11:41 06 May 2021
ONLINE XƏBƏR LENTİ
00:51 06.05.2021

Əbədiyaşar lider


00:47 06.05.2021

Tolerantlıq nümunəsi


00:44 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


00:43 06.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Ya peyvənd, ya da xəstəlik...”

ANA SƏHİFƏ / SƏHIYYƏ
03:22 14.04.2021

 

Vətəndaşlar artıq kütləvi şəkildə düzgün qərar verir

 

Bəşəriyyət bütün dünyanı çənginə alan koronavirus pandemiyasından qorunmağa çalışır.

Əgər COVID-19-un yayılmağa başladığı ilk dövrlərdə ondan qorunmağın yolu yalnız maska taxmaq, sosial məsafəni gözləmək, gigiyena qaydaları və sərt karantin rejimi idisə, hazırda dünya koronavirusla daha effektiv yol olan peyvənd vasitəsilə  mübarizə aparır. Ötən ilin dekabrından etibarən əksər ölkələrdə vaksinasiyaya start verilib və Azərbaycan da bu il yanvarın 18-dən etibarən tibb işçilərinin peyvəndlənməsi ilə bu prosesə qoşulub.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli qərarı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanlarının əməkdaşları və onlar tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənib. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Ölkəmizdə vaksinasiya prosesi bütün bölgələrdə sürətlə və uğurla davam etdirilir və hazırda 40 yaşdan yuxarı olan əhali arasında könüllülük prinsipi ilə vaksinasiya işi aparılır.

 

Vətəndaşlar vaksinasiyadan həvəslə keçir

 

Koronavirusa qarşı vaksinasiya prosesini izləmək üçün Suraxanı rayonunda yerləşən 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yollandıq. Burada iki peyvənd, iki həkim, iki kompüter, vaksin vurulanlar üçün müşahidə otaqları fəaliyyət göstərir.

Müşahidə edirik ki, peyvənd olunmaq üçün gələnlər arasında yaşlı qadın və kişilər çoxluq təşkil etsə də, daha gənc yaşlılar da həvəslə vaksinasiyaya üz tutublar. Birinci doza vaksin vurdurmaq üçün gələn 41 yaşlı Sevda xanım söyləyir ki, koronavirusun əsasən qocalar üçün qorxulu olduğunu zənn edirmiş, amma bu virusun yeni ştamlarının gəncləri, hətta uşaqları da hədələdiyini eşitdikdən sonra mütləq vaksin olunmaq qərarına gəlib: “Bir ildir ki, pandemiya qaydalarına ciddi riayət etməklə bu bəladan uzaq durmağı bacarmışam. Amma virus mutasiya edir və sürətlə yayılır. Mütəxəssislər də həyəcan təbili çalırlar ki, bu infeksiya artıq bütün yaş kateqoriyasından olan insanları hədəf alıb. Buna görə də yoluxmaqdan və xəstələnməkdən heç kəs özünü sığortalaya bilməz. Məncə qarşımızda iki seçim var: ya peyvənd, ya da xəstəlik. Çıxış yolu sadəcə vaksindir və mən də bu gün gəlmişəm ki, COVID-ə qarşı immunitet qazanmaq üçün peyvənd olunum”.

24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında koronavirusa qarşı ilk peyvənd olunan baş həkimin müavini Xanlar Əlmuradov bildirir ki, bu müəssisədə 18 yanvardan fevralın 1-nə kimi tibb işçiləri vaksinasiyadan keçiblər. Fevralın 1-dən isə ilk olaraq yaşı 65-dən yuxarı olan əhali qrupu, daha sonrakı mərhələlərdə isə 50 və 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb. İndiyə qədər təxminən 3000 nəfərdən artıq adam poliklinikada vaksinasiyadan keçib. Bu rəqəm həm birinci, həm də ikinci dozadan keçənləri əhatə edir.

 

Heç bir narahatlıq müşahidə olunmayıb

 

X.Əlmuradov məlumat verir ki, Suraxanı rayonunda 84 nömrəli məktəbdə də  müəllimlər üçün ayrıca tibb məntəqəsi yaradılıb və xəstəxanaları tərəfindən ayrılan həkimlərdən, tibb  bacılarından, kompüter işçilərindən ibarət briqada gedib orada müəllimləri vaksinasiya edirlər. 

Gələn həftədən isə peyvənd üçün müraciəti qeydə alınan evdən çıxa bilməyən xəstələrə, əlillərə, yataqda olanlara briqadalar peyvənd vuracaqlar: “İndiyə qədər bizim tərəfimizdən peyvənd vurulan heç bir şəxsdə hansısa problem yaranmayıb. Hətta elələri olub ki, ürəyində problem olub, açıq ürək əməliyyatından keçib, ona da peyvənd vurulub, amma heç bir narahatlıq müşahidə olunmayıb. Düzdür, bəzi insanlar var ki, qızdırma, bir az baş ağrısı hiss ediblər, amma bu da normal haldır və olmalıdır. Onu da qeyd edim ki, bu hal təkcə koronavirusa aid vaksinlərə xas deyil, bütün peyvəndlər üçün keçərlidir. Vaksinin vurulduğu yer qızara, əzələ ağrısı müşahidə oluna bilər. Bu isə müvəqqəti olur və tez də ötüb keçir”.

Həkim onu da əlavə edir ki, ilk dövrlərdə əhali arasında bu peyvəndlə bağlı müəyyən tərəddüdlər var idi: “Vaksinlə əlaqədar bizə xeyli suallar verirdilər. Onu vurdurub-vurdurmayacaqları barədə tərəddüddə olduqlarını söyləyirdilər. Hazırda isə demək olar ki, bu kimi hallar ortadan qalxıb. Hər kəs ürək rahatlığı ilə gəlib vaksinasiyadan keçir”.

Həkim müayinəsindən sonra vaksinasiyaya yollanan 70 yaşlı Səfayə Qarayeva ilə həmsöhbət oluruq. O deyir ki, ötən ayın 12-də vaksin olunub və indi ikinci doza üçün gəlib: “Birinci doza peyvənd vurulandan sonra heç bir narahatlıq hiss etmədim. Əslində peyvənddən sonra özümü daha rahat hiss etdim. Peyvənd olunduğum üçün artıq narahat deyiləm”.

Səfayə nənə vurğulayır ki, bu gün bura yoldaşını, oğlunu, qızını, kürəkənini də  gətirib ki, mütləq COVID-ə qarşı peyvənd vurdursunlar: “Mən tək özüm vaksin olunaraq bu bəladan qoruna bilmərəm. Axı övladlarım, yaxınlarım da koronavirusa yoluxa bilər. Onu da bilirəm ki, bu zalım xəstəlik onları məndən ayıra da bilər... Bax ona görə də istəyirəm hamımız peyvənd olunaq, gözəgörünməz düşməndən birlikdə qurtulaq”.

Xəstəxanada stasionar şöbənin mü

diri, terapevt Afaq Abbasova koronavirusun çox qorxulu bəla olduğunu vurğulayaraq məlumat verir ki, COVID-19-a yoluxan xəstənin temperaturu qalxır, onda ümumi halsızlıq, zəiflik müşahidə olunur. Yoluxmanın ilk mərhələsində təzyiqli xəstədirsə, təzyiqi, şəkərli xəstədirsə, şəkəri yüksəlir. Əgər virus ağciyərlərə daxil olursa, xəstədə təngnəfəslik, boğulma olur. Yüngül xəstələr sahə həkimlərinin nəzarəti altında evdə müalicə olunurlar. Əgər xəstənin vəziyyəti ağırlaşırsa, o, xəstəxanaya göndərilir”.

 

“Əhalinin 60-70 faizi vaksin olunsa, biz bu bəladan qurtararıq”

 

Stasionar şöbənin müdiri qeyd edir ki, peyvənd üçün müraciət edən şəxs əvvəlcə operator otağında qeydiyyata alınaraq həkimə yönləndirilir. Burada onun anamnez məlumatları toplanılır: “Məsələn, hansısa xəstəliyi varmı, hazırkı vəziyyəti necədir, temperaturu, təzyiqi, şəkəri varmı? Düzdür, təzyiq və şəkər olduqda da peyvəndə göstərişdir, amma onun da həddi var. Yüksək təzyiq, şəkər zamanı peyvənd vurulsa müəyyən narahatlıq yaranar. Təzyiq yüksək olanda onu endiririk, şəkər yüksəkdirsə, o zaman endokrinoloqa yönləndiririk. Ondan sonra əgər şəxsin vəziyyəti bizi qane edirsə, vaksin üçün göstəriş veririk”.

Terapevt qeyd edir ki, vaksinasiya olunmuş şəxs yarım saat müşahidə otağında gözləyir və vəziyyətində heç bir dəyişiklik yoxdursa, vaksin vurulduğuna dair kart verilərək  evə göndərilir. Birinci dozadan 28 gün keçəndən sonra isə yenidən gəlib ikinci dozanı vurdururlar: “Artıq ikinci dozadan iki həftə sonra vaksin vurulan şəxsdə virusa qarşı immunitet yaranır. Onu da deyim ki, vaksinasiya olunan şəxslər koronavirusa yoluxa bilərlər, amma onlar xəstəliyi yüngül keçirirlər. Bəzən heç vaksindən sonra şəxs özü hiss etməz ki, yoluxub. Amma o ətrafdakılar üçün daşıyıcı kimi qorxulu ola bilər. Ona görə də vaksin vurduran şəxslər də mütləq maskadan istifadə etməlidirlər”.

Mütəxəssis vurğuladı ki, hamı vaksinasiya olunmalıdır ki, kollektiv immunitet yaransın. Azərbaycanda 10 milyonluq əhalidən heç olmasa 60-70 faizi vaksin olunsa biz bu bəladan tezliklə qurtararıq.

 

Peyvənddən sonra bunları etmək olmaz

 

Vaksinasiya otağında vaksin edən Aynurə Hacıyeva ilə söhbət edirik. O bildirir ki, hazırda Çinin “CoronaVac” peyvəndindən istifadə edirlər. Həmin peyvəndlər 2-8 dərəcə temperatur arasında soyuducularda saxlanılır və kifayət qədər vaksin ehtiyatları mövcuddur: “Hər gün saat 9-dan, 17-yə qədər iki növbədə vaksinasiya prosesini həyata keçiririk. Gün ərzində xeyli sayda insanı peyvənd edirik. Əsasən peyvəndi sol qolun delta əzələsinə vururuq. Olur ki, peyvənd vurduğumuz insanlarda qol ağrıyır, qan təzyiqi qalxır, bu isə gözlənilən təbii reaksiyalardır”.

A.Hacıyeva söyləyir ki, vaksin vurulan şəxslərə mütləq bu xəbərdarlıqları edirlər: “Onlara deyirik ki, üç gün ərzində çimməməlidirlər. Eyni zamanda spirtli içkilər qəbul etmək olmaz. Peyvənddən sonra baş ağrısı olanda isə “parasetamol” qəbul edə bilərlər”.

Birinci doza peyvənd olunduqdan sonra kompüter otağında qeydiyyatdan keçmək üçün növbəsini gözləyən 76 yaşlı Heydər Qarayevlə danışırıq. O deyir ki, hazırda heç bir narahatlığı yoxdur, hətta qoluna vurulan iynənin yerini də hiss etmir: “Yaşım kifayət qədər çoxdur. Onsuz da bu yaşda insanın canı zəif, yuxa olur. İsti havada belə nə qədər paltar geyinsək bədənimiz qızmır. Adi bir soyuqdəymədən bərk xəstələnirik. Gərək özümüzü qoruyaq. Koronavirus da bizim üçün lap qorxuludur. Ona görə də hamımız mütləq peyvənd olunmalıyıq”.

Onu da qeyd edək ki, şəxslərin peyvənd olunduqları barədə kompüter otağında qeydiyyat aparılır ki, bütün portallarda həmin şəxsin peyvənddən keçdiyi barədə məlumat görünsün.

Elm adamlarının yekdilliklə gəldiyi nəticə budur ki, 21-ci əsr insanının ən qorxulu bəlasına çevrilən koronavirusdan qurtulmağın yeganə yolu ona qarşı hazırlanmış vaksindir.  Dövlət siyasətinin əsasını vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və etibarlı müdafiəsi təşkil edən Azərbaycan da qorxulu virusu birdəfəlik məhv etmək üçün peyvəndləməyə ilk başlayan ölkələr sırasındadır. Hazırda bütün bölgələrimizdə bu proses sürətlə və uğurla davam etdirilir.

Bütün bunlar və ən əsası vətəndaşların həvəslə peyvəndləmədə iştirak etməsi ölkəmizdə tezliklə koronavirusun nəfəsinin kəsiləcəyinə olan ümidləri daha da artırır...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM