12 Mart 2019 03:28
2315
SİYASƏT
A- A+

10 000 əsgər, 500 zirehli texnika, 300 artilleriya qurğusu...


Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunun növbəti genişmiqyaslı hərbi təlimi başlayıb


Dünəndən etibarən Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimləri başlayıb. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən müdafiə nazirinin rəhbərliyi altında keçirilən təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.


50 ən güclü arasında


Hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusudur. Fərəhli haldır ki, ölkəmizin inkişafı bütün sahələrlə yanaşı, ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Ordusunda özünü daha qabarıq formada büruzə verir. Təbii ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşımızda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalarla təmin edilməsidir.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin yüzüncü ildönümü münasibətilə keçirilən təntənəli paradlar da ölkəmizin hərbi qüdrətini bir daha aydın nümayiş etdirən möhtəşəm tədbirlər oldu. Xalqımız, eləcə də bütün dünya ictimaiyyəti yenilməz Silahlı Qüvvələrə, orduya malik olduğumuza növbəti dəfə şahidlik etdi. Əvvəlki hərbi paradlarda da xalqımız ordumuzun potensial imkanlarının bir hissəsini görmüşdü. Son paradlar isə göstərdi ki, ötən 15 ildə Azərbaycan Ordusu sürətlə inkişaf edib, arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirib. Ən fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket, zenit-raket və minaatan kompleksləri, ağır odatan sistemlər, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə gücləndirilib.

Son illərdə ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin, kazarmaların yenidən qurulmasıdır. Artıq bütün hərbi bazalar və şəhərciklərin demək olar ki, hamısı yenidən inşa edilib. Bu isə onu göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir.

İndi Azərbaycan Silahlı Qüvvələrində baş verən keyfiyyət dəyişmələri xarici hərbi ekspertlərin, hərb yönümlü nüfuzlu qurumların, araşdırma mərkəzlərinin diqqətini cəlb edir, qazanılan uğurlar müxtəlif aspektlərdən təhlil predmetinə çevrilir və ordumuzun gələcəyi barədə nikbin proqnozların səsləndirilməsinə əsas verir. Təsadüfi deyil ki, beynəlxalq hesabatlarda Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 güclü ordusu sırasında yer alır.


Döyüş vərdişlərini artırmağa xidmət edən təlimlər


Qeyd edildiyi kimi, ordunun gücünü onun döyüş imkanlarını nümayiş etdirən vasitələrdən görmək mümkündür. Bu baxımdan paradlar ölkəmizin hərbi qüdrətini nümayiş etdirir. Bununla yanaşı, silahlı qüvvələrimizin mütəmadi olaraq keçirilən təlimləri də Azərbaycan Ordusunun malik olduğu gücün praktik təsdiqidir. Dünəndən başlayan yeni hərbi təlim də ordumuzun döyüş imkanlarının nümayişi kimi diqqəti cəlb edir. Çünki bir təlimə 500-dək hərbi texnika çıxarmaq sıradan bir göstərici sayıla bilməz.

Silahlı Qüvvələrdə qarşıya qoyulan ən əsas məsələlərdən biri olan döyüş qabiliyyətinin daimi olaraq artırılması üçün təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusilə nəzarətindədir. Təsdiq edilən plana əsasən, il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir. Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər düşmənin dincliyini pozan əsas amillərdən biridir.

İndiyədək keçirilən hərbi təlimlərdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, idarə olunmasının təşkili, qarşılıqlı fəaliyyətinin yoxlanılması, müdafiənin təşkili, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi, mürəkkəb və dağlıq relyeflərdə hərbi əməliyyatların aparılması, silahların döyüş tətbiqi kimi vəzifələrin icrası üzrə silahlı qüvvələrimizin bütün bölmələrinin bacarıq və vərdişləri daha da təkmilləşdirilib. Belə təlimlər həm də silahlanmaya yeni qəbul edilən silah və texnikadan peşəkar istifadənin mənimsənilməsi baxımından da əhəmiyyətlidir. Əldə olunan nəticələr göstərir ki, ordumuzun bütün bölmələri istənilən situasiyada qarşısında dayanan vəzifələri layiqincə icra etməyə qadirdir.

Mart ayının 15-dək davam edəcək növbəti hərbi təlimdə isə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirəcəklər.

Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunacaq.

Bu gün öz inkişafı ilə dünyada nümunəyə çevrilən Azərbaycan qarşısına qoyduğu hədəflərə uğurla çatır, qarşısına çıxan istənilən problemi müvəffəqiyyətlə həll edir. Sözügedən kontekstdə Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı heç bir şübhə doğurmur. Artıq diplomatik cəbhədə Azərbaycan düşmən üzərində üstünlük qazanıb. Dağlıq Qarabağ münaqişəsinin həllinin hərbi müstəviyə keçəcəyi təqdirdə isə təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu formalaşıb. Reallıq da göstərir ki, Azərbaycan Ermənistan qarşısında böyük və əzici hərbi üstünlüyə malikdir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video