28 Fevral 2012 01:02
396
SİYASƏT
A- A+

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar İstanbulun Taksim meydanında izdihamlı yürüş-mitinq keçirilmişdir

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da  Türkiyənin İstanbul şəhərinin tarixi Taksim meydanında izdihamlı yürüş-mitinq keçirilmişdir.

Qardaş ölkədə 175 mindən çox insan 20 il bundan əvvəl erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq işinə dəstək vermək üçün İstanbulun mərkəzinə - Taksim meydanına toplaşmışdır. Türkiyə hələ bu cür izdihamlı yürüş-mitinq yaşamamışdı. "Bir millət, iki dövlət - Xocalıya ədalət!" şüarı altında Türkiyə vaxtı ilə saat 14.00-da İstanbulun Qalatasaray liseyinin önündən başlayan aksiya Taksim meydanına istiqamət götürdü.

Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı, bir çox ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri və onları dəstəkləyənləri, indiyədək Xocalı soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar "Biz hamımız xocalılıyıq", "Xocalıya ədalət!", "Bir millət, iki dövlət", "Erməni yalanlarına son!", "Qarabağ bizimdir, bizim də olacaq!", "Erməni cavab verəcəkdir", "Qəlbimizdə Xocalı", "Azərbaycan xalqı tək deyil!" və s. şüarları səsləndirirdilər. Bu möhtəşəm aksiyanın əsas məqsədi 20 ildir susan beynəlxalq ictimaiyyətin diqqətinə  dəhşətli cinayətin əsl həqiqətlərini çatdırmaqdır. Azərbaycanın, xocalılıların dərdinə şərik olmağa gələn on minlərlə insanın bir amalı vardır: Yer üzündə Xocalı faciəsi kimi cinayətlər təkrarlanmasın! Xocalı qətliamını törədən cinayətkarlar cəzasız qalmasın! Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Bu yürüş onu nümayiş etdirmişdir ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının VI sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və üzv dövlətlər həmin faciəyə siyasi-hüquqi qiymət verilməsinə çağırılmışdır. Pakistan və Meksikanın parlamentləri tərəfindən bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələr qəbul olunmuşdur. ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul etmişdir.

Yürüşün təşkilatçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini anma təşkilatı, dərnəklər, Türkiyədə fəaliyyət göstərən müxtəlif  xalqların diasporları, qardaş ölkənin təhsil ocaqlarıdır.

Aksiyada iştirak edən Milli Məclisin deputatları da AzərTAc ilə fikirlərini bölüşmüşlər.

Milli Məclisin deputatı Mübariz Qurbanlı Taksim meydanında keçirilən yürüş-mitinqi şərh edərək demişdir: "İstanbul dünyanın ən böyük şəhərlərindən biridir. Düşünürəm ki, burada səslənən fikirlər dünyanın bütün ölkələrində, beynəlxalq təşkilatlarda əks-səda doğuracaq və Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılan ən mühüm addımlardan biri olacaqdır. Bütövlükdə bu tədbirlər silsilə olaraq davam edəcəkdir. Əminəm ki, "Xocalıya ədalət!" istiqamətində atdığımız bu addımlar öz müsbət nəticəsini verəcəkdir".

Deputat Qənirə Paşayeva isə demişdir: "Biz gələcək nəslə, bütün dünyaya çatdırırıq ki, bu soyqırımının unudulmasına heç vaxt imkan verməyəcəyik. Bu soyqırımını türk xalqının problemi kimi qəbul edirik və birlik nümayiş etdiririk. Türk xalqı da bunun üçün əlindən gələni edəcəkdir".

Deputat Jalə Əliyeva vurğulamışdır: "Yerli əhalinin də dediyinə görə son dövrlərdə İstanbulda belə bir izdiham olmamışdır. Bu gün bütün dünya, Taksim meydanında baş verənləri izləyən hər bir insan Azərbaycanın haqq səsini eşidir. Buradan bizləri eşidən hər kəs bir daha bilsin ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bölgədə ikinci Ermənistan Respublikası qurula bilməz. Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcəkdir. Bu mübarizə "Xocalıya ədalət!" zəfər çalanadək davam etdiriləcəkdir".

"Bu yürüş xarici və beynəlxalq təşkilatların, bəzi dövlətlərin siyasi rəhbərlərinin yatmış vicdanlarının oyanmasına səbəb olacaqdır. Çünki Türkiyənin bütün KİV-lərində bu yürüş haqqında, Xocalı soyqırımı barədə məlumatlar verilir. Bizim də məqsədimiz odur ki, Xocalı soyqırımı aktı beynəlxalq təşkilatlar tərəfindən tanınsın və hüquqi qiymətini alsın. Beynəlxalq hüququn normalarına və prinsiplərinə istinad edərək burada soyqırımının baş verməsi qəbul olunsun", - deyə deputat Çingiz Qənizadə bildirmişdir.

Türkiyə ilə strateji tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanı regionda sabitliyin əsas təminatçısına çevirmişdir. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət kimi Türkiyə bütün sahələrdə ölkəmiz ilə səmərəli əməkdaşlıq qurmuşdur. Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında qardaş ölkənin xüsusi yeri vardır. Müstəqilliyimizi bərpa etdiyimiz son 20 ildə bütün sahələrdə hər iki ölkənin eyni mövqedən çıxış etməsi, 2010-cu ildə Azərbaycan ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması Azərbaycanın xarici siyasətinin uğurlu nəticələri sırasında mühüm yerini qoruyub saxlayır. Ən əsası isə Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqe heç nə ilə əvəz olunmayacaq milli dəyər kimi xalqlarımızın bir-birinə olan hörmətindən, "Bir millət, iki dövlət!" prinsipindən qaynaqlanır.

Yürüş Taksim meydanında izdihamlı mitinqlə davam etmişdir. On minlərlə insan Xocalı faciəsinin 20-ci ildönümündə bir daha Azərbaycanın dərdinə şərik olduqlarını bildirmişdir. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mitinqdə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilmişdir.

Xocalı faciəsinin 20 illiyi günündə keçirilən bu möhtəşəm aksiyada vətənpərvərlik mahnıları səsləndirilmişdir. Ermənilərin özününküləşdirməyə cəhd göstərdiyi milli "Sarı gəlin" mahnısı da ifa edilmişdir. Səmaya qara şarlar buraxılmışdır.

Tədbirdə çıxış edən Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bu gün ölkəsində fərqli bir günün yaşandığını bildirərək demişdir: "Bizim utanc gətirəcək tariximiz yoxdur. Türk xalqının yumruğu olarsa, haqq-ədalət mütləq öz yerini tapacaqdır. Azərbaycanın ağrısı bizim ağrımız, Azərbaycanda axıdılan qan bizim qanımızdır. Var olsun türk xalqının birliyi".

Xocalı soyqırımı zamanı anasından başqa bütün qohumlarını itirmiş, bu faciə ilə eyni yaşda olan Zərifə Quliyeva  İstanbula "Xocalıya ədalət!" deyib gəldiyini söyləmişdir. Bu gənc Fransa və Ermənistan prezidentləri Nikola Sarkozi və Serj Sarkisyana ünvanladığı məktubda da onları Xocalı soyqırımını tanımağa çağırmışdır.

Digər çıxış edənlər də dünya ictimaiyyətini Xocalı soyqırımına ədalətli qiymət verməyə çağırmışlar. Vurğulanmışdır ki, Taksimdə toplaşan on minlərlə insan ədalət tələb edir. Bu cür aksiyanın həm Avropa, həm də Asiya qitələrində yerləşən İstanbulda keçirilməsi bir çox məqamlar ilə əlamətdardır. Bu yürüş ədalətə çağırış olmaqla yanaşı, həm də Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir.

 Azərbaycan xalqının dərdinə şərik olmağa gələn qardaş ölkənin nümayəndələri də AzərTAc-ın müxbiri ilə söhbətində fikirlərini bölüşmüşlər.

"Xocalı şəhərində həyata keçirilən soyqırımı aktını, dünyada misli görünməmiş faciə və insanlığın məhvinə yönəlmiş vandalizmdir", - deyən İstanbulun valisi Hüseyin Avni Mutlu bu cinayətləri törədənlərin tezliklə cinayətə cəlb olunacaqlarından, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən əminlik ifadə etmişdir.

Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Mus isə demişdir: "Erməni faşistlərinin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklər hər bir türk vətəndaşının ürəyini ağrıdır. Bu hadisə heç zaman yaddaşlardan silinməyəcəkdir. Xocalı soyqırımı şahidlərin gözü ilə dünya ictimaiyyətinə çatdırılmalı, gələcək nəsillərə ötürülməlidir. Ermənilər azərbaycanlı qardaşlarımızı, bacılarımızı insanlığa sığmayan vəhşiliklə qətlə yetirmişlər. Bu çox böyük bir faciədir. İnşallah bu soyqırımını bütün dünya tanıyacaqdır və ermənilərin iç üzü üzə çıxacaqdır".

Yürüş-mitinqin sonunda mətbuata açıqlama oxunmuşdur. Açıqlamada bütün dünya ölkələrindən XX əsrin ən dəhşətli cinayəti olan Xocalı qətliamının soyqırımı kimi tanınması, bu vandalizm aktını törədənlərin cəzalandırılması tələb olunur.

Fevralın 26-da İstanbulun tarixi Taksim meydanındakı izdiham bir daha sübut etmişdir ki, erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımı təkcə azərbaycanlılara deyil, bütün bəşəriyyətə yönəlmiş bir cinayətdir. Bu cinayəti törədənlərin cəzalandırılması üçün bütün sülhsevər insanların həmrəyliyi vacibdir.

İstanbulda ədalət uğrunda keçirilən aksiyada Azərbaycanın və Türkiyənin deputatları, hər iki ölkənin dövlət və hökumət, diplomatik korpusun və beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, qardaş ölkənin 35 şəhərindən təmsilçilər, Fransa, İngiltərə, Ukrayna, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən qonaqlar, yerli və xarici KİV-lərin nümayəndələri iştirak etmişlər.

 

Albina ATLIXANOVA,

AzərTAc-ın xüsusi müxbiri

 

İstanbul

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video