21 Oktyabr 2021 01:57
1994
CƏMİYYƏT
A- A+

Vətən uğrunda döyüşmək qüruru

 

2020-ci il oktyabrın 8-i idi. İkinci Qarabağ müharibəsi başlamışdı. Vətən  mərd, igid övladlarını döyüşlərə çağırırdı. Kapitan Nəcəf Şikarov da cəbhəyə yola düşəcəkdi. Artıq hazır idi. Qapının ağzına qoyduğu hərbi çantası da onu gözləyirdi.

Kiçik qızı Zəhra isə boynuna sarılmışdı, onu buraxmaq istəmirdi. Atası da ona qıymazdı. Ancaq Vətən darda idisə, getməliydi. Əslində, Nəcəf bu çağırışa bütün qəlbi, ruhu ilə çoxdan hazır idi. O, peşəkar hərbçi idi. On iki il cəbhə bölgələrində hərbi xidmətdə olmuşdu. Amma qızları - doqquz yaşlı Zinyət də, yeddi yaşlı Zəhra da bu gedişin fərqli olduğunu duyurdular.

Balaca Zəhra anlayırdı ki, atasının yanında hər şıltaqlığı keçsə də, onu bu yoldan saxlaya bilməz. Yenə atasına sığındı:

- Bu çanta ilə gedirsənsə, qayıtmayacaqsan... - dedi.

- Gələcəyəm, - atası gülə-gülə cavab verdi.

- Onda bu çanta ilə getmə, - Zəhra gedib polietilen torba gətirdi. - Əşyalarını buna yığ.

Atası onun sözünü yerə salmadı...

Sonra Zəhra oturub şəkil çəkdi. Atası yola düşəndə ona verdi. Valideynlərinin, bacısının və özünün rəsmini çəkmişdi. Zəhra:

- Mənim üçün darıxanda baxarsan, - deyib rəsmi atasına verdi.

O gün daha bir evdən Vətənin müdafiəsinə igid döyüşçü yollandı. Kapitan Nəcəf Şikarov arxada yoluna ümidlə, intizarla göz dikmiş ata-anasını, həyat yoldaşını və hələ dünyanın ayrılıq üzündən xəbərsiz iki balaca övladını - Zinyətini və Zəhrasını qoyub getdi...

 

Hərbçi olmaq arzusu

 

Nəcəf Şamaxıda mərdliyi, igidliyi, qorxmazlığı ilə tanınan nəsillərdən birinin övladı idi. Onun adını daşıdığı babası Nəcəf Böyük Vətən mübaribəsi başlayanda on iki yaşında imiş. Gənclik yaşlarında olan böyük qardaşları Heybətlə Şikar  cəbhəyə yollanıblar. Onların Böyük Vətən mübaribəsində göstərdikləri şücaət dillərə düşüb. Heybət sağ-salamat geri dönüb, müəllimlik fəaliyyətini davam etdirib. Müəllimlərin I Ümumittifaq Qurultayının nümayəndəsi olub, “Qabaqcıl Maarif xadimi”, “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Şikar isə müharibədə həlak olub. Onun adını qardaşı Nəcəf öz oğluna verib. Və tale elə gətirib ki, şəhid əmisinin adını daşıyan Şikar Nəcəfov da müharibədə iştirak edib. Həm də peşəkar hərbçi kimi döyüşüb. O, 1972-1974-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki - Cəmşid Naxçıvanski adına Hərbi Lisey) oxuyub. Sonra Bakı Ali Ümumqoşun komandirlər məktəbində təhsil alıb. Otuz ilə yaxın hərbçi kimi Vətənə xidmət edən Şikar Şikarov polkovnik-leytenant rütbəsinədək yüksəlib.

1990-cı illərdə Birinci Qarabağ müharibəsi başlayanda Şikarovlar nəslinin igid oğulları da ön cəbhədə düşmənə qarşı vuruşublar. Şikar Şikarov da o zaman cəbhədə qəhrəmancasına döyüşüb. O, 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə ağır yaralanıb...

Belə igid hərbçinin, qəhrəman qazinin oğlu idi kapitan Nəcəf Şikarov. Böyük bacısı və qardaşı kimi o da kiçik yaşlarından atasının cəbhə xatirələrini böyük maraqla, qürurla dinləyib. Polkovnik-leytenant Şikar Şikarov övladlarını vətənpərvərlik ruhunda böyüdüb, millətini və torpağını sevməyi öyrədib.

Nəcəfdən qabaq böyük qardaşı Ehtiram hərb sənətini seçib. Təhsil alaraq atası kimi peşəkar hərbçi kimi yetişib. Növbə ailənin sonbeşiyinə - Nəcəfə çatıb...

1985-ci il yanvarın 24-də Azərbaycan tarixində, mədəniyyətində özünəməxsus yeri olan Şamaxı şəhərində dünyaya göz açan, el içində böyük hörmət sahibi olan nəslin layiqli övladı olan Nəcəfin də ən böyük arzusu hərbçi kimi vətənə xidmət etmək idi. O, 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam orta məktəbdə, 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Nümunəvi xidmətinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı (2008), “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (2013), III dərəcəli “Qüsursuz xidmətə görə” medalı (2016), “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı (2018) ilə təltif olunub.

 

Döyüş yollarında...

 

Həmlə taboruna qərargah rəisi təyin olunan Nəcəf Şikarovun 2020-ci ilin 8 okyabrından döyüş yolu başlayıb. Həyat yoldaşı Xurşud xanım danışır ki, Nəcəf müharibəyə zəfər çalacağımıza inamla, böyük ruh yüksəkliyi ilə, qürurla yollanıb: “O, getdiyi gün qəlbimə həyəcan, təlaş çökdü. Mən bilirdim, Nəcəf heç bir təhlükədən çəkinməz. Sonradan döyüş yoldaşlarının danışdıqları da təsdiq etdi ki, mən yanılmamışdım”.

Xurşud xanım deyir ki, hərbçi həyat yoldaşı olmaq çətindir, amma mən onu hərbi geyimdə sevmişdim: “Azərbaycan Texniki Universitetinin tələbəsiydim. Qohum olsaq da, o vaxtadək Nəcəfi çox az görmüşdüm. Mən Şamaxıda, o, Bakıda böyümüşdü axı. Sevdik bir-birimizi... Mən ikinci kursda oxuyanda nişanlandıq. Universiteti bitirdim. Toyumuz oldu. Elə toyumuzun sabahı günü qulluq etdiyi hərbi hissəyə getdi, bir ay on gün sonra gəldi. O, on iki il cəbhə bölgələrində xidmət etdi. Bu illər ərzində ailəmiz genişləndi. Qızlarımız dünyaya gəldi. Nəcəf ailəcanlı idi. Ancaq daha çox qulluq etdiyi hərbi hissədə, səngərlərdə olur, günlərlə evə gələ bilmirdi. Heyifsilənirəm ki, az olduq bir yerdə. Dostları onun xasiyyətindən danışırlar. Həsəd aparıram, çünki onlar Nəcəfin barəsində məndən çox bilirlər”.

Cəbhədə olanda telefonla arabir zəng edir, çox qısa danışır, harada vuruşması, ümumiyyətlə, döyüşlərlə bağlı heç nə söyləmirdi. Həyat yoldaşı deyir ki, əhvalı çox yaxşı idi: “Bizi arxayınlaşıdırırdı ki, hər şey yaxşı olacaq. Mənə tapşırırdı ki, ağlama, bir də uşaqlara yaxşı bax, çalış yaxşı oxusunlar. Qızlarımıza isə deyirdi, ananızın sözünə baxın, dərslərinizi yaxşı oxuyun. Bircə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər gəlib? Hansı yeməkləri bişirmisiniz? Zəhra indi neyləyir?”...

Şəhadətindən bir neçə gün qabaq telefonda anası ilə danışıb. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, “səni gör necə təbrik edəcəm, ana...”, - deyib Nəcəf.

Nəcəf Şikarov kimi oğulların qəhrəmanlığı sayəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyətə uğradıqları, otuz ilə yaxın işğalda qalan Azərbaycan torpaqlarının bir-birinin ardınca azadlığa qovuşduğu günlər idi. Nəcəf ümidli imiş ki, noyabrın 11-də, anasına zəfər müjdəsini ad günü hədiyyəsi edəcək. Ancaq qələbəni bütün Azərbaycan xalqına hədiyyə edən Nəcəf Şikarov kimi neçə-neçə igid o günü görmədi.

 

Ən uzun yol...

 

Nəcəf noyabrın 7-də həyat yoldaşına sonuncu mesajını yazıb.

- Yazdı ki, biz çıxırıq, özünüzə yaxşı baxın, mənə dua edin. - Xurşud xanım danışır.

- Bir də qardaşım Mətinə Zəhranı tapşırdı. Dörd gün onunla əlaqə saxlaya bilmədik. Atasının növbəti zənginə isə başqa biri cavab verdi. Dedi ki, Nəcəfin telefonu deyil, səhv düşmüsüz. Mən o dəqiqə fikirləşdim ki, nəsə olub. Həyəcan içindəydik, hamıya zəng edirdik. Bizi sakitləşdirirdilər. Sən demə, rayonda bizdən başqa hamı onun şəhadətini bilirmiş. Səhərin açılmasını gözləyirmişlər. Sabah saat 5-də bacısı gəldi. Dedi ki, Nəcəf şəhid olub. Ona da Ehtiram xəbər verib. Nəcəf kimi qardaşı Ehtiram da, əmisi oğlanları Heybət, Elvin və Sənan Şikarovlar da İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda vuruşurdular. Ehtiram həmin günlərdə Kəlbəcər uğrunda gedən döyüşlərdə savaşırdı. Nəcəfin şəhid olduğunu eşidən kimi icazə alıb, qardaşının tabutunu gətirməyə özü gedib. Onların ikisi də hərbçi idi. Uzun illər ayrı-ayrı yerlərdə hərbi xidmət etmişdilər. Ehtiram deyir ki, bu, qardaşımla mənim yeganə uzun yolum oldu...

Döyüş yoldaşları Nəcəf Şikarovun şücaətindən fəxrlə danışırlar. O, mənfur düşmənin onlarca döyüşçüsünü məhv etdi. Dəfələrlə ölümlə üz-üzə gəlib, son nəfəsinədək döyüşdü. Şəhid olan igid yoldaşlarının qisasını aldığını qürurla deyirmiş. Sonuncu döyüşü noyabrın 8-dən 9-na keçən gecə oldu. Düşmən səngərdən atəş açaraq döyüşçülərimizin irəliləməsinə imkan vermirdi. Nəcəf ehtiyatla düşmənin arxa cinahına keçdi. Düşmənin səngərinə atıldı. Bir neçə erməni döyüşçüsünü məhv etdi. Əlbəyaxa döyüşdə bıçaq və güllə yarası aldı. Həmlə taborunun komandiri Nəcəf Şikarov canı bahasına öz əsgərlərinə yol açdı.

O, 35 yaşında Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid oldu. Noyabrın 11-də, anasının doğum günündə II Fəxri xiyabanda dəfn edildi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kapitan Nəcəf Şikarov ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

“Noyabr ayı mənim üçün əlamətar idi, - Xurşud xanım söyləyir. - Noyabrın 25-i toyumuz olmuşdu. Noyabrın 1-i Zəhranın, 11-i isə Nəcəfin anasının ad günüdür. İndi noyabr mənim üçün ən kədərli ay oldu. Yaxınlaşdıqca nəfəsim daralır... Çünki Nəcəf bu ayda şəhid oldu. Dekabrın 2-i isə qızımız Zinyətin ad günüdür. Həmin gün də Nəcəfin əşyaları gəldi. Zəhranın çəkdiyi, xoşbəxt günlərimizin rəsmi Nəcəfin çantasından çıxdı... Ayrılıq əzablı olsa da, Nəcəf kimi qəhrəmanın həyat yoldaşı olmaq böyük qürurdur. Günlər keçir, amma hələ də inanmıram. Hər yerdə gözlərim onu axtarır. Hərbi geyimli adamları görəndə elə bilirəm Nəcəf də onların arasındadır”.

Qəhrəman kapitanın qızları ilə də həmsöhbət oluruq. Yaşları az olsa da, atalarının necə bir igid olduğunu yaxşı bilir, onunla qürur duyurlar. İndi isə atalarının arzusunu yerinə yetirir, dərslərini yaxşı oxuyurlar. Zinyət həkim, Zəhra veterinar olmağı düşünür. Xurşud xanımın ən böyük arzusu isə qızlarını ataları kimi vətənpərvər görməkdir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video