28 Fevral 2021 00:19
2577
Səhiyyə
A- A+

Virus qalxanı - anticisim

 

Pandemiya ərəfəsində insanların marağına səbəb olan ən populyar mövzulardan biri də qoruyucu anticisimlərdir. Bəs anticisim nədir, doğrudanmı o bizi bütün viruslardan qoruyur? Anticisimlə bağlı yaranan bir çox suallara türkiyəli məşhur professor Osman Müftüoğlu ətraflı cavab verib.

O bildirib ki, immun sistemimiz virusla birbaşa, yaxud da peyvəndlə bədənə daxil olan virus hissəcikləri ilə qarşılaşdıqda dərhal fərqli quruluşa və gücə malik anticisimlər istehsal etməyə başlayır. Bu anticisimlər bir müddət orqanizmi sonrakı virus hücumlarından qoruyaraq, yenidən xəstələnməyimizin qarşısını alır. Anticisim istehsal edən immun hüceyrələri isə B-lenfositləridir.

 

Anticisim istehsalı hər kəsdə fərqlidirmi?

 

İstehsal olunan anticisim miqdarı insana görə dəyişir.  İnfeksiyanı yüngül, yaxud da simptomsuz keçirənlərdə anticisim səviyyəsi aşağı olur, həm də qısa zaman ərzində - təxminən 2-3 ay arasında daha çox azalmağa başlayır. Hətta xəstələnənlərin dörddəbirində sıfıra enə bilir. Digər tərəfdən “yaş” və “cins” də əhəmiyyətli detallardır. Bədən yaşlandıqca ümumilikdə az anticisim yaranır, həm də istehsal etdiklərini daha qısa zamanda itirə bilir.

Tam araşdırılmasa da, qadınların anticisim istehsal etməkdə kişilərdən bir az daha müvəffəqiyyətli olduğu düşünülür.

Yeni növ koronavirusa qarşı anticisim istehsal etmək və o anticisimləri daşımaq, yəni anticisim baxımından güclü olmaq hər kəs üçün vacib üstünlükdür. Çünki anticisimlər istər xəstəlikdən sonra, istərsə də vaksinlər vasitəsilə istehsal edilməsindən asılı olmayaraq bizi orta və ya ağır bir infeksiya keçirməkdən ciddi şəkildə qoruya bilir. Hansısa bir səbəbdən virusa yoluxuruqsa, bu zaman anticisimlər dərhal hərəkətə keçir və onu zərərsizləşdirir.

Amma onu da vurğulayaq ki, bədənimizdəki anticisimlərin azalması, ya da neqativləşməsi immun sistemimizin müdafiəsiz qaldığı anlamına gəlmir.  Çünki o anticisimləri istehsal edən B-lenfositlərinin  daha bir alt qrupu var. Onlar “yaddaş tutumu” ilə məşhur olan fövqəladə dərəcədə istedadlı hüceyrələrdir.

 “Yaddaş B-lenfositləri” çox vacib funksiyaları yerinə yetirir və bu hüceyrələr illərlə yaşaya bilir. Bu səbəbdən bədənimizdə anticisim qalmasa belə bu “yaddaş B-lenfositlər” virusla yenidən qarşılaşdıqlarında onu dərhal tanıyır və yenidən ona qarşı anticisim istehsal etməyə başlayır. Bundan əlavə, immun gücümüz yalnız anticisimlərə meyilli deyil. İmmun sistemimizdə anticisimlərdən daha güclü, daha təsirli digər təfərrüatlar da var.

Düzdür, anticisimlər viruslara qarşı güclü bir silahdır. Virusu hərəkətsiz hala gətirərək xəstəlik yaranmasına mane olurlar. Ancaq viruslarla əlbəyaxa mübarizə aparan T-lenfositlərini də unutmaq olmaz. Onlar da B-lenfositləri kimi, virusla ilk qarşılaşdıqları andan etibarən təşvişə düşürlər və dərhal mübarizəyə qoşulurlar. Yaddaşdakı virus izlərini qeyd edir, yeni bir virus hücumu zamanı dərhal hazır olurlar. Bir sözlə, “Anticismim bitdi, tükəndi. İndi nə edəcəm?” deyə narahat olmağa dəyməz. B və T lenfositlərimizdəki yaddaş sisteminin gücü az və ya çox olsa belə hər zaman işləyəcək.

COVID-19 infeksiyasına yoluxanlarda immunitet sistemi ən gec 2-3 həftə içərisində anticisim istehsal etməyə başlayır. Başlanğıcda “IgM anticisimləri”nin istehsalı ön planda olsa da, bunlar adətən zamanla azalmağa başlayır və yerlərini daha güclü və qalıcı olduqları yaxşı bilinən “IgG anticisimləri”nə verirlər. Ancaq “IgG anticisimləri”nin istehsalı da zaman içərisində təxminən 6-12 ay arasında azalmağa başlayır.

 

Peyvənd olunmalıyam?

 

Anticisimi təyin etmək bahalı, çətin və vaxt aparan bir prosesdir. Buna görə də heç bir ölkədə peyvənd edilən zaman onda anticisimlərin varlığını araşdırmırlar. Ortaq qənaətə görə, belə bir araşdırmaya ehtiyac yoxdur. Digər tərəfdən xəstəliyə qarşı yaradılan anticisimlərin bədəndə ortalama 5-6 ay qaldıqları bilinir. Buna görə də mütəxəssislər xəstəliyi keçirənlərdə yeni bir COVID-19 infeksiyasının yaranmasını önləmək üçün ən erkən 2, ən gec 6 ay sonra yenidən peyvəndləməni məsləhət bilirlər.

İstər xəstəliyə yoluxmaq, istərsə də peyvəndlənmək infeksiyaya qarşı immunitet qazandırmış olur, nəticənin fərqi yoxdur. Amma bütün hallarda qazandığımız bu immunitet bizi xəstələnməkdən, ən əhəmiyyətlisi isə, bu xəstəlikdən ölməkdən qoruya bilər. Digər tərəfdən, məlumatlara görə virus immunizasiya olunmuş şəxslərdə ağızda, burunda və ya boğazın hər hansı bir hissəsində yerləşə və gizlənə bilər. Bu halda həmin şəxsi xəstələndirə bilməz, ancaq ətrafa yayılmasına səbəb olar. Buna görə də maska və məsafə məsələsi epidemiya bitənə qədər gündəmdə saxlanılmalıdır. Ancaq yenə də bilməliyik ki, virusa qarşı immunitet qazanmış bir insanın yaydığı virusun miqdarı yoluxmuş və ya xəstə bir insanın yaydığı virusun miqdarından çox azdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video