02 Sentyabr 2020 00:53
3494
SİYASƏT
A- A+

Vətəndaş sağlamlığına və rifahına xidmət edən siyasət


İlham ƏLİYEV: "Azərbaycanda tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir”

Bəşəriyyətin tarixində dəfələrlə çoxsaylı insan itkisinə səbəb olan epidemiyalar, pandemiyalar baş verib. Elə indinin özündə də planetin ayrı-ayrı yerlərində lokal epidemiyalar meydana çıxır. Lakin heç kim təsəvvürünə gətirə bilməzdi ki, tibb elminin inkişaf etdiyi indiki dövrdə bütün dünya koronavirus adlandırılan xəstəliklə üzləşəcək və bu mərəz bütün ölkələri təhdid edəcək.


Azərbaycan koronavirus qarşısında aciz qalmadı

Ötən ilin sonlarından dünyada müşahidə olunan vəziyyət bundan ibarətdir ki, koronavirus bir çox ölkələri aciz vəziyyətə salıb. Belə ki, bir çox inkişaf etmiş dövlətlər yüksək səhiyyə sistemlərinin mövcud olmasına baxmayaraq on minlərlə insan itkisi ilə üzləşdilər. ABŞ, İtaliya, İspaniya, Fransa, Böyük Britaniya kimi ölkələrdə yaşananlar buna misaldır.

Xəstəlik dünyanın bir hissəsi olan Azərbaycandan da yan ötmədi. Lakin ilk gündən həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlər göstərdi ki, respublikamız koronavirusun qarşısında aciz qalmadı, ağır fəsadların yaranmasına imkan verilmədi. Fevralın sonundan başlayaraq koronavirus pandemiyası ilə mübarizə sayəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləri oldu. Azərbaycandakı vəziyyət beynəlxalq təşkilatların da diqqətindən yayınmadı və xəstəliklə mübarizədə ölkələrlə yaxından əməkdaşlıq edən Ümumdünya Səhiyyə Təşkilatı respublikamızda görülən işləri təqdir etdi. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev bu barədə deyib: "Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.


Tibbi məsələlər öz həllini tapdı

Qeyd edək ki, koronavirusla mübarizə məsələləri, xüsusən vətəndaşlarımızın sağlamlığının təmin olunması bu dövrdə daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. O cümlədən xalqımız Birinci vitse-prezident Mehriban Əliyevanın problemə həssas münasibətinin şahidinə çevrildi. Elə bunların nəticəsidir ki, qısa müddətdə koronavirusla mübarizədə tibbi baxımdan əsas məsələlər öz həllini tapdı. Ölkə üzrə 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Hansı ki, bu xəstəxanaların 41-i son 17 ildə inşa olunub. Zaman göstərdi ki, Prezident İlham Əliyevin regional inkişaf siyasətinin əsas tərkib hissələrindən biri kimi bu xəstəxanaların tikilməsi nə qədər uzaqgörən addımdır. Və dövlət başçısının özünün qeyd etdiyi kimi, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik.

Bütün bunlarla yanaşı, koronavirusla daha effektiv mübarizənin təşkili üçün Prezident İlham Əliyevin təşəbbüsləri ilə indiyəcək 11 modul tipli xəstəxana da inşa edilib ki, bu da son dövrlərdə sağalanların sayının daha çox olmasına mühüm təsir göstərib. Daha modul tipli 7 xəstəxananın tikintisi nəzərdə tutulsa da, hazırkı vəziyyət göstərir ki, buna ehtiyac yoxdur. Çünki tədricən virusa yoluxma azalmağa doğru gedir. Elə buna görə də bəzi xəstəxanalar koronavirus xəstələri üçün ayrılan siyahıdan çıxarılıb.

Azərbaycanda koronavirusla mübarizənin başqa bir önəmli addımlarından biri isə laboratoriyaların sayının artırılmasıdır. Pandemiya yeni başlayanda Azərbaycanda cəmi 6 laboratoriya var idi. Lakin indi respublikamızda 45 belə laboratoriya mövcuddur. Məhz bunun nəticəsində keçirilən testlərin cavablarını vaxtında müəyyən etmək mümkün olub.


Koronavirusa qarşı peyvənd Azərbaycana gətiriləcək

Pandemiyaya görə karantin rejiminin tətbiqi respublikamızda iqtisadiyyata da təsir edib. Lakin Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, bu gün prioritet vəzifə vətəndaşların sağlamlığının qorunmasıdır. Yuxarıda qeyd olunan və digər tədbirlər də göstərir ki, vətəndaşların sağlamlığı bütün məsələlərin fövqündə dayanır. İqtisadi fəallığın azalmasına baxmayaraq, dövlətimizin əsas diqqəti məhz vətəndaşların sağlamlığının təmin olunmasına yönəltməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Pandemiya nəticəsində xüsusən bir sıra iqtisadi fəaliyyət növlərini fəaliyyətinin müvəqqəti dayanması həm də vətəndaşların sosial rifahına təsir edir. Azərbaycan dövləti bunu da nəzərə aldı. Prezident İlham Əliyevin fərman və sərəncamlarına, tapşırıq və göstərişlərinə uyğun olaraq bütün dünyada nadir nümunələrdən biri kimi respublikamızda pandemiya dövründə geniş sosial proqramlar həyata keçirildi. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edildilər. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı ilə yanaşı, həm də onların sosial rifahının təmin olunması əsas vəzifələrdən biridir.

Modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev bir sıra məsələlərə də toxundu ki, bunlardan biri də koronavirusa qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə bağlıdır. Dövlət başçısı hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparıldığını bəyan etdi. Peyvəndlərin alınması böyük maddi vəsait tələb edir. Lakin bu istiqamətdə iş aparılması göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığı üçün gərəkən bütün addımları atır.


Arxayınlaşmaq olmaz

Qeyd edək ki, avqust ayında Azərbaycanda sərt karantin rejimi 3 dəfə yumşaldılıb. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb.

Lakin bütün bunlar insanları arxayınlaşdırmamalıdır. Çünki son günlər bir sıra Avropa ölkələrində yumşalmadan sonra yoluxma sayında artımların baş verməsi göstərir ki, karantin rejiminin yumşaldılması xəstəlik təhlükəsinin aradan qalxması demək deyil. Bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev bir daha hər kəsi sadə qoruyucu metodlardan istifadə etməlyə çağıraraq deyib: "Yəni, bu, nəyi göstərir, bir daha onu göstərir ki, bu xəstəlik heç də yoxa çıxmayıb. Bu xəstəlik var və belə olan halda dövlət tərəfindən bütün lazımi addımlar atılmalıdır, eyni zamanda, vətəndaşlar da çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir.

İndiki şəraitdə vətəndaşlarımızın daha məsuliyyətli davranışı, məhdudiyyətlərə səbr və təmkinlə, anlaşıqlı şəkildə yanaşması əldə edilmiş uğurların davamlı olmasının başlıca şərtlərindən biridir.


Heç kim qanundan üstün ola bilməz

Respublikamızda koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, qəbul edilən qərarlardan biri kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qoyulması oldu. Lakin təəssüflə qeyd etməliyik ki, son aylarda dəfələrlə ayrı-ayrı vətəndaşların toy və yas mərasimləri təşkil etməsinin, digər kütləvi tədbirlər keçirməsinin şahidi olmuşuq. Belə halların qarşısı hüquq mühafizə orqanları tərəfindən dərhal alınır və karantin rejimi tələblərinin pozulmasına hüquqi qiymət verilir. Belə əməllərin vəzifəli və rəsmi şəxslərin, ictimaiyyətin yaxından tanıdığı bəzi şəxslərin iştirakı ilə törədilməsi isə xüsusilə təəssüf doğurur, haqlı olaraq bütün cəmiyyət tərəfindən etirazla qarşılanır.

Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür. Son hadisələr də bunu bir daha təsdiq etdi.

Prezident İlham Əliyev ictimai vəziyyətinə, statusuna baxmayaraq, qanun qarşısında hamının bərabər olduğunu bildirərək qanunun hər kəs üçün qanun olduğunu və heç kimə heç bir güzəşt edilməyəcəyini bəyan etdi.

Görünən odur ki, dövlət lazım olan bütün addımları atır və bütün bunlar, eləcə də vətəndaşların məsuliyyəti tezliklə ölkəmizin hər yerində həyatın normal axarına dönməsini təmin edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Biz məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatını qoruduq. Qoymadıq ki, xəstəlik geniş vüsət alsın, qoymadıq ki, bu, nəzarətdən çıxsın və bundan sonra da bunu edəcəyik. Nə qədər lazımdırsa, o qədər də edəcəyik. Əminəm ki, birgə səylər nəticəsində, həm də bundan sonra dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq”.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video