19:17 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

11 qələbə müjdəsi

ANA SƏHİFƏ / SİYASƏT
03:29 20.01.2021

 

Yola saldığımız 2020-ci il Azərbaycanın ulu tarixinə şanlı Zəfər ili kimi düşdü. Bir qərinə davam edən Qarabağ münaqişəsi cəmi 44 gün ərzində ölkəmizin qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında qalan doğma torpaqlarımızı işğaldan azad etdi,  Ermənistanı təslimçilik bəyanatına imza atmağa məcbur qoydu.

 

Xalqa ilk müraciət

 

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması səbri daşıran son damla olaraq gözlənilən müharibəni qaçılmaz etdi. Həmin andan etibarən Azərbaycan Silahlı Qüvvələri vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə atıldı. Vətən müharibəsi başlayandan bir neçə saat sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edərək cəbhədə yaranmış vəziyyətlə bağlı birbaşa məlumat verdi. Xalq bu müraciətdə Ermənistanın növbəti dəfə Azərbaycana hərbi təcavüz aktına əl atdığı faktını rəsmən eşitdi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Cəmiyyətimiz dövlət başçısının dilindən eşitdi ki, bu təxribat Ermənistan tərəfindən başlanıb, düşmən danışıqlar prosesini pozmaq, ərazilərin işğalda qalmasını qeyri-müəyyən müddətədək uzatmaq məqsədilə bu təxribata əl atıb.

Dövlət başçısının sentyabrın 27-də Azərbaycan xalqına ilk müraciəti informasiya və çağırış xarakterli bir sıra məqamlarla zəngin olmaqla yanaşı, həm də ölkədə hər bir vətəndaşın nə etməli olduğunu göstərmək baxımından çox əhəmiyyətli idi. Bunu Vətənin müdafiəsinə hər kəsin qalxmasına çağırış kimi də qəbul etmək olardı.

Prezident müraciətini bu fikirlərlə başa vurdu: “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

 

Cəbrayıl bizimdir!

 

Ölkəmizin rəhbərinin dediyi kimi də oldu. İlk gündən düşmənin ön müdafiə xətti yarıldı, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Qələbəyə doğru inamla irəliləyən cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini darmadağın etdi, torpaqlarımızı sürətlə düşməndən təmizlədi. Qarabağ qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Cəbhədən gələn bütün sevindirici, müjdəli xəbərləri isə Azərbaycan xalqına birbaşa Ali Baş Komandan özü verdi.

Oktyabrın 4-də İlham Əliyev ikinci dəfə canlı yayımda xalqa müraciət edərək Cəbrayıl şəhəri və bu rayonun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə hər kəsi ürəkdən təbrik etdi: “Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm.

Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”

5 gün sonra Prezident xalqa növbəti dəfə müraciət edərək müzəffər Azərbaycan Ordusunun daha bir neçə yaşayış məntəqəsini işğaldan azad etdiyini çatdırdı. Hadrut qəsəbəsinin, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndlərinin işğaldan azad edilməsini tarixi qələbəmiz adlandırdı.

Dövlət başçısı diqqətə çatdırdı ki, hər gün cəbhədən xoş xəbərlər gəlir, əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, müasir döyüş prinsiplərinə əsaslanan əməliyyat planı tam icra edilir. Azərbaycan Ordusu həm maddi-texniki təchizat, həm də döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə sahibdir: “Bu gün bütün cəbhəboyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz...”

Prezident müraciətində Ermənistan tərəfinə danışıqlar, sülh yolu ilə torpağımızdan çıxmaq üçün şans verdiyini də bəyan etdi: “Onsuz da biz bu torpaqlara qayıdacağıq. Onsuz da biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpağımızdan, rədd olun bizim torpağımızdan! Gedin öz ölkənizdə yaşayın. Amma biz torpağımızı geri alacağıq. Ona görə bu tarixi şansı onlar qaçırmamalıdır”.

 

Füzuli və Zəngilan şəhərləri düşmən tapdağından azad edildi

 

17 oktyabrda Ali Baş Komandan böyük məmnunluq və sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını televiziya vasitəsilə xalqa çatdırdı. Prezident Füzuli rayonunun bir neçə kəndinin və Füzuli şəhərinin işğalçılardan azad edildiyini bildirdi: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Cəmi 3 gün sonra Prezident yenidən televiziya vasitəsilə xalqa müraciət ünvanlayaraq Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırmaqla yanaşı, şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu açıqladı. Zəngilan rayonunun 6 kəndinin və Zəngilan şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi.

 

Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz

 

26 oktyabrda Ali Baş Komandan növbəti xoş müjdəli müraciətində Qubadlı şəhərinin və rayonun bəzi kəndlərinin işğaldan azad olunduğunu fəxr hissi ilə bəyan etdi. Prezident vurğuladı ki, o kəndlərin hamısı dağıdılıb, lakin Azərbaycan xalqının da, dövlətinin də o yerləri bərpa etməyə gücü çatacaq: “Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Müraciətlərində Prezident Azərbaycan Ordusu tərəfindən məhv edilmiş və hərbi qənimət kimi götürülmüş Ermənistanın hərbi texnikasının siyahısını da xalqın diqqətinə çatdırırdı. Hər çıxış özünəməxsusluğu, düşmən tərəfə ciddi mesajları ilə yadda qalır, insanlar tərəfindən maraq və rəğbətlə qarşılanırdı. Hətta dövlət başçısının bəzi ifadələri ölkədə dillər əzbərinə çevrilirdi.

Təbii ki, bu günlər ərzində dövlət başçısı yalnız televiziya müraciətləri ilə kifayətlənmirdi. Qarabağ həqiqətlərini xarici media əməkdaşlarına müsahibələr verərək dünyaya bəyan edirdi. Demək olar ki, Ali Baş Komandan hər gün öz “Twitter” hesabından xoş xəbərləri çatdırır, işğaldan azad edilən kəndlərimizin adlarını açıqlayırdı. Xalqımız hər gün Prezidentin paylaşımlarını həyəcan və səbirsizliklə gözləyirdi. Şad xəbərlərin müjdəsi olan paylaşımlar bir neçə dəqiqə ərzində bütün ölkəyə yayılırdı. Xalq döyüş bölgəsindən olan ən düzgün xəbərləri birbaşa ölkənin birinci şəxsindən alırdı. Hər qələbə xəbəri əhali tərəfindən böyük xoşbəxtlik və coşquyla qarşılanırdı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışır, sevincini bir-birilə bölüşürdü.

 

Əziz Şuşa, sən azadsan!

 

Prezidentin Vətən müharibəsi başlanan gündən xalqa ünvanladığı sayca yeddinci müraciət isə ölkədə sözün həqiqi mənasında qələbə və bayram əhvali-ruhiyyəsi yaratdı. Bu müraciət digərlərindən fərqli idi. Çünki Vətən yolunda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən müqəddəs şəhidlərimizin uyuduğu məkandan - Şəhidlər xiyabanından ünvanlanırdı.

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Dövlət başçısı bu müjdəni doğma xalqına Şəhidlər xiyabanından verməsinin təsadüfi olmadığını dedi. Şəhidlərimizin ruhu qarşısında ehtiramını bildirərək bəyan etdi ki, onların qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. Onların intiqamını döyüş meydanında aldıq.

Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin məzarını da ziyarət etdiyini, ruhu qarşısında baş əydiyini söyləyərək ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxt olduğunu vurğuladı.

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

 

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”  deyərək İlham Əliyev müraciətini başa vurdu.

Və məhz həmin tarix - xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün - 8 Noyabr Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi.

 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

9 Noyabr Dövlət Bayrağı Günü də qələbə xəbərləri davam etdi. Prezident “Twitter” hesabından 72 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edilməsi ilə bağlı şad xəbəri xalqa verdi.

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev efir vasitəsilə doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.

Prezident çıxışında uzun illər davam edən işğala son qoyan bu bəyanata böyük fəxarət və sevinc hissi ilə imza atdığını vurğuladı. Qeyd etdi ki, üçtərəfli bəyanat işğal altında qalan Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən bizə qaytarılmasına imkan verəcək: “... Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!

“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Bəli, 10 noyabr tarixi Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. 30 illik münaqişə 44 gün ərzində Ali Baş Komandanın, Azərbaycan Ordusunun, Azərbaycan xalqının zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq... 

Prezident növbəti günlər də xalqa müraciət edərək zəfər müjdələrini verdi. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonlarının işğaldan azad olunması münasibətilə xalqa gözaydınlığı verərək təbrik etdi. Bildirdi ki, döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytardıq.

Dövlət başçısı son müraciətində lazımi ünvanlara mesaj verməyi də unutmadı: “Noyabrın 10-da imzalanmış bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda burada təhlükəsizlik tədbirlərinin görülməsi və bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.

Beləliklə, sentyabrın 27-dən dekabrın 1-nə qədər Ali Baş Komandan 11 zəfər müjdəli müraciəti ilə xalqı sevindirdi. Prezidentin xalqa hər müraciəti bitər-bitməz paytaxt əhli küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Paytaxt əhli meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları, şüarlar tutaraq sevindilər, mahnı oxudular, rəqs etdilər, şeir dedilər. Minlərlə insan müqəddəs and yerimiz olan Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərimiz qarşısında borcunu yerinə yetirdi.  

Hazırda isə Azərbaycan üçün yeni dövr başlayır - quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü. Elə ölkə başçısının sonuncu müraciətində dediyi kimi, xalqımız Vətən savaşı günlərində olduğu kimi, bu dövrdə də həmrəyliyini əsirgəməyəcək: “...Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM