02:20 26 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:48 26.09.2021

27 sentyabr saat 06:00...


00:45 26.09.2021

Qüdrətin nümayişi


00:37 26.09.2021

27 sentyabr


00:32 26.09.2021

Vətən olan torpaq


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yarımillik xarici ticarət saldosu müsbətdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:02 29.07.2021

 

Azərbaycan bu dövrdə 171 ölkə ilə idxal-ixrac əməliyyatları aparıb

 

Ticarət əlaqələri beynəlxalq bazardakı imkanları genişləndirməyə, habelə yerli bazarda mövcud olmayan, yaxud az olan malların əlçatımlılığına şərait yaradır. Bu  halda rəqabət artır, yerli brendlərin daha yüksək səviyyədə formalaşması və idxal olunan maldan daha keyfiyyətli məhsulların bazara çıxarılması mümkün olur. Əlbəttə ki, rəqabətin çox olduğu təqdirdə müəssisələr qiymətlərlə bağlı tədbirləri də ön plana çəkir, nəticədə istehlakçıya ucuz və keyfiyyətli məhsul təqdim edilir. 

Xarici ticarət ölkələrin inkişaf dinamikasını sürətləndirib onları qabaqcıl pillələrdə qərarlaşdıran əsas amillərdən  biridir. Azərbaycan  da dünya dövlətləri ilə geniş ticarət əlaqələri saxlayır. Əslində, ölkəmizin xarici ticarət əlaqələrinin tarixi uzaq keçmişlərə təsadüf edir. Böyük İpək yolu vasitəsilə Azərbaycan həmişə Şərqlə Qərb arasında ticarət mərkəzlərindən biri kimi xarakterizə olunub. Bu gün də həmin tendensiyanı davam etdirərək   dünyanın onlarca ölkəsindəki tərəfdaşları ilə ticarət əlaqələri saxlayır. Cari ilin birinci yarısında onların sayı 171 olub.

Prezidenti İlham Əliyev bu il iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olduqdan sonra Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ancaq 6 ayda. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək. Çünki göstəriş vermişəm ki, ildən-ilə borcumuzu azaltmalıyıq. Mən indi, əlbəttə, Ermənistanla Azərbaycanı müqayisə etmək istəmirəm. Burada, tamamilə yerlə göy qədər fərq var”.

Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına əsasən,  2021-ci ilin yanvar-iyun ayları ərzində ölkəmizin xarici ticarət dövriyyəsi 14 milyard 202,26 milyon ABŞ  dolları təşkil edib. Bunun da 8 milyad 811,10 milyon dolları ixracın, 5 milyard 391,16 milyon dolları idxalın payına düşüb. 3 milyard 419,94 milyon dollarlıq müsbət saldo yaranıb. 

Azərbaycanın xarici ticarət dövriyyəsinin 89,9 faizi qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran, Gürcüstan, eyni zamanda İtaliya, Çin, İspaniya, Ukrayna, Almaniya, Birləşmiş Krallıq, İsrail, ABŞ, Yaponiya, Koreya və s. ölkələrlə idxal-ixrac əməliyyatları  nəticəsində  formalaşır.

Respublikamız dünyada ən çox neft və qaz sektoru ilə  tanındığından bu sahədəki ixracın  da həcmi böyükdür. Məsələn, ilin ilk 6 ayında  ixracın 86,81 faizini neft-qaz  sektoru həyata  keçirib.  İxrac olunan məhsullar sırasında xam neft, təbii qaz, qaz halında maddələr, neft bitumu, neft koksu və digər neft məhsulları yer alır.

 Qeyri-neft məhsulları ixracının isə 13,19 faiz olduğu  qeyd edilir. Bunlardan ən çox faiz meyvə-tərəvəz, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, elektrik enerjisi, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar, sement, alkoqollu və alkoqolsuz içkilər, çay, meşə fındığı, xurma və s. kimi malların payına düşür.

İxrac prosesində bitumlu suxurlardan alınmış xam neft və xam neft məhsullarının ixrac edildiyi ölkələrin ilk 5 pilləsində İtaliya, İspaniya, Hindistan, İsrail, Portuqaliya, təbii qaz və qaz halında olan maddələrin ilk beşliyində Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan yer alır.  6 ay müddətində qeyri-neft-qaz məhsulları  ixrac etdiyimiz  ölkələr  sırasında öndəki 5 yeri Rusiya,  Türkiyə, İsveçrə, Gürcüstan, ABŞ tutur.

Bəs idxal etdiyimiz əsas məhsullar hansılardır? 2021-ci ilin yanvar-iyun aylarının hesabatında  ümumi idxal həcminin 25,55 faizinin maşın, mexanizm və elektrik avadanlıqları təşkil etdiyi qeyd olunur.   İdxalın 16,87 faizini yeyinti məhsulları, 11,27 faizini nəqliyyat vasitələri və onların hissələri, qalanını əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatlar, geyim  və geyim üçün ləvazimatlar, tütün və tütün məmulatları, mebel və onun hissələri, buğda, çay, düyü və s. təşkil edir. İdxalda aparıcı ölkələr olaraq Rusiya, Türkiyə, Çin, Almaniya, ABŞ, Ukrayna, İtaliya, İran, Böyük Britaniya, Yaponiya və s. yer tutub. İdxalda xüsusi yer tutan avtomobillərin 6 aylıq statistik göstəriciləri 36741 ədəd minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsindən, 60 ədəd avtobusdan ibarətdir.

Məlum olduğu kimi, idxal-ixrac  prosesləri müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilir. İdxalın əsas hissəsi  avtomobil, eləcə  də dəmir yolu, hava, dəniz nəqliyyatı  ilə alınıb. İxracın isə əsas  hissəsi boru kəmərləri və elektrik ötürücü xətlərlə, qalanı  avtomobil, dəmir yolu, hava, dəniz nəqliyyatı ilə daşınıb.

Beləliklə, Azərbaycanda ixrac və idxal əməliyyatları iqtisadiyyata və beynəlxalq əməkdaşlığa  birbaşa təsir göstərərək  daha böyük inkişafa yol açır. Dünya ölkələri ilə qurduğu sıx əməkdaşlıq əlaqələri qlobal arenada vətənimizin   nüfuzunu daha da artırır, onu  daha  sarsılmaz edir.

 

Aydan XƏLİLOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM