26 Avqust 2021 01:50
1107
SİYASƏT
A- A+

Xalqa və dövlətə layiqli xidmət missiyası

 

Azərbaycan qadınları tarixən cəmiyyət həyatının aparıcı sferalarında fəallıq nümayiş etdiriblər. Tariximiz dövlətin idarə olunmasında, mədəni-mənəvi yüksəlişdə, elmin, mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafında sözlərini demiş qadınlarımızın imzaları ilə zəngindir.

Çağdaş Azərbaycan qadını da tarixdən süzülüb gələn milli dəyərlərimizi yaşatmaqla, xalqımızın mənəvi dünyasını gələcəyə doğru layiqincə daşımaqla bərabər, dövlətimizin idarə olunmasında, cəmiyyətimizin inkişafında fəaldır, aparıcı qüvvədir. Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında qadınlarımızın cəmiyyətdəki yeri, nüfuzu, həm ana kimi, həm siyasətçi kimi, həm də ictimai fəal kimi özünün bütün missiyalarını layiqincə yerinə yetirdiyi, dövlətimizin yüksəlişi, xalqımızın yüksək rifahı naminə mübariz olduğu daha aydın görünür.

Bu baxımdan Azərbaycanda qadınların cəmiyyət həyatındakı fəallığından və qadın hərəkatından söz açarkən yada düşən ilk nümunə Birinci-vitse prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dövlət və xalq qarşısındakı xidmətləridir. Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsləri ilə görülən işlərin miqyası olduqca böyükdür. Xüsusilə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər xalqımızın, dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına doğru istiqamətlənib. Fondun həyata keçirdiyi layihələr olduqca maraqlı və rəngarəngdir. Xeyriyyəçilikdən tutmuş səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafı, mədəniyyətimizin və mədəni irsimizin dünyada təbliği, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin dünyada yüksək imicinin formalaşmasına, amnistiya aktının təşəbbüsçüsü olmağa qədər müxtəlif sferalarda məhsuldar fəallıq və sair bu kimi tədbirlər fondun Ulu Öndərin ideyalarına layiqincə xidmət etməsinin bariz təcəssümüdür.

Təkcə Azərbaycan yox, elə beynəlxalq ictimaiyyət arasında da geniş rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında yer alan fondun uğurlarının əsasında dayanan əsas amil Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, işə yaradıcı münasibətidir. Sülhə və əmin-amanlığa töhfələr verməyi, insanlara qayğı və təmənnasız xidmət göstərmək amalını prioritet elan edən ölkəmizin birinci xanımı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya və diabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.

Mehriban Əliyevanın təşəbbüsləri ilə mədəniyyətlər arasında dialoq məkanına çevrilmiş Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər, bütün dünyada bu yöndə aparılan maarifləndirmə ilə multikulturalizmi, savadlılığı, sivilizasiyalar arasında qarşılıqlı təmasları bəşəriyyəti bir çox bəlalardan, konfliktlərdən, toqquşmalardan hifz edə biləcək dəyər kimi diqqətə çatdırır. Mehriban Əliyevnın təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, dövlətimizin dəstəyi ilə ölkə daxilində və xaricində keçirilən mədəni tədbirlər əhəmiyyəti ilə böyük maraq doğurur.

Təsadüfi deyil ki, Mehriban Əliyevanın çoxşaxəli ictimai-siyasi fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rola malikdir. O, sözün əsl mənasında, Azərbaycan qadınının ləyaqət simvoludur. Mehriban xanım Əliyevanın istər humanitar, istər elm və təhsil, istərsə də digər sahələrdə həyata keçirdiyi böyük miqyaslı tədbirlər qadınların cəmiyyətdə rolunun artmasına dəstək olmaqla yanaşı, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir.

Ümumiyyətlə, Mehriban Əliyeva öz intellektual enerjisini cəmiyyətin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmışdır. UNESCO və ICESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Mehriban Əliyeva Azərbaycan mədəniyyəti tarixinin səsini planetin ən ucqar güşələrinə belə çatdıra bilmişdir. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı, şübhəsiz, ciddi elmi əsaslara söykənir. O, ölkə daxilində və xaricdə keçirdiyi görüşlərdə dərin biliyə, geniş erudisiyaya malik olduğunu hər dəfə yenidən nümayiş etdirir. Azərbaycan qadınları üçün bu, gözəl bir nümunədir. Bütün bunlar Mehriban Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləməklə Azərbaycan qadınının modern tələblərə uyğun obrazını dünyaya nümayiş etdirir.

Azərbaycan Milli Məclisinin deputatı adını daşımaq isə Mehriban Əliyevanın özünün dediyi kimi böyük şərəf idi. 2005-2017-ci illərdə Mehriban Əliyeva ölkəmizdə parlament mədəniyyətinin inkişafına çox böyük önəm verib, dövlətimizin qanunvericilik bazasının təkmilləşdirilməsində yaxından iştirak edib. Bir sıra qanunvericilik aktlarının təşəbbüskarı olub.

4 il əvvəl isə Mehriban Əliyevanın fəaliyyətində yeni missiya başladı. 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunan Mehriban Əliyeva ilk gündən fəaliyyətini sosial məsələlərə həsr edib. Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yüksəldilməsinə, əlillərin reabilitasiyasına xüsusi diqqət ayırıb. Bu gün biz görürük ki, cənab İlham Əliyev Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etməklə olduqca müdrik addım atıb. Prezidentin bu qərarı həm də bir daha Azərbaycanda qadının dövlət idarəçiliyində iştirakına verilən yüksək dəyərdir.

Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunduğu ilk günlərdən məlum olmuşdu ki, xeyirxahlıq və daha çox sosial qayğıya ehtiyacı olan vətəndaşlara yüksək diqqət onun fəaliyyətində prioritet olacaq. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verdi.

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ilk görüşlərindən birinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan qazilərlə keçirməsi də göstərirdi ki, o, öz fəaliyyətində əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət ayıracaq. Mehriban xanım bu mövqeyini Vətən müharibəsi günlərində də layiqincə tutdu. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın timsalında vətəni sevməyin, vətənpərvərliyin nümunəsini gördü. Öz fəaliyyəti ilə Mehriban Əliyeva şəhid analarının yanında oldu, qazilərimizin şəfqət alması üçün əlindən gələni əsirgəmədi. Müharibədən sonrakı günlərdə də ağır yaralanmış neçə-neçə müharibə qazisi məhz Mehriban Əliyevanın dəstəyi ilə Türkiyədə müalicə olunaraq normal həyata qayıtdı.

Prezident İlham Əliyevin yürütdüyü idman siyasəti Azərbaycanda idmanın inkişafını sürətləndirib. Eyni zamanda Azərbaycan son illərdə çoxsaylı idman yarışlarının keçirildiyi idman ölkəsidir. Mehriban Əliyeva da bu sahədəki təşəbbüsləri və dövlət başçısının həvalə etdiyi vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanda idmanın inkişafına böyük töhfələr verir. Uzun müddət Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr idarəsinin rəhbəri olduğum üçün Mehriban Əliyevanın Azərbaycan idmanının inkişafı üçün gördüyü işlərlə daha yaxından tanışam. Hələ 2008-ci ildə Pekin Yay Olimpiya Oyunlarında medal qazanmış idmançılarımız həm dövlət, həm də Milli Olimpiya Komitəsi tərəfindən mükafatlandırılmışdılar. Heydər Əliyev Fondu isə Olimpiya Oyunlarının medalçılarını xüsusi mükafatla - onlara fondun fərdi təqaüdçüsü adını verməklə dəyərləndirdi. İdmançılarla görüşdə Mehriban xanım Əliyeva tək Pekində deyil, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün Olimpiya Oyunlarında iştirak edən və medal qazanan idmançıları Heydər Əliyev Fondunun təqaüdçüsü elan etdi. Bu mənada Mehriban Əliyeva möhtərəm Prezident İlham Əliyevlə birlikdə həm də Azərbaycan idmanının və idmançılarımızın hamisidir.

Azərbaycanı dünyaya idman ölkəsi kimi daha yaxından tanıdan Birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışlarda xalqımız və dünya ictimaiyyəti Mehriban Əliyevanın əzmkar təşkilatçılığının şahidi oldu.

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə baş tutacaq tarixdə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Buna qədər Azərbaycan heç vaxt belə mötəbər tədbirə evsahibliyi etməmişdi. Lakin Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat komitəsi qısa vaxt ərzində ən mükəmməl hazırlıq işlərini həyata keçirdi və bütün Avropaya öhdəliyə əməl etməyin yeni nümunəsini göstərdi.

Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Avropa ölkələrində I Avropa Oyunlarının təqdimatları keçirildi. Həmin təqdimatlarda yalnız bu idman yarışı barədə müzakirələr açılmırdı. Onların hər birində yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, Mehriban Əliyevanın fəaliyyətini təqdir edirdilər.

2015-ci il iyunun 29-da Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlar ilə görüşdə Prezident İlham Əliyev Təşkilat komitəsinin işi barədə dedi: “Təşkilat komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın böyük fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, bu Oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur”.

IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar isə 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul edilmişdi. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzaladı. Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat komitəsi tərəfindən Oyunlarla bağlı geniş hazırlıq işləri görüldü. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlandı və digər zəruri təşkilati tədbirlər həyata keçirildi.

Beləliklə, həm Birinci Avropa Oyunları, həm də IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın timsalında bütün dünya Azərbaycan qadınının işgüzarlığının, təşəbbüskarlığının şahidi oldu. Bütün dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal evsahibliyinin nümunəsini gördü. Mehriban Əliyevanın təşkilatçılığı sayəsində Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. Beynəlxalq idman ictimaiyyəti də əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu məsul vəzifələri yüksək səviyyədə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki buna qədər hər kəs ondan təmsil olunduğu statuslarda yalnız layiqli fəaliyyət məramı görmüşdü.

Mehriban Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, Birinci vitse-prezidentin gördüyü işlər bütün tərəfləri ilə yalnız xalqa və dövlətə xidmətdən ibarətdir. Mehriban Əliyevanın hər fəaliyyəti, hər bir təşəbbüsü, hər bir uğuru Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa yaxından dəstək verir.

Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona dövlətə və xalqa xidmət kimi şərəfli missiyasında daha böyük uğurlar qazanmasını arzulayırıq.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video