23:14 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətənpərvərlik azərbaycançılığın tərkib hissəsidir

ANA SƏHİFƏ / SİYASƏT
00:27 16.04.2021

 

Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Bu kəlam hər bir azərbaycanlının milli özünüdərkidir. Məhz buna görə də Vətənini sevənlərin hamısı Ümummilli Liderimizin ideoloji irsini öyrənə-öyrənə həmişə Azərbaycan dövlətçiliyinin əsgəri olublar.

Əsgər olmaq ifadəsinin məna çalarları çoxdur. Onlardan biri də hər hansı ideyanı böyük məsuliyyətlə, sədaqətlə yerinə yetirməkdir. 1993-cü ilin iyununda xalq Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Dahi şəxsiyyət Azərbaycanın dövlətçiliyi naminə bu təkidli təklifi qəbul etdi. Onun hakimiyyətə qayıdışı ilə milli qarşıdurma aradan qaldırıldı, uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu.

Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası bütün xalqımızı birləşdirir, həmrəy edir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını uğurla davam etdirir. Bu ideologiya cəmiyyətin bütün sahələrini əhatə edir. Müstəqil Azərbaycanın dövlətçiliyinin təməllərindən biri də azərbaycançılıq məfkurəsidir. Bu məfkurə minillik dövlətçilik tarixinə malik olan bir xalqın yaşama, var olma fəlsəfəsidir. Bu məfkurənin əsası vətənpərvərlikdir.

Birinci Qarabağ müharibəsində onlarla gənc Vətən naminə, dövlət naminə qəhrəmanlıqlar göstərmişdi. Etibar Hüseynov özünü düşmən tankının altına atdı. Mayor Rasim İbrahimov əsir düşməmək üçün özünü də, onu dörd tərəfdən əhatəyə almış düşmənləri də partladıb məhv edib. Tərtərdə Vəzir Orucov döyüşlərdən əvvəl erməni silahlılarının arxasına keçərək geri çəkilən düşməni pulemyotla qırdı. Mübariz İbrahimovun qəhrəmanlığından sonra təkcə ordumuzda deyil, cəmiyyətimizdə yeni qəhrəmanlıq mərhələsi yarandı: mübarizləşmə.

Ötən il ön xətdə xidmət edən bir əsgərin mətbuata dedikləri könlümə yaman yatmışdı: “Azərbaycanda milli-azadlıq hərəkatı genişlənəndə müstəqillik mübarizlərinin sırasında atam da olub. Mən yaşda olanda. Yəni mən və mənim yaşıdlarım həm də atalarımızın düşüncələriylə formalaşmışıq. Onların mübarizəsinin nəticəsi dövlət müstəqilliyimiz oldu. Atamgilin mübarizə apardığı illərdə səslənən “Ya qazi ol, ya şəhid” çağırışı bizə də aiddir. Onların əqidəsi bizim əqidəmizdir, o əqidə azərbaycançılıqdır, Azərbaycan dövlətçiliyidir, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır - torpaqlarımızın işğaldan azad edilməsidir”. Bu fikirləri dövlətə, dövlətçiliyə sədaqət kimi oxumuşdum, bu vətənpərvərliyi seçicilərimlə qürurla bölüşmüşdüm.

2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə də oğullarımız əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Onlar torpaqlarımızın işğaldan azad edilməsi üçün heç nədən çəkinmədən döyüşdülər. Leytenant Elvin Şükürlü Mübariz İbrahimovun qəhrəmanlığını təkrarladı. Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri leytenant Elvin Şükürlü olan taqım da qətiyyətlə döyüşdü. Döyüş ara verəndə komandir nə düşünübsə, əsgərlərinə baxıb, onların baxışlarının işığında sonrakı döyüşü görüb. “Siz qalib gələcəksiniz!” deyib, heç kimə hiss etdirmədən, komandanlığa bildirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlamağa - düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqeyinə gedib. Elvinin şəraitə görə atışmağa imkanı olmayıb. Qarşısına çıxan erməniylə əlbəyaxa olub, onu öldürüb. Sonra başqa ermənini, daha sonra üçüncünü, dördüncünü... Düşmənin səngərində şəhid olub. Düşmənin mövqeyinə, səngərinə belə gediş, belə döyüş vətənpərvərliyin təsdiqidir. Elvinin vətənpərvərliyi taqımın döyüş ruhunu, qisas hissini kükrədib.

Döyüşçülərdən birinin “Komandirimizin qisasını almadan Əzrayıla can vermərəm!” kəlmələrini hamısı döyüş andı bilib. Əsgərlərimiz döyüşü taqım komandirlərinin şəhidliyinin ruhu ilə davam etdirib. Bunlar hərbi anda sədaqət biçimli vətənpərvərlikdir.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, azərbaycançılıq Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyi möhkəmlətmək vasitəsidir. Azərbaycan gəncliyi böyük tarixi şəxsiyyətin bu kəlamını öyüd-nəsihət kimi düşüncələrinə, düşüncələrindən ömürlərinə köçürüb. Bu köçürmə də vətənpərvərlikdir.

Vətən müharibəsinin ilk qələbələrini xalqımız torpaqlarımızın işğaldan qurtuluşunun başlanğıcı bildi. Hamı özünü ruhən döyüşənlərin sırasında gördü. Nənələr döyüşənlərə əlcək, corab, jaket toxuyurdu, analar döyüşənlərin ehtiyacı olmasa da onlara dolmalar, kotletlər, qutablar bişirib göndərirdi. Ağsaçlı bir ananın dediklərini heç zaman unutmaram: Onların hər biri mənim şəhid oğlumun qardaşıdı. Oğlum şəhid olmasaydı, indi özü də, oğlu da onların sırasında olardı. Ağsaçlı ananın dedikləri də vətənpərvərliyin təsdiqidir.

Xalqımız Prezident İlham Əliyevin çağırışına böyük vətənpərvərliklə əməl edəcək, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərində əsl vətəndaş kimi iştirak edəcəklər. Vətənpərvərlik azərbaycançılığın tərkib hissəsidir.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM