28 Fevral 2012 12:02
396
SİYASƏT
A- A+

Xarici ölkələrdə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

Çexiya

 

Azərbaycanın Çexiyadakı səfirliyi və Azər-Çex Cəmiyyətinin birgə təşkilatçılığı ilə Praqanın mərkəzi Namesti Miru meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı "Xocalıya ədalət - Xocalıya işıq" devizi altında aksiya keçirilmişdir.

Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Müqəddəs Ludmila tarixi məbədinin qarşısında Xocalıya həsr olunmuş  fotosərgi təşkil edilmiş, çex dilində hazırlanmış 1000-dən çox buklet və broşürlər paylanılmışdır. Tədbirlə yüzlərlə çex və xarici turist maraqlanmış, onlara ermənilərin Xocalıda törətdikləri dəhşətli cinayətlər barədə ətraflı məlumat verilmişdir.

Aksiyada çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Xocalı İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Əliyev, Ostrava şəhər muzeyinin rəhbəri David Mayer və başqaları tədbir iştirakçılarına Xocalı soyqırımı haqda ətraflı məlumat vermişlər. Xocalı faciəsi Çexiyanın Liditse şəhərində alman faşistləri tərəfindən törədilmiş hadisələrlə müqayisə olunmuşdur.

Axşam saatlarında isə meydanın mərkəzində 613 şam vasitəsilə yazılmış Xocalı sözü iştirakçılar tərəfindən simvolik olaraq yandırılmışdır. Şəhər sakinlərinin də böyük marağına səbəb olmuş bu tədbir "Sarı gəlin" mahnısının sədaları altında başa çatmışdır.

* * *

Fevralın 24-də Praqada təhsil alan azərbaycanlı tələbələr Azərbaycanın Çexiyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar şəhərin mərkəzində yerləşən və daim gur insan axını ilə seçilən Respublika Meydanında (Namesti Respubliky) çadır quraşdırmışlar.

Çadırda tədbir boyu Xocalı soyqırımına dair sənədli film, eləcə də "Xocalıya ədalət!" kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir. Bundan əlavə, "Azərbaycan Hava Yolları" QSC-nin Çexiya nümayəndəliyinin və Praqada yaşayan azərbaycanlıların dəstəyi ilə tədbir iştirakçılarına çay, təbii meyvə şirələri və Azərbaycan şirniyyatı təklif edilmişdir.

Praqanın şimal-qərbində yerləşən Liditsedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilmiş, 340 insanın, o cümlədən 88 uşağın həyatına son qoyulmuşdur. Bu baxımdan Xocalı və Liditse bir növ eyni taleyi yaşamış məkanlar olduğu üçün çadırın ətrafında "1942 Liditse - 1992 Xocalı" stendi və eləcə də Xocalı soyqırımını əks etdirən fotostendlərdən ibarət sərgi də təşkil edilmişdir. Həmçinin Çexiyanın məşhur fotoqrafı, bir neçə dəfə Azərbaycanda səfərdə olmuş M.Kupsanın ölkəmizdə çəkdiyi fotoşəkillər də sərgilənmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə, Ostrava Muzeyinin baş kuratoru David Mayer, jurnalist Eldar Vəliyev və Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış etmişlər.

Azərbaycan səfiri Xocalı soyqırımı barədə məlumat vermişdir. Çıxışı zamanı T.Tağızadə Çexiyanın sabiq Prezidenti Vatslav Havelin inqilabdan sonra dediyi "Gələcəyi qurmaq üçün arxaya baxmamalıyıq" kəlamını xatırlatmışdır. Vurğulamışdır ki, bunu o halda etmək olar ki, keçmişdə baş verən hadisələrə hüquqi qiymət verilsin. Səfir qeyd etmişdir ki, Çexiya Prezidentinin gerbinin qədim qusit şüarı "Həqiqət qələbə çalır" ifadəsini açıqlayır və bu qədər iştirakçının tədbirə qatılması ermənilərin uydurma arqumentlərinin ifşa olunduğunu göstərir.

Tədbirin meydandan keçən insanlar arasında böyük maraq doğurduğu müşahidə edilirdi. Təşkilatçıların müşahidəsinə əsasən, tədbir boyu təxminən 1500 nəfərə çex dilində Xocalı faciəsi haqqında çap olunmuş vərəqələr paylanmışdır.

Tədbirdə həmçinin Türkiyənin Çexiyadakı səfiri Cihad Erginay, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Azərbaycanın bu ölkədəki diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər.

Tədbirin sonunda Xocalıda qətlə yetirilmiş günahsız insanların xatirəsinə şamlar yandırılmışdır. Sonra səfirlik tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir.

Xocalı soyqırımı ilə bağlı Çexiyanın mətbuatında, o cümlədən "Metro" qəzetində və televiziyada məlumat verilmişdir.

Fevralın 25-də səfirliyin dəstəyi ilə Azər-Çex Cəmiyyəti tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir Praqanın Sülh Meydanında (Namesti Miru) da keçirilmişdir.

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

Praqa

 

Hyuston

 

Hyuston Azərbaycanlıları Təşkilatı, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) təşkilatçılığı və Amerika Türkləri Assosiasiyasının (ATA) dəstəyi ilə Hyustonda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı aksiya keçirilmişdir.

Hyuston Azərbaycanlıları Təşkilatının s

ədri Cavid Zeynalov AzərTAc-a bildirmişdir ki, aksiyada ABŞ-da yaşayan və təhsil alan soydaşlarımız, Azərbaycan diasporunun nümayəndələri və başqaları iştirak etmişlər.

Tədbir iştirakçıları Xocalıda qətliamı törədənləri, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan şüarlar səsləndirmişlər.

Tədbirdə çıxış edən Hyuston Azərbaycanlıları Təşkilatının sədri Cavid Zeynalov aksiya iştirakçılarına Xocalı faciəsi barədə geniş məlumat vermişdir. O qeyd etmişdir ki,  yürüşün məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımını bütün dünyaya çatdırmaqdır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı 2011-ci ilin martında HR 535 nömrəli qərarla Xocalı soyqırımını tanıyan Texas ştatının Nümayəndələr Palatasının günahsız qurbanların xatirəsinə qətnamə qəbul edən ilk parlament olduğunu bildirmişdir. Bütün ölkələri də bu təşəbbüsə qoşulmağa səsləyən Y.Babanlı Xocalı soyqırımını törədənlərin tezliklə cəzalandırılacağına əminlik ifadə etmişdir.

 

İsveç

 

İsveçdəki Azərbaycan Federasiyasının təşkilatçılığı ilə Stokholmda Xocalı soyqırımının 20 illiyi ilə bağlı aksiya keçirilmişdir.

Federasiyadan AzərTAc-a bildirmişlər ki, aksiyada İsveçdə yaşayan və təhsil alan soydaşlarımızla yanaşı, Türkiyə, uyğur, türkmən türkləri və KİV təmsilçiləri də iştirak etmişlər.

Əllərində Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin dövlət bayraqlarını, Xocalıda qətliam törədənləri, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları qınayan ifadələr yazılmış plakatlar tutan insanlar "Xocalıya ədalət!", "Erməni yalanlarına son!", "Erməni cavab verəcəkdir" və s. şüarları səsləndirmişlər.

İsveç-Azərbaycan Federasiyasının sədri Səttar Sevgin Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə aksiya iştirakçılarına ətraflı məlumat verilmişdir. S.Sevgin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində həyata keçirilən soyqırımı aktını, dünyada misli görünməmiş faciə və insanlığın məhvinə yönəlmiş vandalizm kimi dəyərləndirmişdir. O, bu cinayətləri törədənlərin tezliklə cinayətə cəlb olunacaqlarından, işğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad ediləcəyindən əminlik ifadə etmişdir.

 İsveç Atatürkçü Düşüncə Dərnəyinin rəhbəri Mustafa Sönmez dünyanın heç bir faciəsi ilə müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışmışdır. M.Sönmez  İsveç ictimaiyyətini bu soyqırımının bütün dünyada tanıdılması üçün Azərbaycan xalqına dəstək verməyə çağırmışdır.

İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri Hasan Dölek, İsveç Türk Federasiyasının rəhbəri Ahmet Önal və başqaları bir gecənin içərisində yerlə yeksan olunmuş Xocalı şəhərində ermənilərin etnik təmizləmə siyasəti həyata keçirdiklərini bildirmişlər.

Tədbirdə Azərbaycan dövlətinin Xocalı həqiqətlərini dünyada yaymaq istiqamətində həyata keçirdiyi tədbirlər də yüksək qiymətləndirilmişdir.

 

Belarus

 

Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən müvafiq tədbirlər planı tərtib olunmuş və həmin sənədə uyğun olaraq, fevralın 15-dən 26-dək geniş silsilə tədbirlər keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, fevralın əvvəlindən başlayaraq Belarusun yerli KİV-sinin nümayəndələri ilə ilkin görüşlər keçirilmişdir. Həmin görüşlərdə Ermənistanın təcavüzkar siyasəti, Xocalı soyqrımı barədə geniş məlumatlar verilmiş, müxtəlif materiallar paylanmışdır. Bununla yanaşı, səfirlik tərəfindən mətbuat məlumatları hazırlanaraq Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklər və KİV arasında yayılmışdır.

Səfirliyin əməkdaşları  fevralın 21-dən 24-dək Belarusun Qomel, Bobruysk, Jlobin şəhərlərinə ezam edilmiş və bu şəhərlərdə 100-dək diaspor nümayəndələrimizin, tələbələrimizin, yerli ictimaiyyətin və KİV təmsilçilərinin iştirakı ilə tədbirlər təşkil olunmuşdur. Həmin görüşlərdə Ermənistanın işğalçılıq siyasətinin tarixi kökləri və əsrlər boyu xalqımıza qarşı həyata keçirdikləri vəhşiliklər, soyqırımı aktları, xüsusilə də, Xocalı faciəsi barədə ətraflı çıxışlar edilmişdir. Bununla yanaşı, tədbirlərin keçirildiyi məkanlarda faciəni əks etdirən fotoşəkillərdən ibarət sərgi  açılmış, dəvətlilərə müxtəlif nəşrlər paylanmış və Xocalı faciəsinə dair sənədli film nümayiş olunmuşdur.

Fevralın 21-də səfirlikdə yerli KİV-nin iştirakı ilə mətbuat konfransı təşkil edilmişdir. Belarusun 15-dək aparıcı KİV təmsilçilərinin qatıldıqları tədbirdə çıxış edən səfir İsfəndiyar Vahabzadə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı şəhərində erməni cəlladlarının törətdikləri vəhşiliklər barədə geniş məlumat vermiş və jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.

Fevralın 24-də M.Tank adına Belarus Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində "Müasir dövrün faciələri və qloballaşmanın problemləri" mövzusunda seminar təşkil edilmişdir. Tədbirdə yerli ziyalılar, KİV təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı gənclər, habelə sözügedən universitetin nümayəndələri iştirak etmişlər.

Seminarda səfir İ.Vahabzadə geniş məruzə ilə çıxış edərək, Ermənistanın öz havadarları ilə birgə tarix boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi işğalçılıq siyasətini, vəhşilikləri, erməni xülyalarının həqiqi mahiyyətini tarixi faktlar və əcnəbi müəlliflərin tədqiqat materiallarına əsaslanmaqla ifşa etmişdir. Səfir İ.Vahabzadə çıxışında xüsusi olaraq gənclərimizə müraciət edərək, çoxəsrlik tariximizi daha dərindən öyrənməyin zəruriliyini və faktlara əsaslanaraq faciələrin başvermə səbəblərini açıqlamaqla, belə hadisələri törədənlərə qarşı biganə və unutqan olmamağa çağırmışdır.

Seminarda həmçinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri R.Novruzov, qeyd olunan universitetin yeni və ən yeni tarix kafedrasının müdiri G.Kosmaç, Belarus və rus filologiyası fakültəsinin dekanı V.Stariçenok, Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov və azərbaycanlı tələbələr mövzu ətrafında maraqlı çıxışlar etmişlər.      Sonda səfir İ.Vahabzadə seminar iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin sonunda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində fəaliyyət göstərən "Bazar günü" məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeir parçaları səsləndirmişlər. Bununla yanaşı, seminarın keçirildiyi zalda faciəni əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil edilmiş və Xocalı faciəsinə dair sənədli film nümayiş olunmuşdur.

Həmin günün ikinci yarısında səfirlik tərəfindən Xocalı faciəsi qurbanlarının ruhuna ehsan süfrəsi təşkil edilmişdir. Mərasimdə Belarusda akkreditə olunmuş müsəlman ölkələrinin səfirliklərinin təmsilçiləri, ziyalılar, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Səfirlik tərəfindən həyata keçirilən bütün tədbirlər Belarusun aparıcı KİV-sində işıqlandırılmışdır.

 

Rumıniya

 

Azərbaycanın Rumıniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Xocalı qırğınının insanlıq əleyhinə cinayət kimi tanınması, onu törədənlərin qınanması və pislənilməsi üçün Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası Rumıniya senatorlar palatasının sədrinə və bütün senatorlara müraciət ünvanlamışdır.

Müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc və günahsız mülki əhaliyə qarşı törədilmiş qırğın barədə təfərrüatlı məlumat verilmişdir. Bildirilmişdir ki, 20-ci əsrin ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı beynəlxalq mətbuat və insan hüquqları üzrə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qeydə alınsa da, dünya hələ də bu ağır cinayətə layiqli hüquqi qiymət verməmişdir. Əksinə, hiyləgər erməni diasporunun aldadıcı cəhdlərinin təsiri altında,  xüsusilə, bir sıra Avropa ölkələri Osmanlıda baş vermiş toqquşmaları qondarma "soyqırımı" kimi qəbul etmiş, nəticədə tarixçilər tərəfindən ortaya çıxarıla biləcək həqiqət və gerçəkliklərə bilərəkdən göz yumaraq, bir çox siyasətçilər və dövlət rəhbərləri bu amildən siyasi dividend qazanmağa çalışmışlar. Bu gün diasporun köləsinə çevrilmiş Ermənistan dövləti Xocalıda günahsız insanlara qarşı törətdiyi qırğını ört-basır edə bilməz, çünki soyqırımını törədənlər öz qanlı əməllərini müxtəlif dövrlərdə davamlı şəkildə, "qürurla" və utanmazcasına ictimaiyyət qarşısında "etiraf etmişlər".

Müraciətdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası və s. beynəlxalq təşkilatların qətnamə və qərarlarına istinad edilərək təcavüzkar ölkənin beynəlxalq ictimaiyyətin çağırışlarına indiyədək məhəl qoymaması diqqətə çatdırılmışdır.

Azərbaycanlı gənclər qətliamı törədənlərin niyyətinə və məqsədinə görə Xocalı qırğınının sadə cinayət kimi deyil, əslində, soyqırımı kimi tanınmasının vacibliyinə diqqəti çəkərək, Rumıniya senatından dünyanın gözü qarşısında baş vermiş soyqırımına göz yummamağı, dünya ictimaiyyətinin gələcəkdə bir daha bu cür amansız qəddarlığa məruz qalmaması üçün  erməni qoşunlarının insan ləyaqətini alçaldan qanlı və təhqiramiz əməllərini qınamağa və ədalətin bərpa olunması üçün dəhşətli soyqırımı nəticəsində Azərbaycan xalqının iztirablarını yüngülləşdirmək məqsədilə həm Rumıniya senatında, həm də beynəlxalq təşkilatlarda müvafiq qərarlar qəbul etməyi xahiş etmişlər.    

Beynəlxalq mətbuat və təşkilatların Xocalıda törədilən vəhşilikləri təsdiqləyən bəyanatları və qeydləri müraciətə əlavə olunmuşdur.

 

Türkiyə

 

Azərbaycanın Türkiyədəki səfirliyi Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Keçiören bələdiyyəsi ilə birgə bu rayonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməlqoyma mərasimi təşkil etmişdir.

Mərasimdə Azərbaycan səfirliyinin əməkdaşları, Türkiyə parlamentinin çoxsaylı millət vəkilləri, hakim Ədalət və İnkişaf Partiyasının və Keçiören bələdiyyəsinin üzvləri ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının ruhuna dua oxunmuşdur.

Keçiören bələdiyyəsinin sədri Mustafa Ak, Milliyətçi Hərəkat Partiyasını İğdırdan təmsil edən millət vəkili Sinan Oğan, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdet Ünüvar, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Haluk İpek çıxış edərək, Xocalı faciəsi ilə bağlı  fikirlərini bölüşmüşlər.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməli qoyulmuşdur.

Həmin gün səfirliyin təşkilatçılığı ilə Bilkent Universitetinin böyük konsert zalında Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar simfonik musiqidən ibarət konsert təşkil olunmuşdur. Konsertdə Q.Qarayev və F.Bədəlbəylinin əsərləri ilə yanaşı, Yusif Mirişlinin Xocalı soyqırımına həsr etdiyi "613" adlı əsəri ilk dəfə olaraq Bilkent Simfonik Orkestri və "Oda" xoru tərəfindən səsləndirilmişdir.

Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Mehmet Sağlam, parlamentin sabiq sədrləri Hikmet Çetin və İsmet Sezgin, Türkiyə daxili işlər nazirinin müavini Osman Güneş, xarici işlər nazirinin müavinləri və yüksək vəzifəli rəsmiləri, mədəniyyət və turizm nazirinin müavini, Bilkent Universiteti idarə heyətinin sədri Əli Doğramacı, diaspor təmsilçiləri, tələbələr, ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.     

Xocalı qətliamı haqqında sənədli filmin nümayişindən sonra səfir Faiq Bağırov çıxışında 20 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş faciə barədə geniş məlumat vermiş, soyqırımının tanıdılmasında iki qardaş ölkənin üzərinə düşən məsuliyyətdən söz açmışdır.  

"Xocalıya ədalət!" beynəlxalq imza kampaniyası davam etmiş, tədbir iştirakçılarına faciə ilə bağlı təbliğat xarakterli materiallar təqdim edilmiş, rəsm və foto sərgisinin açılışı olmuşdur.

* * *

Türkiyənin vilayətlərində və böyük şəhərlərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirlər davam etmişdir.

Ankarada Türk Dünyası İnsan Haqları Dərnəyinin (TDİHD) təşkilatçılığı ilə BMT-nin nümayəndəliyi önündə aksiya keçirilmişdir. Burada toplaşan ankaralılar, iki qardaş ölkənin vətəndaşları Xocalı qətliamının soyqırımı kimi tanınması, günahkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsini tələb etmişlər.

TDHİD-nin sədri Abdulla Buksur toplantının qətnaməsini oxumuş, BMT-nin nümayəndəliyinin önünə qara çələng qoyulmuşdur.

Ankaranın Abdi İpəkçi parkında da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq keçirilmişdir.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Ərzurumda da anılmışdır. Atatürk Universitetinin tələbələri faciənin 20-ci ildönümü ilə əlaqədar yürüş keçirmiş, "Hamımız türk, hamımız azərbaycanlıyıq" şüarı ilə qətliamın günahkarlarının cəzalandırılmasını tələb etmişlər.

Keçirilmiş anma mərasimində "Günəş" vəqfinin sədri Alparslan Ceylan da çıxışında Xocalı qətliamının soyqırımı kimi tanınmasını, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını tezliklə azad etmələrini tələb etmişdir.

Malatya şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı yürüş keçirilmişdir. Milliyətçi Hərəkat Partiyasının binası önündə toplaşan şəhər sakinləri Soykan parkında təşkil olunmuş mitinqdə Azərbaycana sevgilərini ifadə etmiş, Xocalı faciəsi və Qarabağla bağlı şüarlar səsləndirmişlər.

Malatyada Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilmiş konfransda çıxış edən Ərciyəz Universitetinin professoru Abdülkadir Yuvalı ermənilərin Anadoluda və Azərbaycan torpaqlarında törətdikləri qətliamların tarixindən, bu vəhşiliklərin dünyada tanıdılması üçün görüləcək işlərdən bəhs etmişdir. Onun sözlərinə görə, türklər Xocalı qətliamı kimi bir cinayətdə ittiham olunsaydılar, indi ABŞ və Avropada məhkəmələr qurulmuşdu. Təəssüf ki, ermənilərin bu ağır cinayəti lazımi hüquqi qiyməti almamışdır.

Xocalı faciəsi qurbanlarının xatirəsi Edirne şəhərində keçirilmiş mərasimdə də anılmışdır. Alpərən Birliyi vilayət təşkilatının sədri Alparslan Çankaloğlu şəhərin mərkəzi meydanına toplaşanlara bu qətliam barədə ətraflı məlumat vermiş, 20 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı günahkarlarının məhkəmə qarşısına çıxarılmadığını diqqətə çatdırmışdır.

İğdırda qeyri-hökumət təşkilatlarının təşkil etdiyi mərasimdən əvvəl Hacı Yusif Hacer məscidində Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunmuşdur. Əhlibeyt Alimləri Dərnəyinin sədri Vəli Bədər çıxışında İğdır da daxil olmaqla, Türkiyənin şərq bölgələrində və Azərbaycanda erməni quldur dəstələrinin törətdikləri qətliamları xatırlatmış, Ermənistanın bugünkü paytaxtı İrəvanın da bir türk yurdu olduğunu, bütün işğal olunmuş torpaqların azad ediləcəyini söyləmişdir.

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı qurbanlarının xatirəsi Şanlıurfa şəhərində də anılmışdır. Şəhərin mərkəzi meydanında keçirilmiş mərasimdə çıxış edən Ülkü Birliyi vilayət təşkilatının sədri Emin Özkutlu demişdir ki, bizə Xocalıda qardaş və bacılarımızla şəhid olmaq kimi şərəfli ölüm qismət olmadı, heç olmasa onların xatirəsini daim yad etməliyik. Bəzi ölkələr qondarma "erməni soyqırımı" təbliğatında liderlik edirlər. Türkiyə də bütün dünyada Xocalı soyqırımının tanıdılması məsələsində liderlik etməlidir.

Kütahya şəhərindəki Zəfər meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq keçirilmişdir. Mitinqdə çıxış edən Türkiyə Həmkarlar Konfederasiyası vilayət təşkilatının sədri Məhmət Karabəkir demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyətə qarşı ağır cinayət törədilmiş, etnik mənsubiyyətinə görə dinc insanlar - uşaqlar, qadınlar və yaşlı insanlar vəhşicəsinə qətlə yetirilmişlər. Xocalı qətliamı bir soyqırımıdır və Türkiyə başda olmaqla bütün dünya parlamentləri buna siyasi qiymət verməlidirlər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi Mardin şəhərində keçirilmiş mitinqdə də anılmışdır. Türkiyə Həmkarlar Konfederasiyası vilayət təşkilatının sədri  Bahattin Biçer meydana toplaşmış şəhər sakinlərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, dünyaya demokratiya və insan haqları dərsi verənlərin bu bəşəri cinayətə biganə qaldıqlarını vurğulamışdır.

Yozqat şəhərindəki Cümhuriyyət meydanında keçirilmiş mitinqdə də Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunmuş, Azərbaycan torpaqlarını işğal etmiş, Qarabağda vəhşi qətliamlar törətmiş Ermənistan əleyhinə şüarlar səsləndirilmişdir.

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video