21 Noyabr 2013 12:11
2137
Səhiyyə
A- A+

Zərərli vərdişə birdəfəlik yox deyək

 

Amerika Onkologiya Cəmiyyətinin təklifi ilə Beynəlxalq siqaretdən imtina günü 1977-ci ildən bəri dünyanın bir sıra ölkəsində hər il noyabrın üçüncü cümə axşamı qeyd edilir. Bu günü istinad, dayaq və dönüş "nöqtə"si kimi qəbul edən çox sayda insan zərərli vərdişdən imtina etməyə cəhd göstərir. Bəzi ölkələrin əhalisi arasında siqaretçəkənlərin sayında ilbəil azalma müşahidə olunsa da, bəzilərində hələ də tütün məmulatlarına aludəçilik yüksək səviyyədədir. Siqaretin sağlamlığa vurduğu zərər haqqında çox yazılıb, çox deyilib. Siqaretçəkənlərin arasında bunu bilməyən, dərk etməyən də az tapılar.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə ağ ciyər xərçəngindən ölənlərin 90 faizinin, xroniki bronxitdən dünyasını dəyişənlərin 75 faizinin və ürək işemiyasından həyatını itirənlərin 25 faizinin baiskarı siqaretdir! Orta hesabla hər 10 saniyədə qatı siqaretçəkən dünyadan köçür. Ehtimal hesablamalara görə, 2020-ci ilə kimi bu zaman intervalı 3 saniyəyədək qısala bilər.

Nə qədər qəribə görünsə də, siqaret tüstüsü təxminən 4000 (!) zəhərli kimyəvi maddə və birləşmədən ibarətdir. Bunların 250-si konkret olaraq insan sağlamlığı üçün çox zərərlidir, 43-ü kanserogen (xərçəng törədici) xassəlidir, 30-u isə təbii zəhər kateqoriyasına aiddir. Nikotinin və qatranın canlı orqanizmə vurduğu ziyan barədə, tüstünün tərkibindəki kifayət qədər güclü təsirə malik toksik maddələrin öldürücü xüsusiyyətləri haqqında çox danışmaq olar... Buna rəğmən siqaretdən imtina heç də asan məsələ deyil və tütün məmulatı istehlakçıları əsasən ondan qəti olaraq imtina etməyə tələsmirlər. Əksinə, hər vəchlə bu vərdişlərini davam etdirmək üçün arqumentli əsas tapmağa çalışırlar.  Siqaretçəkənlər arasında aparılan sorğuya əsasən, respondentlərin cəmi 12 faizi siqaretdən imtinanı asan, 56 faizi çətin, 4 faizi, ümumiyyətlə, mümkünsüz hesab edir. Rəyi öyrənilənlərin 28 faizi bu haqda heç düşünmədiklərini bildirib.

Siqaretçəkənlər bu özünəqəsddən imtinaya meyil göstərib tez-tez siqareti atmaq arzusunda olduqlarını desələr də, real nəticədə tütünün "əsarətindən" birdəfəlik qurtulanların say nisbəti xeyli azdır. Bəs, nə üçün "zərərli vərdiş" adlandırılan bu bəladan xilas yolu bu qədər məşəqqətlidir, bəzilərinə, ümumiyyətlə, imkansız kimi görünür? Deməli, bu bağlılığı təkcə vərdişlə izah etmək yetərli deyil. Nikotinin zəif təsirli narkotik maddə olduğu unudulmamalıdır. Şübhəsiz, insan orqanizminin siqaretin tərkibindəki bəzi maddələrdən bioloji asılı vəziyyətə düşməsi ondan imtinanı çətinləşdirir. Uzun müddət siqaret tüstüsü qəbul etmiş orqanizmdə maddələr mübadiləsində tərkib dəyişikliyi baş verir. Siqaretdən imtinadan sonra orqanizm vərdiş etdiyi kimyəvi birləşmələri, maddələri almadıqda beyinə onlara tələbat "sifariş"ləri ötürür. Beləcə, beyin bu tələbatın ödənməsi üçün müvafiq "tədbir"lər görməyə başlayır. "Mərkəz"dən gələn "əmr"lərdən təkcə iradə gücünə imtina etmək də hər kəsə nəsib olmur. Ümumiyyətlə, siqaretdən imtinanın universal resepti yoxdur. Dünya təcrübəsi də göstərir ki, individual yanaşma ilə daha effektli nəticə alınır. Bir çox inkişaf etmiş cəmiyyətlərdə siqareti atmaq istəyənlərə yardım mərkəzləri, üçrəqəmli nömrələrlə (pulsuz) telefon məsləhət xidmətləri fəaliyyət göstərir. Müraciət edən şəxslərin siqaretdən imtina müddətində üzləşdikləri çətinliklərdən keçmələrinə psixoloji, mənəvi yardım göstərilir, onlar üçün fərdi "yol xəritələri" çəkilir, tibbi yardım göstərilir. Bizcə, belə servislər respublikamızda da yaradılmalı, bu istiqamətdə fəaliyyət göstərən təşkilatların fəaliyyəti daha da genişləndirilməlidir. Təəssüf ki, əhali arasında siqaret çəkənlərin sayı artmaqdadır - bu hal yeniyetmə və qadınlar arasında bir qədər də intensivləşib. Siqaret çəkməyin zərəri barədə maarifləndirmənin daha səmərəli aparılması üçün yeni metodik vasitələrin işlənməsinə, cəmiyyətdə bu bəlaya qarşı ictimai fikir, mövqe formalaşdırmasına, bunun üçün də müvafiq qanunvericilik bazasının yaradılmasına ehtiyac var.

2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tütünə qarşı çərçivə konvensiyasını qəbul edib. Azərbaycanda da bu konvensiyanın tələbləri əsasında tütünlə mübarizə işi aparılsa da, müşahidələr arzu edilən nəticənin alındığını söyləməyə əsas vermir. Hələ də yeniyetmə və gənclər arasında tütün məmulatlarına meyil güclüdür. Qadınlar arasında siqaret çəkənlərin sayını müəyyənləşdirmək çətin olsa da, bəzi ehtimallara (ictimai sorğu və araşdırmalara) görə, respublikamızdakı qadınların 2-8 faizi siqaret çəkir. Bu isə kifayət qədər böyük və təəssüfedici rəqəmdir.

Tütünlə mübarizənin ən effektli üsulu insanların siqaret çəkməməsinə nail olmaqdır. Yəni pis və zərərli vərdişə, yaxud xəstəliyə (buna xəstəlik də demək olar) düçar olmamağın ən səmərəli yolu əzəldən siqaret çəkməməkdir.

Əgər siz siqaret çəkənsinizsə və bu bəladan qurtulmaq niyyətindəsinizsə, tütünə birdəfəlik "yox" deyin! Unutmayın, siqaret hələ heç kimin heç bir problemini çözməyib və itkisini geri qaytarmayıb. Əksinə, problem üstünə problem gətirib.

Bəs, siqareti atsanız nə baş verəcək?

Cəmi 20 dəqiqə sonra arterial təzyiqiniz normallaşacaq, 8 saat sonra qanınızdakı dəm qazının miqdarı yarıbayarı azalacaq, oksigenin miqdarı isə artacaq, 2 gün sonra orqanizm nikotindən təmizlənəcək, iybilmə və dadbilmə reseptorlarının həssaslığı normal hala gələcək, 3 gün sonra ağ ciyərinizin bronxialları rahatlanacaq və siz orqanizminizə daxil olan enerji axınını hiss etməyə başlayacaqsınız, beləcə ümumi tonusunuz yüksələcək. 2-10 həftə ərzində qan dövranı tədricən yaxşılaşacaq. 3-9 ay müddətində nəfəsalma ilə bağlı problemləriniz (öskürək, xırıltı) azalacaq və ağ ciyərlərinizin həcmi 10 faiz artacaq. 1 il sonra ürəktutması riski iki dəfə azalacaq. 5 il sonra insult riski siqaret çəkməyənlər səviyyəsinə düşəcək. 10 il sonra ağ ciyər xərçəngi ehtimalı minimuma enəcək. 15 il sonra infarkt ehtimalı da adi insanlardakı qədər olacaq...

Məsləhət budur ki, bu gözəl və təkrarsız həyatdan daha çox zövq almaq, insanlara sevinc bəxş etmək, sağlam ömür sürmək üçün elə bu gün, bu an birdəfəlik siqaretdən imtina edin!

 

Elxan QƏNBƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video