13:18 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zamana qalib gələn şair

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:31 17.08.2021

 

Çoxu zamanında şeir yazsa da, onlardan azı tarixin yaddaşında şair kimi qalır. Onun süzgəcindən keçmək hər kəsin hünəri deyil. Əsrlər ötdükcə, əksəriyyət layiq olduğu dəyəri alır. Layiqlilərin mükafatı isə unudulmazlıqdır.

Ancaq tarixi insafsızlıqda ittiham etmək də doğru olmaz. Çünki bəzən bircə misrası, ya beyti ilə də yaddaşlarda əbədi qalanlar olur. Fatma xanım Kəminənin də əsərlərinin çoxu zamanın enişli-yoxuşlu, keşməkeşli yollarında düşüb itsə də, qalanların onu Azərbaycan ədəbiyyatında XIX əsrin istedadlı şairlərindən biri olaraq tanıtmağa gücü, qüdrəti yetir.

 

Mirzə Bəybaba bəyin istəkli qızı

 

Fatma xanım Kəminənin həyat və yaradıcılığı barədə XIX əsr təzkirələrində az da olsa, məlumat qalıb. Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Fatma xanımın dörd yüzə yaxın şeir yazdığını bildirib. O, “Təzkireyi-Nəvvab” kitabına Fatma xanım Kəminənin şeirlərini də daxil edib.

Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı kitabında və digər mənbələrdə də Fatma xanım Kəminənin adı çəkilib, yaradıcılığı barədə qısa məlumat verilib.

O, “Fəna” təxəllüsü ilə şeirlər yazan Mirzə Bəybaba bəyin qızı idi. Atası mədrəsə təhsili alıb. Adının əvvəlinə “Mirzə”ni də savadına görə əlavə ediblər. Mirzə Bəybaba mahir xəttat idi. Şuşa şairlərinin seçmə əsərlərinin əlyazma toplusunu tərtib edib, bir neçə kitabın üzünü köçürüb. Xanın yanında katib işləyib.

Mirzə Bəybaba bəy Cahan xanımla evlənib, Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı olub. Həmin o qız barəsində Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” kitabında belə yazıb: “Mirzə Fatma mərhum Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin istəkli qızı olub. Qarabağın Şuşa əhalisindəndir”.

 

Mirzə Fatma xanım...

 

Fatma xanım 1841-ci ildə Şuşa şəhərində Firudin bəy Köçərlinin təbirincə desək, “Qafqaz qitəsinin Şirazı mənziləsində” dünyaya göz açıb. Mollaxana təhsili alıb, fars dilini öyrənib. Savadına, ağlına, zəkasına görə dövrünün ziyalılarının  ehtiramını qazanıb, ona “Mirzə Fatma xanım” deyə müraciət ediblər.

Mirzə Bəybaba Fəna adı ilə tanınan atası kimi Fatma xanım da şair ruhlu idi. Sənət beşiyi sayılan Şuşanın şeir, musiqi mühiti ruhunu pərvazlandırıb. Mirzə Bəybaba Fəna kimi savadlı, hörmətli, poeziya vurğunu şairin ocağında boya-başa çatan Fatma xanım kiçik yaşlarından ədəbiyyata maraq göstərib. Yalnız ana dilində deyil, mükəmməl bildiyi fars dilində də əsərlər yazıb. Atası kimi onu da şeirləri tanıdıb. Dövrünün məşhur Azərbaycan şairləri sırasında Fatma xanımın adı çəkilib. O, dövrdaşları olan bir çox aşığın şeirlərinə nəzirələr də yazıb. Bizə onu şair kimi tanıdan isə, əsasən, günümüzə gəlib çatan klassik şəkildə yazılmış əsərləridir.

 

“Əcəb sevdadı bu, sevdayə düşdüm”...

 

Poeziyanın sevdasına düşmüş Fatma xanım Kəminənin əsərlərinin məzmun və formasının müəyyənləşməsində fəal iştirakçısı olduğu “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin, bu məclislərdə birlikdə iştirak etdiyi, qəzəllərində də minnətdarlıq hissi ilə yad etdiyi sənət dostları Xurşidbanu  Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəim Fəna və başqa Qarabağ şairlərinin mühüm rolu vardı. Ancaq onun Məhəmməd Füzuli lirikasına vurğunluğu daim olub. Ümumiyyətlə, Fatma xanım Kəminə qəzəllərini klassik Şərq poeziyasının ənənəvi mövzularında qələmə alıb. Ancaq şairə bu əsərlər vasitəsilə oxucusuna könül dünyasını, duyğularını, düşüncələrini bəyan edə bilib.

Azərbaycan və fars dillərində qələmə aldığı qəzəllərində o, gözəlliyi və məhəbbəti tərənnüm edib. Bədii təsvir vasitələrindən məharətlə istifadə edən müəllifin qəlbindəki incə, zərif duyğular, o insani hissləri süsləyir, onları daha da ülviləşdirir.

Əcəb sevdadı bu, sevdayə düşdüm,

Rəhi-eşqin tutub qovğayə düşdüm.

Nə dünyada gəzib kamə irişdim,

Nə fikri-yar ol üqbayə düşdüm.

Klassik ədəbi irsə sədaqət yaradıcılığının başlıca qayəsi, əsas dəstxəti olan şairə şifahi xalq ədəbiyyatından, folklor nümunələrindən də bəhrələnib, yeri gəldikdə onlardan istifadə edib.

Şair, təzkirəçi Məhəmməd ağa Müctəhidzadə “Riyazül-aşiqin” əsərində Fatma xanım Kəminəni Məhsəti, Nigar xanım, Nurcahan bəyim kimi şairlərə tən tutub. O, Fatma xanımın divanı olduğunu bildirənlərə nəinki haqq qazandırıb, həmin divanı gördüyünü yazıb.

Şairin divanı olduğunu qeyd edən Şuşa şairlərindən İsgəndər Rüstəmbəyov isə bildirib ki, hələ 1883-cü ildə Fatma xanım Kəminə öz divanını “oxuyub feyziyab olmaq üçün bəylərə göndərmişdir”. Bəylər onun divanını oxuyublar. Fatma xanıma fikirlərini bəyan etməyi şair Süleyman bəyın öhdəsinə buraxıblar. Süleyman bəy bu münasibətlə qəzəlində yazıb:

 

Ey şairə, ərbabi-süxən, ismi Kəminə,

Fəxrüşşüərasan, sənə yox burda qərinə.

Atası Fatma xanımın ilk sənət müəllimi sayılır. Ancaq o, bütün ömrü boyu öyrənib. Fatma xanım Kəminə Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan” və şair Xurşudbanu Natəvanın başçılıq etdiyi “Məclisi-üns” ədəbi məclislərində iştirak edib. Ən fəal üzvlərindən olduğu bu ədəbi məclislər onun şair kimi püxtələşməsində böyük rol oynayıb. Müasirləri olan şairlərin çoxu ilə həmsöhbət olsa da, şeirləşsə də, Fatma xanım Kəminənin dünyasında Xurşidbanu Natəvanın yeri bambaşqa olub. Otuz il xeyirdə-şərdə, şeir və musiqi məclislərində birgə iştirak ediblər. Bir-birilərinə nəzirələr, qəzəl janrında məktublar yazıblar. Ancaq onlar yalnız sənət yoldaşı deyildilər, həm də yaxın rəfiqə, vəfalı dost, ürək sirdaşı, həmdərd idilər.

Xurşidbanu Natəvanın oğlu Abbas gənc yaşda vəfat edəndə ən dərdli, qəlbi yaralı günlərində Fatma xanım onun kədərinə şərik olub. Fatma xanım Kəminə o ağır dərdi, iztirabı belə ifadə edib:

Natəvanın gözünün nuru Abbas almadı kam,

Bircə an olmadı rahət, ömürü oldu tamam.

Çox təəssüf ki, pənah bürcünü Ay tərk elədi,

Möhnət üz verdi seyid nəslinə bir nəhs axşam.

 

Nakam oğlunun itkisi ilə yanıb-qovrulan Xan qızı “Ölürəm” rədifli qəzəlində yazırdı:

 

Varımdı sinədə dərdü qəmi-nəhan ölürəm,

Fəda olum sənə, gəl, eylə imtəhan ölürəm.

Bu kədərli, ələmli  misralardan qəlbinə atəş düşən Fatma xanım Kəminə sənət və ürək dostuna üz tutub deyirdi:

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!

Bu dərdə carə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişir,

Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

 

“...mülayim və xoşrəftar bir nadireyi-zəmanə”

 

Fatma xanım Kəminəni müasirləri Şuşada böyük nüfuza malik, qətiyyətli, kişilərin iştirak etdiyi məclisdə üzüaçıq oturan, yeri gələndə, öz fikirlərini söyləyib, arxasında mərd-mərdanə dayanan qadın kimi xatırlayıblar.

Firudin bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Fatma xanımın şəxsiyyəti və yaradıcılığı barədə yüksək fikirlər bildirib, onu “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” adlandırıb.

Haqqında yazılanlardan məlum olur ki, Fatma xanımın qohumları da Şuşada sayılıb-seçiliblər. Xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadə qeyd edib: “Onlardan bir neçə hərbçi zabitlər yetişmişdirsə də, əksəriyyəti ziyalıdır. Bu ziyalılar zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdılar. Kəminənin qayınlarından Hacı bəy Sultanov Türkmənistanda, Fərəc bəy Sultanov Qafqazda azadlıq uğrunda mübarizə aparan insanlar kimi tanınmışlar. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşrəf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Bu nəslə mənsub olan övladların çoxu öz işləri və əməlləri ilə həmişə seçilən məşhur simalar kimi tanınıb”.

Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat edib. Şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Onun dünyadan gedişini vaxtsız sayanlar dərdə, qəmə batıblar. Fatma xanım Kəminənin ölümünü ağır itki kimi qarşılayanlardan biri də Firudin bəy Köçərli olub. O, öz kədərini belə qələmə alıb: “Fatma xanım həqiqətdə çox gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə-şüəranü üzrəfayi-Qarabağda böyük bir yas oldu”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM