03 Fevral 2012 12:02
388
Mədəniyyət
A- A+

Xalqa və sənətə xidmət missiyası

 

Mədəniyyət tarixinə öz dəst-xətti və orijinal yaradıcılığı ilə daxil olan istedadlı rejissor Məhərrəm Haşımov qısa ömründə xalqa və sənətə xidməti hər şeydən üstün tutardı. Unudulmaz Mehdi Məmmədov yazırdı: "Rejissor müşahidəsinin və fikrinin bədii forması səhnə hadisələridir, canlı insan obrazlarıdır. Rejissor olmaq istəyən adam əgər öz fikirlərini səhnə hadisələrində, iştirakçıların münasibətlərində ifadə etməyi bacarırsaE demək, o, doğrudan da istedadlı rejissordur". Həqiqətən də bu sözləri Məhərrəm Haşımovun yaradıcılığına şamil etmək mümkündür. Xatirələrdən, arxiv materiallardan bəlli olur ki, bu unudulmaz rejissor dərin həyat müşahidəsinə malik çox ciddi, daim müasirlik duyğuları və xəlqilik ruhu ilə yaşayan rejissor olub.

Tarixi 1873-cü ildən başlayan Azərbaycanın professional teatrı ilə bərabər rejissorluq sənəti də doğularaq inkişaf etmişdir. Azərbaycan teatr sənətinin ilk professional rejissoru həm də istedadlı aktyor olan Hüseyn Ərəblinski sayılır. Onun haqqındakı xatirələr, təəssüratlar, dövri mətbuatdakı yazılar da təsdiqləyir ki, bu böyük səhnə xadimi həqiqi rejissorluq məharətinə malik bir şəxsiyyət idi. Ondan başlanan yolun davamçıları sırasında Məhərrəm Haşımovun da öz yeri var. O, A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənətşünaslıq İnstitutunda təhsil alan ilk azərbaycanlı rejissorlardan biri idi. Belə bir fikir var ki, yüksək sənəti ancaq yüksək ideyalı, yüksək əxlaqlı, fədakar adamlar yarada bilər. Hər şeydən əvvəl rejissorun özü sənətə vurğun kəsilməli, yüksək etika nümunəsinə sahib durmalıdır ki, onun yaratdığı, quruluş verdiyi əsərlər də dolğun və nikbin alınsın. Məhərrəm Haşımov aktyorlarla ünsiyyət qurmağı, onlarla yaradıcılıq münasibəti yaratmağı bacaran çox nüfuzlu və ciddi rejissor olub. O, aktyor sənətinin, aktyor yaradıcılığının özünəməxsus sirlərinə dərindən bələd idi. Çünki rejissor ilk növbədə teatr sənətinin təkcə nəzəriyyəsini deyil, həm də təcrübəsini dərindən bilməlidir. Bu səbəbdən də Məhərrəm Haşımov mükəmməl biliyə və müşahidə qabiliyyətinə malik olduğundan obrazı dolğun yaratmaqda aktyorun ən yaxın köməkçisinə çevrilirdi. Təzyiq göstərmək, hegemonluq onun təbiətindən uzaq idi. İşlədiyi əsər üzərində çox çalışardı. Ən başlıcası ona can atardı ki, tamaşada cərəyan edən hadisələrin dövrünü dəqiq və dürüst öyrənsin. Məhz bundan sonra yaradıcı kollektivlə işləmək Məhərrəm Haşımov üçün çətin olmurdu.

O, 1912-ci ilin fevralında Bakıda anadan olub. Teatra həvəsi lap uşaq yaşlarından başlayıb. Məhəllə yeniyetmələrini başına yığaraq müxtəlif "tamaşalar" hazırlayardı. Həmişə də özü "rejissorluq" missiyasını yerinə yetirərdi. Elə bu həvəs və məhəbbət də onu teatra bağladı. Moskvada təhsilini bitirdikdən sonra Bakıya qayıdan gənc rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işə qəbul edirlər. Çox ağır və ziddiyyətli bir zaman idi. 1937-ci ilin repressiyaları ölkədə tüğyan edirdi. Belə çətin bir dövrdə yaradıcılıqla məşğul olmaq minbir əzabla başa gəlirdi. Sərbəst fikrə, cəsarətli ifa tərzinə qoyulan sərt qadağalara baxmayaraq Məhərrəm Haşımov çalışdığı teatrda özünü novator rejissor kimi tanıda bildi. O, bu teatrın səhnəsində Şillerin "Qaçaqlar", Cəfər Cabbarlının "Aydın" kimi tamaşalarına quruluş verdi. Əlbəttə, dövrün küləkləri onun da həyatından izsiz keçmirdi. Müxtəlif təzyiqlərə, iradlara, hətta xəbərdarlıqlara tuş gəlsə də, öz həyat həqiqətinə, sənət prinsiplərinə sadiq çıxdı. Zahirən başını salamat saxlamağı bacarsa da, mənən aldığı zərbələr ona ağır xəstəliklər bəxş etdi. İçini yeyən dərdin sonrakı nəticəsi onun ömrünə son nöqtə qoymağa qəfləti məqam gəzirdi.

Məhərrəm Haşımovun rejissorluq işinin ikinci əsas mərhələsi Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlıdır. O, fasilələrlə 20 ildən artıq işlədiyi bu mədəniyyət ocağında "Xəzər üzərində şəfəq" (İ.Qasımov), "Aydın" (C.Cabbarlı), "Maskarad" (V.Lermontov), "Damokl qılıncı" (N.Hikmət) və onlarla tamaşalara quruluş verdi. Ölkədə tanınan və sevilən rejissor burada direktor, baş rejissor kimi fəaliyyət göstərərək sənətkarlıq məharətinin hərtərəfli diqqət çəkməsi, inkişaf etməsi üçün bir zaman qazandı. Yaradıcılıq fəaliyyətinə görə təltif olunduğu mükafatların əksəriyyətini məhz burada çalışdığı illərdə aldı. 1951-ci ildə İmran Qasımovun "Xəzər üzərində şəfəq" tamaşasına görə teatrın bir qrup yaradıcı heyəti SSRİ Dövlət mükafatına layiq görüldü. Tamaşanın rejissoru kimi onun da bu mükafatda öz yeri oldu.

Bioqrafiyasına yazılan iş yerlərindən ikisi diqqətimizi çəkdi. 1951-1956-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında, 1960-1965-ci illərdə isə "Azərbaycanfilm" kinostudiyasında direktor vəzifəsində çalışmışdır. Həmin illər Məhərrəm Haşımovun rəhbərlik etdiyi "Azərbaycanfilm"də istehsal olunan bədii filmlərin adlarına fikir verin: "Koroğlu", "Səhər", "Bizim küçə", "Telefonçu qız", "Əhməd haradadır?", "Möcüzələr adası", "Romeo mənim qonşumdur", "Sehrli xalat", "Ulduz", "Su ərizəsi", "Arşın mal alan" (ikinci dəfə) və s. Hüseyn Seyidzadə, Ağarza Quliyev, Əlisəttar Atakişiyev, Həsən Seyidbəyli, Adil İsgəndərov, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Rauf Kazımovski kimi müqtədir kinorejissorların ekranlaşdırdığı bu filmlərin həyata vəsiqə almasında, bir sıra bədii şuralardan qalib çıxmasında Məhərrəm Haşımovun da bir müəssisə direktoru kimi öz möhürü və razılığı var idi. Doğrudur, adı bu filmlərin titrlərinə düşməsə də, özü həmişə çəkiliş meydanında olarmış.

Maraqlı odur ki, hər iki müəssisədən uzaqlaşdığı vaxtlar yenə də üz tutduğu doğma ünvan məhz Dövlət Dram Rus Teatrı oldu. Elə ömrünün sonunu da bu teatrda qarşıladı. Mədəniyyətşünas Polad Zeynalov bu unudulmaz rejissor haqqında yazır: "Məhərrəm Haşımovun ömür yolu ilə alın yazısında Bəşir Səfəroğlunun taleyi arasında bir uyğunluq var. Təkcə sənətdəki uğurlara görə yox, bu uyğunluq lənətə gəlmiş xəstəlikdən, onun gəldiyi zamanın, məkanın "seçdiyi" sənətkarların xalq içərisində sevilməsinin oxşarlığından, eyniliyindən irəli gəlirdi. Xəyalında böyük yaradıcılıq planları quran rejissor Məhərrəm Haşımov aktyor Bəşirlə eyni vaxtda xəstə yatırdı, eyni günlərdə, eyni şəhərdə müalicə alırdı". Deyirlər ki, Məhərrəm Haşımov daxilən çox nikbin, ağrı-acıya dözməyi bacaran, xəstəliyə qalib gələcəyinə inanan, həyat eşqili bir insan olub. Bəşirin ölüm xəbərini eşitdikdə çox sarsılıb. Bu qara xəbər sonra məhz onun da ünvanına yazılıb. Cəmi 57 il yaşayan xalq artisti, Dövlət mükafatı, M.F.Axundov adına Azərbaycan Dövlət mükafatı laureatı Məhərrəm Haşımov 1969-cu ildə dünyasını dəyişib. Aktyor və rejissor sənətinin çox qeyri-adi, bəlkə də xiffətli bir məqamı var. Onların məharəti, ustalığı haqqında ancaq görənlər daha müfəssəl və ətraflı danışa bilirlər. Sanki bu sənətkarların ömürləri kimi xidmətləri də elə o andaca  bitir. Amma bir məsələ var ki, Məhərrəm Haşımovun səhnədə tətbiq etdiyi maraqlı üslublar, rejissor işi bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Onun yaradıcılıq yolunu ardıcılları ehtiram və məhəbbətlə öyrənərək davam etdirirlər. Rejissor uğurunun bir qismi də savad və mədəniyyətlə bağlıdır. Onlar bir-birini tamamlayanda rejissorun istedadı daha parlaq və qüdrətli olur. Bu mənada xatirələrdən bəlli olur ki, Məhərrəm Haşımov kompozisiya bacarığına, tamaşanı küll halında bitkin səhnə əsəri kimi təşkil etmək qabiliyyətinə görə nadir istedad sahibi idi. Bu gün də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alanlar məhz Məhərrəm Haşımovun sənətini öyrənərək, təcrübəsindən bəhrələnərək gələcəkdə öz işlərində tətbiq etmək bacarığına nail olmağa çalışırlar. Bu unudulmaz rejissordan öndə gedənlər az olsa da, özündən sonrakı cığırlarda gələnlərin sayı çoxdur. Xalqa və sənətə xidmət etməyi həyatının ən vacib amalı sayan Məhərrəm Haşımov milli teatrın çiçəklənməsində cəfakeşlik və fədakarlıq göstərdi. Məşhur teatrşünaslardan birinin fikridir: "Özünüzü incəsənətdə deyil, incəsənəti özünüzdə sevin". Böyük ideyalarla yaşayan, qəlbi büllur arzularla çırpınan, Azərbaycan teatrının tərəqqisi yolunda hər cür əzab-əziyyətə sinə gərən, zəngin daxili aləmə malik olan xalq artisti Məhərrəm Haşımov məhz daxilində incəsənəti sevən bir rejissor idi. Bu səbəbdən də həyatda azömürlü olsa da, mədəniyyətimizdə əbədi yaşamaq haqqını aldı!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video