27 Oktyabr 2011 07:10
587
Qanunlar
A- A+

Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalari

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu qaydalar "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanının 1.3.3-cü yarımbəndinin icrası məqsədilə hazırlanmışdır və yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən edir.

1.2. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları onlar tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.

1.3. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları qərar formasında qəbul edilir.

1.4. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 4.3-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının ərazisində həm də Naxçıvan Muxtar Respublikasının) normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.

1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

2. Yerli icra  hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması

2.1. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun hazırlanır.

2.2. Yerli icra hakimiyyəti orqanları normativ xarakterli aktların layihələrini müvafiq struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplarına tapşırıq verə bilərlər.

2.3. Yerli özünüidarə orqanları normativ xarakterli aktların layihələrini bu orqanların icra aparatlarının, daimi və başqa komissiyalarının iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilərlər.

2.4. Normativ xarakterli aktların layihələri yerli icra hakimiyyəti orqanlarının hüquq şöbəsinin (hüquqşünasın), yerli özünüidarə orqanlarının isə hüquq məsələləri daimi komissiyasının (hüquqşünasın) mütləq iştirakı ilə hazırlanır.

2.5. Yerli icra hakimiyyəti orqanlarının sahəvi məsələlərlə bağlı normativ xarakterli aktlarının layihələri bu sahədə dövlət tənzimlənməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırılmalıdır.

2.6. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktında digər dövlət orqanlarının fəaliyyəti ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.

3. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının qəbul edilməsi

3.1. Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktını yerli icra hakimiyyətinin başçısı qəbul edir və imzalayır.

3.2. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II və III hissələrinə uyğun olaraq yerli özünüidarə orqanlarının normativ xarakterli aktları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər və ödənişlərlə bağlı aktları isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Yerli özünüidarə orqanının normativ xarakterli aktını bələdiyyənin sədri imzalayır.

3.3. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.4. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3.5. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq qüvvədə olan normativ xarakterli aktlarda yerli icra hakimiyyəti və yerli özünüidarə orqanları müvafiq dəyişikliklər edirlər. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, qeyd edilən orqanlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verirlər.

4. Yekun müddəalar

4.1. Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.

4.2. Bu qaydaların 4.1-ci bəndində qeyd edilən, habelə yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı digər məsələlər həmçinin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq tənzimlənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video