25 Aprel 2021 02:34
1186
İQTİSADİYYAT
A- A+

10 müəssisə, 45 milyon manat sərmayə, 364 iş yeri

 

İlham Əliyevin açılışını etdiyi Hacıqabul Sənaye Məhəlləsi ərazisi və investisiya dəyərinə görə Azərbaycanın ən böyük müvafiq obyektidir

 

Bu gün dünyada sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və sənaye məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılması, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsi üçün yeni imkanlar açır.

Son illər ölkəmizdə yaradılan sənaye park və məhəllələri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir.

Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, Sumqayıt Texnologiya Parkı, Yüksək Texnologiyalar Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərir. Aprelin 20-də onların sırasına biri də əlavə edildi.

Prezident İlham Əliyev ərazisi (20 ha) və investisiya dəyərinə görə (45,44 milyon manat) Azərbaycanın ən böyük sənaye məhəlləsi olan Hacıqabul Sənaye Məhəlləsinin açılışını etdi.

 

73 milyon manatdan çox yatırım

 

Ümumiyyətlə, ölkəmizdə sənayeləşmə artıq iri şəhərlərlə yanaşı, regionları da əhatə edir. Fəaliyyətdə olan sənaye məhəllələrinə indiyədək 73 milyon manatdan çox sərmayə yatırılıb, 286 iş yeri açılıb. Rezidentlər 96 milyon manatdan çox məhsul satışını həyata keçiriblər.

Sənaye məhəllələri kiçik və orta sahibkarlıq subyektləri üçün çox əlverişli imkanlar yaratdığı üçün komplekslərə böyük maraq var. Çünki məhəllələr sahibkarı həm məkan, həm də tikinti xərclərindən azad edir. Belə ki, sahibkar müraciət edərək məhəllədəki istehsalat korpuslarında istənilən həcmdə yeri icarəyə götürür. Həmin ərazidə isə bütün kommunal xidmətlər mövcuddur. Sadəcə olaraq avadanlıqlar quraşdırılır və istehsala başlanılır. Sahibkar dövlətə yalnız götürdüyü sahəyə uyğun icarə haqqı verir.

Məhəllələrdə sahibkarlara torpaq sahələri də verilir. Sahibkar hüquqi şəxs kimi məhəllənin ərazisindən torpaq sahəsi götürüb öz müəssisəsini inşa edir. Bu zaman isə Vergi Məcəlləsinə uyğun torpaq vergisi ödəyir. İstehsalat sahələrində yer götürən sahibkarlar dövlət tərəfindən tənzimlənən minimum qiymətlər əsasında icarəhaqqı ödəyirlər. Torpağı icarəyə götürənlərin vergisi isə Vergi Məcəlləsinə  uyğun tənzimlənir.

 

Dəmir yoluna, Ələt Azad İqtisadi Zonasına və Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına yaxınlıq

 

Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub. Sənaye məhəlləsində mövcud layihələr üzrə 364 iş yerinin yaradılması nəzərdə tutulub.

Sənaye məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır. Bu baxımdan Hacıqabul Sənaye Məhəlləsi çox əlverişli yerdədir.

Məhəllənin mühüm üstünlüyündən biri də odur ki, ərazinin yaxınlığından  respublikanın baş magistral dəmir yolu xətti keçir. Həmin xəttdən məhəlləyə 1700 metr uzunluğunda ayrıca dəmir yolu xətti çəkilib, yükləmə-boşaltma məntəqəsi üçün sahə ayrılıb. Yəni, müəssisələrin istehsal etdiyi məhsulun məhəllənin ərazisindən birbaşa istənilən məkana qatarla çatdırılması da mümkündür. Eyni zamanda sahibkar hər hansı yerdən aldığı xammalı da birbaşa qatarla məhəlləyə gətirə biləcəkdir. Bu da sahibkarların əlavə nəqliyyat xərcindən azad olunmaları deməkdir.

Sahibkarların buraya daha çox maraq göstərməsinin digər səbəbi isə məhəllənin həm Bakı Beynəlxalq Dəniz Ticarəti Limanına, həm də Ələt Azad İqtisadi Zonasına yaxın ərazidə yerləşməsidir. Bütün bunlar sahibkarların məhsullarının “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılmasına böyük töhfə verəcək.  

 

Azərbaycanda ilk təcrübə

 

Açılışı zamanı İlham Əliyev rezidentlərin fəaliyyəti ilə də maraqlandı və müəssisələri işə saldı. Onlardan biri də “Azərmaş” zavodudur. Bu zavod 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Qiymətlər isə 17 min manatdan 130 min manata qədərdir.

Gələn aydan müəssisə birinci mərhələdən avtomobil istehsalına başlayacaq. Əlavə edək ki, bu zavod gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir.

Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

Burada yaradılan müəssisələrdən biri də “Elberg” tikinti materialları üçün avadanlıqların istehsalı zavodudur. Bu müəssisə Azərbaycanda ilk təcrübədir. Burada tikinti materialları - gips, əhəng, kərpic, alçipan və digər inşaat materialları istehsal edən zavodların layihələndirilməsi və quraşdırılması həyata keçiriləcək.

Müəssisə il ərzində iki zavodu “açar-təhvil” prinsipi ilə qurmaq imkanına malikdir. Fəaliyyətə başlaması ilə ölkədə istehsal avadanlıqları və qurğularına olan tələbatı qismən ödəməklə yanaşı, yeni ixrac imkanları da yaranacaq.

Müəssisənin  digər rezidenti “Uyusal Ambalaj” plastik su qabları istehsal edəcək. Müəssisədə il ərzində müxtəlif ölçülü 350 min ədəd su qabı istehsal olunacaq. “Plasstech” zavodu isə ildə 600-900 ton yüngül tara istehsal etmək gücündədir. Bu taralardan kənd təsərrüfatı məhsullarının daşınması və qablaşdırılması zamanı istifadə olunur.

Sənaye məhəlləsində istifadəyə verilən müəssisələrdən biri isə gübrə istehsalı ilə məşğul olan “AzAgromila” müəssisəsidir. Müəssisədə ildə 600 min ton gübrə istehsal olunacaq.

 

Sahibkarların kooperasiya əlaqələri gücləndirilir

 

Ümumiyyətlə, Azərbaycanın regional inkişaf strategiyasında sənaye quruculuğu mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bölgələrdə formalaşan ənənələr, xammal potensialı və əmək ehtiyatları nəzərə alınmaqla yaradılan bu müəssisələr bir qayda olaraq ən müasir standartlar səviyyəsində qurulur.

Müasir sənaye müəssisələrinin sayı artdıqca ixrac idxalı üstələyir, “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxan məhsullar artır. Hazır məhsul həm daxili tələbatın ödənilməsinə yönəldilir, həm də xaricə çıxarılır.

Hacıqabula səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən İlham Əliyev bir daha bu məsələlərə toxunaraq qeyd edib ki, bu layihə dövlət tərəfindən irəli sürülmüş təşəbbüsdür.  Dövlət sahəni müəyyən edir, infrastruktur layihələri icra olunur, bütün kommunikasiya sistemi qurulur, hətta anqarları da dövlət hesabına inşa edilir. Sahibkarlar isə məhəllədə öz sərmayəsini qoyub yüksəkkeyfiyyətli məhsullar istehsal edirlər.

Prezident həmçinin yeni açılışı olan sənaye məhəlləsinin inkişafı ilə bağlı əlavə göstərişlər verib. Burada əlavə beş müəssisə də yaradılacaq.

Beləliklə, modern sənayeləşmə Azərbaycanın iqtisadi qüdrətinin daha da yüksəlməsinə real zəmin yaradır. İlham Əliyevin illər öncə söylədiyi fikir bu gün təsdiqini tapır. Dövlət başçısı deyirdi ki, Azərbaycanın qeyri-neft sənayesinin inkişafı üçün tikilən bütün sənaye park və məhəllələri, zavod və fabriklər bir müddətdən sonra ölkəyə böyük həcmdə valyuta gətirəcək. Artıq bu gün ölkəmizin ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranır. Dünya bazarına “Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın həm çeşidi, həcmi artır, həm də çoğrafiyası genişlənir. Bu gün sənaye park və məhəllələrimizdə istehsal olunan məhsullar dünyanın  müxtəlif ölkələrinə ixrac edilir.

Bir sözlə, əminliklə deyə bilərik ki, İlham Əliyevin müəllifi olduğu bu layihələr Azərbaycana böyük iqtisadi dividentlər qazandırır. Hacıqabulun Atbulaq kəndinin ərazisində yaradılan Azərbaycanın ən böyük sənaye məhəlləsi isə nəinki bu kəndin, hətta ətraf kəndlərin də əhalisi üçün geniş imkanlar açacaq.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video