Yeni əsrin müqaviləsi
4 il əvvəl imzalanmış bu layihənin müəllifi İlham Əliyevdir
27 il əvvəl imzalanmış möhtəşəm kontrakt - Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) sonralar “Əsrin müqaviləsi” adını almışdır. O zaman Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdi.
Zaman göstərdi ki, bu, həqiqətən də gələcək əsrlərə hesablanmış bir sazişdir. 2017-ci il sentyabrın 14-də AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması deyilənləri bir daha təsdiq etdi.
Heydər Əliyev Mərkəzində yeni sazişin imzalanması mərasimində Prezident İlham Əliyev bunun ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə olduğunu vurğuladı. Dövlət başçısı qeyd etdi ki, yeni kontrakt Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır.
“Yeni əsrin müqaviləsi” adlandırılan bu sazişn imzalanması Azərbaycanın neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin və getdikcə inkişafının daha bir aydın nümunəsi idi. İlham Əliyev bu layihə ilə Azərbaycanın neft tarixində yeni mərhələnin əsasını qoydu. Bu, eyni zamanda ölkənin iqtisadi gücünün çoxalması, yeni investisiya qoyuluşları, ümumi daxili məhsulun artması, yeni iş yerlərinin açılması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması deməkdir.
1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan nəhəng işlərə mane olmaq istəyənlərə - xaricdəki əleyhdarlarımıza və daxildə aranı qarışdıran, “sapı özümüzdən olan baltalara” tutarlı cavabdır. Onlar “Azərbaycanda neft yoxdur, olmayacaq” deyirdilər. Gələcəkdə nefti nəql edəcək infrastrukturun qurulmasına hər vəchlə mane olmağa can atırdılar. Azərbaycanda neft olub və var! Yeni müqavilə isə göstərdi ki, hələ bundan sonra da olacaq!
Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. “Çıraq”dan artıq 24 ildir neft hasil olunur. 2005-ci ildən “Azəri” yatağı da neft verməyə başlayıb. Xatırladaq ki, “Azəri”nin özü üç hissədən - “Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri” yataqlarından ibarətdir. Bu da təbiətin Azərbaycana səxavətlə bəxş etdiyi bir sərvətdir. “Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsi isə “Əsrin müqaviləsi”nin tərkibində işlənir.
AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu ( ARDNF) cari ilin yanvar-avqust aylarında 3 milyard 488,5 milyon dollar gəlir əldə edib. İndiyədək, yəni 2001-ci ildən etibarən layihə üzrə gəlir 152 milyard 893 milyon dollar olub. 2020-ci ildə bu yataqların gəliri 3 milyard 522,7 milyon dollar təşkil edib.
AÇG üzrə HPBS-dən əldə olunan bilavasitə gəlirlərə Azərbaycan Respublikasına bonus ödənişləri, mənfəət neftindən pay, vergilər, təmənnasız səmt qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər, qazma qurğuları, tikinti-quraşdırma sahələri və s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq fonduna, sosial və digər fondlara ödənişlər daxildir.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən illər tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində Azərbaycan bir sıra qlobal layihələr həyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıdan 55 kilometr cənubda dünyanın ən böyük neft-qaz terminallarından biri - Səngəçal terminalı tikilmişdir. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir. Azərbaycan Bakıdan Avropayadək 3500 kilometr məsafə qət edən, Xəzərin sahilindən başlayıb Adriatik dənizinin altından keçən və İtaliya torpağında quruya çıxan “Cənub qaz dəhlizi”ni yaratmışdır.
Azərbaycanın götürdüyü xətt düzgün, inkişafı davamlıdır. Özü də hər sahədə! Prezident İlham Əliyevin “Yeni əsrin müqaviləsi”nin imzalanmasında dediyi kimi: “Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.
Beləliklə, AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişlənməsinə daha bir təkan verəcək. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. Onun əsrin ortasınadək ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.
Hazırda “Yeni əsrin müqaviləsi” - “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi çərçivəsində bir neçə istiqamətdə iş aparılır. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, işlər vəziyyətə uyğunlaşdırılmaqla fasiləsiz icra edilir. İri avadanlıqlar və digər materiallar tikinti-quraşdırma sahələrinə daşınır. Sualtı qurğuların quraşdırılması üzrə mühəndis-layihə işləri artıq başa çatıb. ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməkdədir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam edir. Layihə ilə bağlı dənizdə də bir sıra quraşdırma işləri gedir. Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi isə tamamlanıb və bununla bağlı planlaşdırılmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.
Ümumilikdə ACE layihəsindən ilk hasilatı əldə etmək üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun gedir. Bu isə o deməkdir ki, “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi - “Yeni əsrin müqaviləsi” ilk neftini nəzərdə tutulduğu vaxt, yəni 2023-cü ildə verəcək.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!