19:41 02 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi bütün təhlükələrdən xilas etdi

ANA SƏHİFƏ / SİYASƏT
00:59 15.06.2021

 

Azərbaycanın müasir tarixində elə hadisələr olub ki, onlar yeni bir mərhələnin başlanğıcı kimi dövlətçiliyimizin salnaməsinə əbədi həkk olunub. Belə hadisələrdən biri xalqımızın dahi oğlu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün xalqın tələbi ilə hakimiyyətə gəlişidir. Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi ilə başlanan xilaskarlıq missiyası bu gün qürurla fəxr etdiyimiz güclü Azərbaycan dövlətinin qurulması ilə nəticələndi.

1993-cü ilin təlatümlü iyun günlərində Azərbaycanda cərəyan edən siyasi-hərbi proseslərin və vətəndaş qarşıdurmasının nəticə etibarilə dövlətimizin parçalanması və ya müstəqilliyimizin itirilməsi ilə məntiqi sonluğa çatması qaçılmaz idi. Hadisələrin axarını, siyasi çəkişmələrin və artıq hərbi müstəviyə qədəm qoymuş hakimiyyət uğrunda mübarizənin gedişatını başqa cür proqnozlaşdırmaq sadəcə mümkün deyildi. Müstəqilliyimizin yeni qazanılması, müharibə vəziyyətində olmağımız tamamilə fərqli bir siyasət yürüdülməsini, xüsusən dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi üçün təxirəsalınmaz addımların atılmasını zəruri etsə də, hakimiyyətdə olan AXC-Müsavat cütlüyü tamamilə fərqli yol tutmuşdu. Dövlətçilik anlayışı sanki onlara yad idi.

Xalqın sabaha inamı itsə də, ümidlər tükənməmişdi. Buna səbəb isə Heydər Əliyev faktoru idi. O dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması, cəmiyyətin bütün zümrələrinin nümayəndələrinin Heydər Əliyevə müraciəti məhz Ulu Öndərə olan inamdan irəli gəlirdi. Böyükdən kiçiyə kimi hər kəs əmin idi ki, Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin başı üzərini almış təhlükələr sovuşacaq, hərbi-siyasi böhran başa çatacaq. Heydər Əliyev də Bakıya gəlişinin əsas qayəsini, mənasını, ilk növbədə, xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında, ölkəni başına götürmüş böhranın aradan qaldırılmasında görürdü. Hətta siyasi böhran dərinləşdikcə başlarını itirmiş iqtidar təmsilçiləri də dərk edirdilər ki, Heydər Əliyev təcili Bakıya gəlib proseslərə müdaxilə etməsə, dövləti və xalqı fəlakətdən qurtarmaq mümkün olmayacaq.

İyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz müdrikliyi ilə cəmi bir neçə günə ölkədə vəziyyətin nisbətən sabitləşməsinə nail oldu. İyun ayının 15-də isə Ulu Öndərin Ali Sovetin Sədri seçilməsi xalqımızın milli qurtuluşunun təməlini qoydu. Aradan illər ötdükcə Azərbaycan daha da gücləndikcə, inkişaf etdikcə, Heydər Əliyevin o ağır dövrdə gördüyü işlərin mahiyyətini, məzmununu, mürəkkəb şəraitdə hansı çətinliklərə qalib gəldiyini daha dərindən anlayırıq. Bəli, Heydər Əliyev hər siyasətçinin edə bilmədiyi  tarixi bir missiyanı qətiyyətlə yerinə yetirdi, dövlətçiliyimizi və müstəqilliyimizi bütün təhlükələrdən xilas etdi.

Heydər Əliyev müstəqil dövlətçiliyimizin təməllərini yaratdı və öz tarixi xilaskarlıq missiyasının nəticəsində müasir Azərbaycan dövlətinin banisi oldu. Bu gün dövlətimiz möhtərəm İlham Əliyevin  rəhbərliyi ilə Ulu Öndərin müəyyən etdiyi yolla inamla irəliləyir, tarixini yeni uğurlarla zənginləşdirir. Ötən il Vətən müharibəsində qazanılan qələbə, ərazi bütövlüyümüzün bərpası da Heydər Əliyev ideyalarının davamının nəticəsidir. Bu gün hər birimiz haqlı olaraq dövlətimizin inkişafı, nailiyyətləri və qələbələri ilə fəxr edir, öyünürük. Vətən müharibəsindəki Qələbədən sonra isə Milli Qurtuluş Gününü daha böyük qürur hissi ilə qarşılayırıq.

 

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM