16 Noyabr 2021 00:19
2896
SİYASƏT
A- A+

Xilaskarın quruculuq missiyası

 

İlham Əliyevin bir il öncəki Qələbə səfəri ilə Qarabağın və Şərqi Zəngəzurun yeni həyatının təməli qoyuldu

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsinin bitməsindən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıla ilk səfəri tariximizin möhtəşən zəfərimizdən sonrakı yeni dönüş anı idi. Qalib sərkərdənin bu Qələbə səfəri hərb gücünə əldə etdiyimiz böyük zəfərin təntənəsi, işğal dövrünün bitməsinin azad edilmiş torpaqlarımızdan dünyaya bəyan olunması idi.

 

Qarabağın tarixini dəyişdirən səfər

 

Uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası ilə bağlı planların icra olunacağını açıqlayan dövlət başçısı Qarabağa ilk səfəri zamanı düşmənin yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanıldığını da bəyan etdi.

Bütün Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli, Cəbrayıl şəhərlərində, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırmaqla yanaşı, bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparan Füzuli-Şuşa avtomobil yolunun və ya “Zəfər” yolunun da təməlini qoydu. Bu layihə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən birinci layihə olduğu üçün onun icrasının xüsusi tarixi əhəmiyyəti var. Təxminən bir il ərzində reallaşan bu layihənin digər üstünlüyü Şuşaya getmək imkanlarının asanlaşdırılması oldu. Həmin yol çəkilənədək Şuşaya yalnız Ağdamdan getmək mümkün idi. İndi isə Şuşaya birbaşa Füzulidən də getmək olur.

Vətən müharibəsinin bitməsindən ötən müddət ərzində Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə işğaldan azad edilmiş torpaqlarımızda yalnız bərpa, yenidənqurma işləri aparılıb. Dövlət başçısının təşəbbüsü ilə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, ərazilərdə müasir şəhərsalma planlaşdırılmasının həyata keçirilməsi, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi həmin ərazilərin çox tezliklə nəinki Qarabağın, eləcə də bütün regionunun ən müasir rayon və şəhərlərinə çevriləcəyinə təminat verir.

Prezident İlham Əliyevin Qarabağa  -ötən bir il ərzində işğaldan azad edilmiş rayonlara etdiyi bütün səfərlər və bu səfər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Bütün bunlara görədir ki, müharibənin bitməsindən çox az vaxtın - cəmi bir ilin keçməsinə baxmayaraq, Böyük qayıdış proqramının ilk mərhələsi artıq reallaşdırılmaq üzrədir. Azərbaycan müharibədən yeni çıxan ölkə olsa da, onun sürətlə apardığı yenidənqurma işləri sayəsində cari ilin sonuna qədər Zəngilan köçkünlərinin bir qisminin öz doğma yurd-yuvalarına geri qayıtması real olacaq.

Prezidentin Qarabağa səfərləri yalnız yeni layihələrin icrası ilə yadda qalmadı. Dövlət başçısı elə ilk səfəri zamanı Azərbaycanın necə vandal bir düşmənlə üz-üzə qaldığını, onun tarixi Azərbaycan torpaqlarında hansı vəhşiliklər törətdiyini bütün dünyaya göstərdi.

 

Savaşdan sonrakı quruculuq

 

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun sözlərinə görə, ölkə Prezidentinin 16 noyabrda işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri bir çox mənalarda böyük əhəmiyyət kəsb etdi. Azərbaycan Prezidentinin istənilən səfəri, ilk növbədə, ölkə və həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Prezident bu səfəri zamanı Ermənistanın işğalçılıq siyasətinin, vandalizminin izlərini bütün dünyaya nümayiş etdirdi. Bu, beynəlxalq informasiya müstəvisində ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə xidmət etdi. Bununla yanaşı, Prezident işğal altında olmuş ərazilərimizin yenidən qurulması ilə bağlı strategiyasını səsləndirmiş oldu.

Deputat hesab edir ki, ümumiyyətlə, Azərbaycan yalnız müharibə dövründə deyil, savaşdan sonra da unikal davranış nümayiş etdirib. 44 günlük Vətən müharibəsində əsl müasir müharibə nümunəsi nümayiş etdirən ölkəmiz postmüharibə mərhələsində də unikal davranıb. Belə ki, dünya tarixi təcrübəsindən çıxış etmiş olsaq, görərik ki, müharibə aparmış ölkələr uzun zaman iqtisadiyyatlarının bərpası ilə məşğul olurlar. Azərbaycan cəmiyyəti isə müharibənin iqtisadi təsirlərini ümumiyyətlə hiss etməyib. Bundan başqa, torpaqlarımız işğaldan azad olunan kimi ərazidə kompleks tikinti-quruculuq işlərinə başlanılıb: “Hələ müharibənin getdiyi dövrdə, yəni ötən il oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında fərman imzaladı. Bu, işğaldan azad olunmuş ərazilərimizlə bağlı gələcək strategiyamız haqqında öncədən təsəvvür formalaşdırırdı. Yəni bu həm də ərazilərimizin yenidən qurulması istiqamətində artıq ilkin inzibati addımların atılmasının göstəricisi idi. Həqiqətən də, müharibə bitdikdən, təcavüzkar Ermənistanı 10 noyabr tarixində kapitulyasiya sənədini imzalamağa məcbur etdikdən dərhal sonra Azərbaycan ərazilərində genişmiqyaslı tikinti-yenidənqurma işlərinə başladı. Bu istiqamətdə ölkə Prezidenti İlham Əliyevin strateji baxışları, iradəsi və əzmi göz önündədir. 10 noyabr tarixində birgə bəyanatın imzalanmasından cəmi altı gün sonra, yəni noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi qeyd olunanların təsdiqidir”.

E.Mirbəşiroğlu əlavə edir ki, Prezident işğaldan azad edilmiş ərazilərimizə səfərlərini sistemli olaraq davam etdirməkdədir. Ölkə rəhbəri artıq azad olunmuş bütün ərazilərimizə səfərlər edib. Prezidentin işğaldan azad edilmiş ərazilərimizə ilk səfərindən ötən bir il ərzində Qarabağın siması sürətlə dəyişib: “Artıq cəsarətlə qeyd etmək olar ki, Füzuli Qarabağın nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməkdədir. Bu ilin əvvəlində Füzulidə hava limanının inşası ilə bağlı Azərbaycan Prezidentinin qərarından cəmi 8 ay sonra işlər artıq yekunlaşmışdı. Olduqca sıx minalanmış bir ərazidə belə qısa zaman kəsiyində beynəlxalq standartlara cavab verən beynəlxalq hava limanının inşa olunması dünya təcrübəsində rast gəlinməyən haldır. İlk dəfə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkə Prezidenti İlham Əliyev Qarabağda qarşıladı. Digər tərəfdən cənab Prezidentin Şuşaya davamlı səfərləri Azərbaycanın mədəniyyət beşiyi olan bu səhərə yeni həyat bəxş edib. Prezident tərəfindən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib”.

Ölkə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə intensiv səfərləri həmin ərazilərin yenidən qurulması prosesinin daha səmərəli getməsi baxımından olduqca əhəmiyyətlidir. Belə ki, dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən tikinti-quruculuq işləri ərazilərin tezliklə, həm də effektiv məskunlaşdırılmasını şərtləndirəcək. Ayrıca olaraq vurğulamaq lazımdır ki, işğal altında olmuş ərazilərin böyük iqtisadi potensialının ümumi milli iqtisadi inkişaf dövriyyəsinə qatılması üçün də sürətli və keyfiyyətli quruculuq işlərinin həyata keçirilməsi zəruridir. Ölkə Prezidentinin də strateji yanaşması məhz bundan ibarətdir.

E.Mirbəşiroğlu ötən dövr ərzində - 2021-ci ilin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsinin imzalanmasını ən mühüm işlərdən biri kimi dəyərləndirir. Onun fikrincə, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin yeni səhifəsini şərtləndirdi. Bundan başqa, bu siyasi əhəmiyyətli sənəd təhlükəsizliyimizin təmin olunmasına da mühüm töhfə vermək gücündədir.

 

Xarabalıqlardan “ağıllı şəhərə”...

 

Prezidentin Qarabağa ilk səfəri zamanı Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşdə iştirak edən AMEA-nın İqtisadiyyat İnstitutunun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzininin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev elə həmin görüşdə Prezidentin simasında bir əzmkarlıq, qətiyyət, Qarabağın yenidənqurulması ilə bağlı aydın planın olmasını gördüyünü söyləyir.

Onun sözlərinə görə, bu əzm və qətiyyəti bir il əvvəl müharibə gedən zaman da görürdük. O zaman dövlət başçısı bütün təzyiqlərə baxmayaraq, müharibədə qələbə çalmaq, sona qədər getmək əzmində idi. Bu gün isə o, azad edilmiş torpaqları yenidən bərpa etmək, dirçəltmək əzmindədir. Bunun üçün isə əvvəlcə həmin ərazilərdə təhlükəsizlik təmin edilməli idi. Son bir il ərzində bu istiqamət üzrə də mühüm işlər görülüb.

Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salan iqtisadçı alim qeyd edir ki, artıq Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub.

Mərkəz rəhbəri hesab edir ki, Qarabağda hava yolunun açılması, avtomobil yolu və dəmiryollarının inşası, habelə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan müasir infrastruktura malik nəqliyyat qovşağına çevriləcək.

Alim qeyd edir ki, bərpa və yenidənqurma işləri olduqca böyük vəsait tələb etdiyindən proses yalnız dövlət resursları ilə deyil, xarici ölkələrin, şirkətlərin qoyduğu investisiyaları dəyərləndirməklə həyata keçirilir. Bu prosesdə Türkiyə, İsrail, İtaliya, Çin və s. ölkələrin qabaqcıl şirkətlərinin iştirakını xüsusi qeyd etmək lazımdır.

 

Təkcə tikinti-quruculuq işlərinə deyil, kənd təsərrüfatının canlanmasına da diqqət yetirilir

 

A.Musayev əlavə edir ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma layihələri çərçivəsində təkcə tikinti-quruculuq işləri deyil, kənd təsərrüfatının canlanması və inkişafı məsələsinə də ciddi diqqət yetirilir. İşğaldan qabaqkı dövrdə ölkə üzrə əkin sahələrinin 7,7 faizi, üzümçülüyün 24,7 faizi, taxılçılığın 14,3 faizi, tütünçülüyün 11,6 faizi, bostançılığın 5,3 faizi, kartofun 3,3 faizi, pambıqçılığın 2,7 faizi, tərəvəzin 2,3 faizi, meyvə və giləmeyvə sahələrinin 1,8 faizi Qarabağ və ətraf rayonların payına düşürdü. Burada 1,213 milyon  hektar (ha) torpaq sahəsinin yarısı - 591,776 min ha əkinə yararlı, 231,056 min ha əkin, 351,822 min ha örüş-otlaq və biçənək sahəsi, 8,898 ha həyətyanı sahədir. İşğaldan azad edilmiş ərazilərdə 2021-ci ilin məhsulu üçün payızlıq və yazlıq əkinlər daxil olmaqla, 8,9 min ha sahədə taxıl əkinləri həyata keçirilib. Azad olunmuş rayonlarda yalnız heyvandalıq üçün deyil, əlverişli təbii-iqlim şəraitinə və zəngin bitki örtüyünə malik olduğundan arıçılığın inkişafı üçün də böyük potensial var. Artıq azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatı köçürülüb.

 A.Musayev ölkə prezidentinin yürütdüyü düzgün iqtisadi siyasət nəticəsində sadalanan bütün imkanlardan yetərincə istifadə ediləcəyinə, ötən bir il ərzində görülən bütün işlərin səmərəli nəticə verəcəyinə də əmindir.

 

Azad edilmiş ərazilər tamamilə dəyişir

 

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ilk səfər etməsindən ötən bir il ərzində həmin ərazilərin intensiv şəkildə bərpa və yenidənqurulması müşahidə edilir. Bir il uzun müddət olmasa da, azad edilmiş ərazilər tamamilə dəyişib və quruculuq işləri sürətlə davam edir: “Nəzərə alaq ki, Qarabağın hava qapısı artıq hazırdır. Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq reysləri qəbul etmək imkanına malikdir. Eyni zamanda azad edilmiş ərazilərdə 600 kilometrdən çox avtomobil yollarının salınması və təmiri həyata keçirilir. Həmin ərazilərdə çoxsahəli və genişmiqyaslı işlər aparılır. Digər tərəfdən, Zəngəzur dəhlizinin təməli qoyuldu”.

V.Bayramov xatırladır ki, Füzuli-Horadiz-Cəbrayıl-Ağbənd avtomobil yolu, eyni zamanda Horadizlə Zəngilanı birləşdirəcək dəmiryolu xətti məhz Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu isə ondan xəbər verir ki, həmin ərazilərin nəqliyyat-logistik xəritəsi tamamilə dəyişdirilir.

Deputat hesab edir ki, bu gün azad edilmiş ərazilərdə reallaşan bərpa və yenidənqurma işləri həm də gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir təməldir: “Azərbaycan quruculuq işlərini davam etdirir. Bu istiqamətdə yeni layihələr, yeni planlar həyata keçirilir. İstər Şuşa şəhərində, istər digər rayon və şəhərlərdə genişmiqyaslı və intensiv işlər aparılır. Artıq Ağdam, Cəbrayıl, Füzulinin baş planları təsdiq edilib. Həmin şəhərlərin salınması, yenidənqurulması ilə bağlı işlər həyata keçirilir. Həmin ərazilərin bərpası fonunda ilin sonuna yaxın məskunlaşma prosesinin başlayacağını müşahidə edəcəyik”.

V.Bayramov ilkin qiymətləndirmələrə əsasən bunu da nəzərə çatdırır ki, bərpa və yenidənqurma işlərindən sonra həmin ərazilər Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdırmaq potensialına malik olacaq. Azad edilmiş ərazilərin iqtisadiyyatının dirçəldilməsi və onun ölkəmizin ümumi iqtisadi sisteminə reinteqrasiyası əlavə olaraq ildə 5 milyard əlavə dəyərin yaradılmasına imkan verəcək. Zəngəzur dəhlizinin açılması və Qarabağda bu gün intensiv yaradılan nəqliyyat qovşağı beynəlxalq nəqliyyat şəbəkəsinə inteqrasiya edildiyi halda bu məbləğin xeyli artacağını gözləmək olar.

V.Bayramov əmindir ki, həyata keçirilən bərpa-yenidənqurma mərhələsi həmin ərazilərin iqtisadiyyatının formalaşması, həmin ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiya baxımından yeni imkanlar yaradır və çox tezliklə Qarabağa - uzun müddət işğal altında qalmış ərazilərə həyat qayıdacaq.

Ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş Qarabağ torpaqları ilə bağlı hədəfləri çoxdur. Bu hədəflərə nail olmaq üçün qarşıda dayanan əsas vəzifə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada yenidənqurma işlərinin daha sürətlə və daha geniş miqyasda aparılmasını təmin etməkdir. Prezident İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində çox qısa zamanda Qarabağın yenidən dirçələcəyinə şübhə edilə bilməz.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video