28 Dekabr 2011 01:12
431
SİYASƏT
A- A+

Yeni hədəflərə doğru

 

Müstəqilliyinin iyirminci ilini yaşayan Azərbaycan Respublikası tarixi inkişaf yolunda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Keçən illər ərzində ilk növbədə əldə edilən siyasi sabitliyin verdiyi güvənə arxalanaraq ölkəmizdə bütün sahələrdə köklü islahatlar aparılmış və inkişaf mərhələsində yeni bir səviyyəyə qalxmağa nail olunmuşdur. XX əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq respublikamız hərtərəfli inkişafını uğurla davam etdirir.

Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir. Bir sıra nüfuzlu beynəlxalq qurumlar Azərbaycandakı çoxşaxəli inkişafa yüksək qiymət verirlər. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini hər il daha da artırırlar. Əldə olunan nailiyyətlər ölkəmizin qarşısında yeni səhifələr açır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci ildə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncam bu yeni mərhələdə böyük hədəflərə doğru strateji istiqamətləri müəyyənləşdirməyə yönəlmiş dövlət sənədi kimi mühüm əhəmiyyətə malikdir.

Beynəlxalq təcrübə göstərir ki, uzunmüddətli inkişaf strategiyasının hazırlanması hər hansı bir dövlətin həyatının həlledici tarixi məqamlarında cəmiyyətin sosial sifarişi kimi meydana çıxır. Belə mərhələdə başlıca faktor olaraq dövlətin və cəmiyyətin yeni nailiyyətlərə və dəyişikliklərə birgə hazır olması əsas götürülür. Əslində elə bu məqam da uzunmüddətli inkişaf konsepsiyalarını qısamüddətli dirçəliş planlarından fərqləndirir. Qısamüddətli planları böyük yüksəliş mərhələsinə hazırlıq kimi də qiymətləndirmək olar. Çünki bu zaman əsas meyar olaraq konkret layihənin uğurla icra olunmasının təmin edilməsi götürülür. Uzunmüddətli strategiyada isə əsas hədəf keyfiyyət dəyişikliyi olmalıdır.

XX əsrdə belə siyasətin uğurlu nümunəsi kimi Yaponiya, Cənubi Koreya, Almaniya, Sinqapur, Malayziya, İndoneziya modellərini göstərmək olar. Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri olsa da, ümumilikdə aşağıdakı iki meyil müşahidə olunmaqdadır: birincisi, müəyyən olunan inkişaf konsepsiyası daha çox xarici yardım və investisiyalara söykənən, ikincisi isə ölkənin daxili potensialına arxalanan meyarlarla səciyyələnir. Bu isə yuxarıda qeyd etdiyimiz "dövlət və cəmiyyətin vəhdəti" faktoru prinsipində özünü göstərir. Belə ki, dünya miqyasında donor ölkələr əsasən ABŞ və Qərb dünyası təmsilçiləri olduğu üçün inkişaf etməkdə olan ölkələrdə cəmiyyətdə müxtəlif adlar altında - demokratikləşmə, liberallıq, inteqrasiya, qloballaşma - süni qərbləşmə meyilləri özünü göstərir. Bu yerdə qeyd etmək lazımdır ki, artıq "inkişafın Azərbaycan modeli"ni dünyaya təqdim edən ölkəmiz öz potensial imkanlarına söykənir və buna görə də Azərbaycan cəmiyyətində süni formalaşdırılmış yad modellər deyil, milli məfkurə hakimdir. Milli ideya hər bir dövlətin, xalqın konkret zaman və məkan şəraitində qarşıya qoyduğu hədəflərə xidmət etməlidir. Bununla bağlı akademik Ramiz Mehdiyev öz araşdırmalarında dövrümüzün çağırışlarına cavab olaraq milli ideyanın cəmiyyətin və dövlətin həyatında üstün rol oynamasını milli dövlətçiliyin formalaşdırılmasında mühüm amil kimi dəyərləndirmişdir. Görkəmli alim "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli müsahibəsində göstərir: "Millətin öz strateji inkişaf proqramı, milli ideyası - dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsədləri və prioritetləri olmalıdır".

Məlum olduğu kimi, artıq 2009-cu ildə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Məhz bu tarix 20 illik müstəqil həyatımızda yeni bir mərhələnin başlanğıcı olmuşdur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və məqsədyönlü islahatlara söykənən ölkəmizin yüksəliş xətti "inkişafın Azərbaycan modeli"ni doğurdu və yeni tarixi mərhələ Prezident İlham Əliyevin iqtidarı dövründə baş verdi. Keçid dövrünün başa çatması Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrində yeni epoxanın başlanğıcı deməkdir. Bu mərhələnin öz hədəfləri və vəzifələri vardır.

Azərbaycan modelinin özünəməxsus cəhətlərindən biri ölkəmizin bu mərhələyə qısa müddətdə çatmasıdır. Yuxarıda sadaladığımız dövlətlərin hər biri öz inkişaf yollarındakı həlledici məqama çatanadək suveren dövlət olaraq uzun müddət yol qət etmişlər. Bəziləri üçün bu proses İkinci dünya müharibəsindən sonra dünyanın arxitekturasında yeni iqtisadi mərkəzlərin yaranmasına yönəlmiş siyasətin məntiqi nəticəsi olsa belə, həmin dövlətlərin bundan əvvəlki dövr ərzində uzunmüddətli inkişaf epoxası nəzərdən qaçırılmamalıdır. Yaxud "Asiya əjdahaları" keyfiyyət dəyişiklikləri mərhələsinə qədər ən azı 30-40 illik müstəqil inkişaf yolu keçmişlər. Başqa bir nümunəni qonşu Türkiyə Cümhuriyyətinin timsalında göstərmək olar. Zəngin tarixi keçmişə malik Türkiyə uzunmüddətli inkişaf planları haqqında yalnız cümhuriyyətin 90-cı illərinə doğru düşünməyə başlamışdır. "Türkiyənin stratejik vizyonu 2023 projesi"nin hazırlanmasına 2008-ci ildən başlanmış və 2011-ci ildən etibarən bu istiqamətdə işlərə start verilmişdir. Türkiyəni dünyanın iqtisadi cəhətdən ən güclü onluğuna daxil etməyi, ölkə ÜDM-ni 2 trilyon dollar, ixracını 500 milyard dollar, adambaşına gəliri 25 min dollar, xarici ticarət dövriyyəsini 1 trilyon dollar həcminə qaldırmağı, işsizliyi 5%-dək azaltmağı hədəfləyən bu plan ölkə həyatının sosial-iqtisadi, mədəni, humanitar istiqamətlərində və bütün digər sahələrində, həmçinin hər bir region üçün ayrılıqda qarşıya konkret məqsədlər qoymuşdur. Beləliklə, Türkiyə Cümhuriyyətini inkişafın yeni mərhələsinə aparan yol üçün 100 ilə yaxın bir inkişaf dövrü lazım olmuşdur.

Azərbaycanın inkişaf tarixində bu həlledici məqamın digər bir özünəməxsus cəhəti də dünya iqtisadiyyatının mövcud vəziyyəti, müşahidə olunan böhran şəraitində belə bir keyfiyyət dəyişikliyi mərhələsinə çata bilməsidir. Belə ki, son yüzillikdə hazırkı qlobal iqtisadi və maliyyə böhranı ən böyük tənəzzülün yaşandığı 3-4 tarixi dövrdən biridir. Mütəxəssislərin qənaətinə görə, indiki böhran 1929-1932-ci illər böyük depressiya, 1973-1975-ci illərin enerji böhranı dövrləri ilə müqayisə oluna bilər. Hazırda dünyanın ən inkişaf etmiş ölkələrində deqradasiya və ya ən azı durğunluğun müşahidə edildiyi bir zamanda Azərbaycanın son on illik davamlı iqtisadi artım göstəriciləri və inkişafda yeni texnogen innovasiya təmayüllü üst səviyyəyə transformasiya hədəfləri "inkişafın Azərbaycan modeli"nin ümumdünya məkanındakı spesifikliyini göstərir. Qabaqcıl ölkələrdə innovasiyalı inkişaf prinsipi bütünlükdə sistemin baza elementi kimi qəbul edilir. Azərbaycanın yeni inkişaf mərhələsinin əsas məqsədi isə çoxşaxəli, səmərəli və innovasiyalı iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdir.

 

Beynəlxalq təcrübə

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamında inkişaf konsepsiyasının hazırlanması sahəsində qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə öyrənilərkən bir sıra məqamlara nəzər salmaq lazımdır ki, bunlardan da ən mühümü ölkənin iqtisadi səviyyəsinin və müvafiq imicinin yüksəlməsindən doğan tələblərdir. Belə ki, uzunmüddətli inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan inkişaf etmiş ölkələr sırasına qalxmağı qarşısına məqsəd qoymuşdur və təbii ki, artıq beynəlxalq arenada inkişaf etmiş ölkələrin səviyyəsinə uyğun vəzifə və öhdəliklərlə qarşılaşacaqdır. Müasir dövrümüzdə isə inkişaf etmiş ölkə statusu daşıyan ölkələr yalnız öz iqtisadi göstəricilərinin yüksəlməsinə deyil, eyni zamanda dünyada qlobal çağırışlar olan yoxsulluğun azaldılması, təbii və humanitar fəlakətlərdən zərərçəkmişlərə kömək, ətraf mühitin qorunması, davamlı inkişafa töhfə verilməsi təşəbbüslərinə qoşulmalıdırlar.

Məlum olduğu kimi, 2000-ci ildə BMT tərəfindən qlobal çağırışlara cavab verə bilmək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə birgə "Minilliyin İnkişaf Məqsədləri" adlı proqram sənəd qəbul edilmişdir. Qlobal miqyasda dünyanın gələcəyini müəyyənləşdirməli olan 8 istiqamət müəyyənləşdirilmişdir ki, bunlardan da biri inkişaf üçün qlobal tərəfdaşlığa nail olmaqdır. Qlobal tərəfdaşlıq naminə ən zəif inkişaf etmiş ölkələrə yardım etmək, həddən artıq borc altında olan yoxsul ölkələrin borcdan azad edilmələri, ikitərəfli rəsmi borcların ləğv edilməsi, yoxsulluğun azaldılması sahəsində çalışan ölkələrə daha geniş inkişafyönümlü yardımın göstərilməsi, ölkələrə yeni texnologiyalardan bəhrələnmək imkanı yaratmaq kimi öhdəliklər nəzərdə tutulmuşdur:

Beləliklə, dünya səhnəsində fəal üzv və inkişaf etmiş ölkə statusunda olan dövlətlər özlərinin inkişafı ilə yanaşı, qlobal əhəmiyyətli iqtisadi çağırışlara, zəif inkişaf etmiş ölkələrin problemlərinin həllinə də töhfə vermələri ilə səciyyələnirlər. Belə olan halda isə inkişaf etmiş ölkələr səviyyəsinə qalxmağı hədəfləyən Azərbaycan Respublikasının iqtisadi siyasətinin qarşısında yeni bir vəzifə dayanır. Məlum olduğu kimi, Azərbaycan artıq beynəlxalq səhnədə sərmayədar və kreditor ölkəyə çevrilməkdədir. Belə ki, cəmi bir neçə il əvvəl ölkəmizdə həyata keçirilən iqtisadi layihələr xarici investisiyalardan asılı idisə, indi vəziyyət kökündən dəyişmişdir. Son 3 ildə artıq ölkə daxilində yerli sərmayə xarici investisiyaları üstələyir, Azərbaycanın dövlət və özəl şirkətləri xarici bazarlara daxil olmağa başlamışdır. Gürcüstan, Ukrayna, Moldova, hətta İsveçrə, Rumıniya, Serbiya kimi Avropa ölkələrində Azərbaycan şirkətləri böyük sərmayədarlardır.

Oxşar tendensiyanı xarici yardımlarla bağlı sahədə də müşahidə edirik. Belə ki, respublikamız resipiyent ölkədən donor ölkəyə çevrilməkdədir. Lakin artıq bu funksiya iqtisadi inkişafımız qarşısında sistemli yanaşma ilə əlaqədar yeni tələblər ortaya qoyur. Fikrimizcə, "Azərbaycan: 2020: gələcəyə baxış" inkişaf konsepsiyasında ölkəmizin donor olaraq da strategiyasının müəyyənləşdirilməsinə zərurət yaranmışdır. İnkişaf konsepsiyalarında donor strategiyasının əks olunmasına münasibətə gəldikdə isə, qeyd etməliyik ki, iqtisadiyyatda transformasiya dövrünü Azərbaycanla oxşar vəziyyətdə yaşayan ölkələrin təcrübəsində bu məqama böyük diqqət yetirilməmişdir. Belə ki, hələlik postsovet məkanı ölkələrindən yalnız Rusiya və Qazaxıstanda uzunmüddətli inkişaf konsepsiyası ilə bağlı işlər görülmüşdür. 17 noyabr 2008-ci ildə Rusiya Federasiyasının hökuməti "Rusiya Federasiyasının 2020-ci ilədək uzunmüddətli sosial-iqtisadi İnkişaf Konsepsiyası"nı təsdiq etmişdir. Qazaxıstanda isə bir qədər fərqli təcrübə tətbiq olunur. Qazaxıstan Prezidentinin 1997-ci ildə xalqa ənənəvi müraciətində "Qazaxıstan 2030: uzunmüddətli inkişaf strategiyası"nı ictimaiyyətə təqdim etmişdir. Bu iki nümunə keçmiş sovetlər məkanındakı müstəqil dövlətlər arasında uzunmüddətli inkişaf strategiyaları olan yeganə ölkələrdir. Digər ölkələrdə isə hələ ki inkişaf proqramları olaraq iqtisadiyyatın qısamüddətli (5-10 illik) inkişaf planlarına rast gəlirik.

Həm Rusiyanın, həm də Qazaxıstanın təcrübəsində həmin ölkələrin inkişaf konsepsiyasında donor olaraq mövqeyi və strategiyası haqqında bəhs edilmir. Yalnız Rusiyanın inkişaf konsepsiyasında "əlaqəli kredit və beynəlxalq yardım mexanizmlərinin Rusiya əmtəə və xidmətlərinin inkişaf etməkdə olan bazarlara çıxarılmasına yardım edilməsi istiqamətində istifadə olunması" ilə bağlı müddəa vardır. Bu isə ümumi müddəa olmaqdan kənara çıxmır. Çünki real mexanizm, tətbiqedilmə vasitələri əks olunmamışdır. Fikrimizcə, Azərbaycanın inkişaf konsepsiyasında ölkənin donor fəaliyyətinin strategiyası ilə bağlı müəyyən müddəalar da öz əksini tapmalıdır.

Xarici yardım strategiyasının hazırlanmasında inkişaf etmiş ölkələrin, xüsusən də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olan ölkələrin təcrübəsindən faydalanmaq daha yaxşı olar. İqtisadi faktor olaraq isə xarici yardım resurslarının ÜDM-ə nisbəti, yardım vəsaitlərinin xarici investisiya qoyuluşuna münasibətdə xüsusi çəkisi, xarici yardım və xaricə kredit axını arasında nisbət kimi faktorların öyrənilməsi və Azərbaycan üçün optimal olan modelin hazırlanması əhəmiyyətlidir. Eyni zamanda, institusional mexanizm olaraq davamlı büdcə dotasiyalarına arxalanan təsisat deyil, vəsaitlərin idarəedilməsi və ya kreditləşdirilməsi mexanizmini özündə ehtiva edən qurumun yaradılması faydalı olar. Bizə görə, bu zaman Yaponiya modeli örnək kimi götürülə bilər. Məlum olduğu kimi, Yaponiyada Yapon Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) rəsmi inkişaf yardımlarının ötürülməsini tənzimləyən institutlardan biri kimi çıxış edir. Burada əvəzsiz yardımla bərabər, asılı kreditləşmə kimi metodlar da tətbiq olunur. Fikrimizcə, Azərbaycanda da xarici yardım üçün ayrılan resursların istifadəsi hesabına vəsaitlərin artırılmasına yönəlmiş xarici yardım institutunun yaradılması zərurəti meydana çıxacaqdır.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncam ölkəmizin bugünkü inkişaf səviyyəsindən böyük sabahına gedən yolun başlanğıcı və möhkəm bünövrəsidir. Tarixi əhəmiyyətə malik olan sərəncamın işığında real nəticələrə hesablanmış hədəflərə çatmaq üçün isə kompleks yanaşma olmalıdır. Bu konsepsiyanın əsas məramı isə Azərbaycanın inkişaf etmiş ölkə olaraq mövqeyini müəyyən etməkdən ibarət olacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə cəmiyyət həyatının bütün sahələrində qazanılan böyük nailiyyətlər, əldə olunan mühüm parlaq nəticələr, yeniləşən modern Azərbaycanın real göstəriciləri ölkəmizin inkişaf etmiş ölkələr səviyyəsində yeni modelini qurmağına əsas verir.

 

Ərəstü HƏBİBBƏYLİ,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xari

 

ci əlaqələr şöbəsinin baş məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video