21 Noyabr 2021 00:42
1073
SİYASƏT
A- A+

Xalqdan güc alan partiya

 

Ulu Öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan böyük Zəfər bayramı günlərinə təsadüf etdi. Bu günlərdə Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları və Azərbaycanı sevənlər 2020-ci ildə 44 günlük Vətən müharibəsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun mənfur qonşumuz, işğalçı Ermənistan üzərində parlaq qələbəsinin birinci ildönümünü böyük coşqu ilə qeyd etdi.

Bu qələbə sayəsində 30 ilə yaxın bir dövrdə Ermənistan ordusunun havadarlarının köməyi ilə BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə məhəl qoymadan işğal altında saxladıqları ərazi işğaldan azad olundu. İşğal dövründə respublikamızın dilbər guşəsi olan Qarabağda ermənilər onlara xas olan barbarlıq və vandalizm xislətlərini açıq-aydın şəkildə büruzə verərək bütün binaları və kommunikasiya xətlərini söküb-dağıdaraq ərazini viran qoymuşdular. Onlar meşələri qırmaq, yeraltı sərvətləri vəhşicəsinə talan etmək, çayları və digər su mənbələrini çirkləndirməklə, beynəlxalq konvensiyalara zidd olan və insanlığa sığmayan vəhşiliklər törətməklə bölgənin ekoloji və ümumi vəziyyətinə çox ciddi ziyan vurmuşlar.

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü təmin etdi və 10 noyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə Qələbə günü kimi yazıldı. Hazırda Yeni Azərbaycan Partiyasının Sədri, respublikamızın Prezidenti İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və yenidənqurma işləri aparılır, Qarabağa Böyük qayıdışı təmin etmək üçün lazımi tədbirlər görülür. Bu məqsədlə 2021 və 2022-ci illərin dövlət büdcəsindən 3,4 milyard manat vəsait ayrılması nəzərdə tutulmuş, bərpa və quruculuq işlərinin yerinə yetirilməsində daxili və xarici investorlar üçün əlverişli şərait yaradılmışdır.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə asan olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ərazilərimizin ardıcıl işğalı, dərin iqtisadi-siyasi böhran və xaos, əhalinin sosial durumunun getdikcə ağırlaşması ölkədə həyatı iflic vəziyyətinə salmışdı. Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da, onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafeyi naminə birlik yox idi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmasını təmin etmək üçün xalqın inanıb arxasınca gedəcək lideri olan bir partiyaya ehtiyacı vardı. Bu lider isə heç şübhəsiz ki, Azərbaycan xalqının Böyük oğlu, dünya şöhrətli tanınmış siyasi xadim Heydər Əlirza oğlu Əliyev idi.

Məhz buna görə bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikməklə xalqın düçar olduğu dözülməz bəlalardan xilas olmasını Ulu Öndər Heydər Əliyevin yenidən Azərbaycanın siyasi hakimiyyətinə qayıdışında görür, müxtəlif bölgələrdə mitinqlər keçirilərək insanlar Heydər Əliyevi respublikaya rəhbərliyə dəvət edirdilər. Bunu nəzərə alaraq 1992-ci il oktyabrın 16-da respublikamızın 91 nəfər tanınmış ziyalısı “Əlincə” cəmiyyətinin nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir”.

Bu müraciətdən sonra bütün Azərbaycan böyük ümidlə öz Böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlayan cavab verdi.

Ulu Öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək, yaranmış vəziyyəti təhlil edərək AXC-Müsavat hakimiyyətinin əsl mahiyyətini açdı və vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir. Görkəmli siyasi xadim Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Heydər Əliyevin bu cavabından və ölkənin sağlam qüvvələrinin Ulu Öndərin ətrafında sıx birləşmək niyyətindən təşvişə düşən odövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, rabitə idarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib muxtar respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Buna baxmayaraq, 50 mindən çox insan qısa bir vaxtda Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı. Bu hadisələr barədə Heydər Əliyev belə demişdir: “Biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman - bəziləri bunu da bizə çox görürdülər, - Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi Daxili İşlər Nazirliyinin binasını zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağırışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi”.

Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab onun böyük məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda Azərbaycanın hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. AXC-Müsavat hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan verməyərək çoxlu maneələr törətdi. Buna baxmayaraq, partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfrans Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən çox nümayəndəsinin iştirakı ilə Naxçıvan Dövlət Dram Teatrının binasında keçirildi. Konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın sədri seçildi və Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”. Ulu Öndərin ozamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi altında tezliklə təşkilatlandı. Ulu Öndərin adını daşıyan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.

Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə tezliklə ölkə rəhbərliyinə yenidən qayıdışı sayəsində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Keçən dövr ərzində YAP qəbul etdiyi Proqram və Nizamnaməyə uyğun olaraq dövlətçiliyimizin və xalqımızın inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Ötən 29 il ərzində Yeni Azərbaycan Partiyası sıralarında siyasətçilərin yeni nəsli yetişmişdir. Bu nəslin ən parlaq nümayəndəsi, dərin fəlsəfi və milli köklərə malik Heydər Əliyev siyasi məktəbinin yetirməsi olan cənab İlham Əliyev öz çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycan xalqının dərin rəğbətini qazanmışdır. 2000-ci il parlament seçkilərində İlham Əliyev Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına rəhbərlik etdi və noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə bu partiya böyük uğur əldə edərək parlamentdə yerlərin əksəriyyətini qazandı. Partiyanın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayının qətnaməsində bu barədə belə deyilirdi: “Parlament seçkiləri kampaniyası gedişində yüz minlərlə seçici qarşısında İlham Əliyevin qətiyyətli, məntiqli, praqmatik çıxışları xalqa onu Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi daha yaxından tanıtmışdır”. Qurultayda partiyanın Nizamnaməsinə dəyişiklik edildi və yeni təsis olunmuş partiya Sədrinin birinci müavini vəzifəsinə yekdilliklə İlham Əliyev seçildi.

Ulu Öndərin və onun qurucusu olduğu partiyanın ən böyük nailiyyətlərindən biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması oldu. Böyük dövlət xadimi Heydər Əliyevin 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində deyilirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var” söyləyən Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və partiyanın siyasi taleyində yeni dövr başladı.

2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimində cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət andı içərək demişdir: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”. Bu siyasətin mahiyyətini Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin müdrikliyi, qətiyyəti, dövlət idarəçiliyi, zəngin təcrübəsi sayəsində ölkəmizdə siyasi sabitliyin bərpa olunması, bazar iqtisadiyyatına keçidi təmin etmək üçün iqtisadi islahatlara başlanması, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ müharibəsində 1994-cü ildə atəşkəsin elan edilməsi, Azərbaycan və dünya neft strategiyasının və siyasətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər təşkil edirdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” isə formalaşmaqda olan yeni ictimai şəraitdə ölkəmizin sosial- iqtisadi inkişafının təməlini qoydu.

Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin qorunub saxlanmasında mühüm əhəmiyyət kəsb edən ərzaq təhlükəsizliyinin təmin edilməsi, azad sahibkarlığın bərqərar olması və əhalinin maddi rifah halının yaxşılaşması üçün MDB məkanında analoqu olmayan və sosial ədalət prinsipinə əsaslanan torpaq islahatı həyata keçirildi.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafını təmin etməyə yönələn bu siyasət 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti, 2005-ci il martın 26-da partiyanın III qurultayında Yeni Azərbaycan Partiyasının Sədri seçilən İlham Əliyev tərəfindən və onun rəhbərliyi sayəsində əsas hərəkətverici qüvvə olan YAP üzvlərinin fəal iştirakı ilə uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası bu gün regionun lider dövlətidir və respublikamızın iştirakı və ya razılığı olmadan bölgədə heç bir layihə həyata keçirilə bilməz. Əməkhaqların, pensiyanın və digər sosial ödəmələrin 2003-cü ilə nisbətən dəfələrlə artması, işsizlik və yoxsulluq səviyyəsinin minimuma endirilməsi, adambaşına istehsal olunan ümumi daxili məhsulun dinamik artımı Azərbaycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarmışdır. Çox qısa bir müddətdə əldə etdiyimiz bu heyrətamiz sosial-iqtisadi nailiyyətlər və 1993-cü ildən başlayaraq həyata keçirilən müstəqil siyasət Azərbaycanı dünyada söz sahibi etmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətinin nəticəsində Azərbaycanın Müzəffər Ordusunun 30 illik erməni işğalına son qoyması, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifinin 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradaraq Ermənistan ordusunu darmadağın etməsi və “Dəmir yumruq” əməliyyatının Azərbaycanın şanlı Qələbəsi ilə başa çatması İlham Əliyevin həyata keçirdiyi Heydər Əliyev siyasətinin nə qədər düzgün, uzaqgörən, xalqın və dövlətin mənafeyinə yönəlmiş olduğunu bir daha sübut etdi.

Məhz bu siyasət nəticəsində ikinci dəfə hakimiyyətdə olduğu müddətdə partiyamızın lideri Heydər Əliyev ona xas olan siyasi təcrübəsi, hərtərəfli və dərin biliyi, yenilməz cəsarəti sayəsində müstəqilliyin ilk illərində hakimiyyətdə olan iqtidarların yarıtmaz və dövlətçiliyə zidd fəaliyyətləri nəticəsində Azərbaycanı düşdüyü dərin böhrandan xilas edərək onu məhv olmaq təhlükəsindən şərəflə qorudu və sabit inkişaf yoluna çıxardı. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək ölkəmizin tarixinə qızıl hərflərlə yazılan Prezident kimi daxil oldu.

Yeni Azərbaycan Partiyası bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qəbul edilir. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır.

YAP-ın üstün cəhətlərindən biri milli dəyərlərə söykənərək inkişaf etməsidir ki, bunun sayəsində də hazırda bu partiya Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası həm də daim yenilənən partiyadır. Partiyanın 2021-ci il mart ayının 5-də keçirilən VII qurultayında idarə heyətinə gənc partiya üzvləri seçilmiş, partiya aparatının daha çevik işləməsini təmin etmək üçün struktur dəyişikliyi aparılmışdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da qəbul olunan nüfuzlu təşkilatdır. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Bunun nəticəsidir ki, 2008, 2013 və 2018-ci illərdə Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev 2003-cü ildə olduğu kimi, seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Ötən 29 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini verir. Bütün bu illər ərzində partiyanın deputatlığa irəli sürdüyü namizədlərin böyük əksəriyyəti seçkilərdə parlaq qələbə qazanır və Yeni Azərbaycan Partiyası Milli Məclisdə çoxluq təşkil edir.

Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionda analoqu olmayan bir partiyadır:

“Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır”.

 

Eldar İBRAHİMOV,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video