02:36 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vaksinasiya prosesinin aparılmasında əsas məqsəd əhalini pandemiyadan qorumaqdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:42 17.08.2021

 

Koronavirusla bağlı dünyanın müxtəlif ölkələrindən verilən gündəlik məlumatlar yenə təşviş doğurur. Bu təhlükəli virusa yoluxma və ölüm sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, artıq dünyada COVID-19-a yoluxanların ümumi sayı 208 milyona yaxınlaşır. 4 milyon 374 mindən çox insan isə bu xəstəlikdən həyatını itirib.

Virusa yoluxma sayına görə ilk beşliyin birinci pilləsini ABŞ tutub. Sonrakı sıralarda Hindistan, Braziliya, Rusiya və Fransa dayanıb. Sərhəd qonşularımız arasında COVID-19-a ən çox yoluxma ardıcıl olaraq Rusiya, İran və Türkiyədə qeydə alınıb.

Koronavirusa yoluxma və ölüm hallarının artmasını, vəziyyətin gündən-günə kəskinləşməsini nəzərə alaraq qonşu İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib. Hökumətin qərarına əsasən, bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcək.

İranda hər gün yüzlərlə pasiyent virusdan həyatını itirir. Virusa yoluxanların ümumi sayı isə 4 milyon 425 mini ötüb. Bu xəstəlikdən ölənlərin sayı 98 minə yaxınlaşıb.

Qonşu Gürcüstanda da son günlər koronavirusun geniş yayılması barədə məlumatlar gəlir. İnfeksiyanın tüğyan etməsini epidemioloqlar koronavirusun yeni ştamlarının yayılması ilə əlaqələndirirlər.

Belə ki, bu ölkədə hazırda “Delta”, “Britaniya” ştamları ilə bərabər, “Delta plyus” variantları da aşkar edilib.  Ekspertlərin fikrincə, avqustun sonuna yaxın ölkədə “Delta”nın dominantlıq edəcəyi gözlənilir. Bəzi ekspertlər payızda beşinci dalğanın olacağını istisna etmirlər.

Gürcüstan əhalinin hər 100 min nəfərinə düşən yoluxma sayına görə hazırda irəlidə gedən ölkələr sırasındadır. Mütəxəssislərin qənaətincə, Gürcüstanda pandemiyanın tüğyan etməsinin və ölüm hallarının artmasının əsas üç səbəbi var. Səbəblərdən birincisi, insanlarda peyvəndləməyə inamın az olması, ikincisi, vaksinasiyanın çox zəif aparılması, üçüncüsü isə tibbi maskalardan və digər vasitələrdən yetərincə istifadə olunmamasıdır.

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze ölkədə epidemioloji vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini bildirib. Belə ki, 3,7 milyon əhalisi olan bu ölkədə gündəlik 5700 nəfər koronavirusa yoluxur. Bu isə ölkə əhalisinin hər 100 min nəfərinin 109-nun yoluxması deməkdir. Nazir deyib ki, ölkənin səhiyyə sistemi infeksiyaya yoluxanların kəskin artımı səbəbindən yüklənmə ilə üz-üzədir, artıq xəstəxanalarda çarpayı qıtlığı yaranıb. Hökumət səhra hospitallarının yaradılması məsələsini nəzərdən keçirir. Həmçinin Tbilisi İdman Sarayı və buna bənzər digər yerlərin ilkin tibbi yardım üçün xəstəxanaya çevrilməsi məsələsi gündəlikdədir.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbərinin müavini Paata İmnadze ölkədəki epidemioloji vəziyyətin Hindistandakı vəziyyətdən 5 dəfə ağır olduğunu açıqlayıb. Bildirib ki, “Delta” ştammı Gürcüstanda daha çox yayılır və digər ölkələrə ixrac olunur. “Delta” ştammını isə “Delta plyus” əvəz edir, bu gün xəstələrin 40-50 faizi məhz bu ştamma yoluxublar.

Səhiyyə işçiləri pandemiya ilə əlaqədar daha ciddi tədbirlərin araşdırılmasını qadağaların tətbiqində görür. Hökumət isə iqtisadiyyata kömək məqsədilə hələlik ağır qapanmalara getmir. Turizm sezonu dövründə bu cür qapanmalar daha ağır nəticələrə səbəb ola bilər. Gürcüstana Rusiya, Ukrayna və ərəb ölkələrindən gələn yüzlərlə turistin hesabına isə virus daha çox yayılmağa başlayıb.

Daha bir ölkədə - Yunanıstanda da turist axını ilə paralel olaraq koronavirusa yoluxmalarda artım müşahidə edilir. Bəzi bölgələrdə, eləcə də ölkənin məşhur Mikonos və Santorini adalarında vəziyyət kritik həddə çatıb. Hökumət orqanları xüsusi məhdudlaşdırıcı tədbirlərlə xəstəliyin yayılmasının iqtisadiyyata təsirsiz ötüşməsi üçün müəyyən işlər həyata keçirir.

Dünyada tüğyan edən koronavirus ölkəmizdə də meydanını genişləndirib. Belə ki, virusa gündəlik yoluxmada və ölüm sayında artım davam edir. Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bir həftədən çoxdur ki, ölkəmizdə koronavirusa yoluxma hallarında bu cür mənfi dinamikanın izlənməkdə olduğunu vurğulayıb. Bildirib ki, əgər bir müddət əvvəl rəqəmlər 200-dən artıq idisə, qısa müddətdə on dəfədən çox artıb: “Ətrafımızda olan digər ölkələrə diqqət etsək, görərik ki, həmin proses onlarda bizdən də daha əvvəl başlayıb və epidemioloji vəziyyət ölkəmizdəkindən daha pisdir. Lakin son günlərdəki artım onu deməyə əsas verir ki, Azərbaycanda da xəstəliyin növbəti alovlanma dövrü başlayıb. Bir müddətdir ki, bununla bağlı həyəcan təbilini çalırıq və əhalinin həmin infeksiya ilə necə mübarizə aparması, o cümlədən vaksinasiyanın əhəmiyyəti haqqında maarifləndirmə işini genişləndirməyə çalışırıq”, - baş infeksionist belə deyib.

Təyyar Eyvazov ümidverici bir xəbəri də verib: “Son dövrlər qəbul edilən qərarlar, aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, gündəlik peyvənd olunmaq üçün müraciət edənlərin sayı artıb. İlk günlərdə müraciət edənlərin sayı xeyli az idi. Hazırda bu rəqəm gündəlik 60 minin ətrafında dəyişir. Bu da tam arzuolunan deyil. Dövlətin imkanı var ki, hər gün 100 min civarında vətəndaşın vaksinasiyasını həyata keçirsin. Aparılan kompleks tədbirlər nəticəsində vaksinə olan inamı artıb. İndi vətəndaşlar daha kütləvi şəkildə müraciət edirlər. Lakin yenə də passiv qruplar var. Bizim də hədəfimiz budur. İstəyirik həmin şəxslərə vaksinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatları çatdıraq ki, onlar da vaxtında düzgün qərar qəbul etsinlər”,

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və allerqologiya şöbəsinin həkimi Günel Sadıqova bildirib ki, yeni növ koronavirus infeksiyası əleyhinə kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır. Çünki ölkədə koronavirusa yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Belə ki, virusa yoluxanların artması ilə əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq.

Mütəxəssis vətəndaşlar arasında laqeydliyin, təhlükəsizlik tədbirlərinə riayət olunmamasının yoluxma saylarında artımlara rəvac verdiyini diqqətə çatdırıb: “Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli, virus yoxa çıxıb. Halbuki pandemiya hələ bitməyib və virus yayılmaqda davam edir. Yeni “Delta” ştammının qonşu ölkələrdə sürətlə yayılması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır”.

O, müşahidələrə əsaslanaraq bildirib ki, hazırda xəstəxanaların reanimasiya şöbələrində müalicə alan koronavirus xəstələrinin 90-95 faizi peyvənd olunmayanlardır: “Peyvənd yoluxmanı tamamilə aradan qaldırmasa da, ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Ona görə də kütləvi vaksinasiyanı sürətləndirməklə virusun öhdəsindən gəlmək mümkündür”.

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yalnız paytaxt küçələrində deyil, bölgələrdə də həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Səhər saatlarından başlayaraq ölkənin müxtəlif ərazilərində, küçə və prospektlərdə, əhalinin sıx toplaşdığı yerlərdə dezinfeksiya işi aparılır.

Bundan başqa, əhali ilə maarfləndirici söhbətlər edilir. Onların mütləq şəkildə peyvənd olunmalarının vacibliyi diqqətə çatdırılır. Bildirilir ki, geniş vaksinasiya prosesinin aparılmasında və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM