30 Aprel 2017 01:04
1117
Birinci vitse-prezident
A- A+

Yüksək vətəndaşlıq və mərhəmət missiyası

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır

 

Əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyir. Qlobal böhranın yeni mərhələyə keçdiyi bir vaxtda vətəndaşların sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmayıb, hətta bir sıra sahələr üzrə artırılıb.
Son 14 ilin iqtisadi statistikası Azərbaycanda həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən dövrün uğurlarını təmin edən mühüm amillər sırasında konkret dövr üçün həyata keçirilən tədbirləri özündə ehtiva edən sahəvi dövlət proqramlarının icrasıdır. Xatırladaq ki, iqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin ardıcıl şəkildə reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib.

 

Milli inkişaf modeli sosialyönümlü səciyyə daşıyır

 

Ölkəmizdə reallaşdırılan sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf indekslərinin Avropa tələblərinə uyğunlaşdırılması, sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi, aztəminatlı ailələrin maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatların həyata keçirilməsi, sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən siyasət bütünlüklə insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan vətəndaşının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. Neftin qiymətinin dünya bazarında 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda maaşlar və pensiyalar bu il də artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, məcburi köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.
Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsi bu kateqoriyadan olan insanlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva sosial qayğıya ehtiyacı olan vətəndaşların problemlərini diqqət mərkəzində saxlayır

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə ötən ay Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə də doğma torpaqlarından didərgin düşən soydaşlarımızın problemlərinin daim diqqət mərkəzində saxlanılıdığını göstərdi. Müşavirədə bir daha bildirildi ki, məcburi köçkünlərin həyat şəraitinin ildən-ilə yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa nəzarətində saxladığı məsələdir və bu istiqamətdə davamlı tədbirlər görülür. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli sərəncamları ilə həmin dövlət proqramına əlavələr təsdiq edilib. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin dövlət proqramı, ona edilmiş əlavələr və digər normativ aktlar uğurla icra edilib və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir.
Məcburi köçkünlərin mənzil problemi təkcə dövlət tərəfindən inşa olunan ev və binalar hesabına həll olunmur. Məlumdur ki, dövlət başçısının 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib. Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi sosial evlərin inşası istiqamətində mühüm addımlar atır və əhalinin konkret təbəqələri tezliklə güzəştli qiymətlərlə mənzil sahibi olacaqlar. Bu güzəşt kateqoriyasına məcburi köçkünlər də aiddir. Bütün bunlar həm də ölkə vətəndaşları kimi, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial siyasətin məntiqi davamı da sayıla bilər.
Məcburi köçkünlərlə bağlı həyata keçirilən aktiv məşğulluq tədbirləri indi bu qəbildən olan insanlar arasında əmək fəaliyyəti ilə məşğul olanların sayında da böyük artım yaşanması ilə müşayiət olunur. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, əhalinin özünüməşğulluğunun təmin olunması istiqamətində proqram icra olunur. Aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına şərait yaradan bu proqramın əhatə etdiyi insanlar arasında məcburi köçkünlər də var. Prezident
İlham Əliyevin 6 dekabr 2016-cı ildə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı bu baxımdan son dərəcə əhəmiyyətli sənəddir.
Strateji yol xəritəsində yer alan digər vacib məsələlərdən biri, qeyd olunduğu kimi, məcburi köçkünlər də daxil olmaqla əhalinin maddi rifah halını yüksəldəcək sosial siyasətin daha geniş miqyasda davam etdirilməsidir. Bu istiqamətdə son 13 ildə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği 4,5 dəfə artırılıb. Onların problemlərinin həlli ilə bağlı digər sahələrdə də əhəmiyyətli işlər görülüb. Bunlara paralel olaraq məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması tədbirləri nəticəsində onlar arasında yoxsulluq kəskin şəkildə azalıb. Bir faktı qeyd edək ki, məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır.

 

Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürüləcək

 

Birinci vitse-prezident Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bildirib: “Son 13 ildə 400 min qaçqın və məcburi köçkün işlə təmin olunmuşdur. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Dövlət proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.
Görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşayır. Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.
Ölkə üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır.
Birinci vitse-prezident müşavirədə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələrin tezliklə yeni mənzillərə köçürülməsi üçün konkret tapşırıqlar verdi. Dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etmək üçün ən qısa vaxtda vəsait ayrılaraq yüksək keyfiyyətli binaların tikilməsi qarşıya məqsəd kimi qoyuldu.

 

Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin ediliblər

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi üzrə işlər başa çatdırılıb. Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə yaradılan işçi qrupu layihənin ilkin mərhələsində 2016-cı ilin aprel döyüşləri zamanı yaralanmış və protezə ehtiyacı olan əsgər və zabitlərlə görüşlər keçirib, onlara individual yanaşma tətbiq olunub. Belə ki, 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və protezə olan fərdi tələbləri təhlil edilərək uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir qrup yaralanmış əsgər və zabitlə aprelin 3-də keçirdiyi görüşdə verdiyi tapşırığa əsasən layihə üzrə 20 gün ərzində müvafiq işlər həyata keçirilib, hərbçilərdə amputasiya olunan hərəki hissələrə protezlər quraşdırılıb. Bu müasir protezlər normal hərəkət dinamikasının təmin olunmasına imkan yaradır. İşçi qrupun mütəxəssisləri tərəfindən həm protezlərin təminatı, həm də gələcək mərhələdə onların texniki xidməti həyata keçiriləcək.
Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəki uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq, yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.

 

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı IV İslam Həmrəyliyi Oyunlarının da mükəmməl səviyyədə keçiriləcəyinə əminlik yaradır

 

Azərbaycan son illər dünya miqyaslı bir sıra idman yarışlarını uğurla təşkil edərək beynəlxalq və Avropa Olimpiya komitələrinin etimadını qazanıb. Hələ 2012-ci ildə Azərbaycanın birinci xanımının sədri olduğu Təşkilat Komitəsi “Eurovision-2012”ni yüksək səviyyədə keçirməklə Azərbaycanın yüksək təşkilatçılığa, zəngin mədəniyyətə, tolerantlığa malik ölkə olduğunu sübut edib. Azərbaycan təmsilçiləri Almaniyada “Eurovision-2011”in qalibi olanda Avropada bəziləri təəccüblə bildirirdilər ki, Bakı belə möhtəşəm musiqi müsabiqəsini necə keçirə bilər? Amma bu fikirdə olanlar sonradan Bakının yüksək təşkilatçılığı, qonaqpərvərliyi, müasirliyi və gözəlliyi qarşısında yanıldıqlarını etiraf etməli oldular. Bir daha təsdiqləndi ki, Azərbaycan geridə qalmış ölkə deyil. Azərbaycanlılar müasir, qonaqpərvər, gülərüz olmaqla yanaşı, çox tolerantdırlar. Burada müxtəlif dini baxışların, ayrı-ayrı xalqların nümayəndələri dostluq və mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayır.
“Bakı-2015” I Avropa Oyunlarında da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı özünü göstərdi. I Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin həm də Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlirdi. İlk Avropa Oyunları Azərbaycan xalqını dünyaya bir daha qonaqpərvər, mədəni, zəngin mili-mənəvi dəyərlərin daşıyıcısı, insanpərvər və tolerant xalq kimi tanıtdı.
Belə sanballı idman tədbirinin Azərbaycana həvalə edilməsi onu göstərdi ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Son 14 ildə respublikamızda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilir. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdikləri yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu IV İslam Həmrəyliyi Oyunlarının da mükəmməl səviyyədə keçiriləcəyinə əminlik yaradıb.
2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi də Azərbaycanın dünyadakı nüfuzlu mövqeyindən xəbər verir. Çoxsaylı idman tədbirləri, sərgilər, konfranslar, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təqdimatı beynəlxalq ictimaiyyətə də ölkəmiz haqqında kifayət qədər dolğun məlumatın çatdırılması üçün şərait yaradır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi qarşıya qoyulan vəzifələri uğurla həyata keçirib. Xatırladaq ki, Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Əməliyyat Komitəsinin yarandığı vaxtdan gündəlikdəki əsas məsələlərdən biri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan bütün Milli Olimpiya komitələri ilə danışıqların aparılması və onların bu yarışlarda iştirakını təsdiqləmək olub. İƏT-ə üzv olan bütün 57 ölkədən idmançıların iştirakı təsdiq edilib. Ölkə rəhbərliyinin diqqət və qayğısı, Təşkilat Komitəsinin yüksək təşkilatçılığı sayəsində İslam Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında deyib: “Biz hər bir məsələyə çox məsuliyyətlə yanaşırıq və Azərbaycanın maraqlarını, beynəlxalq imicini üstün tutaraq ölkəmiz və xalqımız üçün layiqli nailiyyətlər əldə etməyə çalışırıq. Son illər Azərbaycanın paytaxtında bir çox böyük beynəlxalq idman yarışları - həm Avropa, həm də dünya çempionatları keçirilir. Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti I Avropa Oyunlarını olimpiya oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.
Ölkədə həyata keçirilən sosial layihələr Azərbaycan vətəndaşlarının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur.

Elnur HACALIYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video