23 May 2013 01:05
378
PARLAMENT
A- A+

«Uşaq hüquqları və biznes prinsipləri» müzakirə olunmuşdur

 

Mayın 22-də Milli Məclisdə UNICEF-in dəstəyi ilə "Uşaq hüquqları və biznes prinsipləri" mövzusunda "dəyirmi masa" keçirilib.  Tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, deputatlar, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, BMT-nin rezident koordinatoru Antonios Broek, yerli və xarici ekspertlər iştirak ediblər. Tədbirdə uşaq hüquqları ilə bağlı bütün dünyada və Azərbaycanda olan vəziyyət, bu sahədə problemlər, perspektivlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin uşaq hüquqlarına hörmət etmək və onları dəstəkləməyi təmin etmək üçün prinsiplər müzakirə olunub.

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, Azərbaycan elə ölkələrdəndir ki, burada uşaq hüquqlarının qorunması sahəsində vəziyyət bir çox dövlətlərdən yaxşıdır: "Amma bu o demək deyil ki, Azərbaycanda bu sahədə problem yoxdur. Yenə də bizdə uşaq əməyindən istifadə olunur, himayədən məhrum, sosial təminatları aşağı olan uşaqlar var və bir sıra biznes strukturlarında uşaqlardan işçi kimi istifadə edirlər. Əlbəttə ki, uşaqların hüquqlarını qorumaq, onların təhlükəsizliyini, sağlam qidalanmasını təmin etmək hər bir cəmiyyətin qarşısında duran ümdə məsələlərdəndir. Azərbaycan da bu sahədə beynəlxalq təcrübəni öyrənərək müstəqillik dövrü ərzində böyük nailiyyətlər əldə etmişdir. Əgər dövlət qanunları, proqramları vasitəsilə uşaq hüquqlarının qorunması istiqamətində konkret layihələri  yerinə yetirirsə, iş adamlarının, biznes qurumlarının, sahibkarların da qarşıda dayanan hədəfləri ondan ibarət olmalıdır ki, dövlətin və cəmyyətin uşaq hüquqlarının qorunması siyasətinə dəstək versinlər".

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə çıxışında bildirib ki, uşaq hüquqlarının qorunması sahəsində iş adamları da fəal olarsa, bu, uşaqların həyatına müsbət təsir göstərə bilər. Uşaqların hüquqlarının tapdalanmasına yol verilərsə, gələcəkdə onların həyatına, bütövlükdə cəmiyyətə mənfi təsiri olar. O, qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var. Bu rəqəmin ölkə üçün əhəmiyyətli olmasından danışan M.Herevard deyib ki, bu təbəqədən olan insanlar çox həssasdırlar və onların hüquqları daim diqqətdə olmalıdır: "Uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Uşaqlar biznes sahəsində həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm də gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edirlər. Sahibkarlar öz fəaliyyətlərini həyata keçirdikləri zaman uşaq hüquqlarına necə təsir göstərdiklərini nəzərə almalıdırlar".

Onun sözlərinə görə, beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının qorunmasında iştirak etsin. Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirələr aparılan zaman uşaqların hüquqları nəzərə alınmır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə deyib: "Uşaq hüquqları ilə bağlı bəzi məsələlərin öz həllini tapmasına baxmayaraq, hələ də onların əməyindən qanunsuz istifadə olunur. Dünyada baş verən qlobal maliyyə böhranından daha çox uşaqlar əziyyət çəkirlər, çünki dünyada baş verən böhranın əsas səbəbini ictimai maraqların toqquşması təşkil edir. Sovetlər dönəmində isə ictimai maraqlar ifadəsi daha qabarıq şəkildə mövcud idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi əsas amil olmalıdır".

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycanda son 10 ildə həyata keçirilən strateji planlamaların əsas məqsədlərindən biri uşaqların müdafiəsi ilə bağlı tədbirlərin təşkilidir: "Dünyada bəzən biznes strukturları uşaqların hüquqlarını pozur və bunun da əsas səbəblərindən biri sağlamlığı təbliğ etməyən reklam roliklərinin mövcudluğudur".

UNICEF-in Baş qərargahının korporativ sosial məsuliyyət üzrə mütəxəssisi İda Marqarita Hilestid çıxışı zamanı bildirib ki, marketinq işində məşğul olanlar aqressiv reklamları yayımlamamalıdırlar, çünki uşaqlar çox həssasdırlar, manipulyasiyalara tez məruz qalırlar. Onun fikrincə, biznes strukturları uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklər götürməlidirlər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, heç kəs məcburi əməyə cəlb edilə bilməz, əmək müqavilələri sərbəst bağlanılır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsində isə birmənalı şəkildə qeyd edilir ki, uşaqları onların həyatına, sağlamlığına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək olmaz. Həmçinin 15 yaşına çatmamış uşaqları onların həyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edənlər cəzalandırılmalıdır. O, qeyd edib ki, bu gün Azərbaycanda kommunikasiya sahəsi qaydasına düşür, su-kanalizasiya sistemləri qurulur və ətraf mühitin qorunması sahəsində işlər görülür ki, bu da son nəticədə uşaqların sağlam mühitdə yaşamasına kömək edir. Hadi Rəcəbli işəgötürən və işçi münasibətlərinə də toxunaraq vurğulayıb ki, işəgötürən işçi ilə əmək müqaviləsi imzalamalıdır ki, onun uşaqları üçün də bir təminat yaransın.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək bildirib ki, konfederasiya tərəfindən hər il təxminən 6 minə yaxın uşaq istirahət düşərgələrinə göndərilir: "Ancaq hesab edirəm ki, bu rəqəm yüksək göstərici deyil. Azərbaycanda sovetlər dövründə olan pioner yay düşərgələrinin yeni formada bərpasına ehtiyac yaranıb. Hər il uşaqlar 3 aydan artıq müddətə yay tətilinə buraxılırlar. Ancaq onların çoxunun imkanı yoxdur ki, istirahət düşərgələrində dincəlsin, maraqlı məşğələlər keçsin. Belə hallarda bəzi uşaqlar xoşa gəlməyən işlər görür. Bu isə çox təhlükəlidir. Ona görə də uşaqların yay dövründə istirahətlərinin səmərəli təşkil olunması üçün yay istirahət düşərgələrinin sayının artırılmasına ehtiyac var".

Tədbirdə yerli QHT nümayəndlərinin və bir sıra şirkət təmsilçilərinin iştirakı ilə müzakirələr aparılıb. "Dəyirma masa"nın aparıcısı Bahar Muradova müzakirələrə yekun vuraraq yüksək qiymətləndirib və belə bir toplantının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video