08 May 2021 01:43
1714
Səhiyyə
A- A+

Vaksinasiya olunanlar digər qorunma vasitələrindən imtina etməməlidirlər

 

Koronavirusla bağlı hər gün yayılan məlumatlar hələ də həyəcan doğurmaqda davam edir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva dünyada koronavirusa yoluxanların sayının 155 milyonu, bu xəstəlikdən ölənlərin sayının 3 milyonu ötdüyünü, gündəlik 800 mindən çox yeni yoluxma qeydə alındığını diqqətə çatdırdı. Bildirdi ki, dünyada ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada qeydə alınır. O deyib: “Lakin son həftələr Hindistan koronavirusa görə daha çox gündəmdədir. Biz bunu narahatlıqla izləyirik. Həmin ölkədə hər gün yeni yoluxma və ölüm hallarında rekordlar müşahidə olunur. Bu istiqamətdə mutasiyalar çox müzakirə edilir. Rəsmi olaraq Hindistanda COVID-19-un yeni ştammı təsdiq olunub. Hindistan ştammının xəstəliyin gedişatına, ağırlıq dərəcəsinə təsiri haqqında rəsmi araşdırmalara əsaslanmış məlumatlar yoxdur. Azərbaycanda bu cür testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur. Yeni məlumatlar olduğu zaman ictimaiyyətə açıqlanacaq”.

Brifinqdən əvvəlki günün statistikasına nəzər salan TƏBİB-in rəsmi nümayəndəsi ölkəmizdə koronavirusdan sağalanların sayının yeni yoluxanların sayını ötdüyünü diqqətə çatdırıb. Bunu müsbət dinamikanın göstəricisi kimi dəyərləndirib. Y.Qarayeva ən çox yoluxmaların müşahidə olunduğu noyabr-dekabr aylarında aparılan testlər arasında pozitiv nəticələrin payının 30 faizə çatdığını vurğulayıb: “Bundan sonra sərt karantin rejimi tətbiq olundu və yoluxmaların sayı azalmağa doğru getdi. Yanvarın ortalarından başlayaraq mərhələli şəkildə yumşalmalar tətbiq olundu. Yanvarın 18-də isə ölkəmizdə vaksinasiya prosesi başlandı. Bundan sonra yoluxmaların sayı artsa da, maksimum yoluxma halı 2000-2500 arasında dəyişdi. Həmin vaxt aparılan testlər arasında pozitiv nəticələrin payı 19 faizə çatırdı. İndi sərt karantin rejiminə getmədən, sosial həyatda bəzi aktivlikləri saxlayaraq yeni yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Hazırda yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı bir nəticədir”. Y.Qarayeva ölkəmizdə epidemioloji vəziyyətin nəzarət altında saxlanıldığını və müsbət dinamikanın mövcud olduğunu söyləyib.

Həm pandemiyanın başlanğıc mərhələsində, həm də hazırkı vaxtda yeni və ümumi yoluxmaların yaş qrupunda bölgüsünün demək olar ki, dəyişmədiyini, eyni faizlərlə davam etdiyini nəzərə çatdıran TƏBİB-in departament müdiri ən çox yoluxma hallarını sosial aktiv yaş qruplarında - yaşı 30-59 arası olan vətəndaşlarda müşahidə edildiyini açıqlayıb. Bildirib ki, ölkəmizdə qadınlar arasında daha çox yoluxma müşahidə olunur.

Y.Qarayevanın verdiyi məlumata görə, yoluxma hallarının ölkə üzrə bölgüsünə əsasən, yeni yoluxma hallarının 54 faizi Bakıda qeydə alınır, növbəti yerdə isə Abşeron rayonu dayanır. O, digər bölgələrimizdə xüsusi diqqət cəlb edən dəyişikliyin olmadığını söyləyib. Bildirib ki, vəziyyət stabil olaraq qiymətləndirilə bilər. Paytaxtın rayonlarına gəlincə, yoluxmaların yüksəkliyi Binəqədi və Xətai rayonlarında qeydə alınır.

Brifinqində iştirak edən səhiyyə nazirinin birinci müavini Teymur Musayev bu gün dünyanın əksər ölkələrində koronavirusa qarşı aparılan mübarizə tədbirlərində ən effektiv vasitə hesab edilən vaksinasiya ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. O bildirib ki, Nazirlər Kabinetinin 2021-2022-ci illər üçün yeni növ koronavirus (COVID-19) əleyhinə qəbul etdiyi Vaksinasiya Strategiyasının əsas prinsipləri könüllülük, şəffaflıq, təhlükəsizlik, ədalətlilikdir. T.Musayev həmin şərtləri qorumaq və ona əməl etməklə yanvarın 18-dən ölkəmizdə vaksinasiyanın genişmiqyaslı şəkildə və uğurla aparıldığını diqqətə çatdırıb.

Səhiyyə işçilərinin 90 faizə qədərinin peyvənd olunduğunu, təhsil sektorunda çalışanların da həmin rəqəmə yaxınlaşdığını açıqlayan T.Musayev son iki həftə ərzində çarpayı fondunda yatan xəstələrin sayının getdikcə azaldığını da deyib. Reanimasiyada yatan yaşlı xəstələrin sayı getdikcə azalsa da, hələ arzu olunan göstərici olmadığını isə o, yaşlı əhalinin həmin xəstəliyi daha ağır keçirməsi ilə izah edib.

“Dünyada vaksin uğrunda mübarizə gedir. Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətli aparılır. Buna baxmayaraq, Prezident İlham Əliyevin müdrik siyasəti və nüfuzu sayəsində ölkəmiz vaksinlərlə davamlı olaraq təmin edilir”, - deyə səhiyyə nazirinin birinci müavini bildirib.

Son vaxtlar beynəlxalq elmi çevrələrdə vaksinasiyanın mövsümi xarakter daşıyacağı ehtimalının irəli sürüldüyünü vurğulayan T.Musayev qeyd edib ki, bu da o deməkdir ki, hər il mövsümi qrip vaksinasiyası kimi COVID-19-a qarşı olan vaksinasiyaya da ehtiyac duyula bilər.

Səhiyyə nazirinin birinci müavininin məlumatına görə, bununla əlaqədar ölkəmizin rəsmiləri vaksin istehsalçılarının hamısı ilə, o cümlədən Avropa və ABŞ istehsalçıları ilə birbaşa danışıqlar aparırlar, ölkəmizə müxtəlif vaksinlərin gətirilməsi təmin ediləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev  bunu da nəzərə çatdırıb ki, vaksinlər müxtəlif cür hazırlanır, Azərbaycanda koronavirusa qarşı ilk tətbiq olunan Çinin “Sinovac” şirkətinin vaksinidir. O bildirib ki, bu, inaktivləşdirilmiş vaksindir. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır. Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsizdir və səmərəlidir.

İndiyədək 600 min nəfərə yaxın vətəndaş ikinci dozanı qəbul edib. İki doza vurulanlar arasında yoluxma sayı çox aşağı səviyyədədir. Yoluxanlar isə xəstəliyi ağır formada keçirməkdən tam qorunurlar.

Nazirin birinci müavini daha sonra deyib: “Bu məlumatlar deməyə əsas verir ki, mayın 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış vətəndaşlar vaksinasiya kampaniyasında iştirak edə bilərlər. Bu, böyük bir imkandır və peyvəndlərin kifayət qədər olmasına əsaslanır. Digər bir məsələ ondan ibarətdir ki, könüllülük prinsipi qorunaraq və eyni zamanda, vətəndaşlıq məsuliyyəti hiss edərək dünyanın qabaqcıl ölkələrində olduğu kimi, bu prosesə kütləvi surətdə qoşulmaqla qısa müddətdə normal həyata qayıtmaq imkanı var. Bu imkanı əldən vermək olmaz və Səhiyyə Nazirliyinin rəsmisi kimi 18 yaşı tamam olan hər bir vətəndaşı həmin kampaniyaya qoşulmağa çağırıram. Nəinki öz sağlamlığı və həyatı, həm də doğmalarının, əzizlərinin həyatını düşünərək bu mühüm kampaniyaya qoşulmaqla ölkəmizin, cəmiyyətimizin normal həyata dönüşünü təmin etmək olar”.

T.Musayev bir mühüm məsələni də diqqətə çatdırıb: “Vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək mənası daşımır. Hazırda maska taxılması, məsafə saxlanılması və digər gigiyenik prosedurlara əməl olunması məcburi və mütləqdir”.

Brifinqdə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, qarşıdan gələn Ramazan bayramı günlərində yalnız ictimai nəqliyyatın fəaliyyətinin dayandırılacağıı, əlavə məhdudiyyətlərin tətbiq olunmayacağı da diqqətə çatdırılıb.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video