26 Oktyabr 2021 02:03
1201
İQTİSADİYYAT
A- A+

Yevlax - azad Qarabağın abad qapısı

 

Bu gün doğma Azərbaycanımızın beynəlxalq aləmdə söz sahibinə, bütün Qafqazda isə güc mərkəzinə çevrilməsi hər bir ölkə vətəndaşında haqlı qürur doğurur, könül rahatlığı yaradır. Qələbə ilə sonuclanan 44 günlük Vətən müharibəsi xalqımızın, dövlətimizin, ordumuzun şərəf salnaməsinə çevrilib, dillərdə dastan olub. Bu müqəddəs savaşda biz qalib gəlib 30 illik Qarabağ həsrətinə son qoyduq, dədə-baba yurdlarımız, dağıdılıb viran qoyulmuş kəndlərimiz, şəhərlərimiz erməni işğalından azad edildi.

İndi Qarabağa Qarabağın əsl sahibləri qayıdırlar. Həm də tükənməz qurub-yaratmaq arzusu ilə. İndi Qarabağ fərqli bir dönəm yaşayır. Xain və hiyləgər, eyni zamanda çoxüzlü (iki üzlü yox!) qonşularımızın məkrli planları Qarabağa doğan günəşi əsla qaraltmaq zorunda deyil. Bölgədə gedən proseslər bizim üçün bir də ona görə məqbul hesab edilməlidir ki, mütləq hakim olan zaman bir çox qaranlıqları işıqlandırır, kimin kim olduğunu, hansı məqsədə çatmaq istədiyini, zaman-zaman qaranlıq bətnində saxladığı bəd niyyətlərini aydınladır. Əlbəttə, bu, ağrılı proses olsa da, məntiqlə, nəticə etibarilə xeyrimizədir. Çünki dostumuzu, düşmənimizi bir daha ayırd edib, xırda detallarına qədər tanıyırıq. Müdrik atalarımız yaxşı deyiblər ki, dost dar gündə sınanar.

Xalqımız, dövlətimiz üçün dar günlər, ağır zamanlar artıq arxada qalıb. Biz zamanın çətin sınaqlarından mərdliklə, əsl kişilər kimi çıxan, hər məqamda ortaya konkret mövqe qoyan dostlarımızla yenə qol-qolayıq, birlikdəyik. Yenə atalarımızın hikmətini xatırlayırıq. “Güc birlikdədir!” Qoy gücümüzə güc qatan, qüdrətimizi artıran bu birlik əbədi olsun!

Bu gün qürur duyduğumuz parlaq qələbəmizi labüd edən, zərurətə çevirən amillər çoxdur. Onların sırasında dövlət başçısının, Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, nəyi necə və nə zaman etmək məharəti, eyni zamanda xalq-ordu birliyinin monolit və yenilməz hala gətirilməsi əsas şərtlər əsasında yer alır. Əlbəttə, qüdrətli ordunu güclü iqtisadiyyatı olan dövlət qura bilər. Məhz bizi qələbəyə aparan yol ölkəmizin güclü iqtisadiyyatından keçir. Bu etibarlı təməlin, bu güclü bünövrənin yaradılması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız illər xərclədi, halal zəhməti, mənalı əməyi ilə xarüqələr yaratdı, inkişafda yüksəlişə dönməz xarakter verməyi bacardı. Regionların sosial-iqtisadi inkişafına dair ardıcıl dövlət proqramlarının qəbul edilməsi, inkişaf etmiş dünya dövlətlərindəki mütərəqqi texnologiyaların ölkəyə gətirilməsi, müasir Avropa standartlarına uyğun sənaye parklarının, aqroparkların yaradılması, ümumi inkişafdan geri qalan aqrar sektorun inkişafına dövlət dəstəyinin artırılması digər zəruri tədbirlərin görülməsi, heç şübhəsiz, öz məntiqi nəticələrini verdi.

Bu gün xalqımız bir yaşlı böyük zəfərin sevincini yaşamaqdadır. Bu parlaq qələbəyə sanballı töhfələr verən yevlaxlıların da sevinmək, qürurlanmaq haqqı böyükdür. Son iki ildə Yevlaxda abadlıq, quruculuq, təsərrüfat işləri sözün həqiqi mənasında zərbəçi ahəng almışdır. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı hələ müharibədən əvvəl ümumi əmək devizinə çevrilmişdi. Rayonda yaradılan sağlam mənəvi-psixoloji mühitin, aparılan məqsədyönlü siyasi-ideoloji işin sayəsində hər kəs - müəllim də, həkim də, pambıqçı da, taxılçı da, baramaçı da, heyvandar da öz mənalı əməyi ilə qələbə üçün çalışdığının fərqində idi. Əlbəttə, çəkilən zəhmət, axıdılan alın təri öz fərəhli bəhrələrini verməyə bilməzdi. Fikirlərimizi əsaslandırmaq üçün konkret faktlara nəzər salmaq yerinə düşər. Müharibə şəraitində yaşamağın fərqində olan yevlaxlılar silah qədər çörəyin vacib olduğunu yüksək dəyərləndirərək bu ilin məhsulu üçün 12021 hektarda taxıl əkmişlər. Aqrotexniki tələblərə yüksək səviyyədə əməl edilməsi sayəsində zəmilərdə bol məhsul yetişdirilmiş, biçin kampaniyası bir dəni belə itkiyə vermədən uğurla başa çatdırılmışdır. Hər hektarın məhsuldarlığı 33 sentnerə yüksəlmiş, 2020-ci ilə müqayisədə 1007, 2019-cu ilə nisbətən isə 2307 ton çox taxıl istehsal edilmişdir. Bütövlükdə cari ildə rayonun təsərrüfatlarında 40 min tona yaxın taxıl tədarük edilmişdir.

Rayonun kənd əməkçiləri cari təsərrüfat ilində 1096,5 ton günəbaxan, 615,6 ton qarğıdalı, 1480 ton kartof, heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün 248.871 ton yonca otu, 2470 ton bostan məhsulları istehsal etmişlər. Ət, süd, yun, yumurta istehsalında da fərəhli nəticələr qazanılmışdır. Kənd zəhmətkeşlərinin əmək bəhsində baramaçılar xüsusilə fərqlənmişlər. 300 qutu ipək-qurdu toxumundan 8048,22 kiloqram barama istehsal edilmişdir. Bu, keçən ildəkindən 3948 kiloqram çoxdur. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, bütün növ kənd təsərrüfatı məhsulları istehsalında son iki illə müqayisədə diqqət çəkən irəliləyişlər əldə edilmişdir.

Bu günlər isə Yevlaxda pambıq yığımının qızğın çağıdır. Bu il rayonun təsərrüfatlarında 2327,6 hektar sahədə pambıq əkilmiş, böyük zəhmət bahasına tarlalarda bol məhsul yetişdirilmişdir. Pambıqçılar məhsul yığımında texnikaya üstünlük verirlər. 9 pambıqyığan maşın, 27 traktor, 59 qoşqu və s. texniki vasitələr yetişdirilmiş məhsulu tez və itkisiz yığıb tədarük etmək məqsədilə səfərbər edilmişdir. Son günlər havaların əlverişsiz keçməsi yığımın sürətini zəiflətsə də, pambıqçıların qələbə əzminə təsir etmir. İndiyədək 3000 tondan çox pambıq yığılıb təhvil verilmişdir. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Keçən il 8149 ton pambıq tədarük edən yevlaxlıların hədəfi bu il 8500 tondur. Tarlaların bol məhsul yığımının nümunəvi təşkili deməyə əsas verir ki, Yevlax pambıqçısı qarşısındakı hədəfə uğurla çatacaq, yeni nailiyyətlər qazanacaqdır.

Rayonda pambıq yığımı, gələn ilin məhsulu üçün taxıl səpini, digər təsərrüfat tədbirləri uğurla davam etdirilir. Məqsəd ölkə iqtisadiyyatının daha da güclənməsinə sanballı töhfələr vermək, eyni zamanda torpaqla ünsiyyət bağlayan kənd əməkçilərinin dolanışıq səviyyəsini, güzəranını daha da yaxşılaşdırmaqdır.

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video