11 Mart 2021 00:47
973
Səhiyyə
A- A+

Yüksək immunitet sağlamlığın əsas şərtidir

 

Bir ildən çoxdur ki, koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Artıq dünyada bu təhlükəli bəlaya yoluxanların ümumi sayı 116 milyonu ötüb. Ötən ilin sonlarından isə COVID-19-a qarşı ən effektiv mübarizə üsulu olan peyvəndləməyə start verilib.

Azərbaycan da koronavirusa qarşı vaksinasiyaya erkən başlayan ölkələr sırasındadır.  Belə ki, yanvar ayının 18-dən ilkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndlənməsi təmin olunub. Vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaqdan, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdan, ölüm halının qarşısını almaqdan və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

İki aya yaxındır ki, bütün rayonlarda mərhələli şəkildə aparılan vaksinasiya prosesi uğurla davam edir. Hazırkı dövrədək respublikamızda yeni koronavirus infeksiyasına qarşı 428 mindən çox şəxs peyvəndlənmə prosesində iştirak edib.

Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqındakı hesabatda bildirilir ki, COVID-19 xəstəliyinə yoluxmalarda ağırlaşmaların qarşısının  alınması məqsədilə  hava-damcı yolu  ilə keçən  yoluxucu xəstəliklərə  qarşı (mövsümi qrip)  tibbi heyət və  xroniki xəstəlikləri olan şəxslərin vaksinasiyası üçün 11488.5 min manat məbləğində vəsait ayrılıb.

Məlumata əsasən,  2020-ci ilin 12 oktyabrından başlayaraq 208 min nəfər hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərə qarşı peyvənd olunub.

Mütəxəssislər bildirirlər ki, vətəndaşlar arasında kütləvi peyvəndləmə aparılması insanlarda infeksiyaya qarşı dözümlülük yaradacaq. Amma vaksinasiya mərhələsində də COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır.

Vurğulayaq ki, ölkəmizdə sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılması, bir çox iş yerlərinin fəaliyyətinə icazə verilməsi, məktəblərdə əyani tədrisin bərpası və bu kimi digər yumşaldıcı tədbirlər ictimai aktivliyi artırıb. Amma təəssüf ki, xeyli zamandır yoluxma sayında əldə olunan müsbət tendensiyanın əksinə olaraq, yoluxma hallarında yenidən müəyyən artımlar müşahidə olunur.

Ölkə üzrə COVID-19-a ən yüksək yoluxma isə 52.2 faiz olmaqla Bakı şəhərinin payına düşür. “Koronavirus.info” saytının məlumatına əsasən, bu say Aranda 13.1, Abşeronda 12.9, Gəncə-Qazaxda 8.1, Şəki-Zaqatalada 3.3, Quba-Xaçmazda 3.0, Lənkəranda 2.8, Dağlıq Şirvanda 2.5, Yuxarı Qarabağda 1.4 faizdir. Naxçıvanda yoluxma 0.04 faiz, ölkəxarici yoluxma isə 0.4 faiz təşkil edir.

Bakının rayonları üzrə koronavirusa ən yüksək yoluxma 15 faiz olmaqla Binəqədi rayonundadır. Yoluxma Xətaidə 13.1, Yasamalda 12.1, Sabunçuda 10.8, Suraxanıda 8.2, Nərimanovda 8.2, Nəsimidə 7.8, Nizamidə 7.0, Xəzərdə 6.9, Qaradağda 5.2,  Səbaildə 5.1, Pirallahıda 0.5 faiz təşkil edir.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 30-39 yaş arasında, 18 faizi isə 50-59 yaş arasında olan şəxslərdir. Yoluxanların 3 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, qış mövsümündə yuxarı tənəffüs yolları infeksiyalarına ardıcıl bir neçə dəfə yoluxmaq immunitetin zəifliyindən xəbər verir. Xüsusilə pandemiya dövründə immun sistemi güclü olmayanlar daha çox xəstələnirlər. Orqanizm stres, qeyri-müəyyən həyat tərzi, digər xəstəliklərdən zəiflədikdə virusa yoluxma halı daha çox müşahidə edilir.

Baş infeksionistin sözlərinə görə, hər bir orqanizmin immun sistemi fərqli olur. İmmun sisteminin zəifləməsinə səbəb olan amillər sırasına qeyri-sağlam həyat tərzi, düzgün qidalanmamaq, stresə meyillilik, hipodinamiya, yəni fiziki fəallığın az olması, yaş artdıqca orqanizmə müxtəlif xroniki xəstəliklərin toplanması və onların verdiyi ağırlaşmalar daxildir.

Bədəndə mikrobların aradan qaldırılmasına nə qədər çox ehtiyac duyularsa, bir o qədər çox qoruyucu reaksiyalar baş verir. İmmun sistemi zəif olduqda isə orqanizm xəstəliklərə qarşı mübarizə apara bilmir. Həkimlər deyirlər ki, xüsusilə soyuq mövsümdə vitamin və minerallarla zəngin qidalar qəbul edilməli, bədənin kənar təsirlərə qarşı müdafiəsi gücləndirilməlidir.

T.Eyvazov söyləyib ki, qidalanma zamanı orqanizmə lazım olan vitamin və minerallar üstünlük təşkil etməlidir. Yuxu rejiminə düzgün əməl olunmalıdr, çünki yuxuda immun hüceyrələrinin sayı artır. İnfeksiyaya qarşı müqavimətin gücləndirilməsinin digər bir yolu isə süni immunitetin yaradılmasıdır. Yəni vaksinasiya kütləvi şəkildə aparıldıqda infeksiyaya qarşı da dözümlülük yaranacaq: “Yüksək immunitet sağlamlığın fundamentidir. Onun olmaması virusun yaranma hallarını qaçılmaz edir. Yaşlanma ilə əlaqədar bədəndəki biokimyəvi funksiya pozuntuları hüceyrələrdən orqanlaradək bir çox proseslərdə dəyişikliklərə səbəb olur və immun sisteminə də təsir göstərir. Ona görə də mütəxəssislər soyuq aylarda, xüsusilə yaşlı insanların infeksiyalardan qorunmasına diqqət yetirməyi tövsiyə edirlər”.

Göründüyü kimi, koronavirus adlı qlobal bəla ilə mübarizədə ən effektiv vasitə vaksindir. Amma əhalinin çox hissəsinin peyvəndlənməsi və kütləvi immunitet qazanılması üçün zaman lazımdır. Odur ki, bu həssas məqamda arxayınlaşmamaq və COVID-19-a qarşı tədbirli olmaq vacibdir.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video