20 Aprel 2021 15:14
675
SİYASƏT
A- A+

Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi

 

BMT Təhlükəsizlik Şurasında “Münaqişələrin qarşısının alınması və nizamlanmasına dair dialoqun və etimadın möhkəmləndirilməsində Birləşmiş Millətlər Təşkilatı, onun regional və subregional təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda iclasın gündəliyinin “Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində Birləşmiş Millətlər Təşkilatı, onun regional və subregional təşkilatları arasında əməkdaşlıq” bəndi üzrə müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev virtual açıq debatlarda məruzə ilə çıxış edib.

Azərbaycanlı diplomat qeyd edib ki, dünyanın hər yerində insanlar müharibələrdən və onların dağıdıcı nəticələrindən əziyyət çəkir. Çox vaxt irqçi ideologiyalar, etnik və dini nifrət hissəsinin qızışdırılması və tarixin yanlış interpretasiyası nəticəsində bu müharibələr daha da gərginləşir. Terrorçuluq fəaliyyəti, transmilli mütəşəkkil cinayətkarlıq, COVID-19 koronavirus pandemiyası və iqlim dəyişmələri təhlükəsi onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir. Münaqişələrin və postmünaqişə hallarının çoxu regional xarakter daşıyır, BMT Nizamnaməsinin VIII fəslinə müvafiq olaraq BMT ilə regional təşkilatlar arasında əməkdaşlıq bu qurumun məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, bəzi hallarda siyasi iradənin yoxluğu səbəbindən çoxsaylı preventiv tədbirlər öz potensialını tam nümayiş etdirə bilməyib. Hər bir konkret halda münaqişə və böhranların təkrarlanmasının qarşısını almaq və ya belə riskləri azaltmaq üçün qərəzsiz və hərtərəfli təhlil aparılmalıdır.

Beləliklə, regional səviyyədə sülh səylərinin uğursuzluğunun səbəbləri arasında beynəlxalq hüququ pozanlar tərəfindən hərbi işğalı təsbit etmək məqsədilə regional təşkilatlardan bir sipər kimi istifadə edilməsi halları müşahidə olunur. Bununla əlaqədar, münaqişələrin nizamlanması prosesində istifadə edilən regional və subregional mexanizmlər beynəlxalq hüquqa və razılaşdırılmış mandatlara hörmət, müvafiq tərəflərin razılığı və vasitəçilərin qərəzsizliyi kimi səmərəli əməkdaşlıq prinsiplərinə ciddi müvafiq olması çox vacibdir. Tamamilə aşkardır ki, vasitəçilik fəaliyyəti hüquqi vakuum şəraitində baş vermir və vasitəçilərin mütləq sərbəstliyi yoxdur.

Azərbaycanlı diplomat qeyd edib ki, 1991-ci ilin sonu – 1992-ci ilin əvvəlində Ermənistan Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlayıb. Nəticədə Azərbaycan ərazisinin xeyli hissəsi işğal edilib, on minlərlə dinc sakin qətlə yetirilib, 700.000-dən çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb, yüzlərlə şəhər, qəsəbə və kənd qarət və talan edilib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiq edilməsini, onun ərazilərinin işğal olunmasını pisləyən, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edən, onun beynəlxalq sərhədlərinin toxunulmazlığını və ərazilərin işğal olunması üçün güc tətbiq edilməsinin yolverilməzliyini təsdiq edən, işğalçı erməni qüvvələrinin işğal etdikləri bütün ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Təhlükəsizlik Şurasının sədrinin 1992-1995-ci illərdə qəbul etdiyi bəyanatlar və digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı sənədləri də eyni ruhdadır.

Təhlükəsizlik Şurasının yuxarıda göstərilən qətnamələri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM, sonradan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)) Minsk qrupunun və onun həmsədrlərinin mandatının əsası, münaqişənin nizamlanması üçün təməl olub. Beləliklə, 1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeşt sammitində iştirak edən dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan da “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq edib, ATƏM-in bu münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş fəaliyyətinə Təhlükəsizlik Şurası tərəfindən göstərilən siyasi dəstəyi alqışlayıblar”.

Lakin Təhlükəsizlik Şurasının əsas tələbləri, ilk növbədə işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbi Ermənistan tərəfindən yerinə yetirilməyib, ATƏM/ATƏT çərçivəsində göstərilən vasitəçilik səyləri nəticə verməyib.

Azərbaycanın BMT yanında nümayəndəliyinin başçısı vurğulayıb ki, əksinə, Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərib, danışıqlarda heç vaxt vicdanla iştirak etməyib, atəşkəs və sülh prosesi bəhanəsi ilə işğal edilmiş əraziləri müstəmləkələşdirməyə səy göstərib. Üstəlik, Ermənistan rəhbərliyi Azərbaycana qarşı təcavüzü “şanlı qələbə” kimi qiymətləndirib və reklam edib, hərbi caniləri və mühakimə olunmuş terrorçuları milli qəhrəmanlar kimi təşviq edib, etnik dözülməzlik kimi hiddətləndirici ideyaları açıq-aşkar təbliğ edib, gəncləri və böyüməkdə olan nəsli yeni müharibələrə və zorakılığa istiqamətləndirib. Ermənistanın təcavüzkar və hüquqazidd əməllərinə, hər şeyi öz adı ilə adlandırmaq əvəzinə “ağlabatan tarazlığı” saxlamaq cəhdlərinə adekvat beynəlxalq münasibət bildirilməməsi, ikili standartlar, beynəlxalq hüquqa görə hamılıqla qəbul edilmiş vəzifələrə və öhdəliklərə münasibətdə ayrı-seçkilik Ermənistanı öz mövqelərini möhkəmlətməyə daha da ruhlandırıb, Ermənistanın guya istədiyi kimi hərəkət edə biləcəyinə inam yaradıb.

2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı onun otuz ildən artıq müddətdə sui-istifadə etdiyi cəzasızlığın məntiqi nəticəsi oldu. Hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də Ermənistanın silahlı provokasiyalarına mane olmadı. Bunun ardınca başlanmış döyüş əməliyyatları 44 gün davam etdi. Azərbaycan Silahlı Qüvvələrinin özünümüdafiə hüququnun həyata keçirilməsi qaydasında uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycanın təqribən 10.000 kvadratkilometr ərazisi, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kəndlər işğaldan azad edildi.

2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş naziri tərəfindən imzalanmış Birgə Bəyanat Ermənistanla Azərbaycan arasında otuz ilə yaxın davam etmiş silahlı münaqişəyə son qoydu, regionda davamlı sülhün bərqərar olması üçün razılaşdırılmış parametrləri təsdiq etdi. 2021-ci il yanvarın 11-də üç ölkənin liderləri regionda iqtisadi və nəqliyyat əlaqələrinə maneələrin aradan qaldırılmasına yönəlmiş bir sıra praktiki addımlar atılmasına dair daha bir bəyanat imzaladılar.

Regionda yaranmış yeni şərait yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtması, sülhün bərqərar olması, sabitliyin möhkəmlənməsi və dinc yanaşı yaşama şəraitinin bərpa olunması üçün imkan yaradır. Bizim prioritetlərimiz sırasına Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərinin bərpasına, orada yenidənqurma və reinteqrasiya tədbirləri, Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində hər hansı ayrı-seçkilik edilmədən bütün sakinlərin, o cümlədən erməni mənşəli vətəndaşların hüquq bərabərliyinin təmin edilməsi məsələləri daxildir. Müharibənin başa çatması həm də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin hər iki dövlətin beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və bu dəyərlərə hörmət edilməsi əsasında normallaşdırılması üçün real perspektivlər yaradır.

Y.Əliyev çıxışının sonunda deyib: “Azərbaycan gözləyir ki, beynəlxalq birlik, o cümlədən müvafiq regional təşkilatlar regionda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş bu səyləri dəstəkləyəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video