28 Fevral 2012 12:02
304
SİYASƏT
A- A+

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar xarici ölkələrdə tədbir keçirilmişdir

 

Kanada

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Kanadanın Ottava şəhərində yürüş-mitinq keçirilmişdir. AzərTAc xəbər verir ki, yürüş-mitinq Kanada Azərbaycan Gəncləri Şəbəkəsi, Toronto və Vaterloo universitetlərinin azərbaycanlı tələbələr assosiasiyaları tərəfindən təşkil edilmişdir.  

Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, bir neçə saat davam edən yürüş-mitinqə çoxsaylı insan qatılmışdır.

Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan yürüş iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar, eləcə də "Dünya Xocalı soyqırımını tanımalıdır!", "Xocalıya ədalət!", "Rədd olsun erməni terrorizmi!", "Biz ədalət tələb edirik", "Biz öz torpaqlarımızı istəyirik", "Sarkisyan terrorçudur" şüarlarını səsləndirmişlər.

Kanada parlamentinin qarşısından başlanan yürüş Ermənistanın  bu ölkədəki səfirliyinin qarşısında mitinqlə davam etmişdir.

 

Tehran

 

Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İrandakı səfirliyində "Xocalı soyqırımı - XX əsrin ən dəhşətli bəşəri faciəsi" mövzusunda "dəyirmi masa" təşkil olunmuşdur. "Dəyirmi masa"da Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan səfir Cavanşir Axundov qətliam barədə iştirakçılara məlumat vermişdir. Bu soyqırımının insanlığa qarşı cinayət olduğunu diqqətə çatdıran səfir qeyd etmişdir ki, artıq dünyanın bir sıra ölkələrində bu qanlı cinayətin tanınması barədə qanun və qərarlar qəbul olunmuşdur.

 Tehran Universitetinin professoru Əmir Əhmədiyan ermənilərin vəhşiliklə törətdikləri Xocalı soyqırımının baş verməsinin siyasi səbəbləri, səfirliyin birinci katibi Kənan Nəzərov faciə və onun dünya birliyi tərəfindən tanınmasının beynəlxalq hüquqi aspektləri barədə məruzə ilə çıxış etmişlər.

Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuş, foto və kitablar sərgilənmiş, iştirakçılara əyani vəsaitlər paylanmışdır.

 

Sabir ŞAHTAXTI,

AzərTAc-ın xüsusi müxbiri

 

Tehran

 

Berlin

 

Erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş dəhşətli cinayətin 20-ci ildönümü ilə əlaqədar Almaniya paytaxtının mərkəzində, Kayzer Vilhelm kirxasının qarşısındakı meydanda mitinq keçirilmişdir.

Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi (AAƏM) və "Almaniyada Azərbaycan Evi" tərəfindən birgə təşkil edilmiş bu mitinqin iştirakçıları arasında Azərbaycan diasporunun nümayəndələri, Almaniya paytaxtının qonaqları, Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, soyqırımı dəhşətlərinin canlı şahidləri - "Almaniyada Xocalı günləri" silsilə tədbirlərində iştirak etmək üçün buraya gəlmiş Xocalı sakinləri də vardı.

Tədbirə toplaşanlar erməni silahlı dəstələri tərəfindən insanlığa qarşı törədilmiş cinayət və 1949-cu il Cenevrə Konvensiyasının Ermənistan tərəfindən pozulması barədə məlumatı Almaniya ictimaiyyətinə çatdırmaq məqsədilə şəhər sakinlərinə sənədli sübutlar - amansızcasına güllələnmiş uşaqların, qadınların və qocaların fotoşəkillərini təqdim etmişlər. Erməni işğalçılarının cinayətlərindən bəhs edən, müxtəlif dillərdə hazırlanmış çoxlu mətbu materiallar masalar üzərində düzülmüşdü. Bu materiallar arasında Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş kitabçalar xüsusi yer tuturdu.

Mitinqdə çıxış edənlər 20 il bundan əvvəl baş vermiş faciə, Ermənistan Respublikası tərəfindən Azərbaycana qarşı təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat vermişlər. Tədbirin fəal iştirakçıları oradan keçən insanlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və Yerevanın təcavüzkar siyasəti barədə informasiyanı əks etdirən lifletlər paylamışlar.

AAƏM-in icraçı direktoru Samirə Patser-İsmayılova AzərTAc-ın müxbirinə demişdir: "Nasizm dövründən bu gün Avropa İttifaqı xalqlarının çoxmillətli ailəsində lider rolu oynayan ölkəyə qədər dramatik təkamül yolu keçmiş Almaniyada bu cür tədbirlər keçirilməsi xüsusilə vacibdir. Nasional-sosialist rejiminin mənfur və cinayətkar mahiyyətinin alman xalqı tərəfindən dərk edilməsi, İkinci dünya müharibəsi illərində nasistlər tərəfindən törədilmiş cinayətlərə görə yeni Almaniyanın yəhudi xalqından və dünyanın digər xalqlarından üzr istəməsi sayəsində almanların yeni nəsli keçmişin ağır mənəvi yükündən xilas olmuş və yeni tipli - müharibəsiz, milli və irqi zəmində nifrət hissindən azad Avropaya inteqrasiya olunmalarına imkan vermişdir. Buna görə erməni xalqı da almanların müharibədən sonrakı nəslindən ibrət götürməli, yeni ərazilər ələ keçirmək doktrinasının cinayətkar xarakterini başa düşməli, özündə cəsarət taparaq daşnak ideologiyasını pisləməli və əcdadları tərəfindən törədilmiş qanlı cinayətlərə - 1918-ci ildə Bakı, Salyan, Lənkəran, Xaçmaz, Quba və Şamaxıda törədilmiş qırğınlara, 1988-ci ildə Spitakda və Qukarkda talanlara, Ermənistan dövləti tərəfindən 1992-ci ildə Xocalıda törədilmiş soyqırımına görə Azərbaycan xalqından üzr istəməlidir. O günün çatması, ermənilərin belə bir addım atması çox vacibdir. Bu, onların əcdadlarından miras qalmış ağır cinayətlərin yükündən azad olmasına və Cənubi Qafqazın sülhsevər xalqları ailəsinə qoşulmasına imkan verər".

"Almaniyada Azərbaycan evi" təşkilatının rəhbəri Tofiq Qarayev qeyd etmişdir ki, ermənilərin cinayətlərini pisləyən tədbirlər və kütləvi aksiyalar keçirilməsi avropalıların həqiqəti yalandan, təqsirkarı qurbandan fərqləndirməsinə imkan verir. Tofiq Qarayev vurğulamışdır: "Biz regionda baş verən siyasi proseslər barədə Almaniya ictimaiyyətini məlumatlandırmaqda davam edəcəyik".

Mitinqdən videoreportaj YouTube saytında yerləşdirilmişdir: http:www.youtube.comwatch?RlmsyBUICWI.     

***

Berlin şəhərinin "Am Festugsgraben" sarayının sərgi salonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sərgi açılmışdır. 

Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall-ın təşəbbüsü, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patser-İsmayılovanın birgə dəstəyi ilə təşkil olunmuş bu sərgidə Maqdeburqdakı "Valdorf" özəl məktəbinin "Biz sülh istəyirik" kampaniyası çərçivəsində şagirdlərin boyakarlıq işindən ibarət ekspozisiya nümayiş etdirilmişdir.

Sərgidə nümayiş olunan rəsmlərə münsiflər heyətinin üzvləri Elnarə İsmayılova və Thomas Mohs tərəfindən rəy verildikdən sonra Mərkəzi Şuranın prezidenti Tengis Sade Baron zu Romkerhall tərəfindən qaliblərə - Marlene Fiedler, Yorinde Fritş və  Karl Davlisə diplomlar və pul mükafatları təqdim edilmişdir. Sonra Maqdeburqdakı "Valdorf" özəl məktəbinin şagirdləri latın dilində "Allah, bizə sülh göndər" mahnısını ifa etmişlər.

Sərgidə iştirak edən şagirdlər və müəllim heyəti Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu qeyd etmiş, tədbirin təşkili və şagirdlərə göstərilən böyük dəstək üçün Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova minnətdarlıqlarını bildirmişlər.

***

Almaniyanın paytaxtındakı "Berlin-Bakı" qalereyasında azərbaycanlı gənc rəssamların Xocalı soyqırımı mövzusunda əsərlərinin sərgisi açılmışdır.

Sərginin açılışında qalereyanın rəhbəri, əslən azərbaycanlı olan tanınmış alman rəssamı İbrahim Əhrari, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, AFR-in sabiq dövlət katibi, Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycanın xalq rəssamı Səlhəb Məmmədov və Xocalı sakini, o faciəli hadisələrin canlı şahidi olmuş Aliyə Abışova çıxış etmişlər.

Sərgiyə gələnlərin diqqətinə ADRA tələbələrinin işləri təqdim edilmişdir. Bu əsərlərdə müəlliflərin 20 il bundan əvvəl keçirdiyi hislər və iztirablar duyulur.

***

"Almaniyada Xocalı günləri" silsilə tədbirlər çərçivəsində Almaniya paytaxtındakı "Palais am Festugsgraben" zalında türkiyəli rejissor Cem Oğuzun çəkdiyi "Qaçqın: Anar Usubovun uzun yolu" adlı sənədli filmin təqdimatı olmuşdur.

Tədbirin açılışında Humboldt Universi

tetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva-Mariya Aux qısa giriş nitqi söyləmişdir. Film nümayiş etdiriləndən sonra əsərin baş qəhrəmanı, Xocalı qaçqını Anar Usubov tədbirə toplaşanlar qarşısında çıxış etmişdir.

Filmə Youtube internet resursunda baxa bilərsiniz: 

http:www.youtube.comwatch?v=NBuOLrs-0h8.   

***

Almaniya Bundestaqının İnsan hüquqları komitəsinin DIE LINKE (solçular) fraksiyasından olan deputatları Katrin Verner və Annette Qrot erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı soyqırımı aktının törədilməsinin 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış etmişlər.

"Xocalı qətliamını ağır müharibə cinayəti olaraq qiymətləndirmək lazımdır", - deyən deputatlar Katrin Verner və Annette Qrot 20 il bundan əvvəl ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirdikləri soyqırımı aktının dəhşətli mənzərəsini göz önünə gətirmək üçün nüfuzlu beynəlxalq insan hüquqları təşkilatlarının bu qətliama verdikləri qiyməti bir daha xatırlatmışlar. Bildirmişlər ki, "Human Rights Watch" və Rusiyanın insan hüquqları mərkəzi olan "Memorial" təşkilatları bu faciəni  Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin ən dəhşətli qətliamı adlandırmışlar. Almaniyalı deputatlar bildirmişlər ki, Xocalıya hücum zamanı arasında xeyli sayda müharibə qaçqınlarının, xəstələrin, qocaların, qadınların və uşaqların da yer aldığı 600-dən çox azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilmişdir.

Deputat Katrin Verner demişdir: "Xocalı qətliamı Ermənistan və Azərbaycan arasında uzun sürən münaqişələr tarixində kədərli və qəddar bir pik nöqtəsini təşkil edir. Qətliamın qurbanlarının xatirəsini dərin hüznlə yad edir, onların ailə üzvləri və varislərinin ağrısını bölüşürəm. Dinc mülki əhalinin kütləvi öldürülməsi üçün heç bir bəraət ola bilməz. Ermənistan müharibə zamanı humanitar hüququ kobud şəkildə pozmuş və bununla da ağır hərbi cinayət törətmişdir. Bu qətliam inkar edilə və ya başqa cür qiymətləndirilə bilməz. Bu, bir tarixi faktdır. Yalnız günahın qəbul edilməsi ilə yaralar sağaldıla və barışığa nail oluna bilər".

Xanım Annette Qrot isə bildirmişdir: "Cinayəti təkcə adı ilə adlandırmaq kifayət etmir. Bundan nəticələr çıxarmaq lazımdır ki, belə hadisələr bir də baş verməsin. Qurbanlar müdafiə olunmalı və cinayətkarlar cəzalandırılmalıdırlar. O zamankı milis dəstələrinin hələ də cəzasızlıq şəraitində ictimaiyyət arasında Xocalıda xeyli sayda azərbaycanlını qətlə yetirməklə fəxr etmələri insanı alçaldan həyasızlıqdır. Almaniya Cinayət Məcəlləsinin 189-cu maddəsində kütləvi cinayət qurbanlarının xatirəsinə hörmətsizliyin qadağan olunması yaxşı haldır. Cinayətin inkar edilməsinin özü cinayətin bir hissəsidir və cəzasız qala bilməz".

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video