14:03 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

118 mindən 118 milyona...

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:44 12.03.2021

 

Son 1 ildə koronavirusa yoluxanların sayı min dəfə artıb

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılmasını bir il əvvəl pandemiya elan edib. Həmin vaxt 114 ölkədə ümumilikdə 118 min yoluxma halı qeydə alınmışdı, gündə isə təxminən 5 min yeni hal aşkar edilirdi.

Düz bir ildir bütün dünyanın nizamını alt-üst edən, insanların həyat tərzini dəyişən COVID-19 pandemiyası hələ də yayılmaqda davam edir. Hazırda Antarktida da daxil olmaqla, demək olar ki, bütün ölkələr və qitələr infeksiya ilə əhatə olunub. Pandemiya ili ərzində yoluxanların ümumi sayı min dəfə artaraq təxminən 118 milyon təşkil edib, 21 ölkədə isə yoluxanların sayı artıq 1 milyonu ötüb. Koronavirus səbəbi ilə il ərzində 2,6 milyondan çox xəstə həyatını itirib.

Digər tərəfdən, koronavirusun mutasiyaya uğramış yeni ştammları da müxtəlif ölkələrdə yayılmaqdadır. İlkin olaraq ötən ilin sentyabrında Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı, bir həftə ərzində daha beş ölkədə aşkar edilib.

Belə ölkələrin ümumi sayı 111-ə çatıb. Cənubi Afrika Respublikasında aşkar edilmiş 501y.V2 ştammının yayılma coğrafiyası 58 dövlətə qədər genişlənib. İlk olaraq Braziliya və Yaponiyada aşkarlanmış P.1 ştammı isə hazırda 32 ölkədə dövr edir. Bu barədə ÜST-nin həftəlik epidemioloji bülletenində yazılır.

Qeyd edilir ki, VOC 202012/01 ştammının insanları yoluxdura bilməsi əvvəllər məlum olan SARS-CoV-2 koronavirus ştammından 36-75 faiz daha yüksəkdir. Mütəxəssislər xəstəliyin və ölüm nəticəsinin daha ağır gedişinin mümkün yüksək riskinə işarə edirlər.

Koronavirusun 501Y.V2 növünə gəldikdə, o, martın 2-dən bəri üç ölkədə əlavə olaraq aşkar edilib, onların ümumi sayı 58-ə çatıb. ÜST-də olan məlumata görə, bu ştamm, ilkin SARS-CoV-2 ştammından 1,5 dəfə daha yoluxucudur. P.1 ştammı 32 ölkədə dövr edir və bir həftə ərzində belə ölkələrin sayı 35-ə çatıb.

Bu bir il ərzində alimlər koronavirus genomunu tez bir zamanda deşifrə etməyə və infeksiya ilə mübarizə aparmaq üçün vaksinlər hazırlamağa nail olublar. Lakin onlar hələ də pandemiyanın yaranma mənbəyini müəyyən edə, iqlim və sosial-iqtisadi şəraiti oxşar olan ölkələrdə infeksiyanın tamamilə müxtəlif yollarla yayılmasının səbəblərini izah etməyə nail ola bilməyiblər.

Bir neçə aydır ki, ölkələr təhlükəli virusla mübarizədə ən effektli üsul olan vaksinasiyaya start veriblər. Azərbaycan da daxil olmaqla bir çox dövlətdə əhali koronavirusa qarşı peyvənd olunur. Ölkəmizdə koronavirus əleyhinə vaksinasiya prosesi yanvarın 18-də “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq başlayıb. Ölkəmiz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparır. Bu vaksinin 4 milyon dozasının alınması barədə müqavilə bağlanıb. Müqavilənin dəyəri 85158. 5 min manat təşkil edir. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov də əhaliyə müraciət edib. O deyib ki, artıq bir ildən çox müddətdir COVID-19 pandemiyası dünyanın hər yerində, o cümlədən ölkəmizdə də tüğyan edərək həyatımızı çətinləşdirib, xeyli sayda insanın xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Təəssüf ki, virusa qarşı hələlik effektiv dərman vasitəsi tapılmayıb. Belə bir durumda pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır. İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa da, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər də tətbiq olunur. Vaxtilə insanların kütləvi ölümünə səbəb olmuş təbii çiçək xəstəliyinə də məhz vaksinasiya yolu ilə qalib gəlinib. Vaksinasiya nəticəsində qızılca, difteriya, göy öskürək və s. kimi bir sıra infeksiyalarla xəstələnmə halları xeyli azalıb, yüz minlərlə insanın həyatı xilas edilib.

Baş infeksionistin sözlərinə görə, indiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə demək olar ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Ölkəmizdə istifadə olunan peyvənd də təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb: “Hər bir vaksinin yan təsirləri mövcuddur. Bu, əsasən, az hallarda rast gəlinən, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və sairədir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir. Tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub. Vaksinasiya prosesi davam edir”.

T.Eyvazov qeyd edib ki, vaksinasiyanın məqsədi yoluxma hallarının əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqdan sonra çatmaq mümkündür: “Lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir. Təəssüf ki, dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu cür yoxlanılmayan şayiələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Amma Səhiyyə Nazirliyinə indiyədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, əgər peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə, bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər.

Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Şayiələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kampaniyasında könüllü iştirak edin ki, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq”.

Azərbaycanda iki aya yaxındır vaksinasiya prosesi aparılsa da, əhalinin əksər hissəsi peyvənd olunmadığı halda yoluxma riski qalacaq. Son günlər koronavirusa yoluxma sayı ilə bağlı vəziyyət ürəkaçan deyil. Karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayında artım müşahidə olunmaqdadır. Əslində, bu, gözlənilən idi. Çünki əvvəl də yumşaldılmalardan sonra insan təması daha da artdığı üçün yoluxma sayında artma müşahidə olunmuşdu. Digər tərəfdən, sosial məsafənin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması da gündəlik statistikada artım yaradır. Etiraf edək ki, yoluxma sayı insanların bir-birinə qonaq getməsi, sıx təması nəticəsində də artır. Bu baxımdan Novruz bayramında insanların sıx gediş-gəlişinin olması yoluxma sayının artmasına, xəstəliyin sürətlə yayılmasına təsir göstərə bilər. Ona görə də mütəxəssislər hər kəsi bayramı evində qeyd etməyə, bir-biri ilə sıx təmasda olmamağa çağırır. Eyni zamanda peyvənd olunmayanlar varsa, qısa zamanda poliklinikalara müraciət edib, vaksin vurdursunlar. Unutmayaq ki, könüllü vaksinasiya olunmaqla, tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə qoruyub, gigiyena qaydalarına riayət etməklə pandemiyaya qalib gələ bilərik.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM