heydər Əliyevin xalqa müraciəti zamanı söylədiyi bu fikirlər bir anda bütün xalqı vahid amal ətrafında səfərbər etdi.

Heydər Əliyev hər zaman olduğu kimi, yenə də Azərbaycan xalqına düzgün olan yolu göstərərək insanları seçkilərdə onun siyasi varisi olan İlham Əliyevi dəstəkləməyə çağırdı.

18 il öncə - 2003-cü il 15 oktyabr seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev öz hakimiyyətinin başlanğıcı ilə həm də Heydər Əliyevlə inkişaf edən Azərbaycanın intibah dövrünün yeni mərhələsinin bünövrəsini qoydu. Məhz həmin seçkilərin nəticəsi olaraq, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevdən sonra hakimiyyətdə özünün inandığı, arxalandığı bir lideri - İlham Əliyevi görürdü.

 

Xalqın dəstəyi mənə güc verir

 “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir” deyən cənab İlham Əliyevin 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərindən də qalib çıxmasını şərtləndirən əsas amil onun daim xalqın yanında olması, xalqının isə onu alternativsiz etimad ünvanı kimi görməsi idi. 2008-ci il seçkilərində 88,73 faiz səslə Prezident seçilən İlham Əliyev 2013-cü ilin 9 oktyabr seçkilərində 84,54 faiz, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə 86,02 faiz səslə vətəndaşlarının yeganə inam mənbəyi olduğunu təsdiqlədi.

Xalqın dəstəyini hər zaman yüksək dəyərləndirən İlham Əliyevin 2018-ci il aprel seçkilərində söylədiyi fikirlər bunu bir daha təsdiq edir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm... Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”.

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı yalnız daxildən inkişaf etdirmədi. Dövlət başçısı ölkəmizin beynəlxalq əlaqələrini genişləndirməklə, beynəlxalq arenadakı nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi də dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq, quruculuq və liderlik missiyasını uğurla davam etdirən İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın inkişafını şərtləndirən ən əsas amil həm də müstəqilliyin, dövlətçiliyin, milli təhlükəsizliyin qorunması olub. Müstəqil Azərbaycana Ümummilli Lider Heydər Əliyevdən miras qalan ictimai-siyasi sabitliyin qorunub saxlanılması

İlham Əliyevin hakimiyyətinin ilk günlərindən əsas hədəf olub: “Bizim hamımızın borcudur ki, Azərbaycanda yaranmış bu sabitliyi qoruyaq, saxlayaq, möhkəmləndirək. Əgər Azərbaycanda sabitliyin pozulmasına kimsə can atarsa, biz buna imkan verməyəcəyik, Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək”.

2018-ci ildə yenidən prezident seçildikdən sonra andiçmə mərasimində çıxış edən İlham Əliyev ötən dövrü qiymətləndirərkən deyib ki, son 15 ildə dünyadakı vəziyyət təhlükəsizlik baxımından çox gərgin keçsə də, dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox təhlükəli proseslər baş versə də, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Azərbaycan daxili risklərin hamısını aradan qaldıra, xarici risklərdən özünü qoruya bilib. Milli təhlükəsizliyimizin qorunmasını dövlətin inkişafı üçün əsas şərt sayan İlham Əliyevin verdiyi vədi yerinə yetirməsinin nəticəsidir ki, Azərbaycan xalqı bu gün də ölkə daxilində daxili risklərdən, xarici təhdidlərdən qorunaraq sabitlik şəraitində yaşaya bilir.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın azsaylı liderlərindəndir ki, onun bütün istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətin nəticəsi yalnız uğur olub. Bu, hər şeydən əvvəl ondan irəli gəlir ki, Azərbaycan Prezidenti bütün sahələrlə bağlı aydın təsəvvürlərə, biliklərə və baxışlara malikdir. Atdığı hər bir addımın öncə ciddi konseptual əsasları haqqında düşünür, dəqiq hesablamalar aparmağı bacarır. Ən əsası, dövlət və milli maraqlar uğrunda böyük iradə, prinsipiallıq nümayiş etdirir. Bu mənada artıq bütün dünya yaxşı bilir ki, Azərbaycan Prezidenti milli maraq məsələlərində heç bir halda güzəştə getmir.

E.Mirbəşiroğlu qeyd edir ki, İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin siması əsaslı şəkildə dəyişdi. Həm ölkə daxilində, həm beynəlxalq arenada Prezident tərəfindən atılan addımlar müvafiq olaraq, vətəndaşların və xalqın rifahının təmin olunmasına xidmət edib. Məhz Prezident

İlham Əliyev sayəsində Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinin həllində Azərbaycan hər zaman öndə gedib: “Nəzərə almaq lazımdır ki, Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizlik sisteminin qurulması üçün ciddi maneə olub. Buna baxmayaraq, Azərbaycan Prezidentinin səyləri nəticəsində Cənubi Qafqazın təhlükəsizlik məsələlərinin həlli istiqamətində müəyyən addımlar atmaq mümkün olub.

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan həm regional səviyyədə, həm də beynəlxalq çərçivədə təhlükəsizliyin təmin olunmasının əsas iştirakçılarından biri olub. Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakı ilə regionda həyata keçirilən strateji layihələr ölkəmizin beynəlxalq iştirakçılıq imkanlarını genişləndirməklə yanaşı, müəyyən təhlükəsizlik təminatlarını da şərtləndirirdi. Belə ki, Ulu Öndər Heydər Əliyevin müdrik yanaşması, Prezident İlham Əliyevin isə siyasi iradəsi və qətiyyəti nəticəsində fəaliyyətə başlamış Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ölkənin milli iqtisadiyyatının formalaşmasında olduqca təsirli rol oynadı. BTC və reallaşdırılan digər layihələr həm də birbaşa ölkəmizin təhlükəsizliyi məsələləri ilə bağlı idi. Belə ki, bu layihələrdən əldə olunan gəlirlər Azərbaycan Ordusunun müasir standartlar çərçivəsində qurulmasına və inkişaf etdirilməsinə imkan verdi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması ölkəmizin iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə sıx bağlıdır”.

Deputat əlavə edir ki, güclü ordu təhlükəsizliyin əsas təminatçısı, diplomatiyanın hərəkətverici qüvvəsidir. Azərbaycan Prezidenti İlham Əliyev əsasən bu amillərə söykənərək ölkəmizin təhlükəsizlik sistemini çox uğurla formalaşdırmağı bacardı. Təhlükəsizliyin həm siyasi, həm hərbi, həm də iqtisadi komponentlərini yaratmaqla, milli maraqların qorunması və təmini üçün bütün strateji hədəflərə uğurla çatdı. Azərbaycanın təhlükəsizliyinə ən ciddi təhdid yaradan amil rolunda təcavüzkar Ermənistanın işğalçılıq siyasəti çıxış edirdi. Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrini aradan qaldırmağı və ərazi bütövlüyünü təmin etməyi fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etdi: “Bu baxımdan daxili təhlükəsizlik məsələlərinin səmərəli həll olunması üçün resurslardan düzgün istifadə vacib idi. Ölkə Prezidenti özünün strateji baxışlarına söykənərək bütün təhlükəsizlik tədbirlərini uğurla həyata keçirdi. Ölkənin ərazi bütövlüyünü təmin etməklə, milli təhlükəsizliyimizə olan əsas təhdidi aradan qaldırdı”.

 

İlham Əliyevin iqtisadi siyasəti hər kəsdə həsəd yaratdı

Azərbaycanda yalnız siyasi sahədə deyil, iqtisadi sahədə də aparılan islahatlar güclü, müasir dövlətin yaradılmasını nəzərdə tuturdu. Bu baxımdan ölkədə siyasi və iqtisadi islahatlar bir-birini tamamlayır.

Azərbaycandakı iqtisadi inkişaf tempindən razı qalan Prezident İlham Əliyev iqtisadi göstəricilərin bizə gələcəyə çox böyük ümidlərlə baxmağa imkan verdiyi fikrindədir. Dövlət başçısı bildirib ki, aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına gətirib çıxardı: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir”.

Milli Məslisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirir ki, dövlətçilik ənənələrinin əsrlərlə yaşı olan Azərbaycan tarixin müxtəlif dövrlərində regionda böyük bir coğrafiyanı əhatə edən ərazilərdə güclü dövlət qurmağı və ədalətli idarəetmə sistemini yaratmağı bacarıb. Bununla Azərbaycan xalqı hər zaman dövlətçiliyə əsaslanan milli ideyaya sahib olduğunu göstərib və tarixin müxtəlif mərhələlərində bu milli ideyanı güclü dövlət qurmaq formasında reallaşdıra bilib: “Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi milli inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın var olmasıdır. Müasir Azərbaycan dövlətçiliyinin əsas sütunu xalqın “azad və güclü olmaq” arzusu ilə formalaşan milli ideyasını güclü dövlətçiliyə çevirməyi bacaran Ulu Öndər Heydər Əliyev dühası və siyasəti olub”.

Komitə sədri hesab edir ki, bütün uğurlarımızın əsas mənbəyi bu strategiyanın və yolun inamla davam etdirilməsi və onun genişləndirilməsidir. Məhz bu yolun əsas davamçısı olan Prezident

İlham Əliyevin 18 illik fəaliyyəti Azərbaycana tarixdə heç bir zaman olmayan uğurlar gətirdi. Azərbaycan xalqı hər zaman arzuladığı hədəfinə nail oldu, uzun müddət işğal altında olan torpaqlarımız, təhqir olunan mənəvi ocaqlarımız işğaldan azad edildi: “Xalqımızın qaməti dikəldi, layiq olduğu şərəfli həyata qovuşdu. Azərbaycan xalqı 2020-ci il 8 noyabrda yenidən doğuldu. Artıq o, qalib xalqdır, onun dövləti ən güclü dövlətdir, onun rəhbəri ən qüdrətli və ağıllı rəhbərdir! Strateji, səbirli, uzaqgörən, soyuqqanlı, cəsarətli, xalqa arxalanan idarəetmə sistemi qurmaqla İlham Əliyev bu möhtəşəm qələbəyə 2003-cü ildən başlayaraq addım-addım gələrək nail oldu. Bütün resursları “Qarabağ” hədəfinə yönəltməklə dünyanın belə gözləmədiyi qələbəyə nail oldu, Azərbaycan xalqının düşmənlərinin başını əzdi”.

T.Mirkişili əlavə etdi ki, bu uzun yolda onun iqtisadi siyasəti, əldə etdikləri nəticələr hər zaman hər kəsdə həsəd yaratdı. Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyərək inkişaf dinamikasına görə dünyada lider ölkə oldu, regionda ən çox xarici investisiya və texnologiya cəlb edən dövlətə çevrildi. Ölkəmiz iqtisadi imkanlarımızın ixracı qarşısında olan bütün sədləri keçdi və əsl iqtisadi müstəqilliyə nail oldu. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP layihələri məhz onun səyləri və fədakarlığı ilə reallaşdı. Vaxtilə regionda infrastruktur cəhətdən blokada şəraitində olan Azərbaycan indi “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir. Öz iqtisadi siyasətini regionların yüksəlişi ilə başlayan İlham Əliyev Azərbaycanın tarazlı inkişafında mühüm nəticələr əldə etdi. Ölkəmizin hər bir bölgəsi artıq həyat şəraitinin yaxşılaşması, abad infrastruktura sahib olmaq göstəricilərinə görə dünya reytinqlərində qabaqcıl yerlərə sahibdir.

Parlamentin komitə sədri insan kapitalının inkişaf etdirilməsinin, milli kadrların hazırlanmasının daim dövlət başçısının diqqətində olduğunu da xüsusi vurğulayır. Onun sözlərinə görə, məhz onun ideyaları nəticəsində ölkəmizdə son 18 ildə yeni bir gənclik yetişdi - vətənpərvər, qorxmaz, müasir, ağıllı. O, ölkəmizin gələcək inkişafını məhz insan kapitalının üzərində qurdu və möhtəşəm uğurlar əldə etdi.

Uğurlu siyasət nəticəsində əldə edilən neft gəlirləri hesabına ölkəmizdə qeyri-neft sektorunun güclənməsi, sahibkarlığın inkişafı onun sürətli və əhatəli iqtisadi islahatlarının əsas hədəfi oldu. Davamlı aparılan bu islahatlar nəticəsində iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru oldu. Geniş şəffaflaşma prosesi, bürokratiyanın aradan qaldırılması, ədalətli rəqabətin təmin olunması iqtisadiyyatımızın dayanıqlı inkişafına böyük bir təkan verdi.

T.Mirkişilinin fikrincə, 18 illik Prezidentlik fəaliyyəti dövründə İlham Əliyevi ən çox fərqləndirən xüsusiyyət onun sosial dövlət konsepsiyasını inşa etməsi, əldə olunan hər bir uğurun xalqın güzəranının daha da yaxşılaşmasına, onun təhlükəsizliyinin qorunmasına və gələcəyə ümidlərinin daha da artmasına sərf etməsi oldu. Bu siyasətin nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi dəfələrlə azaldı, sosial ödənişlərin həcmi dəfələrlə artdı, layiqli həyat şəraitinin səviyyəsinə görə Azərbaycan regionda bir çox ölkələri geridə qoydu.

Prezident əldə olunan güclü iqtisadi imkanları həm də ölkəmizin müttəfiqlərinin və dostlarının sayının artmasına, düşmənlərimizin neytrallaşdırılmasına, dünyada Azərbaycanın nüfuzunun artmasına sərf etdi. Bunun nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya yayıldı, yaradıcı xalq kimi layiq olduğumuz rəğbətə sahib olduq, hazırda dünyanın aparıcı təşkilatlarına rəhbərlik etməkdəyik.

T.Mirkişili qeyd etdi ki, Prezident İlham Əliyev iqtisadi imkanları güclü ordu qurmağa sərf etməklə Azərbaycan əsgərinə və hər bir azərbaycanlıya qalib olmaq inamı aşıladı. Məhz güclü Ali Baş Komandan, güclü əsgər və fədakar xalq hesabına biz döyüş meydanında qalib gəldik. Dünyanın ən çətin dövrü sayılan COVID-19 pandemiyası vaxtında məhz İlham Əliyevin çevik idarəetməsi və böhranlı vəziyyətlərdə onun qəbul etdiyi düzgün qərarlar nəticəsində az itki ilə vəziyyəti idarəetməyi bacardıq. Azərbaycan dövlətinin iqtisadi gücü hesabına heç kimdən yardım istəmədən pandemiyadan əziyyət çəkən vətəndaşlara və sahibkarlara dövlət dəstəyi göstərildi və iqtisadi enişin kəskin olmasının qarşısı alındı: “Bu gün Azərbaycan dövləti hərtərəfli güclü dövlətdir. O, özünün ən şərəfli dövrünü yaşayır. Qarşımızda həm də ciddi çağırışlar yaranmaqdadır. İqtisadiyyatın davamlı inkişafı, vətəndaşlarımızın daha yaxşı yaşaması, müasir texnologiyalardan istifadənin genişləndirilməsi kimi mühüm çağırışlara nail olmaq yolunda Azərbaycan davamlı olaraq irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nəticələr bir daha göstərdi ki, müdrik dövlət rəhbəri, xalqın ona olan inamı və sevgisi ilə istənilən hədəfə nail olmaq mümkündür. Mən inanıram ki, biz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacağıq”.

 

Vədinə əməl edib Qarabağ münaqişəsini tarixə qovuşduran Prezident

Ötən müddət ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbinin qoyulduğu 4 qətnamənin icra edilməməsi fövqəl dövlətlərin təcavüzkar faktına laqeyd münasibətinin nəticəsi idi. Buna güvənən Ermənistan ötən müddət ərzində nə BMT-nin qətnamələrinə, nə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər beynəlxalq təşkilatların bəyanatlarına, qərarlara məhəl qoymadı.

“BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir” deyən Prezident İlham Əliyev dünya birliyinin göz yumduğu, güc dövlətlərinin həll etmək istəmədiyi münaqişəni Azərbaycanın hərbi gücü ilə həll edə bildi.

Hələ 2003-cü ildə ilk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində çıxış edən İlham Əliyev xalqına Azərbaycanın öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyi vədini vermişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”.

Bu vədinə əməl edərək dövlətimizin milli mənafeyi naminə, məlum məkrli qüvvələrin təzyiqlərini göz önünə alaraq, torpaqlarımızın işğalına son qoyan Ali Baş Komandan Ermənistanı döyüş meydanında məğlub etməklə illərlə davam edən Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Tariximizə yenidən Zəfər sözü yazan bir sərkərdə, dövlətin ərazi bütövlüyünü təmin edən xilaskar oldu.

Milli Məclisin deputatı Elman Məmmədov qeyd edir ki, İlham Əliyev prezidentliyinin ilk günündən təcavüz altında olan torpaqlarımızın azad ediləcəyini, bir qarış torpağımızın belə işğal altında qalmayacağını, ərazi bütövlüyümüzün bərpa olunacağını bəyan etmişdi. Dövlət başçısı 2020-ci ildə verdiyi vədinə əməl etdi: “İlham Əliyev prezidentlik dövrünün ilk günündən verdiyi sözü yerinə yetirən, vədinə əməl edən bir prezident kimi tanındı. Bu, xalqda çox böyük inam yaratdı. Prezident qarşısına məqsəd qoydu və bu məqsəd də aydın idi: torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaq. Ancaq bunun üçün bir sıra işlər paralel şəkildə aparılmalı idi. Bu hədəflər də Prezident İlham Əliyev tərəfindən müəyyən edildi. İlk növbədə, ölkə daxilində möhkəm sabitlik yaradıldı, iqtisadiyyat yalnız neft-qaz amilindən asılı olmamaqdan ötrü şaxələndirildi, dövlətin iqtisadi baxımdan güclü olmasına nail olundu. Ölkədəki sabitliyə, xalqın inamına və güclü iqtisadiyyata söykənərək ordu quruculuğu sahəsində işlər uğurla davam etdirildi. Ordunun modernləşdirilməsi, nizam-intizamının artırılması, döyüş qabiliyyətinin yüksək olması daim gündəmdə saxlanıldı. Çoxsaylı hərbi təlimlər nəticəsində ordu gündən-günə döyüş qabiliyyətini artırdı. Azərbaycan Ordusu təcrübəli, inamlı, vətənpərvər zabitlər əsasında formalaşdırıldı, çünki müasir hərbi texnikaların idarəedilməsi üçün bilikli hərbçilər lazım idi”.

E.Məmmədov qeyd edir ki, Prezident İlham Əliyev 2003-cü ildən gənclərin hərbi vətənpərvərlik, mübarizlik, düşmənlə barışmaz ruhda yetişdirilməsini qarşıya məqsəd qoymuşdu: “Torpaqlarımızı düşməndən azad edə bilməyimiz üçün bu məsələ gənclərimizin qarşısında daim durmalı idi. Bu yanaşma 44 günlük müharibədə öz nəticəsini göstərdi. Digər vacib məqam odur ki, cənab

İlham Əliyev prezidentliyinin ilk günündən beynəlxalq qurumlarla çox fəal işləməyə başladı. İdeoloji, informasiya sahəsində uğurlar əldə etdi. Prezident

İlham Əliyevin Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması, onların buna inandırılması, erməni yalanının ifşa edilməsi sahəsindəki uğurları əvəzedilməzdir. Biz bunu Vətən müharibəsi başlamamışdan əvvəl də, müharibə dövründə də Prezident İlham Əliyevin xarici KİV-ə müsahibəsində görürdük”.

Azərbaycan torpaqlarının işğaldan azad edildiyini, dövlətimizin ərazi bütövlüyünün təmin edildiyini vurğulayan E.Məmmədov bu gün bütün dövlət sərhədlərimizdə öz sərhədçilərimizin dayandığını, azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparıldığını söyləyir. O, yaxın gələcəkdə məcburi köçkünlərin hissə-hissə öz doğma yurdlarına qayıdışının gözlənildiyini də deyir: “Müharibə külli miqdarda vəsait tələb edir. Müharibənin hər saniyəsi puldur. Biz 44 günlük çox ağır müharibədən qalibiyyətlə çıxmağı bacardıq. Azərbaycan müharibədən yeni çıxan ölkə olmasına baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərini çox qısa zaman ərzində aparmağa başlayıb. Bu, dövlətin iqtisadi gücündən xəbər verir. Artıq azad edilmiş ərazilərdə bir necə yerdə 4 zolaqlı yollar çəkilir, Ağdamda, Şuşada və digər yerlərdə yenidənqurma işləri aparılır. Prezident İlham Əliyevin apardığı bütün bu işlər düşmənə və onun havadarlarına bir daha mesaj verir ki, bu torpaqların sahibi bizik. Biz yaradıcı, sizin müdafiə etdiyiniz Ermənistan isə dağıdıcı dövlətdir”.

Prezident İlham Əliyev hələ ilk dəfə prezident seçilərkən xalqına Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəyi vədini vermişdi. Xalq birliyinə güvənən dövlət başçısı bunun üçün Azərbaycanda bütün imkanların - təbii sərvətlərin, insan potensialının və ən önəmlisi, xalqın iradəsinin olduğunu bildirmişdi. “Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik” deyən

İlham Əliyev məhz birlikdə olduğumuz zaman güclü dövlət qura biləcəyimiz fikrində heç zaman yanılmadı.

Bu birlik bizə güclü Azərbaycanı, güclü ordunu və ən nəhayət, həsrətində olduğumuz Qələbəni bəxş etdi. Şuşanın azad edilməsindən sonra - 2020-ci il noyabrın 8-də “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə xalqa müraciət edən İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi, ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi. Bu gün Azərbaycan bu inamın sayəsində güclənərək inkişaf edir.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video