21 Oktyabr 2021 02:03
698
İQTİSADİYYAT
A- A+

Yaxın gələcəkdə Füzuli yenidən Qarabağın böyük şəhərlərindən biri olacaq 

 

Amma bu dəfə daha müasir və daha abad

 

İşğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, Füzulidə də geniş quruculuq işləri gedir.

Füzuli şəhəri, ümumiyyətlə, 50 min sakin üçün planlaşdırılır. Yəni 2040-cı ilə o, 50 min nəfərlik bir şəhər olacaq.

Plana görə, şəhərin mərkəzi hissəsində Memorial Kompleks yaradılacaq. Burada eləcə də İşğal muzeyi və Zəfər parkı salınacaq. Yüksək bir məkan Bayraq meydanı üçün ayrılacaq. Çoxmənzilli binalar inşa ediləcək. Daha sonra həyətyanı bağ sahələri olan fərdi evlər tikiləcək. Şimal hissədən nəqliyyat dəhlizi, avtomobil və dəmir yolları çəkiləcək. Aeroport isə artıq tikilib. Ona görə yaşayış hissəsi şəhərin əsasən sol tərəfində yerləşdirilir və hava limanına yaxın ərazilər daha çox məşğulluq yerləri olacaq. Sənaye və logistika parkları, ekopark yaradılacaq. Şəhər ətrafında çox böyük ərazidə meşə zolaqları da salınacaq. Avtovağzal, dəmir yolu vağzalı şəhərin girəcəyində yerləşəcək. Gələcəkdə böyük bir idman zonasının, stadionun tikilməsi də planlaşdırılır.

Füzulinin böyük, işıqlı sabahının təməli isə bu gün qoyulur. Bu möhkəm təməli Prezident İlham Əliyev qoyur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva bu il oktyabrın 17-də Füzuliyə növbəti səfər zamanı da rayonda gedən quruculuq işləri ilə maraqlandılar. Həmin gün Memorial Kompleksin və şəhərin bərpasının təməl daşı qoyuldu. Dövlət başçısı bir sıra digər sosial-iqtisadi obyektlərin təməlqoymasında iştirak etdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirildi.

 Budur, Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin də bünövrəsi qoyulur. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə, məhəllədə 2860 nəfərin yaşaması gözlənilir.

Həyət tipli plan quruluşlarına malik yaşayış məhəlləsinin inşasında ənənəviliklə müasirlik vəhdət təşkil edəcək. Bu kompleks şəhərin gələcək memarlıq simasının müəyyənləşməsinə təkan verəcək.

Məhəllədə həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Ərazi yaşıllıq sahələri ilə əhatə olunacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq, velosiped yolları salınacaq. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq.

Rayonun Dövlətyarlı kəndində isə “ağıllı kənd”in salınmasına start verilib.

“Yaşıl” və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “ağıllı kənd” layihəsinə əsasən, üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar təşkil ediləcək. Kəndin ətrafında isə “ağıllı kənd təsərrüfatı” sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

 Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq.

Kənddə biznes layihələri də icra olunacaq. Kartofçuluğun inkişafı planlaşdırılır.  Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının yaradılması da nəzərdə tutulub. “Ağıllı” turizm həllərinin tətbiqi vasitəsilə kənd turizmi formalaşdırılacaq və hotel infrastrukturu qurulacaq.

Məlumdur ki, erməni vandalları təbiətimizə qarşı da soyqırım - ekosid törədiblər. Ətraf mühitə vurulan bu yaraları da sağaldırıq. Füzulidə yaradılacaq Mərkəzi Şəhər Parkı buna bir nümunədir. Burada şəhər sakinləri və qonaqlar üçün 21 hektarlıq böyük meşə parkı salınacaq. Ərazidə 5000-dən çox Eldar şamı, həmişəyaşıl sərv, zeytun, Şərq çinarı, ağcaqayın və digər növ ağaclar əkiləcək. Bununla yanaşı, sakinlərin asudə vaxtının maraqlı təşkili məqsədilə istirahət guşələri, müxtəlif tədbirlər üçün amfiteatr zonası, kempinq və istirahət yerləri, uşaq və gənclərin yaş qruplarına uyğun əyləncə zonaları, ekstrim velosiped sahəsi və digər guşələr yaradılacaq.

Parkda salınacaq su hövzəsi kafe və restoranlarda dincələn sakinlər üçün fərqli mənzərə yaradacaq. Ərazidə 8,2 kilometr uzunluğunda velosiped və 7,5 kilometr uzunluğunda piyada yollarının salınması planlaşdırılıb. Prezident və xanımı parkda ağac əkiblər.

İndi Füzulidə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi də tikilir. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasına xidmət edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Onu da qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamından sonra “Azərişıq” ASC tərəfindən paylayıcı şəbəkələrin yaşıl enerji zonası tələbləri üzərində qurulmasına start verilib və “ağıllı şəbəkələr” konsepsiyasının təməl elementlərindən biri olan Rəqəmsal Yarımstansiya layihəsi işlənib hazırlanıb.

 Füzuli Beynəlxalq Hava Limanında bütün tikinti və ətraf ərazinin abadlaşdırılması işləri başa çatdırılıb. Görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

 Hava limanında istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara daxil olub. Burada baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VIP zalların, mağazaların, restoranların və digər məntəqələrin işə salınması nəzərə alınmaqla, saatda ən azı 200 sərnişinin buraxılışına imkan verən terminalın tikintisi başa çatdırılıb.

Bərdə-Ağdam, Əhmədbəyli-Füzuli-Şuşa, “Zəfər” yolu və Füzuli-Hadrut yollarında aparılan işlər isə davam edir. “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi” çərçivəsində tikintisi həyata keçiriləcək Füzuli-Ağdam avtomobil yolunun uzunluğu 64,8 kilometr, eni 15 metr təşkil edəcək. Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yolun inşası Bərdədən Füzuliyədək insanların rahat gediş-gəlişini təmin edəcək. Prezident Füzuli-Ağdam avtomobil yolunun da təməlini qoyub.

Dövlət başçısı Füzuli rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdə bir daha vurğulayıb: “Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin - Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik... Ancaq hər kəs bilməlidir ki, bütün bu bərpa işləri böyük vəsait tələb edir. Yenə də deyirəm, Azərbaycan heç kimdən heç bir yardım, bir qəpik də yardım almayıb və almayacaq. Bu günə qədər almayıbsa, bundan sonra da almayacaq. Bunu öz imkanlarımız çərçivəsində edəcəyik. Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcəkdir.”

 

Flora SADIQLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video