15 Iyun 2021 01:02
977
CƏMİYYƏT
A- A+

YAP Mərkəzi Aparatında Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı sənət sərgisi keçirilib

 

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən  Tahir Budaqov bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Ozamankı hakimiyyət isə respublikanı  idarə etmək iqtidarında deyildi. Bu səbəbdən də, respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızın isə Ermənistan tərəfindən  işğalı davam edirdi. Belə bir şəraitdə xalqımız, o cümlədən dəyərli ziyalılarımız  bu ağır durumdan çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü.

YAP Sədrinin müavini qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın tarixində yeni mərhələ başlandı. Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Onun sözlərinə görə, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan beynəlxalq müstəvidə güclü, qüdrətli dövlətə çevrilib. YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, “Dəmir yumruq” əməliyyatı ilə qazanılan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurları və xalq-iqtidar birliyi dayanır. 

Tahir Budaqov əminliklə bildirib ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədi olacaq və ölkəmizin qüdrəti daha da artacaq. O, təşkil olunmuş sərginin Milli Qurtuluş Gününə həsr edildiyini vurğulayaraq deyib: “Düşünürəm ki, gənclərimizin də  bu sərgidə iştirakı, zəngin əsərlərlə tanış olması həm onların bədii-estetik zövqünün inkişafına təkan verir, həm də biz burada bu tədbir vasitəsilə Ulu Öndərin  xilaskarlıq salnaməsini yada salır, Azərbaycanın milli qurtuluşunun tariximizdə, dövlətimizin həyatındakı rolunu bir daha gənclərimizin diqqətinə çatdırırıq”.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sərginin ərsəyə gəlməsində Azərbaycan Dövlət Rəssamlıq akademiyasının rolunu vurğulayıb və akademiyanın rektoru, akademik  Ömər Eldarova təşəkkürnamə və “Zəfər salnaməsi” kitabını təqdim edib.

Çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik  Ömər Eldarov Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O, qeyd edib ki, hər il Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgilər təşkil olunur və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yetirmələri bu prosesdə böyük ruh yüksəkliyi ilə iştirak edirlər.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə isə bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. Çünki Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Qanunsuz silahlı birləşmələr ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, güclü ordu yaradıldı.

Onun sözlərinə görə, Ulu Öndərin tarixi qayıdışından sonra respublikada bütün sahələr üzrə dirçəliş dövrü, Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı, siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Bütövlükdə, bu gün ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasındadır. Xüsusilə əlamətdar haldır ki, Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdi. Biz bu il Milli Qurtuluş Gününü qələbə əhvali-ruhiyyəsi ilə qeyd edirik. Qazanılan bütün nailiyyətlərin əsasında isə qurtuluş məfkurəsi dayanır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da çıxışında 15 İyun - Milli Qurtuluş Gününün tariximizdəki rolundan danışaraq, müstəqil Azərbaycanın qurulması və inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. O bildirib ki, müasir Azərbaycan gəncliyinin inkişafının əsası da məhz qurtuluşdan sonra qoyulub. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Dövlətimizin gənclərə yüksək diqqət və qayğısı gənclərimizin üzərinə məsuliyyət qoyur. Biz gənclər öz fəaliyyətimizlə göstərilən yüksək etimadı hər zaman doğrultmağa çalışacağıq”, - deyə B.İslamov vurğulayıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video