07:58 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Unutmamalıyıq, unutdurmamalıyıq

ANA SƏHİFƏ / SİYASƏT
01:11 29.09.2021

 

Tarixi ədalətin bərpası uğrunda 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm Zəfəri ilə nəticələndi. Bu Zəfər müqəddəs tariximizin əbədi qəhrəmanlıq salnaməsinə şəhidlərimizin qızıl qanı ilə yazıldı. Ərazi bütövlüyümüzün bərpası, milli mənliyimizin xilası uğrunda ölüm-qalım savaşına könüllü olaraq qoşulmuş minlərlə Vətən övladı özünü və sağlamlığını qurban verdi.

Müstəqilliyimiz, ləyaqətimiz naminə mübarizəyə qatılmış bu cəsur fədai ordusu Azərbaycan xalqının qürür yeri oldu. Bu qəhrəmanlar hər bir Azərbaycan ailəsinin əzizinə çevrildi, hər bir azərbaycanlının övladı, qardaşı, atası, xalqımızın qüruru və iftixar mənbəyi, bugünkü və gələcək nəsillərin əbədi amalı və and yeri oldu. Onların uyuduğu məkanlar hamımız üçün müqəddəs ziyarət yerinə çevrildi.

Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxmış bir sıra önəmli günlər var. Həmin günlərdə şərəf tariximiz yazılmış, heç də hər millətə nəsib olmayan dövlətçiliyimiz yaranmış, dirçələrək inkişaf etmişdir. Bir daha enməyəcək bayrağımız Vətən göylərinə yüksəlmiş, dünyanın böyük xalqlarının imzaları sırasına imzamız həkk olunmuşdur.

Şəhidlərimizin zaman-zaman müqəddəs Vətən torpağının bağrına əkdikləri azadlıq toxumları bir il əvvəl bir daha cücərmiş, qürur və qəhrəmanlıq ətirli günlərimizin sırasına ikisi də qoşulmuşdur: 27 Sentyabr - Anım günü və 10 Noyabr - Zəfər Günü.

27 sentyabrı müəyyən mənada müasir Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri hesab etmək olar. Həmin gün millətin özünüdərkindən doğan arzuları gerçəkləşməyə, Birinci Qarabağ savaşındakı acıları sönməyə, əyilmiş qəddi düzəlməyə başladı.

O gün Azərbaycan dövləti və xalqı çoxdan gözlədikləri haqq mübarizəsinə qalxdı. Düşmənin ardıcıl təxribatlarına, beynəlxalq hüququn normalarından və insanlıqdan uzaq davranışlarına, nəhayət ki, real cavab verildi. Azərbaycan dövlətinin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tariximizin yeni bir qəhrəmanlıq və şücaət səhifəsini yazmağa, son yüz əlli il ərzində katalikosluğun və erməni diasporunun fəal şəkildə qızışdırdığı “dənizdən-dənizə Ermənistan” ideyasını çökdürməyə başladı. Ermənistan adlı vassal qurumun işğalçılıq siyasəti özünün son nəfəsini aldı və çökdü.

Biz bu günə bir anda gəlməmişdik. Əslində 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmləndikcə, yol axtardığımız qaranlıq tunelin sonundakı işığı hiss edirdik, bəsirət gözü ilə görürdük. Qəlbən, ruhən inanırdıq, çünki Ulu Öndərin millətə ərməğan olaraq qoyub getdiyi mənəvi irsin xilaskar ruhuna, onun layiqli davamçısı olan millət sərkərdəsinin gücünə, dəmir yumruğuna bələd idik. Heç kim və heç nə bizi bu müqəddəs inamdan, bu müqəddəs yoldan döndərə bilməzdi! Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” fikrinə qarşı Prezidentimiz dəfələrlə “Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir” deyə bəyan edirdi və bu həqiqət müxtəlif səviyyəli tədbirlərdə hərtərəfli əsaslandırılırdı.

2020-ci ildə 27 sentyabr adi bir gün idi, dünya koronavirus pandemiyasının çəngində boğulur, böyük dövlətlər ikiüzlü siyasətlərini davam etdirirdi. Lakin o gün xalqımız və dövlətimiz üçün həm də çox fərqli oldu, böyük bir zəfərə başlanğıc verdi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatının başlaması barədə qərar verildi. Beləliklə, İkinci Qarabağ müharibəsi başlandı. Ermənistan Respublikası ilə 44 gün davam edən müharibə ərzində oktyabrın 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı və noyabrın 8-də unikal hərbi əməliyyatla “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Azərbaycan mədəniyyətinin paytaxtı” hesab edilən Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsini və Ermənistanın birmənalı məğlubiyyətini, kapitulyasiyasını təsbit etdi. 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

Biz hamımız 44 günlük Vətən müharibəsində qazandığımız bu böyük hərbi uğuru dövlət başçımızın ötən illər ərzində siyasi və hərbi strateq kimi necə xüsusi ustalıqla hazırladığının şahidi olduq. Ümummilli Liderin inamını tam doğruldan Böyük Sərkərdənin torpaqlarımızın azad olunması istiqamətində göstərdiyi iradə və qətiyyət, müxtəlif beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin tribunasından etdiyi çıxışlar, verdiyi sərt və sərt olduğu qədər də ədalətli bəyanatlar, dünya ölkələrinin liderləri, məsul şəxsləri, səfirləri ilə görüşlərindəki mesajları bu günə hazırlıq idi.

Dövlətimiz Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabr ayının 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Həmçinin Prezidentin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir.

Azərbaycan torpağı artıq Vətən müharibəsində şəhid olmuş 2900-dən çox hərbi qulluqçusunu bağrına basmışdır. Onların hər birinin, eləcə də itkin düşmüş hesab olunan əsgərlərimizin fotoşəkilləri, adı, soyadı, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin siyahısında yer almışdır. Bundan başqa, minlərlə Vətən oğlu şərəfli qazi adını daşımağa nail olmuşdur.

Şəhidlik adi ölüm deyil, haqq, Vətən, torpaq, böyük amallar uğrunda canından keçmək, özünü bu yolda şüurlu şəkildə qurban vermək deməkdir.

Şəhidlik zirvədir, elə bir zirvə ki, oradan bütün Azərbaycan və bu dünyadan gəlib-keçmiş bütün azərbaycanlılar görünür. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” demişdir babalarımız. Yalnız şəhid qanı, qazi qanı ilə yoğrulmuş, yuyulmuş torpaq Vətən statusunu qazanmış olur. Torpaq uğrunda, millətin namusu, heysiyyəti, haqq işi uğrunda canından keçmiş cənnət qoxulu şəhidlərimizin, Polad Həşimovun, Etibar İsmayılovun, Mübariz İbrahimovun və minlərlə digər qəhrəmanların həyatları və şəhadətləri yeni nəsillər üçün örnəkdir, vətənpərvərlik və fədakarlıq nümunəsidir.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, Anım günü ikinci Qarabağ müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq qeyd edilsə də, həmin gün Vətən qarşısında böyük xidmətləri olmuş, həyatının hər damlasını, hər tikəsini vətənin yüksəlişinə sərf etmiş bütün insanlar, bütün şəhid və qazilərimiz yad ediləcək, xatırlanacaqdır.

27 sentyabrda bu dövlətin varlığı və müstəqilliyi üçün borclu olduğumuz insanları, ilk növbədə, Azərbaycan xalqının böyük oğlu Ulu Öndər Heydər Əliyevi və onun yerinə yetirdiyi tarixi missiyanı xatırlamalıyıq, Azərbaycan adlı ilk dövlətin - birinci Respublikanın yaradıcılarını və onun cəbhələrində canından keçmiş Azərbaycan və türk əsgərlərini, 20 Yanvar şəhidlərini, Aprel döyüşlərinin qəhrəmanlarını, bütün şəhid və qazilərimizi yad etməliyik.

Xatırlamalıyıq ki, Birinci Qarabağ müharibəsində 11557 Azərbaycan hərbçisi və nə qədər də mülki şəxs şəhid olmuşdur.

Şəhidlər unudulmaz, Vətən bölünməz. Unutmamaq borcumuzdur, yaralarımız təzələnsə də. Və bilirik ki, bəzi yaralar heç vaxt sağalmayacaq, ömürboyu sızıldayacaq. Bəzi insanların yeri heç vaxt dolmayacaq. Lakin hər bir şəhid xatırlandığı, anıldığı qədər yanımızda, yenə də ön cəbhədə, hərbi sırada olacaq, yenə də torpaq, vətən, millət uğrunda döyüşəcək. Burada bir şəhid anasının sözlərini xatırlamaq yerinə düşərdi: “Mənim oğlum ölməyib ki! Nə vaxt unudulsa, onda ölər”.

Anım günü həm də ona görə dəyərlidir ki, bu gün dövlətimizin siyasəti ilin hər gününə bu statusu yaşatmaqdadır. Sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət meyarlarına cavab verən və siyasətinin əsas amili vətəndaş olan Azərbaycan dövləti Vətən müharibəsində, ölkəmizin ərazi bütövlüyünün və milli müstəqilliyinin qorunmasında iştirak etmiş şəxslərin, şəhid və qazi ailələrinin mövcud durumuna, sağlamlıq və sosial-psixoloji vəziyyətinə böyük önəm verir. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, qazilərə və ümumən müharibə iştirakçılarına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ən yüksək səviyyədədir. Onların göstərişlərinə əsasən, dövlət qurumları şəhid ailələrinin və qazilərin problemlərinin aradan qaldırılması üçün bütün mümkün olan işləri görürlər.

Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə dayaq durması, mərhəmət göstərməsi, onları tək qoymaması həmin ailələrə böyük təsəllidir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması verilən sözün böyük dəyərə malik olmasının göstəriciləridir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Əlillərə ödənilən pensiya və müavinətlərin məbləği davamlı olaraq artırılır, şəhid ailələrinin və qazilərin məşğulluq problemləri aradan qaldırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən indiyə qədər sosial dəstək paketi çərçivəsində 6000-dən artıq şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və dövlət tərəfindən onlara göstərilən dəstək və davamlı qayğının bariz nümunəsidir.

Müharibənin gedişində rəşadətli əsgərlərimizin dəfələrlə belə dediklərinin şahidi olmuşduq: “Biz düşmənin üzərinə gedəndə bilirik ki, gözümüz arxada qalmayacaq, ailələrimiz dövlətin himayəsində olacaqlar, dövlət onlara və yaralılara sahib çıxacaq. Adımız Azərbaycan tarixinə yazılacaq və heç zaman unudulmayacaq. Vətən sağ olsun!”

Şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə, qazilərə daimi diqqət göstərilməsi təkcə dövlətin deyil, bütün azərbaycanlıların vətəndaşlıq və insanlıq borcudur. Şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzindədir. Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, təmənnasız kömək ənənələrini davam etdirir, vətəndaşlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımız, sahibkarlar, humanitar və digər təşkilatlar şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdirirlər.

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondu yaradılmışdır. Fondun yaradılma səbəbi dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın təşkili, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olmuşdur.

“YAŞAT” Fondunun hesabına qısa müddətdə on milyon manatlarla vəsait daxil olmuş və bu vəsait hesabına şəhid ailəsi üzvləri və yaralıların məişət şəraitinin yaxşılaşdırılması, təhsil haqlarının və tibb xidmətlərinin ödənilməsi, istehlak kreditlərinin bağlanması, qazilərin müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə, İsrailə göndərilməsi mümkün olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) elmi müəssisələri, əməkdaşları da həm “YAŞAT” Fonduna ianələrin köçürülməsində, həm də şəhid və qazi ailələrinə dəstək göstərilməsində daim fəallıq nümayiş etdirmişlər. Bölmə institutlarının 200-ə qədər əməkdaşı 29 oktyabr 2020-ci il tarixdə Azərbaycan əsgərinə, qazilərimizə dəstək məqsədilə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan vermişlər. Hələ müharibənin gedişində və onun bitməsindən sonrakı ilk aylarda Silahlı Qüvvələrə Yardım Fonduna 60 min, “YAŞAT” Fonduna 8,9 min manat məbləğində ianə köçürmüşlər. Bölmənin alimləri müharibənin gedişatında cəbhəyə və döyüşən ordumuza maddi və mənəvi dəstəklə, həyata keçirilən aksiyalarla, cəbhə bölgələrinə mütəmadi səfərlərlə öz töhfələrini vermişlər. “YAŞAT” Fonduna ianələrin köçürülməsi bu gün də davam etdirilir.

Həmçinin BTEB-in institutlarının əməkdaşları tərəfindən müharibənin gedişində 10 min manat dəyərində gündəlik tələbat malları və isti geyimlər, əlcək, papaq, yorğan və s. cəbhə bölgələrinə göndərilmişdir. Şəhid və qazi ailələrinə 10 min manat həcmində ərzaq yardımı edilmiş və Novruz sovqatları aparılmışdır. Bölmənin rəhbərliyi və tanınmış alimləri Azərbaycan həqiqətləri və Qarabağ müharibəsi ilə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə ötürülməsi məqsədilə müvafiq beynəlxalq qurumlara, universitet və elmi mərkəzlərə, görkəmli alim və mütəxəssislərə müraciətlər ünvanlamış, “Əsgərə məktub” aksiyasında xüsusi fəallıq göstərmişlər.  BTEB institutlarının əməkdaşları arasında da könüllü olaraq hərbi xidmətə gedərək döyüşlərdə iştirak etmiş, ailə üzvü şəhadətə qovuşmuş insanlar da var.

Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli sərəncamına uyğun olaraq, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulmuşdur. O cümlədən bu il ərzində 3 minədək mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim ediləcəkdir. Ümumilikdə, indiyədək şəhid ailələrinə, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 10 minə yaxın mənzil və fərdi ev verilmişdir.

İkinci Qarabağ savaşında qəhrəmanlıqlar göstərmiş əsgər və zabitlərimizin layiqincə təltif olunmaları, mükafatlandırılmaları da daim dövlət başçımızın diqqət mərkəzində olmuşdur. Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının  təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə “Zəfər” ordeni və “Qarabağ” ordeni, eləcə də “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və s. medalları təsis olunmuşdur. Müharibədən ötən müddət ərzində ölkə Prezidentinin imzaladığı müxtəlif sərəncamlarla müharibə iştirakçıları çoxsaylı orden və medallara layiq görülmüşlər.

Yuxarıda qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan dövləti üçün İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, indi də əsas prioritet müharibə iştirakçılarına, ələlxüsus şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdir ki, işğaldan azad edilmiş ərazilər tam şəkildə yenidən qurulacaq, müasir, abad yaşayış məntəqələri və infrastruktur yaradılacaq, kənd təsərrüfatı, müxtəlif sənaye sahələri bərpa və inkişaf etdiriləcək. Qarabağın tam bərpası, yüksəlişi, burada çəkilən hər yol, tikilən hər ev müqəddəs şəhidlərimizin şərəfinə ucaldılmış abidə olacaq. Biz dirçələn Vətən torpağını, cənnətə dönən yurd yerlərini, ağıllı kənd və şəhərlərimizi, Qarabağın təbiətini hər dəfə seyr edərkən canlarını bu günlər üçün fəda etmiş şəhidlərimizi, onların qəhrəmanlıqlarını xatırlayacaq, ruhları qarşısında baş əyəcəyik.

Unutmayacağıq, unutdurmayacağıq. Yeni dövr tariximizin hər günü Zəfər günü, hər günü Anım günü olacaq.

Uca Tanrı bu haqq yolunda Azərbaycan xalqının və onun Liderinin daim yardımçısı olsun!

 

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti, akademik



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM