21 Oktyabr 2021 02:02
865
SİYASƏT
A- A+

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

 

Rəsmi İrəvan çıxış yolunu Azərbaycanla hesablaşmaqda görür

 

“Kommunikasiyaların açılması ilə bağlı müəyyən təsəvvürlərimiz və ilkin razılaşmalar mövcuddur”. Bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Erməni rəsmisinin fikrincə, sözügedən təsəvvürlər və ilkin razılaşmalar onunla bağlıdır ki, kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı tənzimləmələr MDB-nin hüquqi bazası əsasında həyata keçiriləcək.

Söhbət Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətindən gedir. Azərbaycan bu qrupun fəaliyyətində və kommunikasiyaların açılmasında maraqlı tərəf olduğunu ən yüksək səviyyədə bəyan edib. Bu, postmüharibə dövründə Ermənistanın özü üçün də vacibdir.

Elə bu yaxınlarda Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan jurnalistlərə açıqlamasında da Ermənistan, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpasının onların təşəbbüslərinin imkanlarını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracağını söyləyib. Onun sözlərinə görə, Dünya Bankı, Asiya İnkişaf Bankı və Ermənistan hökumətinin hesablamalarına əsasən, üç ölkə arasında nəqliyyat əlaqələrinin bərpası hətta pandemiya fonunda belə Ermənistan da ÜDM-in artımını təmin edəcək.

Bundan bir qədər əvvəl isə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlamasında Rusiya, Ermənistan və Azərbaycanın regiondakı iqtisadi və nəqliyyat əlaqələrini bərpa etməkdə qərarlı olduqlarını söyləyib.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sözlərinə görə, əlaqələrin bərpa olunması proseslərə müsbət təsir göstərəcək, lakin bunun nəticəsində ölkələr arasında ticarətin dəqiq nə qədər artacağını proqnozlaşdırmaq hələ tezdir. Onu da qeyd edək ki, Ermənistanın çoxsaylı müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan postmüharibə dövründə bu ölkə ilə sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bəyan edib və qarşı tərəfə müvafiq təklif ünvanlayıb. Rəsmi Bakının yanaşması bundan ibarətdir ki, münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni imkanlar açır. Azərbaycan belə hesab edir ki, sülh prosesinə alternativ mövcud deyil.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdəki çıxışında bu məsələni bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdı: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

Kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması sülh prosesində mühüm və mümkün irəliləyiş olaraq qəbul edilir. Bölgədə kommunikasiyaların açılması 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan, Rusiya və Ermənistan Bəyanatında da təsbit edilib. Rəsmi Bakının yanaşmasına əsasən, kommunikasiyaların bərpası Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət və nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracaq. Proseslərin bu səpkidə inkişafı Azərbaycan və Ermənistana mühüm dividendlər qazandıracaq, eyni zamanda tərəfdaş dövlətlərə böyük fayda verəcək.

Bütün bunlar nəticə etibarı ilə regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Sülh müqaviləsinin imzalanması ilə əməkdaşlıq üçün yaranacaq yeni zəmin fonunda Ermənistan çoxdan arzusunda olduğu bir sıra vacib layihələri reallaşdıra bilər. Buna konkret nümunə kimi Ermənistanın Rusiya və İranla dəmir yolu ilə bağlantısı yarada bilmək imkanlarını göstərmək olar. Ermənistan qəbul etməlidir ki, onun təhlükəsizliyinə və iqtisadi inkişafına regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz.

Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifini qəbul etməsindən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video