09 Sentyabr 2021 00:28
756
CƏMİYYƏT
A- A+

YAP Veteranlar Şurası tərəfindən “Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda videokonfrans təşkil olunub

 

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə “Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda videokonfrans keçirilib.

YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP Veteranlar Şurasının üzvləri, partiyanın Bakı, Sumqayıt, Abşeron, Şəki-Zaqatala və cənub zonaları üzrə yerli təşkilatlarının fəalları iştirak ediblər. 

Videokonfransda giriş sözü ilə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.

A.Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

“Etnik müxtəliflik və azərbaycançılıq” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərhüquqludur və öz inancına görə azaddır. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Bu gün Azərbaycan etnik müxtəlifliyə görə zəngin ölkədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması da ölkəmizin böyük uğurudur.

“Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qardaşlıq şəraitində yaşayırlar”, - deyən akademik qeyd edib ki, Azərbaycan xalqının ruhundakı multikulturalizm əhvali-ruhiyyəsi bütün dünyaya yaxşı məlumdur. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları öz ətrafında birləşdirir. Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidi olduq.

Kamal Abdullanın sözlərinə görə, Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasında, inkişafında və təbliğ olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır: “Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir”. 

Tədbirdə məruzə ətrafında YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova və Ədalət Fərəcov çıxış ediblər.

Sonda akademik Kamal Abdulla videokonfrans iştirakçılarının suallarını cavablandırıb.  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video