25 Avqust 2021 00:36
1259
Səhiyyə
A- A+

Virusa qalib gəlmək üçün ondan güclü olmalıyıq

 

Dünyanı çənginə alan ölümcül virus hələ də davam etməkdədir. Müxtəlif ölkələrdə virusa yoluxma və ölüm halları statistikası fərqli rəqəmlərlə müşahidə olunur. Dünya səhiyyəsinin virusla mübarizəsi yoluxma faizinin artması, yeni dalğaların olması fonunda hələ ki zəif görünür.

COVID-19 infeksiyası 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniyanın ilk aşkar olunması ilə başladı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. O vaxtdan bu günə qədər dünyaya yayılan bu xəstəlik səngimək bilmir.

Yeni məlumatlara görə, Cənubi Amerikada virusun yeni, dördüncü dalğası başlayıb. Hələ də yoluxma sayına görə dünyada birinci yeri ABŞ tutur. İkinci yerdə Hindistan, üçüncü yerdə Britaniya qərarlaşıb.

Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejimi tətbiq edilib ki, müddəti sonuncu dəfə 1 sentyabr 2021-ci il tarixinədək uzadılıb.

 

Peyvənd olunmaq vacibdir

 

Azərbaycanda Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, üçüncü dalğa başlayıb. Bu dalğa əsasən “Delta” ştammı ilə fəaliyyətdədir. Yeni növ koronavirus infeksiyasının “Delta” ştamının əsas əlamətləri mədə-bağırsaq pozuntusu (ögümə, qusma, diarreya), yüksək hərarət və nevroloji narahatlıqlardır. Bu ştamla xəstələnən zaman ağciyər zədələnmələrinə rast gəlinsə də, əsas simptomlardan deyil.

Mədə-bağırsaq pozuntusu və yaxud da nevroloji narahatlıqlar ölümcül olmur. Bunları tibb elmləri doktoru, professor Əlizamin Sadiqov koronavirusun “delta” ştammı və onun əsas əlamətləri ilə bağlı məlumat verərək deyib.

Həkim-pulmonoloq bildirib ki, virus sərhəd tanımır: “Bütün orqanları həm ayrı-ayrılıqda, həm də eyni vaxtda zədələyə bilər. Odur ki, sosial məsafə qorunmalı, dezinfeksiya məhlullarından və tibbi maskadan istifadəyə riayət edilməlidir. Ən əsası isə vaksinasiyadan keçmək vacibdir”.

“Delta” variantı sürətli yayılma xüsusiyyətinə malik olsa da, daha ölümcül deyil. Bu bəzi həkimlərin fikridir. Panikaya düşmədən qoyulan bütün qaydalara əməl edilərsə, koronavirusla mübarizədə qalib gəlmək mümkündür. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda peyvənd olunanların sayı hər gün artır. Yəni vətəndaşların bəzilərində koronavirusa qarşı immunitet formalaşıb. Belə olan halda, vətəndaşların əksəriyyəti “delta” ştammı ilə ya yoluxmayacaqlar, ya da xəstəliyi yüngül keçirəcəklər. Həkim onu da bildirir ki, COVID-19 virusunun yeni ştamlarının yaranması təbii prosesdir. Ona görə də vətəndaşların stres keçirmələrinə ehtiyac yoxdur. Yeganə və ən effektiv çıxış yolu peyvənd olunmaq, qaydalara əməl etməkdir.

 

Mutasiya davam edir

 

Hazırkı dövrədək ölkəmizdə vurulan peyvənd dozalarının ümumi sayı 6 milyondan çoxdur. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 3 milyondan, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2 milyondan çoxdur.

Alimlər hesab edirlər ki, istər yoluxma, istərsə də vaksinlərin köməyi ilə immuniteti olan şəxslər virusu yüngül keçirmək şansına malikdirlər. Ancaq bu qətiyyən arxayınlıq yaratmamalıdır. Mutasiya prosesi hələ də davam edir. Hazırda Cənubi Amerikada “lambda” ştammı yayılıb. Düzdür, bu ştamm “delta” qədər yoluxucu deyil. “Delta” uşaqlarda da çox ciddi əlamətlər yaradır.

COVID-19 ilk yarananda uşaqlar bu xəstəliyi subklinik (əlamətsiz) formada keçirirdi, hazırda isə bu ştamm uşaqlarda özünü çox ciddi simptomlar və mədə-bağırsaq pozuntuları yaratmaqla büruzə verir. Odur ki, pandemiyanın xilas olmaq yolları haqda düşünməliyik. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini rəsmi şəkildə bildirənədək qapalı şəraitdə karantin qaydalarını gözləmək məsləhətdir.

Taleyimizi səhiyyənin, peyvəndin ixtiyarına buraxmaqla həm də qoyulan qaydalara, təmizliyə riayət etmək vacibdir. Bu virusla hələ ki bərabər yaşamalıyıq. Onu dəf etmək üçün ondan güclü olmaq lazımdır. Ondan güclü olmaq üçün isə peyvəndlənib, özümüzü və yaxınlarımızı xilas edə bilərik.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video