14 Fevral 2012 01:02
591
İQTİSADİYYAT
A- A+

Üzümçülük kənd təsərrüfatında ən gəlirli sahədir

 

Qəbul olunmuş dövlət proqramı bu sahənin dirçəldilməsinə yönəldilib

 

Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında üzümçülüklə hələ qədim dövrlərdən məşğul olublar. Bu da onun faydalı və gəlirli sahə olmasından irəli gəlir. Məhz əsasən bu səbəbdən üzümçülük Azərbaycanın aqrar sektorunda qısa fasilələrlə də olsa, indiyədək öz mövqeyini saxlayır.

Üzümçülük bitkiçiliyin digər sahələrindən təxminən 8-10 dəfə gəlirlidir. Bundan başqa, istehsalın bu sahəsi məhsulunun çoxnövlü olması ilə səciyyələnir. Süfrə üzümü, quru üzüm (kişmiş, mövüz), üzümdən hazırlanan sirkə, doşab, şərab və hətta yanacaq onun necə qiymətli və sərfəli məhsul olmasından xəbər verir. Eyni zamanda, üzümçülük məhsuldarlığının yüksək olması ilə fərqlənir.

Amma üzümçülüyün ən gəlirli sahəsi şərab üçün xammal istehsalıdır. Bu sahə üzümçülüyün mühüm üstünlüklərindən birini təşkil etməklə aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan əhalinin daha çox mənfəət götürməsinə təminat yaradır, emal sənayesinin inkişafına və genişlənməsinə zəmanət verir və kənd yerlərində məşğulluğun kəmiyyət səviyyəsinin yüksəldilməsini şərtləndirir. Bütün bunlarsa ölkədə yoxsulluğun ilbəil aşağı düşən səviyyəsinin bütünlükdə aradan qaldırılmasına əsaslı təsir göstərir. Nəhayət, üzümçülük onunla bağlı digər sahələrin inkişafını təmin edir. Bu yerdə bir faktı da nəzərə çatdırmaq istərdik - üzümçülük, o cümlədən şərabçılıq əlavə gəlir və dəyər yaradılmasında mühüm əhəmiyyət kəsb etməklə digər əkinçilik məhsulları ilə müqayisədə hər 100 hektar torpağa görə iş yerlərinin kəmiyyəti və məhsul istehsalı üzrə ən sərfəli sahədir.

Ulu öndər Heydər Əliyevin keçmiş SSRİ vaxtı respublikaya rəhbərlik etdiyi illərdə şəxsi təşəbbüsü nəticəsində Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalı xeyli artmış, o cümlədən üzümçülük və şərabçılıq sürətlə inkişaf etmişdir. Həmin illər təkcə üzüm istehsalı 1969-cu ildə 270 min tondan 1981-ci ildə 1,6 milyon tona çatmışdır. Göstərilən dövr ərzində Naxçıvan Muxtar Respublikasında da üzümçülüyün inkişafı, məhsuldarlığın yüksəlməsi və bu sahədən əldə edilən gəlirlər  dəfələrlə artmışdır. Amma keçmiş İttifaq rəhbəri M.Qorbaçovun alkoqolizmə qarşı mübarizə tədbirləri altında ölkədə, o cümlədən Azərbaycanda üzümçülüyə ciddi ziyan vuruldu. İllər boyu ağır zəhmət, gərgin əmək sayəsində salınmış üzüm plantasiyaları, emal müəssisələri məhv edildi və respublikamız aqrar sektorun bu gəlirli sahələrindən mərhum oldu.

Yalnız Azərbaycan müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, xüsusən, keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq ölkəmizdə üzümçülüyün dirçəldilməsi üçün əlverişli şərait yarandı və bu istiqamətdə bir-birinin ardınca mühüm qərarlar qəbul edildi. Həmin qərarlar üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, əhalinin yüksək keyfiyyətli süfrə üzümünə, üzüm emalı müəssisələrini isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə istiqamətlənmişdi. Düzdür, dağıdılmış emal müəssisələri və plantasiyalar sahənin qısa müddət ərzində dirçəldilməsinə imkan vermirdi. Lakin həmin illər aqrar və emal sektorlarının bu sahəsinin inkişaf etdirilməsi çərçivəsində görülən tədbirlər sonrakı dövrdə öz bəhrəsini verməyə başladı. Bu gün Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında  üzümçülüyə diqqətin və marağın xeyli artması, əkin sahələrinin ildən-ilə genişlənməsi məhz bunun nəticəsidir. Təkcə ötən il Naxçıvan MR-də üzümlüklər salınmış sahələr 1053 hektara çatmışdır ki, bunun da 995,3 hektarı artıq bar verir.

Prezident İlham Əliyevin 2011-ci il 15 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" ölkəmizdə üzümçülüyün və şərabçılığın kompleks inkişafını nəzərdə tutan mühüm fəaliyyət sənədi kimi bu sahədə çalışanlara əvəzolunmaz və geniş imkanlar verir. Dövlət proqramının təsdiqlənməsi ilə bağlı Prezidentin imzaladığı sərəncamda sənədin məqsədi, vəzifələri elmi və praktiki baxımdan çox düzgün əsaslandırılmışdır. Bu mühüm sənəd əhalinin təzə və keyfiyyətli süfrə üzümünə tələbatının daha dolğun ödənilməsini, şərabçılıq və üzüm emalı müəssisələri şəbəkəsinin xammal təminatının yaxşılaşdırılmasını, onun məhsullarının ixracının artırılması üçün  stimullaşdırıcı tədbirləri nəzərdə tutur. Bunun üçün süfrə üzümü əkini sahələrinin genişləndirilməsi, yeni üzüm bağlarının salınması, tinglik təsərrüfatlarının formalaşdırılması, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması, üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsinin reallaşdırılması vəzifələri müəyyənləşdirilmişdir. Eyni zamanda, üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi, üzüm və şərab emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni müəssisələrin yaradılması, üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması, əhalinin mövsümlərarası süfrə üzümü ilə fasiləsiz təmin edilməsi məqsədilə anbar şəbəkələrinin və saxlama kameralarının tikintisinin dəstəklənməsi, üzüm və şərab məhsullarının rəqabət qabiliyyətliyinin artırılması, üzüm və şərabın daxili bazarının haqsız rəqabətdən qorunması, üzüm və şərab üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi vəzifələri də dövlət proqramında vəzifə kimi qarşıya qoyulmuşdur. Həmçinin bu vəzifələr sırasına sahə üzrə normativ-hüquqi bazanın daha da təkmilləşdirilməsi, təsisatı və təşkilati tədbirlərin həyata keçirilməsi, perspektiv üçün üzümçülüyün inkişafına şərait yaradan mexanizmlərin daha səmərəli qaydasının formalaşdırılması, biotik və abiotik amillərə qarşı davamlı, məhsuldar sufrə və texniki üzüm sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili tədbirlərinin yerinə yetirilməsi, şərab və üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi və digər tədbirlər daxil edilmişdir.

Üzümçülük kənd təsərrüfatının ən çox kapital (əsaslı vəsait) tələb edən sahəsi olduğu üçün Prezidentin adı çəkilən sərəncamında dövlət proqramının reallaşdırılmasının maliyyə mənbələri də təsnifləşdirilmişdir. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, ondan kənar fondlar, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də  Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, yerli və xarici özəl investisiyalar daxildir.

Dövlət proqramının icrası çərçivəsində artıq bu ildən başlayaraq 65 min hektar sahədə üzüm plantasiyalarının salınması nəzərdə tutulur. Yeri gəlmişkən onu da qeyd edək ki, dövlət proqramında qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq gələcəkdə bütün üzüm istehsalının 10 faizini süfrə üzümü təşkil edəcək, habelə cari ildən üzümçülüklə məşğul olanlara kredit verilməsinə başlanacaq.

Bir sözlə, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" vaxtında qəbul olunmuş sənəddir. Odur ki, ilk növbədə, proqramın məqsəd və məramı xüsusilə kənd yerlərində dərindən təbliğ edilməli, fermerlər arasında təbliğat və izahat işləri aparılmalıdır. Bundan başqa, torpaq payı üzərində xüsusi mülkiyyət hüququ saxlanılmaqla üzümçülük üzrə iri fermer-kəndli təsərrüfatlarının, kənd təsərrüfatı kooperativlərinin, şərikli müəssisələr və təsərrüfatçılığın digər formalarının yaradılması ön plana çəkilməli, bu istiqamətdə əməli tədbirlər görülməlidir. Xüsusən, torpaq sahiblərinə bu cür təsərrüfatların daha səmərəli, daha gəlirli olduğu izah olunmalıdır. Təbii ki, bu işdə mütəxəssislər, aqrar elm adamları, iqtisadçılar yaxından iştirak etməlidirlər. Yalnız bu cür birgə fəaliyyət dövlət proqramında müəyyən olunan vəzifələri vaxtında reallaşdırmağa imkan verər.

 

Asif ŞİRƏLİYEV,

iqtisad elmləri doktoru, Naxçıvan Dövlət Universitetinin professoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video