10:23 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ümumdünya Səhiyyə Təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

ANA SƏHİFƏ / SİYASƏT
00:37 08.04.2021

 

Koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunur

 

Qlobal pandemiyanın ikinci ili dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməkdə davam edir. Genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyəti sabitləşdirmək hələ ki mümkün deyil.

 

Qlobal pandemiyaya qarşı savaşda Azərbaycan reallığı

 

Bu bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Ümumiyyətlə, pandemiyanın yayılmağa başladığı dövrdən Azərbaycan rəhbərliyi çevik qərarlarla, bu bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlayıb. Ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir.

Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Azərbaycan Prezidenti çıxışlarında, nitqlərində vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Təsadüfi deyil ki, pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq   təklifini də məhz İlham Əliyev irəli sürmüşdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsidir.

Ötən ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri bu mübarizədə həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi.

İlham Əliyevin təşəbbüsü ilə bu problemin aradan qaldırılması istiqamətində daha bir uğurlu addım bu ilin mart ayında atıldı. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla da Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi. Ölkə rəhbəri İlham Əliyevin digər dövlətlər tərəfindən qəbul edilərək yüksək qiymətləndirilən daha bir təşəbbüsü vaksinlərin ədalətsiz və qeyri-bərabər paylanmasının aradan qaldırılması ilə bağlı oldu.

 

Azərbaycanın göstərdiyi siyasi və mənəvi dəstək

 

Bu gün də Ümumdünya Səhiyə Təşkilatı İlham Əliyevin bu prosesdəki fəaliyyətini alqışlayır və koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsi dünya miqyasında ən mükəmməl modellərdən biri kimi qəbul olunur.

Aprelin 1-də ÜST-ün baş direktorunun təşəbbüsü ilə İlham Əliyevlə Tedros Adhanom Gebreyesusun videokonfrans formatında görüşü və aprelin 6-da bu təşkilatın İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirində səslənən fikirlər də deyilənləri bir daha təsdiqlədi.

Baş direktor Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.

Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirdə videomüraciəti yayılan İlham Əliyev pandemiya ilə mübarizə tədbirləri çərçivəsində görülən ümumi işlərlə bağlı reallıqları qiymətləndirdi.  

Öncə Azərbaycan səhiyyə sisteminin mövcud durumunu dəyərləndirən Prezident vurğuladı ki, hazırda ölkəmizin səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.

Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri olduğunu deyən Prezident ölkəmizin təşəbbüsü ilə reallaşan tədbirlərin əhəmiyyətini və respublikamızın beynəlxalq məsuliyyətinə sadiq olaraq ÜST-ə, eləcə də 30-dan çox ölkəyə könüllü humanitar və maliyyə yardımı göstərdiyini diqqətə çatdırdı.

 

Peyvəndləmə səviyyəsi baxımından MDB-də lider ölkə

 

Artıq bir neçə müddətdir ki, dünyada pandemiyaya qarşı mübarizə çərçivəsində vaksinasiya prosesinə start verilib. Cənubi Qafqazda ilk olaraq vaksinasiyaya başlayan ölkə də Azərbaycandır və peyvəndləmə səviyyəsi baxımından MDB-də  lider mövqedədir. Ölkəmiz bu prosesə yanvarın 18-dən tibb işçilərinin vaksinasiyası ilə start verib və sonrakı mərhələdə risk qrupuna daxil olan əhali kateqoriyaları peyvənd edilib. Hazırda 40 yaşdan yuxarı olan əhali arasında könüllülük prinsipi ilə vaksinasiya işi aparılır.

Prezident bu prosesin də gedişatına toxunaraq peyvəndlərin ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması ilə bağlı bir daha narahatçılığını ifadə edib: “Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək”.

İlham Əliyev bir daha Azərbaycanın peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnaməni xatırladıb və Azərbaycanın COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olduğunu söyləyib. Eyni zamanda qeyd edib ki, Azərbaycan və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmasını gözləyir. Çünki bəşəriyyət pandemiyanın öhdəsindən yalnız birlikdə gəlməklə normal həyata qayıda bilər.

Azərbaycan Prezidentinin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyi liderliyi alqışlayan baş direktor Tedros Adhanom Gebreyesus  peyvəndlərin ədalətli şəkildə paylanılması üçün ÜST tərəfindən daha çox işlərin görülməli olması ilə bağlı İlham Əliyevin fikirləri ilə razılaşdığını söyləyib.

Göründüyü kimi, Azərbaycan Prezidentinin qlobal liderlik missiyası beynəlxalq müstəvidə pandemiya ilə mübarizəyə birbaşa təkan verməyə istiqamətlənib. Bu missiya qlobal bəladan bütün ölkələrin minimum itkilərlə çıxması üçün dəqiq strategiya müəyyən edir. Ona görə də İlham Əliyevin bu istiqamətdə atdığı bütün addımlar, gördüyü işlər beynəlxalq səviyyədə təqdir olunur və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nümunə kimi göstərilir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM